Icma.az
close
up
RU
Koreyada “Leyli və Məcnun” poemasını tanıdaraq magistr işini uğurla müdafiə edən ilk azərbaycanlı tələbə

Koreyada “Leyli və Məcnun” poemasını tanıdaraq magistr işini uğurla müdafiə edən ilk azərbaycanlı tələbə

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müsahibim Şəhla Ağayarlı “Leyli və Məcnun” poemasını Koreyada tanıdaraq magistr işini uğurla müdafiə edən ilk tələbədir. Şəhla Ağayarlı bu haqda öz sosial şəbəkə hesabında paylaşım edib.

Şəhla Ağayarlı Bizimyol.info xəbər portalının ona ünvanladığı sualları cavablandırıb.

Asiya ölkələrinə marağınız hardandır?

- Mənim Asiya ölkələrinə olan marağım uşaqlıqdan gəlir. Təxminən 12-13 yaşlarımda Koreya filmlərinə baxmağa başladım və hər yeni film, musiqi və ya mədəniyyət elementi mənim üçün sanki yeni bir dünya açırdı. O zamanlar yalnız əyləncə kimi görürdüm, amma zamanla bu maraq dərinləşdi. Mən Asiyanın zəngin mədəniyyətini, xüsusilə də Koreyanın dilini və ədəbiyyatını öyrənmək istədim. Bu maraq mənə həm fərqli dünyagörüşü qazandırdı, həm də karyerada istiqamətimi müəyyənləşdirdi.

“Leyli və Məcnun” poemasını Koreyada tanıtdırmaq sizin seçiminiz idi?

- Bəli, bu tamamilə mənim seçimim idi və eyni zamanda böyük bir şans idi. Magistratura diplom işim üçün Azərbaycan və Koreya ədəbiyyatı arasında bir körpü yaratmaq istədim. Koreyada məşhur olan "ChunHyang Jeon" adlı klassik əsərlə Azərbaycan ədəbiyyatının incisi “Leyli və Məcnun”u müqayisə etmək həm ədəbi, həm də mədəni baxımdan çox maraqlı idi. Bu seçim mənə öz ölkəmin mədəniyyətini Koreya ictimaiyyətinə tanıtmaq, iki mədəniyyət arasında dialoq yaratmaq fürsəti verdi.

Bu seçim sizə nə qazandırdı?

- Bu, mənim üçün həm akademik, həm də şəxsi inkişaf baxımından böyük qazanc oldu. “Leyli və Məcnun”u Koreyada təqdim etməklə, Azərbaycan ədəbiyyatının zənginliyini və dərin mənəvi dəyərlərini paylaşdım. Həmçinin bu iş mənə təhlil qabiliyyətimi artırmaq, fərqli mədəniyyətlərə hörmətlə yanaşmaq və akademik ünsiyyət bacarıqlarımı inkişaf etdirmək imkanı verdi. Ən önəmlisi, mən öz dilim və mədəniyyətimlə qürur duydum və bunu beynəlxalq səviyyədə təqdim etmək fürsəti qazandım.

Koreyalılar müdafiə işinizi necə qarşıladı?

- Koreyalılar çox maraqla və hörmətlə qarşıladılar. Onlar “Leyli və Məcnun”un oxşar motivlərlə Koreya klassik ədəbiyyatında da mövcud olmasını təəccüblə qarşıladılar və bizim mədəniyyətimizin zənginliyini daha yaxından tanımaq istədilər. Universitet təqdimatı zamanı professorlar əsərin dərin mənasına və ədəbi dəyərinə xüsusi diqqət yetirdilər, tələbələr isə fəal suallar verərək maraqlarını göstərdilər.

Təqdimat zamanı professorum “Leyli və Məcnun” kitabını qaldırıb auditoriyaya təqdim etdi və dedi: “Bu əsər mütləq oxunmalıdır”. Bu sözləri bir koreyalı professorun dilindən eşitmək mənim üçün çox böyük fəxr və dərin hiss yaratdı. Bu, mənim illər boyu çəkdiyim zəhmətin və dilə olan sevgimin ən gözəl mükafatı idi.

Hazırda təhsil səviyyəniz nədir?

- Bakalavr təhsilimi Bakı Dövlət Universitetində Koreyaşünaslıq ixtisası üzrə bitirmişəm. Sonra Global Korea Scholarship (GKS) proqramı ilə Cənubi Koreyanın Konkuk Universitetində “Koreya dili və ədəbiyyatı” üzrə magistratura təhsili aldım.

Koreya dilini necə öyrəndiniz?

- Koreya dilini öyrənmək uzun və maraqlı bir proses oldu. İlk olaraq Bakı Dövlət Universitetində Koreyaşünaslıq ixtisasında sistemli təhsil aldım və burada dili dərindən mənimsədim. Sonra GKS təqaüd proqramı ilə Koreyaya gedərək magistratura təhsili aldım və bu proqramın məzunuyam. Orada yalnız dilin qrammatikasını deyil, həm də mədəniyyətini, ruhunu anlamağa çalışdım. Koreyalı müəllimlərin dərsləri və gündəlik həyatda istifadə etdiyim dil təcrübəsi çox kömək oldu.

Koreyada təhsil aldığım zaman nazirliklər tərəfindən təşkil olunan bir neçə könüllülük işlərində aktiv şəkildə iştirak etməyə başladım, hətta məqalələr yazdım. Bu fəaliyyətlər dilimi praktikada istifadə etməyə, akademik və sosial mühitdə daha rahat ünsiyyət qurmağa böyük dəstək verdi. Bundan əlavə, səhifəmdə yayımladığım öyrədici videolar vasitəsilə öz biliklərimi başqalarına da çatdırıram.

Magistr təhsili üçün Koreyanı seçməkdə motivasiyanız və ya səbəbiniz nə idi?

- Koreya dili və mədəniyyətinə olan dərin marağım məni orada təhsil almağa yönəltdi. Bu maraq təkcə dil və ədəbiyyatdan ibarət deyildi, eyni zamanda Koreyanın zəngin tarixini, müasir inkişafını və unikal sosial strukturlarını anlamaq arzusu ilə də bağlı idi.

GKS təqaüd proqramı bu arzumu gerçəkləşdirmək üçün əla fürsət oldu. Proqram yalnız maliyyə dəstəyi verməklə kifayətlənmirdi, həm də yüksək akademik standartlar, müxtəlif elmi və mədəni tədbirlər vasitəsilə tələbələrə geniş perspektivlər açırdı.

Koreya müasir təhsili, innovativ texnologiyaları və dünya səviyyəli universitetləri ilə də məni çox cəlb etdi. Eyni zamanda ölkənin sürətlə inkişaf edən iqtisadiyyatı və beynəlxalq əlaqələri gələcək karyeram üçün geniş imkanlar yaradırdı.

Koreyada hansısa çətinliklə qarşılaşdınızmı?

- Maraqlısı odur ki, mənim üçün Koreya dili bəlkə də ən rahat çətinliklərdən biri oldu. Dil öyrənmək mənim uzun illər marağım və hazırlığım olduğundan, onunla bağlı ciddi problem yaşamadım.

Amma təhsil sisteminə öyrəşmək ilk zamanlar çətin oldu. Azərbaycan təhsil sistemindən tamamilə fərqli olaraq, Koreyada tələbələr daha çox araşdırmağa, müstəqil düşünməyə və praktiki tətbiqə yönəldilir. Bu, əslində ən yaxşı təhsil metodlarından biridir, amma ilkin mərhələdə ona uyğunlaşmaq mənə çətin gəldi.

Bundan əlavə, yemək vərdişləri və gündəlik mədəniyyət fərqləri də adaptasiya prosesində müəyyən çətinliklər yaratdı. Amma zamanla həm yeməklərə, həm də mədəniyyətin digər incəliklərinə alışdım. İndi isə bu fərqlər mənim üçün zənginləşdirici və həyatı rəngarəng edən təcrübəyə çevrilib. Zaman keçdikcə hər birinə öyrəşdim və onları sevməyə başladım.

Koreya mətbəxində ən çox sevdiyiniz yemək hansıdır?

- Koreya mətbəxində ən çox sevdiyim yeməklərdən biri “ddeokbokki”dir — acılı düyü keksindən hazırlanır. İlk dəfə Koreyada “ddeokbokki” yediyim zaman çox acı olduğu üçün düşünürdüm ki, mən Koreyada necə yaşaya bilərəm?! Amma zamanla bu acılığa alışdım və indi ən sevdiyim yemək halına gəldi. Həmçinin Koreyanın məşhur “bibimbap” yeməyini də çox bəyənirəm. Hər iki yemək Koreyanın zəngin mətbəx mədəniyyətini əks etdirir və məndə mədəniyyətlə bağlı xoş xatirələr yaradır.

Koreyada insanların maraq çəkən xüsusiyyəti nədir?

- Koreyalılar çox intizamlı, çalışqan və təhsilə böyük hörmətlə yanaşan insanlardır. Onların hər kəsə qarşı nəzakətli və diqqətli olmaları məni həmişə təəccübləndirib. Sosial məsuliyyət hissi çox güclüdür və ictimai yerlərdə hörmət və qaydalara riayət etmək yüksək səviyyədədir. Bu xüsusiyyətlər mənə Koreya mədəniyyətini daha yaxından anlamaqda kömək etdi.

Hazırda Azərbaycanda nə işlə məşğulsunuz?

- Hazırda Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramı (BMU-İHNA İDP) çərçivəsində mütəxəssis kimi çalışıram. Eyni zamanda Koreya dili müəlliməsi kimi də çalışaraq bu sahəyə maraq göstərən gənclərə bilik və təcrübəmi bölüşürəm. Gələcəkdə akademik sahədə tədqiqatlar aparmaq və təlim layihələri təşkil etmək planlarım var.

Koreyada daimi yaşamaq istərdinizmi?

- Koreyada yaşamaq təcrübəsi mənim üçün çox dəyərli oldu və mən orada həm akademik, həm də şəxsi inkişaf baxımından çox şey öyrəndim. Ancaq hazırda öz ölkəmdə işləmək və inkişaf etmək istəyirəm. Gələcəkdə vəziyyətə və imkanlara görə Koreyada yaşamaq barədə də düşünə bilərəm, amma indi Azərbaycanda fəaliyyətimi davam etdirmək mənim üçün önəmlidir.

Koreya ilə Azərbaycan arasında oxşar xüsusiyyətlər varmı?

- Hər iki ölkənin zəngin və qədim mədəniyyəti var. Azərbaycan və Koreya xalqı ailəyə böyük önəm verir, qonaqpərvər və mehribandırlar. Hər iki cəmiyyətdə ənənələrə hörmət yüksəkdir və insanlarda millətinə qarşı dərin sevgi var. Bu oxşarlıqlar mənim üçün iki fərqli, amma bir-birinə yaxın mədəniyyəti daha yaxşı anlamağa imkan yaradır.

Koreyada rastlaşdığınız qəribə adət, hadisə və yaxud qadağa olubmu?

- Metroda hamilə qadınlar üçün xüsusi ayrılmış oturacaqlar var və ən maraqlısı odur ki, metroda hamilə qadın olmasa belə, heç kim həmin oturacaqlarda əyləşmirdi. Bu məni həm təəccübləndirdi, həm də Koreyada qaydaların nə qədər ciddi qəbul edildiyini göstərdi. İnsanlar qaydalara riayət etməklə yanaşı, bir-birinin ehtiyacına hörmət göstərirlər. Bu, sadəcə bir qayda deyil, həm də dərin mədəni dəyər və insanlıq nümunəsidir. Məncə, bu cür mədəniyyət bütün ölkələrdə olmalıdır. Hər kəsin bir-birinə diqqət göstərməsi, ehtiyacı olanlara öncəlik verməsi, cəmiyyətin daha sağlam və harmonik olmasının əsas səbəbidir.

Həmçinin, ictimai nəqliyyatda çox sakit və nizamlı davranmaq, insanların şəxsi məkanına hörmət etmək kimi adətlər fərqli və maraqlı idi. Bu fərqlər mənim üçün yenilik idi, amma onları öyrənmək və uyğunlaşmaq böyük təcrübə oldu.

Bu gün gəldiyim nöqtə bir təsadüf deyil, uşaqlıqdan gələn marağın, illərlə çəkilən zəhmətin və heç vaxt itməyən inamın nəticəsidir.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 13 Oktyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see290

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see232

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see141

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see130

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see125

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see124

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see121

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

NATO müharibənin bitmə tarixini AÇIQLADI

26 Noyabr 2025 15:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri