Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin növbəti ildönümünü qürurla, fəxrlə qeyd edəcəyimiz günə sayılı saatlar, dəqiqələr qalır. 8 noyabr xalqımızın genetik yaddaşında silinməz iz qoyan şərəfli, tarixi bir gündür. Bu günün xalqımız və dövlətçilik tariximiz üçün necə bir önəm daşıdığını müzəfər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşamızın azad edilməsi müjdəsini çatdırdığı həmin o möhtəşəm çıxışı ilə göstərdi.
Qürurla "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq. Biz səni dirçəldəcəyik! Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşada, Qarabağda bu gün Azərbaycan bayrağı dalğalanır. Şanlı bayrağımız Şuşa səmalarında məğrurcasına dalğalanır!" söyləyən Ali Baş Komandan bununla 44 günlük müharibənin qələbə möhürünü vurdu. Baxmayaraq ki, bir neçə bölgəmiz, bəzi şəhərlərimiz separatçılardan hələ təmizlənməmişdi, Şuşanın azadlığı müharibənin tam qələbəsinin təmini demək idi. Düşməni “ürəyinin başından” qovmuşdu Azərbaycan əsgəri. Şuşa o şəhər idi ki, erməni separatçıları onu işğal etdikləri ilə “öyünürdülər”. Azərbaycan xalqı sübut etdi ki, qisası qiyamətə qoymayacaq. Azərbaycan əsgəri Qarabağın ürəyi, isməti, saflığı olan Şuşanı azad etməklə müharibənin yekun qələbəsini öz qanı ilə yazdı. Cənab Prezidentin dediyi kimi, “dəmir yumruq” təkcə hərb meydanındakı gücün deyil, o, həm də xalqın birliyinin, həmrəyliyinin təcəssümü idi. Şuşanın azad olunduğu 8 noyabr günü tariximizə Zəfər Günü olaraq yazıldı. Çünki məhz həmin gün, Qarabağın tacı olan Şuşa şəhəri işğaldan azad edildi. Bununla da, Ermənistanın məğlubiyyətinə yol açan tarixi gün kimi rəsmi olaraq Qələbə günü elan edildi. 9 noyabr tarixində isə xalqımız Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü qeyd edəcək. Bu bayram isə 2009-cu ildən etibarən hər il rəsmi dövlət bayramı və qeyri-iş günü kimi qeyd olunurdu. Lakin 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz Dövlət Bayrağı gününün də əhəmiyyətini artırdı və bu iki bayram birlikdə "Bayrağı Zəfərə bükülmüş millət" obrazını yüksəklərə ucaltdı. 
Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev "Şərq"ə açıqlamasında qeyd etdi ki, 8 noyabr - Zəfər günü ilə 9 noyabr Dövlət Bayrağı gününün ard-arda gəlməsinin özü tarixi əhəmiyyət daşıyır:
- Bu iki əlamətdar gün bir-biriylə sıx bağlıdır. Dövlət Bayrağı günü dövlətçiliyimizin möhkəmliyini, igid oğullarımızın müstəqillik uğrunda apardığı mübarizəni, Zəfər günü isə Vətən uğrunda şəhid olan, canını Vətən üçün fəda etmiş qəhrəman qazilərimizin müqəddəs mücadiləsinin rəmzidir. Xalqımız dövlət qurub onu qorumağı bacardığı kimi torpaqlarını düşməndən xilas etməyi də bacarır. Biz Qarabağ müharibəsinin iştirakçıları bunun canlı şahidləriyik. Azərbaycan xalqı tarixən milli birlik, həmrəylik nümayiş etdirib. Həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində biz bunun bariz nümunəsini gördük. Qələbimizin qazanılmasında şəhid olan oğullarımızın ruhları qarşısında təzim edirik, canını, sağlamlığını Vətən yolunda fəad etmiş qazilərimizlə fəxr duyuruq və onlara can sağlığı diləyirik.
A.Əliyev bildirdi ki, Vətən müharibəsinin gedişatına nəzər saldıqda qələbəyə necə sürətlə yaxınlaşmağımız görünür:
- Azərbaycan ordusu müasir silahlarla zəngin, döyüşə tam hazır vəziyyətdə idi. Eyni zamanda əsgər və zabitlərimiz də yüksək döyüş əhvali-ruhiyyəsində idilər. Biz də qazilər olaraq Vətən qarşısında borcumuzu yenə də yerinə yetirərək ordumuzun, əsgərlərimizin yanında olduq, onlara döyüş təcrübəmizdən danışdıq, mənəvi dəstək olduq. Azərbaycan ordusu işğalçıya qarşı əks-hücuma keçdiyi ilk gündən qələbəyə inam vardı. Ordumuzun 27 sentyabrda başlanan zəfər yürüşü 8 noyabrda Şuşanın azad edilməsiylə - şanlı qələbə ilə sonuclandı. Müharibənin xronologiyasına nəzər salanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji planla hərəkət edildiyi görünür. 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatına başladı və bu əks-hücum hərb tarixinə "Dəmir Yumruq" adı ilə yazıldı. İlk gündə Füzuli və Cəbrayıl rayonlarının 6 kəndi, həmçinin Murovdağ silsiləsindəki strateji yüksəkliklər azad edildi. Ölkədə hərbi vəziyyət və qismən səfərbərlik elan olundu. Oktyabr ayında Cənub Cəbhəsinin Yarılması və Sürətli İrəliləyiş baş tutdu. Tərtər rayonunun Suqovuşan və Talış kəndləri işğaldan azad edildi. Sərsəng su anbarından gələn suyun açılması ilə su təminatında strateji üstünlük əldə olundu. Bunlar müharibədə qələbəni təmin edən amillərdir. Sonrakı günlərdə Cəbrayıl rayonunun bir sıra kəndləri və Cəbrayıl şəhəri azad edildi. Sonra Xocavənd rayonunun strateji əhəmiyyətli Hadrut qəsəbəsi və ətraf kəndləri azad olundu. Bu, Şuşa və Laçın istiqamətinə yol açan ən mühüm hərbi gediş oldu. Füzuli rayonunun mərkəzi, Füzuli şəhəri və ətraf kəndləri düşməndən təmizləndi. Azərbaycan bayrağı tarixi Xudafərin körpüsü üzərində ucaldıldı. Oktyabrın sonlarına yaxın Zəngilan və ətraf kəndlər işğaldan azad edildi. Ağbənd qəsəbəsi azad edilməklə, Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürüldü. Bunlar hərbi-stratji planın tərkib hissələri idi və düşmənin məğlubiyyətini qaçılmaz edirdi. Qubadlı rayonunun ordumuzun nəzarətinə keçməsi ilə qələbəmiz daha da yaxınlaşdı. Cənub cəbhəsində düşmənin müdafiə xətti tamamilə süqut etdi və ordu Laçın dəhlizinə doğru irəlilədi. Təbii ki, bütün bu hərbi uğurlar odumuzun Şuşaya yaxınlaşmasını təmin etdi və nəhayət igid, şücaətli əsgərlərimiz Şuşanı düşməndən azad etdilər. Bilirsiz ki, Şuşanın azad edilməsi dünya hərb tarixində indiyədək görünməmiş bir hadisə idi, nahaq yerə hərb tarixi kitablarına salınmayıb. Unikal hərbi əməliyyat nəticəsində Azərbaycan əsgəri Şuşanı azad etdi və üçrəngli bayrağımız o gündən bəri Şuşamızda vüqarla dalğalanır. Həmişə də belə olacaq. Cənab Prezidentin dediyi kimi, biz öz doğma, tarixi torpaqlarımıza qayıtmışıq, işğala son qoymuşuq və əbədi olaraq bu torpaqların sakini olacağıq. 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbə Ağdam, Laçın, Kəlbəcərin döyüşsüz təslim edilməsini şərtləndirdi. Erməni separatçıları Azərbaycan ordusunun qarşısında duruş gətirə bilməyəcəklərini anlamışdılar və bu şəhərləri, bölgələri özləri tərk etdilər. Bu da bizim Vətən müharibəsinin daha bir uğuru idi. 20 noyabrda Ağdam rayonu, 25 noyabrda Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonu Azərbaycana təhvil verildi. Amma Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam bərpası, əlbəttə ki, antiterror əməliyyatı nəticəsində Xankəndinin erməni separatçılarından tamamilə təmizlənməsiylə mümkün oldu. Yenə də ordumuz, xüsusi təyinatlı qüvvələrimiz böyük əzmkarlıq və peşəkarlıq göstərərək Azərbaycanın ərazi bütövlüyünü və konstitusion hüquqlarını bütün ölkə boyu təmin etdilər. Ona görə də bizim fəxrlə Zəfər günü və Dövlət bayrağı gününü qeyd etməyə haqqımız çatır. Azərbaycan şanlı ordusu, igir əsgərləri sayəsində suveren hüquqlarını bütün ölkə ərazisində bərpa edib, xalqımız bu əlamətdar günləri bayram etməyə layiqdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 06 Noyabr 2026 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















