Icma.az
close
up
RU
Kliklə gələn məktub: Azərbaycanın rəqəmsal poçt inqilabı

Kliklə gələn məktub: Azərbaycanın rəqəmsal poçt inqilabı

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 15 sentyabr, Samirə Quliyeva, AZƏRTAC

Bir zamanlar poçt qutusuna düşən məktublar insanları gözləntilərlə, həyəcanla dolu anlarla birləşdirirdi. Hər göndərilən kağız parçası sanki bir duyğunun, bir xəbərin fiziki daşıyıcısı idi. Lakin zaman dəyişdi, texnologiya inkişaf etdi və dünyanın ritmi sürətləndi. Bu dəyişikliklərin tam mərkəzində dayanan sahələrdən biri də poçt xidməti oldu. Azərbaycanın poçt sistemi isə bu keçidi yalnız müşahidə etmədi — onun bir hissəsinə çevrildi. Amma bu sadə görünən poçt xidməti, əslində, uzun illər ərzində insan əlaqələrinin qurulmasında, ölkələrin inkişafında və hətta milli müstəqilliyin möhkəmlənməsində mühüm rol oynadı.

Dünyamız sürətlə dəyişir, həyatımız rəqəmsallaşır. Sosial şəbəkələr, instant mesajlar, e-poçtlar gündəlik ünsiyyətimizin ayrılmaz hissəsinə çevrilib. Amma düşünün: bu sürətli, virtual əlaqələrin arxasında illərlə zəngin bir tarix və ənənə dayanır – ənənəvi poçt xidməti. İnsanların sevgisini, ümidini, rəsmi məktublarını daşıyan poçt, əsrlər boyunca sosial və dövlətçilik həyatı üçün əsas dayaqlardan biri olub. İndi isə o, yeni texnologiyalarla yenilənir, müasir kommunikasiya vasitələrinə çevrilir.

Texnologiyanın sürətli inkişafı ilə bir çox ənənəvi xidmət sahələri kimi poçt xidmətləri də köklü dəyişikliklərlə üz-üzə qalıb. Bir zamanlar şəxsi məktublaşmanın və sənəd göndərişlərinin əsas vasitəsi olan poçt sistemi bu gün rəqəmsal kommunikasiya, e-ticarət və mobil bankçılıq xidmətləri fonunda yenidən formalaşır. Müasir dövrdə poçtun funksiyası yalnız məktubların çatdırılması ilə məhdudlaşmır, həm də geniş maliyyə, logistika və rəqəmsal xidmətləri əhatə edir.

Azərbaycanda da bu böyük transformasiya baş verir – ənənəvi poçt xidməti rəqəmsal dövrün çağırışlarına cavab verir, ölkəmizi dünya informasiya xəritəsində ön sıralara daşıyır. Gəlin, bu maraqlı dəyişimin səbəblərini, nəticələrini və gələcək perspektivlərini bir az da dərindən araşdıraq.

Azərbaycanda poçt sistemi: Keçmişdən gələcəyə səyahət

Azərbaycanın poçt tarixi uzun əsrlərə dayanır. Azərbaycan poçtunun tarixi 1 iyun 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontorunun açılmasından başlanır. Daha sonra 1826-cı ildə Bakıda, 1828-ci ildə isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə Poçt və Teleqraf Nazirliyi yaradılıb. Azərbaycan poçtunun ən çətin və şərəfli dövrü II Dünya müharibəsi illərinə təsadüf edir. Belə ki, həmin dövrdə sayı artmış poçt göndərişlərinin və əsgər məktublarının vaxtında ünvanlara çatdırılması bütün mənalarda məsuliyyət və iradə tələb edib. Hələ o zamanlardan poçt vasitəsilə insanlar bir-biri ilə əlaqə saxlayır, dövlət idarələri arasında sənədlər mübadiləsi həyata keçirilirdi. Xüsusilə Bakı neft sənayesinin inkişafı ilə əlaqədar poçt xidməti də önəmli rol oynamışdı.

Sovet dövründə poçt sistemi daha da genişləndi və ölkə üzrə poçt şöbələri şəbəkəsi yaradıldı. Bu illərdə məktubların, bağlamaların daşınması ilə yanaşı, poçt vasitəsilə pul köçürmələri, təhsil və sosial xidmətlər də təmin edilirdi.

Azərbaycan müstəqillik qazandıqdan sonra poçt sistemində ciddi dəyişikliklər oldu. 2004-cü ildə “Azərpoçt” MMC yaradıldı və bu qurum ölkənin poçt xidmətlərini müasir standartlara uyğunlaşdırmaq məqsədilə fəaliyyətə başladı. Bu dövr poçtun rəqəmsallaşması və beynəlxalq poçt standartlarına inteqrasiyası ilə yadda qaldı. “Azərpoçt” yalnız ənənəvi məktub və bağlama daşımaları ilə kifayətlənməyərək, e-ticarət paketlərinin çatdırılması, mobil tətbiqlər vasitəsilə xidmətlərin göstərilməsi və maliyyə əməliyyatları sahəsində də geniş imkanlar yaratdı.

Son 20 ildə “Azərpoçt”un infrastruktur və xidmət sahələrində əhəmiyyətli inkişaflar qeydə alınıb. 2003–2023-cü illər ərzində ölkədə 887 yeni poçt binası tikilib, 126 poçt şöbəsi əsaslı təmir olunub, həmçinin 11 yeni binanın tikintisi başa çatdırılıb. Bu müddət ərzində 367 yeni avtomobil, 73 ATM və 1236 poçt şöbəsi əsas şəbəkəyə inteqrasiya olunub. Regionlarda 1200-dən çox poçt şöbəsi fəaliyyət göstərir və bu, xüsusən kənd yerlərində yaşayan insanların dövlət xidmətlərinə asan çıxışını təmin edir.

Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda poçt xidmətlərinin bərpası layihəsi çərçivəsində 2025-ci ilin sonuna qədər 40-dan çox rəqəmsal xidmətli poçt mərkəzinin istifadəyə verilməsi planlaşdırılır. Bu, dövlət-vətəndaş əlaqələrinin bərpası və regionun sosial-iqtisadi inteqrasiyası üçün mühüm addımdır.

Kağızdan koda: Azərbaycanın poçt xidmətlərində rəqəmsal sıçrayış

Rəqəmsal texnologiyaların tətbiqi poçt xidmətlərinin keyfiyyətini artırır. Onlayn izləmə sistemi, mobil ödəmə imkanları və elektron sənəd mübadiləsi vətəndaşların həyatını daha rahat edir. Bununla yanaşı, Azərbaycanın beynəlxalq poçt sistemlərinə inteqrasiyası genişlənir. Dünyada və Azərbaycanda ənənəvi poçtun rəqəmsal və innovativ xidmətlərlə əvəzlənməsi, yeni kommunikasiya formalarının yaranması poçtun transformasiyasının əsas istiqamətlərini müəyyən edir. Bu prosesdə qlobal təşkilatlar – Ümumdünya Poçt İttifaqı (UPU) və Beynəlxalq Poçt Korporasiyası (IPC) mühüm rol oynayır.

Bu gün Azərbaycanda poçt xidmətləri rəqəmsallaşma istiqamətində mobil tətbiqlər, onlayn izləmə sistemləri və elektron xidmətlər təqdim edir; e-ticarətin inkişafı ilə bağlı paket göndərişlərinin sayı sürətlə artır və poçt xidməti bu bazarın mühüm oyunçusuna çevrilir; maliyyə xidmətləri – pul köçürmələri, sığorta və mikro-kredit kimi xidmətlər poçt şəbəkəsinə inteqrasiya olunub.

2016-cı ildən etibarən həyata keçirilən “HUB layihəsi” çərçivəsində Azərbaycan Çindən gələn e-ticarət məhsullarını 17 müxtəlif ölkəyə göndərmək üçün tranzit mərkəzinə çevrilib. Bununla yanaşı, ABŞ və Almaniyadan Rusiyaya gedən EMS bağlamalarının Bakı üzərindən yönləndirilməsi də Azərbaycanın beynəlxalq poçt logistikasında artan rolunu göstərir.

Azərbaycanda artıq başlanmış rəqəmsallaşma prosesi genişlənərək poçt xidmətlərinin hər mərhələsinə nüfuz edəcək:

- Süni intellekt əsasında poçt bağlamalarının avtomatik çeşidlənməsi,

- “Chatbot” texnologiyası ilə 24/7 müştəri dəstəyi,

- E-poçt identifikasiya sistemləri ilə daha təhlükəsiz və sürətli sənəd mübadiləsi,

- Elektron ticarət bazarında genişlənmə.

Statistikaya görə, 2024-cü ildə “Azərpoçt”un xidmət etdiyi e-ticarət bağlamalarının həcmi 40 faizə yaxın artıb. Bu göstərici onu deməyə əsas verir ki, “Azərpoçt” regional “e-commerce” logistik mərkəzinə çevrilə bilər.

Ənənəvi poçt xidmətlərinin bir hissəsi olan pul köçürmələri də müasir dövrdə transformasiya olunur. 2024-cü ilin iyul ayında “Azərpoçt” ölkə daxilində pul köçürmələrinin 60–70 faiz azaldığını açıqlamışdır. Bu, bir tərəfdən mobil bankçılığın və kart ödənişlərinin artması, digər tərəfdən isə COVID-19 pandemiyası dövründə rəqəmsal xidmətlərə keçidin sürətlənməsi ilə bağlıdır. Bu göstərici həm də poçt sisteminin gələcəkdə daha çox rəqəmsal və əlavə dəyərli xidmətlərə yönəlməsini zəruri edir. Ənənəvi poçtun transformasiyası bütün dünya üzrə qaçılmaz bir prosesdir. Bu dəyişikliklərin əsas səbəbləri arasında rəqəmsallaşma, texnoloji inkişaf, istifadəçi vərdişlərinin dəyişməsi və e-ticarətin sürətli böyüməsi dayanır. Azərbaycan bu transformasiyada uğurlu yol keçmiş və "Azərpoçt" vasitəsilə həm yerli xidmətlərin keyfiyyətini artırıb, həm də beynəlxalq səviyyədə logistika və maliyyə xidmətləri sahəsində etibarlı tərəfdaş statusu qazanıb.

Gələcəkdə bu transformasiyanın daha da dərinləşməsi, yaşıl texnologiyaların tətbiqi, süni intellekt əsaslı çatdırılma sistemləri və rəqəmsal maliyyə xidmətlərinin daha geniş yayılması gözlənilir. Azərbaycan bu istiqamətdə zamanla ayaqlaşaraq regionun poçt və logistika mərkəzlərindən birinə çevrilmək potensialını davam etdirir.

Ənənəvi poçtun transformasiyası sadəcə texniki modernləşmə deyil, bu həm də sosial, iqtisadi və strateji bir prosesdir. Azərbaycan bu sahədə əhəmiyyətli irəliləyişlər əldə etsə də, davamlı inkişaf üçün beynəlxalq təcrübəni mənimsəməli, yerli ehtiyacları doğru analiz etməli və təşəbbüskar yanaşma sərgiləməlidir.

Qlobal kontekstdə poçt sistemlərinin dəyişimi

Qlobal poçt sistemləri rəqəmsallaşma və logistika sahəsində sürətli dəyişikliklər yaşayır, məktub göndərişləri azalarkən bağlama və ekspres xidmətlər ön plana çıxır. Azərbaycan isə bu qlobal trendlərə uyğun olaraq poçt xidmətlərini modernləşdirir və regional logistik mərkəzə çevrilmək üçün strateji addımlar atır. Belə ki, qlobal miqyasda məktub dövriyyəsi illər ərzində azalma meyli göstərsə də, Azərbaycanda son illərdə bağlama göndərişlərində əhəmiyyətli artım müşahidə olunur – 2023-cü ildə “Azərpoçt” planlaşdırılan göstəricini 271 faiz üstələyib.

Dünyada poçt gəlirlərinin əsas hissəsi artıq bağlama və ekspres çatdırılmaların payına düşürsə (təxminən 60 faiz), Azərbaycanda da bu trendlərə uyğun olaraq bağlama daşımalarına və elektron ticarətə uyğunlaşdırılmış poçt xidmətlərinə keçid sürətlənir. Bir çox inkişaf etmiş ölkələrdə məktub xidmətləri ya ixtisar olunur, ya da tamamilə ləğv edilir (məsələn, Danimarka və Avstraliya), halbuki Azərbaycanda poçt şəbəkəsinin coğrafi əhatəsi genişləndirilir və regionlarda daha çox xidmət nöqtəsi açılır.

Qlobal səviyyədə poçt sistemləri rəqəmsallaşma, avtomatlaşdırma və süni intellekt kimi texnologiyalarla yenidən formalaşdırılırsa, Azərbaycanda da “mail sortinq” sistemləri modernləşdirilir, “self-servis” terminallar tətbiq edilir və “Agent Banking” kimi innovativ maliyyə xidmətləri genişləndirilir. Beynəlxalq poçt bazarında əməkdaşlıq və regional alyanslar (məsələn, AB ölkələri arasında poçt konsorsiumları) getdikcə əhəmiyyət qazanırsa, Azərbaycan da öz strateji mövqeyindən istifadə edərək Türkiyə–Azərbaycan–Mərkəzi Asiya poçt-logistika alyansı qurmaq imkanlarını araşdırır.

Qlobal poçt bazarının dəyəri 2025-ci il üçün təxminən 590 milyard dollar olaraq proqnozlaşdırılır və bu bazar illik 1–5 faiz artım göstərir, Azərbaycanda isə dövlət dəstəyi ilə poçt sektoru rəqəmsal iqtisadiyyatın ayrılmaz hissəsinə çevrilməkdədir. Əgər beynəlxalq təcrübədə poçt xidmətləri tədricən maliyyə texnologiyaları və ödəniş sistemləri ilə inteqrasiya olunursa, Azərbaycanda da “Azərpoçt”un VISA sisteminə üzvlüyü, Granat köçürmə sisteminə qoşulması və nağdsız əməliyyatların genişləndirilməsi bu inteqrasiyanın göstəriciləridir.

Poçt sektorunda məşğulluq struktur baxımından dəyişir – beynəlxalq statistikaya əsasən, məktub çatdıranların sayı azalır, kuryer və bağlama daşıyıcılarının sayı artır; Azərbaycanda isə bu transformasiya poçt işçilərinin bacarıqlarının artırılması və xidmətlərin avtomatlaşdırılması ilə müşayiət olunur.

Nəhayət, bir çox ölkədə poçt sistemləri özəl sektora açılmaqla bazar rəqabətinə daxil olur, Azərbaycanda isə dövlət nəzarətində olan “Azərpoçt” yenilənmiş idarəetmə modeli və xidmət portfeli ilə həm rəqabətə, həm də regional logistikada liderliyə doğru irəliləyir.

Gələcəyə baxış: Poçtun innovasiya yolçuluğu

Gələcəkdə Azərbaycanda poçt sisteminin daha da inkişaf etdirilməsi üçün avtomatlaşdırma və innovativ xidmətlərin tətbiqi prioritet olacaq. Dronlar və robot texnologiyalarının çatdırılmada tətbiqi, süni intellekt əsasında müştəri xidmətlərinin təkmilləşdirilməsi və ekoloji davamlılıq prinsiplərinin poçt infrastrukturuna inteqrasiyası ölkəmizin poçt sahəsində dünya standartlarına yaxınlaşmasını təmin edəcək.

Poçt 2.0: Rəqəmsal dövrün məktubdaşıyanı. Təsəvvür edin: Bir sifariş verdiniz və o, 15 dəqiqə içində sizə dron vasitəsilə çatdırılır və ya poçtalyon deyil, robot qapınızı döyür. Əldə etdiyiniz bağlamanın harada olduğunu izləmək üçün artırılmış reallıq tətbiqindən istifadə edirsiniz. Bu, artıq elmi fantastika deyil – Poçt 2.0 reallığımızın bir parçasıdır.

İnnovasiyanın mərkəzində insan. Poçtun texnologiyaya inteqrasiyası, sadəcə, sürət və səmərəliliyi artırmaqla kifayətlənmir. İnsan mərkəzli dizayn – istifadəçi təcrübəsi, əlçatanlıq və fərdiləşdirilmiş xidmətlər – innovasiyanın əsas istiqamətidir. Gələcəyin poçt şöbələri artıq, sadəcə, paket göndərmə məntəqələri deyil, eyni zamanda, rəqəmsal xidmət mərkəzləri, kənd yerlərində texnoloji körpülər və sosial inklüzivliyin dayaqları olacaq.

“Yaşıl poçt”: Ekoloji innovasiya. İqlim dəyişikliyi fonunda, poçtun gələcək yolçuluğu, eyni zamanda, yaşıl transformasiyanı da əhatə edir. Elektrikli çatdırılma vasitələri, bərpaolunan enerji ilə işləyən poçt mərkəzləri və təkrar emal edilən qablaşdırmalar – bunlar poçtun ekoloji izini azaltmaq üçün atdığı addımlardır. Gələcəyin poçtu təkcə sürətli deyil, davamlı və məsuliyyətli də olacaq.

Məktubdan məqsədə – Poçtun sonsuz yolçuluğu. Poçt artıq keçmişin nostaljisi deyil, gələcəyin strateji oyunçusudur. Onun innovasiya yolçuluğu – insanı, texnologiyanı və təbiəti birləşdirən bir səyahətdir. Bu səyahət hələ bitməyib, əksinə, əslində, indi başlayır.

Rəqəmsallaşan dünyada Azərbaycanın poçt sektorunu lider mövqeyə çıxarmaq və poçt xidmətlərini, sadəcə, logistika deyil, strateji dəyər zəncirinə çevirmək üçün “Smart Poçt” konsepsiyası tətbiq edilməli, poçt şöbələri self-servis terminallarla təchiz edilməli (göndərişin qəbul/çatdırılması, ödənişlər), rəqəmsal maliyyə xidmətləri genişləndirilməli, bank olmayan maliyyə institutları ilə əməkdaşlıq artırılmalı, Naxçıvan və Zəngəzur vasitəsilə beynəlxalq çatdırılma mərkəzləri yaradılmalıdır.

Azərbaycanın poçt sahəsi artıq ənənəvi kağızdan ibarət sistem deyil, müasir vətəndaş cəmiyyətinin rəqəmsal əlaqə platformasına çevrilməkdədir. “Kağızdan Koda” keçid və “Yeni kommunikasiya erası”na doğru atılan addımlar sadəcə texnoloji dəyişiklik deyil — bu, dövlətin vətəndaşa daha yaxın olmasının, xidmətin daha şəffaf və çevik formaya düşməsinin göstəricisidir. Bu səyahət davam edir və Azərbaycanın poçt xidməti, artıq gələcəyə doğru kodlanmışdır.

“Azərpoçt” MMC-nin Mətbuat Şurası ilə birgə keçirdiyi “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda müsabiqəyə təqdim olunur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə mükafat – Rəsmi əmr FOTO

15 Sentyabr 2025 18:42see439

Alvarezlə Kroufordun döyüşü tarixə düşüb

15 Sentyabr 2025 00:08see170

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər yaranır?

13 Sentyabr 2025 20:02see148

KİV: Mossad Qətərdə HƏMAS rəhbərlərinə qarşı yerüstü əməliyyatdan imtina edib

14 Sentyabr 2025 01:26see142

Zərərli qidalar beynin fəaliyyətinə mənfi təsir göstərə bilər (ARAŞDIRMA)

13 Sentyabr 2025 23:14see139

Gizli tarix üzə çıxdı: Girişi torpaqla örtülübmüş

14 Sentyabr 2025 02:07see136

“Benfika” “Qarabağ” matçında söz sahibi o olacaq

14 Sentyabr 2025 13:47see135

Xəzər dənizində qasırğa müşahidə edildi VİDEO

14 Sentyabr 2025 01:25see134

Aysel hovuz kənarından FOTOlarını yaydı

14 Sentyabr 2025 03:04see131

İlham Əliyev Hadrut qəsəbəsində olub FOTOLAR KONKRET

14 Sentyabr 2025 13:43see131

Beşiktaş Musayevi istəyir

14 Sentyabr 2025 13:49see131

Ermənistan Ağrıdağı SİLDİ FOTO

14 Sentyabr 2025 13:04see130

Real ın oyunçusuna qırmızı verən hakim cəzalandırılacaq

14 Sentyabr 2025 17:05see130

Mövsümün sonunda Mançester Siti dən ayrılacaq

14 Sentyabr 2025 16:59see130

Türkiyəli nazir müavini: Kültür yolu festivalı çərçivəsində Azərbaycanla əməkdaşlıq edəcəyik

14 Sentyabr 2025 12:49see130

Bolqarıstanlılar avronun qəbul edilməsinə etiraz edir

14 Sentyabr 2025 05:22see128

Bu il Türkiyədən Azərbaycana nə qədər pal paltar idxal olunub?

13 Sentyabr 2025 20:17see127

Niderlandda Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunub

14 Sentyabr 2025 03:08see127

Yaşlanma əleyhinə inyeksiya

14 Sentyabr 2025 20:01see126

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB VİDEO

15 Sentyabr 2025 00:52see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri