Icma.az
close
up
RU
Kinoteatrda bu mənzərəni izləyəndə utandım

Kinoteatrda bu mənzərəni izləyəndə utandım

Icma.az, 525.az saytına istinadən bildirir.

Müsahibimiz Rüfət Şahbazov "Aramızda qalsın", "Cehizsiz gəlinlər", "Bir ailəm var", "Qayınana", "Ata ocağı", "Bu şəhərdə kimsə yoxdur",  "Mən, Lalə, bir də Şerlok Holms", "Tənha", "Qızqaçırtma", "Səma ilə görüş" və "Ağdan qaraya" kimi film və serialların rejissorudur. Onunla söhbəti oxuculara təqdim edirik.

- Rüfət bəy, artıq uzun illərdir kino sektorundasınız. Azərbaycanda bir çox seriallara quruluş vermisiniz. Bu illər ərzində nələr qazanıb, nələr itirmisiniz?

- 2010-cu ildən sərbəst şəkildə serial çəkməyə başlamışam. İşə "Aramızda qalsın" serialı ilə başladıq. 8-ci seriyaya qədər rejissor Cihan Taşkınla birgə fəaliyyət göstərdim. Daha sonra "Qayınana" serialını ərsəyə gətirdik. O vaxtı həmin seriallara baxan uşaqlar indi böyüyüblər. "Qayınana" serialı xeyli izləyici kütləsi qazandı. Bu serialların hesabına rejissor kimi yetişdim. Sonra "Bir ailəm var" serialı ilə dram mövzusuna müraciət etdim. Onda pavilyonda çəkilən dram serialı yox idi. Birinci və bəlkə də, axırıncı dəfə bunu biz etdik. İndi tanıdığımız məşhur aktyorların əksəriyyəti həmin seriallardan keçib bu yerə gəliblər. Daha sonra "Cehizsiz gəlinlər" serialını ərsəyə gətirdik. Bu serialla paralel başqa seriallar da çəkilirdi. Komanda rəhbəri digər işləri sonlandırdı və iki komandanı bir yerə yığıb "Cehizsiz gəlinlər"i gündəlik seriala çevirdi. Bunların hamısı bir çox aktyorlarımızın ilk rol aldığı layihələr olub. Böyük sənətkarlarımız kinoda durğunluq var idi deyə heç yerə çəkilmirdilər. Bu işlərin ərsəyə gəlməsi ilə onlar yenidən bu sahəyə qayıtdılar. "Aramızda qalsın" serialını çəkəndən bir il sonra dövlət tərəfindən serial sektoruna maliyyə ayrılmağa başladı. Ondan sonra bu sahəyə axın oldu. Klip, kino çəkən hamı serial çəkməyə başladı. Elə durğun bir dövr idi ki, heç kimi qınamaq olmazdı. Harada pul var idisə, hamı özünü ora verirdi. Məsələn, bir müddətdən sonra gördülər kinoteatrlarda pul var, serial sektorunda olanların əksəriyyəti başladı ora axın etməyə. Çünki o qədər pulsuz, işsiz dövr idi ki, insanlar məcbur qalıb bu sahənin pul gətirən bütün qollarına baş vururdular. Təsadüfi insanlar belə həmin ərəfələrdə bu sahəyə gəldilər. TikTok platforması məşhurlaşandan sonra əlli faizi qaçdı ora. Amma acınacaqlı bir məqam var ki, çox istedadlı, işini sevən insanlar o durğunluq dövründə işin və pulun az olmasına görə kino sektorundan getdilər. Biz uzunmüddətli gündəlik seriallarla bir çox aktyoru bu sahədə saxlaya bildik. Teatrda oynayan aktyorlar gəlib seriallara çəkildikcə xalq onları tanıdı, məşhurlaşdı. Bir çoxları buna görə bizi qınayırdı, amma gündəlik seriallar bu sektorda olan bir çox aktyorun yetişməyinə səbəb, qaçıb getmələrinə isə mane oldu.

- Gördüyünüz işlər illərlə böyük izləyici kütləsi tərəfindən maraqla qarşılanıb. Ümumiyyətlə, işlərinizin uğurlu olmasının kökündə nə durur?

 - Əsas sirr ondadır ki, heç vaxt nəsə çəkmək xətrinə bir iş ərsəyə gətirməmişəm. Düzdür, gördüyümüz işlərdən pul qazanmağı düşünmüşük, çünki bu vacib faktordur ki, ayaq üstə qala biləsən. Amma çəkdiyimiz hər serialı, hər filmi hər şeydən öncə bir mesaj ötürmək üçün, kütləyə yaxşı mənada təsir göstərə bilmək üçün etmişik. Siz özünüz də sizə xeyri olmayan bir məhsulu nə alarsınız, nə də onu istifadə edərsiniz. Vətənpərvərlik, xalqı, milləti sevmək, bir də bu sahənin ölmüş, sönmüş vaxtında bura gəlməyimiz bizi bu sahənin heyranı edib. Bu sahə çiçəklənəndə, ona kifayət qədər pul ayrılanda o qədər insan bura axın edəcək ki. O cür gəlməyə nə var ki. Burada ən böyük sıçrayışı, yüksəlişi bizim nəslin nümayəndələri etdilər. Bu sektora olan sevgimiz bizi bu yerlərə gətirib çıxardı.

- Bu günlərdə aktyorlardan biri Azərbaycanda kino və serial sektorunda mövzu qıtlığı olduğunu, daha çox ailə-məişət mövzusunda işlər görüldüyünü və buna görə də ekranlarda az göründüyünü bildirdi. Sizin bu fikrə münasibətiniz necədir?

- Hər kəsin öz azad seçimi var. İstəyən ekranda çox görünər, istəməyən az. Ailə-məişət mövzularını şablonlaşdırıb bəzi serialların üzərinə yapışdırıblar deyə insanlar o sözdən qorxurlar. Amma əslində qorxulu deyil. Əslində, həmin mövzu çox vacibdir. Əgər düzgün yazılıb, düzgün çəkilərsə. Ailə-məişət mövzulu serialları itirsək, ailə dəyərlərimizi itirərik. Qərb ölkələrində belə bir qayda var ki, 18 yaşından sonra hər kəs azaddır. Düzdür, azadlıq yaxşı bir şeydir, amma böyüklərin məsləhəti ilə yaxşıdır. Oradakı azadlıq anlayışına görə əxlaqsızlıq, ailə dəyərlərinin, vətənpərvərlik hissinin məhv olması baş alıb gedir. Ailəni parçaladınsa, xarici qüvvələr onu rahat şəkildə idarə edə bilər. Vətənpərvərlik ailədən başlayır. Bu mövzunu da zəif şəkildə çəkirlər deyə, mənasız mövzuları qabardırlar deyə insanlar da belə seriallardan iyrənirlər.

- Rüfət bəy, Azərbaycanda kino sektorunda nə qədər uğurlu işlər görülsə də, nədənsə tamaşaçılar çox vaxt narazı qalırlar.

- Bunun iki səbəbi var və hər iki səbəb doğrudur. Azərbaycan tamaşaçısı təkcə öz filmlərimizə yox, xarici filmlərə də baxırlar. Hazırda platformalarda olan filmlər müxtəlif dillərdədir. İstəyən həmin filmlərə türk, istəyən ingilis, ispan, rus dillərində baxır. Tamaşaçılar da o qədər fərqli seriallara, filmlərə, layihələrə baxırlar ki, baxdıqları o filmlərindəki səviyyəni bizimkilərdən də istəyirlər. Amma dərinə gedib anlamaq istəmirlər ki, həmin dövlətlərin kinosu inkişaf etmiş, maliyyə qaynaqları rahat olan, ssenaristləri, rejissorları sosial problemləri olmayan sektorda əmələ gələn layihələrdir. Bizim qolu-qanadı qırıq, sürünə-sürünə gedən kinomuzun o səviyyəyə çatmasına çox var. Düzdür, artıq bizdə də inkişaf müşahidə olunur, yaxşı serial və filmlərimiz istehsal olunur. Amma yenə də tamaşaçı bunları fikirləşmədən başqa ölkələrdə ərsəyə gələn işlərlə bizim işləri müqayisə edir, sonda da narazı qalırlar. Milyonlarla büdcəsi olan filmlə on min büdcəsi olan filmi müqayisə edib necə "bizdə alınmır" deyə bilərsən?

Xaricdə aktyorlara aylarla xüsusi müəllimlər dərs keçirlər, sonra məşqlər edib çəkilişə başlayırlar. Sonda da aktyor və rejissora elə qonorar verirlər ki, onlar həmin ərəfədə əlavə gəlir gətirən başqa bir işlə məşğul olmurlar. Yatanda da həmin işi düşünürlər, duranda da. Onların uğurlu iş ərsəyə gətirmələrinin əsas səbəb budur. Bizim aktyorlarımız səhər serial çəkilişinə gəlirlər, axşam tamaşa oynamağa, həftə sonları isə reklam çəkilişlərinə gedirlər. Setin ortasında obrazı canlandıracağı anda ağlına gəlir ki, kreditin, borcun vaxtıdır. Tamaşaçı bunları görmür. Düzdür, bayaq qeyd etdiyim kimi, 4-5 il əvvələ baxanda indi inkişaf var, getdikcə yüksəlirik. Amma buna baxmayaraq, hələ də tamaşaçı qane olmur. Bir çoxları istəyir ki, filmlər, seriallar qəpik-quruşa başa gəlsin. Aktyor qəpik-quruşa işləyirsə, ondan nə tələb edə bilərsiniz? Sən istəyirsən ki, çəkdiyin filmə yaxşı qonorar verib peşəkar operator çağırasan. Amma az pul ayırırlar deyə məcbur olub videoqrafla kino çəkirsən. Bir ildi əlinə fotoaparat alan, tamam başqa sahədən olan birini kinoya gətirirlər ki, ucuz işləyəcək. Amma buna baxmayaraq, Azərbaycanda elə seriallarımız var ki, kifayət qədər büdcə ilə çəkilən türk seriallarından qat-qat üstündür. Son zamanlar çəkilən serial və filmlərimizə baxandan sonra Türkiyənin televiziyalarında yayımlanan bir çox seriallara baxanda ətim tökülür. "Vətəndaş A", "Alatava", "Əqrəb mövsümü", "Mən, Lalə, bir də Şerlok Holms" kimi seriallarımız kifayət qədər uğurludur. Şəxsən mənə görə "Əqrəb mövsümü" serialı türklərin "Netflix" platformasında yayımlanan, təxminən eyni mövzuda olan "Məzarlıq" serialından qat-qat uğurludur. Tamaşaçı niyə bunu demir? Belə şeyləri də demək lazımdır. İkinci səbəb isə küyə gedənlərdir. Sosial şəbəkələrdə film və seriallarımız haqqında mənfi fikir yazanları rəy bölməsindən çıxarıb şəkillərini göstərsələr, görəcəyik ki, əksəriyyəti orta məktəb uşaqları və həyatda heç bir uğuru, məqsədi olmayan insanlardır. Təbii ki, bu sözləri hamıya aid etmirəm. Çox ağıllı, savadlı, düzgün tənqid edən insanlar da var. Bilirsiniz, şüursuz şəkildə mənfi rəy yazanların niyyəti çox deyil. Onların məqsədi həmin sahədə olan insanların özgüvən hissini qırmaqdır. Hər sahədə belə insanlar var. Elələri "Bizdə bu alınmaz, görün xaricdə necədir", "əşi, bizimkilər bacarmır" deyib kimlərisə ruhdan salmağı özləri üçün vəzifəyə çeviriblər. Kimisə tənqid edib özünü ağıllı göstərmək istəyən xeyli adamlar var. Elə bizim sahədə də elələrinin sayı az deyil. Amma onların əksinə, hər zaman bizə dəstək olan kütlə də var. Bir nəfər bizimkilər kino çəkə bilmir deyən kimi azı on nəfər ona görülən işləri sayır və cavabını verir. Biz sovet dövründən sonra çökən kinomuzu yenidən dirçəltməyə çalışırıq. Müasir Azərbaycan kinosu doğulur və biz onu adət-ənənələrə sadiq qalaraq böyüdəcəyik.

- Necə oldu ki, buxovları qıraraq uşaq serialı çəkmək qərarına gəldiniz?

- Uzun müddətdir, bu serialı çəkməyi düşünürdük. Çünki uşaqlar üçün Azərbaycan kinosunda heç nə istehsal olunmur. Ona görə ki, uşaqlarımız xaricilərin çəkdiyi filmlərə baxaraq tərbiyə alırlar, böyüdükcə də ailə dəyərləri məhv olur gedir. Onlar öz tərbiyəmizlə böyüməlidirlər. Uzun müddətdir Azərbaycanda uşaqlar üçün demək olar, heç nə yox idi. Balacalarımız müxtəlif platformalarda onlara aid olmayan serial və filmlərə baxırlar. Biz "Qızqaçırtma 1" filmini yuxarı yaş təbəqəsi üçün çəkmişdik. Niyə görəsə həmin filmi 13+ kateqoriyasına əlavə etdilər. Bu filmi uşaqlarımız üçün çəkməmişdik. Amma orta məktəb uşaqları sinif-sinif gəlib "Qızqaçırtma 1"ə baxırdılar. Kinoteatra gedib kənardan mənzərəni izləyəndə utandım. Bilet satılır deyə bir çoxları sevinirdi, amma mən utandım. Bilsəydim ki, bu filmə orta məktəb uşaqları baxacaqlar, bir çox zarafatları kəsib atardım. Çünki biz onu uşaqlar üçün çəkməmişdik. Uşaq filmlərimiz olmadığına görə onlar kütləvi şəkildə böyüklərə aid olan filmlərə baxmağa gedirlər və yaxud da xaricilərin başqa ölkələrə nə ötürmək istədikləri bilinməyən filmlərə baxırlar. İctimai TV, Elm və Təhsil Nazirliyi sağ olsun ki, bizə dəstək oldular. İnanıram ki, "Mən, Lalə bir də Şerlok Holms"un böyük kütləsi var. Bu layihə onu göstərdi ki, Azərbaycanda da uşaqlar üçün bir iş ərsəyə gətirmək olar. Belə işlərin sayı çoxalsın, bunu təkcə biz etməyək. Əgər say çoxalmasa, Azərbaycanda uşaqlar üçün film və serial çəkilməsə, gələcəkdə bunun fəsadları ilə üzləçəyik.

- Bəs kinoteatrlar üçün uşaq filmi çəkməyi düşünürsünüzmü?

- Düşünürük, hətta ssenari də yazırıq. Baş prodüserimiz Amiran Babayevlə birlikdə maliyyə mənbələrini tapsaq, kinoteatrlarımıza da uşaq filmi verəcəyik.

Ləman İLKİN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Mart 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see276

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see228

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see197

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see145

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see135

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see132

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see118

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see114

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see114

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see114

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see113

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see113

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see113

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see113

Əgər Putin cümə gününə qədər Trampın ultimatuma əməl etməsə...

07 Avqust 2025 00:04see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri