Icma.az
close
up
RU
Kitab sivil biliyin qızıl qaynağıdır

Kitab sivil biliyin qızıl qaynağıdır

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Rəqəmsal mənbələrə aludəçilik isə yarımçıqlıq kompleksi yaradır

Vaxt var idi, əlimizə fürsət düşən  kimi daha çox  kitab oxuyardıq. Mütaliə, sadəcə, vərdiş deyil, həyatımızın ayrılmaz parçası idi. Bir kitab bitər-bitməz yenisini axtarardıq.  Oxuduğumuz hər yeni roman, povest, hekayə və ya nağıl fərqli dünyalara aparırdı bizi. Həyatı, insan münasibətlərini, xeyir-şəri, sevgini-nifrəti, sədaqəti-xəyanəti məhz onların sayəsində dərk edirdik. Əsərlərin dili isə söz ehtiyatımızı artırır, fikirlərimizi daha dolğun və səlis ifadə etməyi öyrədirdi.

Bu gün isə  çoxumuz kitab oxumaq əvəzinə, saatlarla sosial şəbəkələrdəki eyni tip videolara baxırıq. Rəqəmsal mühit sürətli və qarışıq informasiya axını ilə yanaşı, diqqətimizi ciddi mütaliədən yayındırır.  Nəticədə, dərin düşünmək qabiliyyətimizi itirib, rəqəmsal dünyanın yaratdığı illüziyalara aludə oluruq.

Mövzu ilə bağlı mütəxəssis mövqeyini  öyrənmək üçün AMEA  Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Bəylərovaya müraciət etdik.

– Aytən xanım,  mütaliəyə marağın kəskin şəkildə azalmasının əsas səbəbi nədir: insanların maraq dairəsinin dəyişməsi, yoxsa rəqəmsal dövrün  yaratdığı sürətli informasiya axını?

– Bəli, mütaliəyə marağın azalmasının əsas səbəblərindən biri rəqəmsal mühitin insanların oxu vərdişlərinə təsir göstərməsidir. Sosial şəbəkələr, qısa videolar, müxtəlif vizual məzmunlar və fasiləsiz yenilənən informasiya insanı daha sürətli məlumat əldə etməyə alışdırır. Nəticədə uzun mətnləri oxumaq və qavramaq əvvəlki qədər asan olmur. Kitab oxumaq isə səbir, diqqət və təhlil bacarığı tələb edir. 

Bu gün bir çox insan, xüsusilə gənclər qısa formatlı məzmuna üstünlük verir, irihəcmli mətnlərə kifayət qədər vaxt ayırmırlar. Problem kitaba marağın tamamilə itməsi deyil, diqqəti uzun müddət mətn üzərində cəmləmək qabiliyyətinin və mütaliə vərdişlərinin zəifləməsidir. Buna görə də rəqəmsal imkanlardan səmərəli istifadə etməklə yanaşı, oxu mədəniyyətini də qorumaq vacibdir. Çünki mütaliə yalnız informasiya əldə etmək vasitəsi deyil, həm də insanın dünyagörüşünü genişləndirən, təfəkkürünü inkişaf etdirən və mənəvi aləmini zənginləşdirən mühüm amildir. 

– Gənclərin kitabdan uzaqlaşaraq ekran qarşısında daha çox vaxt keçirməsi onların söz ehtiyatına necə təsir edir?

– Söz ehtiyatının zənginləşməsi yalnız ənənəvi mütaliə ilə məhdudlaşmır. Bu proses seçilən məzmundan və əldə olunan informasiyanın necə dəyərləndirilməsindən asılıdır. Elektron kitablar, PDF formatında mətnlər, keyfiyyətli filmlər və maarifləndirici videolar da yeni söz və ifadələrin mənimsənilməsinə imkan yaradır. Buna görə də ekran qarşısında keçirilən vaxtı nitqin inkişafına mənfi təsir göstərən yeganə amil saymaq düzgün olmaz. 

Lakin həmin söz və ifadələri, sadəcə, görmək və ya eşitmək kifayət deyil; onların mənasını dərk etmək, müxtəlif kontekstlərdə işlənməsini izləmək və gündəlik nitqdə tətbiq etmək vacibdir. Əks halda, onlar fərdin aktiv lüğət ehtiyatına daxil olmur. Deməli, gənclərin söz ehtiyatına təsir edən əsas amil ekran deyil, istifadə etdikləri materialın keyfiyyəti və ondan nə dərəcədə səmərəli yararlanmalarıdır. Bu baxımdan düzgün seçilən rəqəmsal resurslar nitqin inkişafını dəstəkləyən mühüm vasitələrdən biri ola bilər. 

– Məktəb və ailə mühitində ənənəvi kitab oxuma vərdişini rəqəmsal dövrdə necə bərpa etmək olar? 

– Kitab oxuma vərdişinin bərpasında ailə və məktəb həlledici rol oynayır. İlk növbədə, valideynlər özləri mütaliəyə vaxt ayırmalı və evdə oxu mühiti yaratmalıdırlar. Uşaqlar böyüklərin davranışlarını təqlid etdikləri üçün bu nümunə onlarda kitaba marağın yaranmasına müsbət təsir göstərir. Məktəblərdə isə seçilmiş əsərlərin sinifdə müzakirəsi, oxu müsabiqələrinin, kitab təqdimatlarının və mütaliə günlərinin keçirilməsi faydalı ola bilər. Belə yanaşma mütaliənin gündəlik həyatın təbii bir hissəsinə çevrilməsinə kömək edir.

Bundan əlavə, şagirdlərə yaş və maraq dairələrinə uyğun kitab seçmək imkanı verilməsi onların daxili motivasiyasını gücləndirir. Oxunan əsərlər əsasında yaradıcı layihələrin  hazırlanması və kiçik tədqiqatların aparılması oxuduqlarını daha dərindən mənimsəmələrinə təkan verər. Rəqəmsal platformalarda əsərlər haqqında məlumatların paylaşılması, müəlliflərlə onlayn görüşlərin təşkili və elektron kitabxanalardan istifadə də bu istiqamətdə mühüm rol oynaya bilər. 

– Telefonda və ya kompüterdə mətn oxumaqla, ənənəvi kitab oxuma arasında informasiyanın qavranılması baxımından fərq varmı? 

– Kitab mütaliəsi ilə telefon və ya kompüter ekranından mətn oxumaq arasında informasiyanın qavranılması baxımından müəyyən fərqlər mövcuddur. Ənənəvi oxu zamanı diqqət daha asan cəmlənir ki, bu da məzmunun dərindən mənimsənilməsinə kömək edir. Rəqəmsal qurğularda isə müxtəlif bildirişlər və digər  amillər oxu prosesinə mane olur. Bundan başqa, kitab oxuyarkən mətnin strukturunu və onun ayrı-ayrı hissələrinin yerini yadda saxlamaq daha asandır; bu da məlumatın uzun müddət hafizədə qalmasına şərait yaradır. 

Elektron format isə informasiya axtarışı, qeydlərin aparılması və mənbələr arasında sürətli keçid imkanları ilə fərqlənir. Buna görə də istifadə ediləcək vasitə məqsədə uyğun seçilməlidir: geniş həcmli və analitik mətnlər üçün kitab, qısa və operativ informasiya üçün isə rəqəmsal platformalar daha münasibdir. Ümumiyyətlə, dərin məzmunlu mətnlərin mənimsənilməsi və oxunanların uzunmüddətli yaddaşda saxlanılması baxımından ənənəvi kitab mütaliəsi daha səmərəli nəticə verir. 

–  Sosial medianın xam dili və oyun ifadələri ədəbi dilimizin qrammatik və üslub normalarına necə  təsir göstərir?

– Sosial media dili və onlayn oyun mühitinə aid jarqonlar ədəbi dilimizin normalarına birbaşa mənfi təsir göstərmir. Çünki bu elementlər daha çox müəyyən ünsiyyət sferasına xas ifadə vasitələridir. Bununla belə, ədəbi dil qaydalarına kifayət qədər bələd olmayan və ya onlara diqqət yetirməyən şəxslər bu tip yazı və ifadə vərdişlərindən digər sahələrdə də istifadə edirlər. Nəzərə almaq lazımdır ki, belə söz və ifadələrin rəsmi yazışmalarda, elmi mətnlərdə və tədris prosesində ədəbi dil normalarını əvəz etməsi məqsədəuyğun deyil. Buna görə də onların hansı şəraitdə və necə işlədilməsi xüsusi əhəmiyyət kəsb edir. 

Dil tarix boyu ictimai dəyişikliklərə uyğun olaraq yeni sözlər qəbul etmiş, eyni zamanda öz norma və prinsiplərini qoruyub saxlamışdır. Bu baxımdan sosial media dili və jarqonlar dilin təbii inkişaf prosesinin tərkib hissəsi kimi qiymətləndirilə bilər, lakin onların işlədilməsi ünsiyyət şəraitinə və üslubi tələblərə uyğun olmalıdır. 

– Müsahibə üçün təşəkkür edirik. 

Elenora HƏSƏNOVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyul 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri