Icma.az
close
up
RU
Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir? Fellini bizə nə öyrətdi?

Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir? Fellini bizə nə öyrətdi?

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün görkəmli italyan rejissor Federiko Felllininin anım günüdür.

Kulis.az Xalq yazıçısı Anarın "Fellinini düşünərkən" essesini təqdim edir.

Esse 1993-cü ildə İstanbulda böyük rejissorun ölüm xəbərini eşidəndən sonra yazılıb.

Bir neçə gün əvvəl acıdan acı bir xəbər eşitdim. Fellini komadadır, həkimlər heç bir ümid yeri qoymur, qalan günlərinin bir həftədən çox olmayacağını deyirlər. Dərk edirdim ki, onu xilas etməkçün çağdaş təbabətin ən yeni nailiyyətlərindən istifadə olunur, amma buna baxmayaraq, artıq heç nə etmək mümkün deyil. Bəli, bütün bunlara rəğmən yenə də düşünürdüm: kaş bu ölüm hökmü bir az da gec icra olaydı, kaş hələ bir neçə gün, bir neçə həftə də həyatda qalaydı.

Amma budur bax, qaradan qara xəbər gəldi: təkrarsız filmlərin müəllifi, kino sənətində böyük bir mərhələni tamamlayıb yeni bir mərhələ açan dahi sənətkar dünyasını dəyişdi.

Neçə aydı dərs dediyim İstanbulda - həm doğmadan doğma, həm yaddan yad şəhərdə - tutqun, yağışlı bir gündə aldığım bu xəbər, sanki məndə bir yetimlik hissi yaratdı. Buna bənzər hissləri mən dünyamız Çaplinlə, Heminqueylə, Pasternakla, Şostakoviçlə, Nazim Hikmətlə, Qara Qarayevlə vidalaşdığı günlərdə də duymuşdum. Əlbəttə, min illər boyu dünya tarixində dahilər az olmayıb, amma sənin çağdaşın olan, səninlə eyni bir dövrdə yaşayan, sənin daima izlədiyin, sənin fikirlərinə, duyğularına hakim kəsilmiş insanların itkisi daha göynədicidir. Axı sənə elə gəlirdi ki, bu dahilər bilavasitə sənə müraciət edirlər, səninlə dərdləşirlər, qayğılarını paylaşırlar, məhz sənə təsəlli verirlər. Yaradıcılıqlarının müəyyən dövrü sənin gözlərin qarşısında cərəyan edir.

Fellini, yəqin ki, mənim gənclik bütlərimdən sonuncusu idi. Və hər belə itkiylə sənin öz ömrünün, xatirələrinin, duyduqlarının, düşündüklərinin bir hissəsi də qeyb olur. "Soruşma ki, çan kiminçün çalınır, çan səninçün çalınır".

Bütün nəslimizin adından danışa bilmərəm, amma Fellini şəxsən mənim sənət zövqümü, həyat və ölüm haqqında fikirlərimi, sevgi və yaradıcılıq anlayışlarımı formalaşdıran, müəyyənləşdirən, tənzimləyən sənətkarlardan idi. Kino sənətində FeIlininin böyük sələfləri, görkəmli çağdaşları, tanınmış həmvətənləri olub. Amma mənim fikrimcə, XX əsrdə yaranmış kino sənətində yalnız iki yaradıcını tam haqla dahi saymaq olar - Çarli Çaplini və Federiko Fellinini. Daha dəqiq desək, Çaplin səssiz kinonun, Fellini səsli kinonun dahisidir. Kino tarixinin bu iki dövrü yalnız texnoloji cəhətdən fərqli deyil. Bu iki dövr sənətin iki müxtəlif və çox fərqli növləridir. Üslubiyyət, ifadə vasitələri, plastika, estetik meyarlar cəhətdən bir-birindən ayrılan iki sənət sahəsi.

Mən Fellininin demək olar ki, bütün filmlərini görmüşəm. Onun yaradıcılığını çox sevirəm. Beş filmi ruhuma daha yaxındır: "Kabiriyanın gecələri", "Yol", "Həyatın ləzzəti", "Səkkiz yarım", "Amarkord". Fellininin ilk filmləri "Ağ şeyx", "Südəmərlər", "Dələduzlar", sanki sonrakı əsərlərinə hazırlıqdır, eskizlərdir. Adını əvvəl çəkdiyim beş filmdən sonra yaratdığı əsərlər isə yüksək, amma bir qədər soyuq peşəkarlığın örnəkləridir. Sanki Fellini demək istədiklərinin, çatdırmaq istədiyi ismarışların hamısını deyib və artıq yeni heç bir şey demək istəmir, ya deyə bilmir. Bu baxımdan elə "Səkkiz yarım" filmi sənətkarın son dərəcə səmimi etirafıdır.Təbii, bu o demək deyil ki, Fellini fiziki ölümündən öncə sənətkar kimi tükənmişdir. Hətta bir dahiyanə əsər yaratmış sənətkar - Fellini isə dediyim kimi bir yox, bir neçə dahiyanə əsərin müəllifidir - sənətin qızıl xəzinəsinə daxildir. Və belə əsər, ya əsərlər həyatının, yaradıcılıq ömrünün hansı dövründə yaranmasından asılı olmayaraq müəllifin əbədi tükənməzliyini təmin edir.

Dünən Türkiyə telekanalı Fellininin ölümüylə bağlı "Səkkiz yarım" filmini göstərirdi. Mən hələ Moskvada Ssenari kurslarında oxuduğum zamandan etibarən o vaxt geniş sovet tamaşaçıları üçün yasaq olunmuş bu filmə azı on dəfə baxmışam. Və indi növbəti dəfə tanış kadrları seyr edərkən mat qalırdım. Haçansa çox qəliz və çətin anlaşılan sənət əsəri sayılan bu film nə qədər sadə və aydındır. Halbuki, ilk dəfə seyr edilərkən çoxlarına - elə mənim özümə də xeyli mürəkkəb görünmüşdü. İndi rejissor üslubunun bu özəlliyi - xüsusi qeyd olunmadan reallıqdan xatirələr aləminə keçid, gerçəkliklə fantaziyaların bir-birindən ayrılmaması o qədər aydın-aşkardır ki, təəccüb qalırsan: haçansa bunu necə anlaşılmaz saymaq olarmış. Amma bunu dərk etməyin filmə dəfələrlə baxmaqdan başqa ayrı bir səbəbi də var. Fellini kəşflərinin başqa rejissorların filmlərinə daşınması, istifadə olunması və təkrar-təkrar işlənməsi bu sayaq montaj pərakəndəliyini asan qavramağa yardım edir.

İndi bu filmə baxarkən tətbiq olunan üslubu asan dərk edirsən: olanların və olacaqların qatma-qarışığı, xatirələrin və real yaşanılan anların bir-birinə keçişi təbii qavranılır. Fellininin proobrazı olan rejissor Qvidonun (aktyor Marçello Mastroyaninin ifasında) niyyətləri və tərəddüdləri, xatirələri və fantaziyaları yeni bir müstəvidə cərəyan edir "kino içində kinoda". Fellini ekrana səksəkəli bir sənətkar qəlbinin səmimi etirafını gətirir. Rejissor Qvidonun zövcəsi (yəni Fellininin həyat yoldaşı Cülletta Mazini) obrazını aktrisa Anuk Eme yaradır. Filmin bir əsas motivi gəzəyən ərin arvadından üzrxahlığıdır. Fellini Qvidonun (yəni özünün) arvadına xəyanətlərini, qısa sürən əhəmiyyətsiz eşq macəralarını izah etməyə çalışır və həm də arvadını inandırmaq istəyir ki, ona hər hansı başqa qadınla deyil, Sənətiylə və Yaddaşıyla xəyanət edib.

Sənət və Yaddaş. Sənətə çevrilmək istəyən və bunu bacarmayan Yaddaş - Qvidonu əzablara düçar edən budur. İstədiyini yarada bilməmək gücsüzlüyü Qvidonun vurnuxmalarının səbəbidir. Əlbəttə, bu filmin fikir və duyğu zənginliyinin ancaq bir məqamıdır. Həyatın hüdudsuzluğu, Yaddaşın sərhədsizliyi və bunu sənət vasitəsilə ifadə elməyin mümkünsüzlüyü sənətkarın məğlubiyyətidir. Və məntiqi nəticə - sükutdur, sənətdən imtina etməkdir. Rembo şairliyi atandan sonra şair oldu. Mallerme yazısız bomboş ağ vərəqi tərənnüm edirdi. Filmdə bu fikirləri Qvidonun tərəf-müqabili, opponenti tənqidçi irəli sürür.

Filmin bir motivi də səadətin mümkünsüzlüyüdür. Qvido kardinala etiraf edir: "Müqəddəs ata, mən bədbəxtəm". Kardinalın cavabı: "Övladım, kim deyib ki, insan dünyaya xoşbəxt olmaqçün gəlir".

Sevməyin mümkünsüzlüyü. Qvidonun bəyaz paltarlı ilham pərisi (aktrisa Klaudia Kardinale) filmdə paklığın və qadınlığın rəmzi kimi təqdim olunur. Qvidonun bədbəxtliyinin səbəbini isə belə izah edir: "Ona görə ki, sən sevməyə qadir deyilsən".

Qvidonun katolik asketizmiylə zədələnmiş uşaq zehni dəniz kənarında Saraqinanın şəhvət dolu rəqsiylə üz-üzə gəlir.

Üç kəlmə sözlə - "aza, nizi, maza" sözləriylə uzaq uşaqlığın yaddaşda canlanan nostalji xatirələri.

Təsadüfü deyil ki, "Səkkiz yarım" filmində rejissorun (Fellininin) atasını başqa bir filmində olduğu kimi eyni aktyor ifa edir. Kinoşünasın doqmatik mülahizələri sənət əsərini cərrah bıçağıyla kəsib doğranması və canlı orqanizmin meyitə çevirməsi kimidir. Bütün bunların hamısı var "Səkkiz yarım"da. Ancaq tək bunlar yox. Qvidonun məşuqəsi (aktrisa Sandro Milo) aşnasının yatağında ərinin problemlərini həll edən yüngülməcaz xanım... Çəkilməsi nəzərdə tutulan filmin maddi xərcləri üçün daima əndişələnən prodüser və onun səfeh rəfiqəsi. Seksual qayğıları olan ahıl aktrisa. Özündən çox cavan qızın toruna düşmüş "Don Juan" və onun sevgilisi - özünü sirli, sehrli qadın kimi göstərməyə çalışan gənc qadın. Yaşlı statistlər, məlum olmayan bir ordunun təqaüdçü generalları, subretkalar, geyimçilər, rejissorun köməkçiləri, prodüserin ətrafındakılar - bütün bu hay-küylü, mütəhərrik kütlə. Zərgər dəqiqliyilə ekranda canlandırılan personajlar. Pərtliyini kübarlığı və qüruruyla gizlətməyə çalışan Luiza - Qvidonun arvadı. Və nəhayət, Qvidonun özü - sənətkar və təlxək, yumşaq təbiətli, mülayim, xeyirxah insan, kefcil və dərdli, xəyalpərvər və tənha, bütün varlığıyla xatirələrə, fantaziyalara qərq olmuş, tərəddüdlər içində çabalayan varlıq.

Çoxçeşidli İnsan xarakterlərinin zəngin qalereyası - Mikelancelo qüdrətiylə və incə Çexov psixologizmiylə ekrana çıxarılanlar.

Qvidonun xəyali intiharının son anında anasının xəyali fəryadı, Qvidonun erotik fantaziyalarında həyatından keçən qadınların qısamüddətli macəraları fonunda arvadının çexovsayağı məişət replikası: "Qvido, gəl, şorba soyudu axı...".

"Səkkiz yarım" bütün xalqlar və bütün zamanlar üçün əbədi sənət əsəridir, amma onu yalnız italyan yarada bilərdi. Bu ümumbəşəri olduğu qədər də sırf italyan filmidir, italyan milli xarakterini, çoxdanışmasını, danışanda əl-qol ölçməyini, çılğınlığını, zarafatcıllığını, temperamentini, qəm-qüssəsini əks etdirən insan mənzərələridir.

Fellini yalnız kinoda italyan neorealizminin deyil, həm də teatrda "komedi del arte"nin varisidir. Onun sənəti həm də başqa ölkələrdəki kino çağdaşlarının əsərləriylə həmahəngdir. Fellini də ispan rejissoru Luis Bünyüel kimi katolik dünyagörüşünün əsarətindən qurtulmağa çalışır. Çarli Çaplin kimi, sirk sənətini yalnız şən, şux deyil, qəmli bir oyun kimi qavrayır. İnqmar Berqman kimi, həyatın faniliyi haqqında bədbin düşüncələrə dalır və eyni zamanda yalnız özü kimi yaşamanın hay-küylü karnavalından sonra əbədi sükutun xofunu duyur.

İlham pəriləri və idbar sifətlər, möminlər və dələduzlar, həyatsevərlər və qaramatlar, yaşanmamış sevgilər, incikliklər və barışıqlar, insanı boğan xatirələr və puç olmuş ümidlər, hüdudsuz fantaziyalar və yaddaşın əsarətindən xilas olmaq cəhdi.

Və sonda çəkilməyəcək filmin başlanmayacaq çəkilişi. Sökülən dekorlar. Rejissorun həyatından keçmiş insanların rəsmi keçidi. Xatirələrdən xilas olmaq. Və nəhayət, ürəyi titrədən motiv - bəstəkar Nina Rotanın yalqız trubada çalınan kədərli melodisi. Bu ovqatı Fellinidən başqa kim yarada bilərdi?

Əlvida, Ustad! Təşəkkür ki, var idin.

Luvr muzeyində baş verən oğurluğun görüntüləri yayıldı Tanınmış aktyor vəfat etdi Əməkdar artist Yadigar Muradovun vəziyyəti açıqlandı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://kulis.az
archiveBu xəbər 31 Oktyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadının dəyişimi hamını şoka saldı VİDEO

29 Oktyabr 2025 19:54see220

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see192

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see177

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see173

İstanbul sahillərində qayıq və kanoe toqquşdu: Dörd nəfər xilas edildi

29 Oktyabr 2025 21:02see171

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

29 Oktyabr 2025 20:24see168

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see132

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

29 Oktyabr 2025 20:09see129

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

29 Oktyabr 2025 21:09see128

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see126

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see126

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see125

Çin 2030 cu ilə qədər Aya insanlı eniş etməyi hədəfləyir

30 Oktyabr 2025 16:16see123

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see122

PKK Türkiyəni tərk edir bəs sonra?

30 Oktyabr 2025 10:18see122

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see121

Çinin iqtisadi strategiyasında yenilik: Elektromobillər artıq prioritet hesab edilmir

30 Oktyabr 2025 06:45see119

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see119

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see118

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri