“Konstitusiya və Suverenlik İli” böyük müjdəsi: 20 min insan əfv olunacaq, Prezidentimiz on minlərlə ailəni sevindirəcək
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi respublikamızın həyatında böyük tarixi hadisədir. Bu il, həm də tarixi Qələbəmizin 5-ci ildönümüdür. Bu əlamətdar hadisələrlə bağlı Prezident İlham Əliyevin Amnistiya elan edilməsi təşəbbüsü ölkəmizdə böyük rəğbətlə qarşılanıb. Dövlət başçımızın bu təşəbbüsü onun humanizm və sosial ədalət prinsiplərinə sadiqliyinin növbəti nümunəsidir. Sayca 13-cü olan Amnistiya aktı 20 mindən çox şəxsə şamil ediləcək.
İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ümumilikdə müstəqilliyimizin bərpasından, xüsusilə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra demokratik, hüquqi, sivil dövlət quruculuğu yolunu tutan Azərbaycanın qeyd olunan istiqamətlərdə atdığı addımlar, malik olduğu təcrübə beynəlxalq səviyyədə təqdir edilir.
Prezident İlham Əliyev ölkəyə rəhbərliyə başladığı vaxtdan indiyədək humanizm onun həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir. Son 22 ildə həyata keçirilən siyasi kursun əsas amillərindən biri də insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləridir. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib.
İnsan amilinə dəyər daim müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bu günümüzə, gələcəyimizə hesablanmış siyasətinin əsasını təşkil edir.
Tarix boyunca formalaşan və Azərbaycan xalqının böyüklüyünü təcəssüm etdirən humanizm ənənələri həmçinin dövlət siyasətində də öz əksini tapır. Belə ki, ölkəmizdə qanunun aliliyi yüksək səviyyədə təmin olunmaqla yanaşı, əlamətdar tarixlər, hadisələr ərəfəsində amnistiya aktları da elan olunur. Cənab Prezidentin bu təşəbbüsü də “Konstitusiya və Suverenlik İli”ndə xalqımıza ərməğandır!
Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırdı. Demokratik, hüquqi dövlət quruculuğu istiqamətində mühüm, fundamental islahatlar həyata keçirən Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri, insan hüquq və azadlıqlarının qorunmasına göstərdiyi diqqət humanizm, mərhəmət və insanpərvərlik kimi ülvi dəyərlərin təcəssümüdür.
Ümummilli Liderin humanizm, mərhəmət və insanpərvərlik ənənələrinin davam etdirilməsinin əsas göstəricilərindən birini cəzadan azad olunan şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inam təşkil edib.
Bu möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır.
Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib.
Prezident İlham Əliyev suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək dekabrın 15-də amnistiya elan edilməsi təşəbbüsünü irəli sürdü.
Bu cür humanist ənənənin davamı o deməkdir ki, demokratik inkişafın əsas istiqamət kimi diqqətdə saxlanıldığı bugünkü Azərbaycanda vətəndaşların hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur. Multikultural və tolerant dövlət kimi humanizm siyasəti beynəlxalq aləmdə dəstəklənən, təbliğ edilən Azərbaycanda vətəndaşlara göstərilən xüsusi diqqət və qayğı bir daha təsdiqləyir ki, ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi, hüquqi islahatların, qəbul olunan qərarların əsasını humanist prinsiplər təşkil edir.
Bu baxımdan azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı Prezident sərəncamlarının imzalanması, eləcə də Amnistiya aktlarının qəbul olunması xüsusi əhəmiyyətə malikdir.
1995-ci ildən etibarən qəbul edilən 12 Amnistiya aktı 130 mindən artıq şəxsə şamil edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan Amnistiya aktı 17 mindən artıq nəfərə şamil olunmuşdur. Yeri gəlmişkən onu da qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 Əfv fərmanı imzalanıb, həmin dövrdə 7 Amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev isə 2003-2025-ci illər ərzində 39 Əfv sərəncamı imzalayıb, həmin dövrdə 5 Amnistiya aktı qəbul edilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı olarkən irəli sürdüyü təşəbbüs ilə 2007, 2009, 2013 və 2016-cı illərdə Amnistiya aktı qəbul edilib.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin və humanizmə sadiqlik ənənələrinin əsas məqsədi insanpərvərlik dəyərlərinə böyük önəm vermək, sağlam cəmiyyət formalaşdırmaqdır.
İmzalanan əfv sərəncamları, qəbul edilən Amnistiya aktları törətdikləri müxtəlif cinayətlərə görə azadlıqdan məhrum edilmiş məhkumların cəmiyyət üçün yararlı vətəndaşa çevrilmələri naminə yaradılmış imkanların ən ümdəsidir. Humanizm prinsiplərinə söykənən bu addımların cəmiyyət tərəfindən yüksək dəyərləndirilməsi ölkəmizdə söz azadlığının, plüralizmin, dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq Konstitusiyamızda bütün vətəndaşlara qarşı eyni münasibətin, dəyərin ifadəsidir.
Prezident İlham Əliyevin təklifi əsasında Amnistiya aktının şamil ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Belə ki, Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Bu Amnistiya aktı Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüsdür. Ümumiyyətlə, humanizm ölkə başçısının həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir.
Baxış sayı:76
Bu xəbər 18 Dekabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















