Kişilər pul dalınca qaçır: Elm qadınlara tapşırılıb
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda elmi fəaliyyətlə məşğul olan mütəxəssislərin 60 %-dən artığını qadınlar təşkil edir.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva "Güclü cəmiyyətin zərif simaları" layihəsinin yekun konfransında keçirdiyi çıxışında bildirib.
Onun sözlərinə görə, göstəricilər keçən ilin statistik məlumatlarına istinad edilərək açıqlanır:
"Bundan əlavə, məşğul əhalinin 48,1 %-ni qadınlar təşkil edir. Ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında qadınların iştirak nisbəti 50 %-dən yuxarıdır”.
Kişilərin elmi fəaliyyətə marağının qadınlarla müqayisədə aşağı olmasının hansı səbəblərlə bağlıdır?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, Azərbaycanda qadınların elmi fəaliyyətə marağının artması müsbət hal olsa da, kişilərin elmdə və xüsusilə pedaqoji sahədə getdikcə zəif təmsil olunması diqqətdən kənarda qalmamalıdır:
“Azərbaycanda qadınların elmi fəaliyyətdə və ümumilikdə ali təhsildə fəallığının artması cəmiyyətimizin intellektual potensialının yüksəlməsi baxımından qürurverici və müsbət tendensiyadır. Lakin məsələnin digər tərəfi də var. Kişilərin elmi fəaliyyətdə zəif təmsil olunması, xüsusilə də məktəblərdə kişi müəllimlərin azlıq təşkil etməsi cəmiyyət olaraq üzərində ciddi düşünməli olduğumuz həssas və aktual problemlərdən biridir.
Statistikanın arxasında dayanan səbəbləri və bunun təhsil sisteminə təsirlərini bir neçə mühüm məqamda qiymətləndirmək olar. İlk növbədə, kişilərin elmdən uzaqlaşmasının və ya elmi fəaliyyətə maraq göstərməməsinin kökündə sosial-iqtisadi amillər dayanır.
Belə ki, cəmiyyətdə ailənin əsas maddi təminatçısı rolunu daşımaq məcburiyyətində qalan kişilər daha erkən yaşlardan elmi-akademik karyeranın uzunmüddətli və aşağı gəlirli mərhələləri əvəzinə, daha tez qazanc gətirən sahələrə üstünlük verməyə məcbur olurlar. Halbuki elmi fəaliyyət, xüsusilə də elmi prinsiplərə əsaslanan tədqiqatların aparılması müvafiq maliyyə dəstəyi tələb edir”.
Onun sözlərinə görə, digər tərəfdən, cəmiyyətdəki bəzi stereotiplər uğurlu kişi obrazını daha çox biznes, ticarət və texniki sahələrlə əlaqələndirir:
“Bu da gənc oğlanların elmi sahəyə yönəlməsinə psixoloji baxımdan təsir göstərir.Düşünürəm ki, məktəblərdə kişi müəllimlərin azlıq təşkil etməsi, xüsusilə oğlan uşaqlarının sosiallaşmasında və kişi davranış modelinin formalaşmasında müəyyən boşluqlar yaradır. Təhsil prosesi təkcə akademik biliklərin ötürülməsi deyil, həm də şəxsiyyətin bütöv şəkildə formalaşması prosesidir”.
Ekspert qeyd edib ki, məktəblərdə kişi müəllimlərin azlığı oğlanların intizam, məsuliyyət və qərarvermə kimi məsələlərdə ehtiyac duyduqları rol model çatışmazlığına səbəb olur:
“Bu isə zamanla onların məktəb mühitinə marağının azalmasına və təhsildən erkən uzaqlaşma meyillərinin yaranmasına gətirib çıxara bilər. Ona görə də həm elmi fəaliyyətdə gender balansının qorunması, həm də məktəblərdə kişi müəllimlərin sayının artırılması istiqamətində stimullaşdırıcı dövlət proqramlarına və sosial dəstək mexanizmlərinə böyük ehtiyac var. Çünki sağlam və balanslı cəmiyyət həm qadınların, həm də kişilərin intellektual və mənəvi potensialından bərabər səviyyədə bəhrələnməlidir”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: fəaliyyət Əmrah Həsənli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 06 Noyabr 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















