“KİTAYSKİ YALTA” KONFRANSI... Hərə öz sözünü dedi və “dağılışdılar”, bəs nəticə?
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bir çoxları Çində ATEC tədbiri çərçivəsində keçirilən üçtərəfli Donald Tramp – Si Cinpin- Vladimir Putin görüşü ilə 1945-ci ilin fevralında ABŞ, SSRİ və Böyük Britaniya başçılarının keçirdiyi Yalta konfransı arasında paralellər aparsalar da, dünya mediasının diqqətini öncədən nədənsə, görüşdə müzakirə olunan məsələlərdən daha çox Çin rəhbərinin Trampı Putinlə müqayisədə daha təmtəraqla, şəxsən qarşılaması, eləcə də ATEC tədbiri çərçivəsində yaşanan digər detallar daha çox maraqlandırıb. Bunun özü ətrafında xeyli hay-küy yaradılan görüşdən ciddi nəticələrin çıxacağına - xüsusilə də Ukraynada sülhə nail olunacağına ümidlərin az olmasından xəbər verirdi...
Buna baxmayaraq, görüş ərəfəsində Qərb mətbuatına müsahibə verən Ukrayna Prezidenti Volodimir Zelenski bu üç liderin, "tək bir görüşdə" müharibəni dayandırmaq imkanına malik olduğunu bildirdi. Lakin bunun, Rusiyaya hansısa güzəştlər deyil, əksinə, Moskvaya təzyiq yolu ilə əldə edilməli olduğunu qeyd edib: "Əgər Çin və ABŞ sanksiyalar tətbiq edərsə, yaxud tətbiq edəcəklərini elan edərsə və Rusiya ilə bu ölkələr arasında ixrac və idxalı dayandırılarsa, bu, müharibənin sonu olacaq".
O qeyd edib ki, qlobal sabitlik bu cür əsas oyunçulardan asılıdır və əgər onlar müharibəni dayandırmasalar, deməli, onların buna heç bir marağı yoxdur. Məhz bu son fikir kifayət qədər məntiqlidir və Çindəki üçtərəfli görüş başa çatandan sonrakı ilkin təəsssüratlar Zelenskinin heç də haqsız olmadığından xəbər verir...
Görüşün açılışında çıxış edən Donald Tramp dünyanın üç ən böyük nüvə gücünün liderlərinin bir araya gəlməsini “tarix yazmaq” adlandırıb.
Çin lideri Si Cinpin sammitin qlobal miqyasda dönüş yaradan əhəmiyyətə malik olduğunu bildirib.
Vladimir Putin isə İkinci Dünya müharibəsinin qalib dövlətləri kimi Rusiya, Çin və ABŞ-nin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında birgə məsuliyyət daşıdığını vurğulayıb: "Üç dövlətimizi təkcə İkinci Dünya Müharibəsində qalib ölkələr statusu deyil, həm də ən əsası beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün ortaq məsuliyyətləri birləşdirir".

Rusiya liderinin bu açıqlaması bir daha “dünyanı nüfuz dairələrinə bölmək” təşəbbüsünün daha çox Moskvadan gəldiyini göstərir. Lakin bu təşəbbüsün arxasında Rusiyanın Çin və ABŞ ilə müqayisə ediləcək nə iqtisadi, nə də texnoloji gücü görünür. Onun hərbi gücünün nədən ibarət olduğu isə Ukraynadakı savaşda bəlli oldu. Qalır yalnız nüvə gücü. Lakin ABŞ və Çinin sadəcə, nüvə kartını əsas götürərək belə bir “bölgüyə” getməsi o qədər də inandırıcı görünmür...
Hələ görüş ərəfəsində Tramp bildirib ki, liderlər Ukraynadakı müharibə də daxil olmaqla "bütün qlobal məsələləri" müzakirə edəcəklər. O, məhz Ukrayna məsələsini Putinlə "uzun müddət" müzakirə etdiyini qeyd edib.
Tramp bu müharibənin sona çatacağına dair də nikbin danışıb: "Düşünürəm ki, bu baş verir. İnanıram ki, o (Putin) və ümid edirəm ki, digər tərəf də həmçinin bu müharibənin sona çatmasını görmək istəyəcək".
Tramp həmçinin Vaşinqton, Moskva və Pekinin nüvə silahı məsələlərində əməkdaşlıq etməli olduğunu bildirib.
Si Cinpin isə nüvə silahlarının tamamilə qadağan edilməsinə və məhv edilməsinə çağırıb. O, nüvə müharibəsində qalib gəlməyin mümkün olmadığını vurğulayıb.
Beləliklə, ABŞ, Çin və Rusiya liderləri arasında üçtərəfli görüş başa çatdı. Görüşdən sonra Si Cinpin Vladimir Putini öz avtomobilinə qədər müşayiət etdi.

Donald Tramp isə zirvə toplantısını bir neçə dəqiqə tez tərk edərək hava limanına yola düşdü. Mətbuata birgə açıqlama verilmədi, brifinq keçirilmədi. Sanki hərə öz sözünü dedi və dağılışdılar...
Üç ölkənin liderləri sadəcə, "Sülh haqqında Birgə Bəyannamə" qəbul ediblər. 4 bənddən ibarət sənəddə aşağıdakı əsas razılaşmalar əksini tapıb:
-BMT-də islahatlar: BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Çin və Rusiya təşkilatın qlobal çağırışlara daha effektiv cavab verməsi üçün BMT-də islahatların aparılmasını dəstəklədiklərini bəyan ediblər.
-Nüvə təhlükəsizliyi: Liderlər nüvə müharibəsində qalibin ola bilməyəcəyini və bu müharibənin heç vaxt başladılmamalı olduğunu təsdiqləyiblər. Tərəflər nüvə risklərinin azaldılması üzrə dialoq aparmaq barədə razılığa gəliblər.
-Enerji bazarı: Üç ölkə qlobal rifah naminə neft emalı məhsullarının istehsalını və tədarükünü artırmağı, sabit enerji axınını təmin etməyi planlaşdırır.
-Beynəlxalq məhkəmələr: Dövlət başçıları rəsmi şəxslərin toxunulmazlığına hörmətin vacibliyini vurğulayaraq, Beynəlxalq Cinayət Məhkəməsi və digər oxşar qurumların öz səlahiyyətlərindən sui-istifadə etməməli olduğunu bildiriblər.
Ukrayna müharibəsi başda olmaqla, yuxarıda sadalanan bütün istiqamətlərdə təhdid yaradan münaqişələrin birgə həlli üçün hər hansı addıma dair hətta memorandum, bəyannamə səviyyəsində də heç nə yoxdur…
Bəs bundan sonra konkret nəticə və real addımlar olacaqmı? Məsələn, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov görüşdən sonra o qədər də optimist görünmürdü. O, hətta Kreml müxbiri Pavel Zarubinin nəticələrlə bağlı sualına kobudluqla cavab verib.Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Ukrayna mövzusu üçtərəfli sammitdə ümumiyyətlə, "mərkəzi mövzu olmayıb".

Görüşdən sonra rusiyalı jurnalistlərin gələcəklə bağlı sualına cavab verən Putin özü deyib ki, “gələcəkdə nə olacağını heç kim bilmir, yalnız Allah bilir”. Həmçinin əlavə edib ki, üçtərəfli görüşdə hər hansı bir razılaşma olmasa da, tərəflər bir-birinə öz mövqeyini çatdıra biliblər. Ən əsası isə bildirib ki, Krım körpüsü vurulduğu üçün qarşı tərəflə heç bir razılaşma olmayacaq. Sanki yoxsa razılaşma olacaqdı və buna qədər Rusiya özü Ukraynadakı körpüləri və mülki obyektləri vurmurdu...
Beləliklə, ümumilikdə müşahidəçilər görüşün əhəmiyyətli və müsbət nəticələrinə o qədər də inanmırlar. Çünki tərəflərin “çəki dərəcələri” fərqlidir, onlar hər hansı münaqişədə eyni cəbhədə iştirak etməyiblər, hansısa ortaq düşmənə qalib gəlməyiblər, maraqları bir-birilə olduqca ciddi ziddiyyət təşkil edir və onları Yalta konfransındakı “müttəfiqlər” adlandırmaq olduqca çətindir, hətta mümkünsüzdür. Ancaq hər halda, bu görüşün real nəticə verib-vermədiyini yaxın zamanda görəcəyik. Xüsusilə Ukraynada və İranda...
E.Qüdrətoğlu
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 20 Noyabr 2026 08:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















