Kreativ liderliyin İlham Əliyev nümunəsi: konseptual yanaşma
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
I MƏQALƏ
Kreativlik anlayışı
Müasir fəlsəfi və elmi ədəbiyyatda “kreativlik” anlayışının müxtəlif məna çalarları vardır. Ümumi səviyyədə kreativlik yaradıcılıqla sinonimdir. Anlamda əsas fərqlər hər hansı elmi kəşf və ya yeniliyin praktiki tətbiqi və alınan nəticənin ekspert qiymətləndirməsi zamanı meydana çıxır. Həmin baxış bucağında mahiyyətcə kreativlik yaradıcılığın (yenilik kontekstində) ümumi koqnitiv (nəzəri idrakı) sərhədini aşmır. Lakin özəl məna çaları alır. O, yaradıcılığın yenilik kimi praktiki tətbiqinin sosial nəticələri bağlılığında özünü göstərir və həmin məqam müxtəlif xarakterli ekspert qiymətləndirilməsinin yekunu olaraq əyaniləşir.
Elmi camiyədə belə bir ümumi mövqe mövcuddur ki, yaradıcılığın praktiki tətbiqi sosial mühitdə innovativlik nümunəsidirsə, onu kreativlik adlandırmaq olar. Təbii ki, burada bütövlükdə “innovasiya” anlayışının fəlsəfi və konkret elmi dərki məsələsi aktuallaşır. Digər tərəfdən, fəaliyyət sahəsindən asılı olaraq qiymətləndirmədə fərqli parametrlərdən ekspertlər istifadə edə bilərlər. Yəni bir sahədə innovativliyin əsas faktorları digər sahələrdə olanlardan fərqlənə bilər.
Təbii ki, bu cür yayğınlıq ümumilikdə kreativliyi universal kriteriyalar prizmasında qiymətləndirmədə əngəl yaradır. Bunun səbəbini sinergetikada, ümumiyyətlə, yaradıcılığın (və deməli, kreativliyin) mahiyyətcə qeyri-xətti olması ilə izah edirlər. Ona görə də hər bir fəaliyyət sferası üçün özəl meyarlardan danışmaq lazım gəlir.
Bu nəzəri-konseptual yanaşma prizmasında siyasi kreativliyə baxaq.
Siyasi kreativlik
Siyasətin fəlsəfi, kulturoloji, sosioloji, politoloji, etik tədqiqində “siyasi kreativlik” əhəmiyyəti çox olan anlayış statusundadır. Yəni bu, XXI əsr nəzəri təfəkkürü üçün dəb və ya qondarma anlayış deyildir. Kreativliyin siyasi “ölçülməsi” həm bütövlükdə siyasət, siyasi kurs, həm də liderlik aspektlərində ciddi aktuallıq kəsb etməkdədir.
Məsələni tədqiqatçılar həm də pozitiv nəticələr kontekstində daha çox araşdırırlar. Yəni kreativliyin yaradıcılığın praktiki aspekti kimi cəmiyyət, dövlət və bütövlükdə bəşəriyyət üçün müsbət nəticə verən fenomen kimi anlamı üstünlük təşkil edir. Ancaq burada ekspert qiymətləndirməsi üçün iki ciddi nəzəri və metodoloji problem qarşıya çıxır.
Birincisi, siyasətdə aparıcı aktor insan və insan kollektividir. Onların dəqiq nəzəri obrazı isə hələlik ehtimallı yaradılır. Məsələ hələ klassik elmdə mövcud olan, insanın (yəni subyektin) fiziki və ya kimyəvi faktorlardan fərqli olaraq şüura malik olması və davranışların sərbəstlik dərəcəsinin çox yüksək olması ilə bağlıdır. Bu nəzəri anlamı siyasi fəaliyyətə proyeksiya etsək, həm siyasətçinin, həm də cəmiyyətin çoxlu ehtimallı davranışını nəzərə almaq lazım gəlir.
İkincisi, “siyasi pozitiv nəticə” ifadəsinin özü haqqında birmənalı qəbul edilən tərif yoxdur. O halda əlac ekspert camiyəsinin qiymətləndirməsinə qalır. Ancaq bu da son deyil. Təcrübə ekspert qiymətləndirməsinin müsbət adlandırdığı hər hansı siyasi yeniliyin stratejidə neqativ fəsad verdiyini qarşıya çıxara bilir. Yəni siyasətdə həmişə “medalın o biri üzü vardır” və onu inkar etmək siyasi uzaqgörənlik əlaməti deyildir.
Bunlardan ümumi nəticə hasil etmək mümkündür – siyasi kreativlik hər bir dövlət üçün özəl anlam kəsb edən və davamlı (qalıcı) müsbət nəticə sayılan dinamik prosesdir. Burada siyasi kreativliyin əsl mahiyyəti milli-regional-qlobal miqyaslar vəhdətində son dəyərləndirməsini ala bilər. Belə bir tələb siyasi fəaliyyətin kreativliyinin elmi ekspertiza ilə yanaşı, ictimai qiymətləndirmə vasitəsilə müəyyən edilməsini aktuallaşdırır. Yekun olaraq isə siyasi kreativlik dövrün qlobal geosiyasi, siyasi, mədəni, təhlükəsizlik, əməkdaşlıq platformalarına uyğunluqla ölçülə bilər.
Siyasi kreativliyin konseptual anlamından “liderlikdə kreativlik” məfhumunun dərki məsələsinə keçmək olar.
Liderlikdə kreativlik
Belə bir fikir mövcuddur ki, “kreativ liderlik” terminini ilk dəfə 1957-ci ildə amerikan sosioloqu F.Selznik işlətmişdir. Bu termini o, konkret təşkilat miqyasında liderlik kontekstində daxil etmişdir. Onun “Administrasiyada liderlik” əsərində həmin mövzu araşdırılmışdır. F.Selznek həmin əsərdə belə bir tezis irəli sürmüşdür - “qeyri-müəyyənlik və azadlıq mühitində” inzibati və standart liderlik modeli səmərəli olmur!
Yəni bu cür mühitdə liderin yaradıcı (kreativ) fəaliyyəti əhəmiyyət daşıyır. Amerikan sosioloqa görə, kreativ liderlik təşkilatı keyfiyyətcə yeniləşdirir. Yeni və dayanıqlı dəyərlər yaradır. Gələcək üçün isə müsbət nəticəverici fəaliyyət şəraiti əmələ gətirir.
Təşkilat miqyası üçün yürüdülən bu fikirləri ölkə miqyasında siyasi liderliyə proyeksiya etmək mümkündür. Onun ayrıntıları üzərində dayanmaq imkanı burada yoxdur. Ancaq XX əsrin ikinci yarısından bu günə qədər olan müddətdə uğurlu siyasi liderlik nümunələri mövqeyimizin doğruluğunu təsdiq edir. Hətta sırf siyasi liderliyi fəlsəfi və politoloji araşdıran tədqiqatçılar da F.Selznikin kreativ liderlik anlayışından elə də uzağa getməmişlər.
Mövzu ilə bağlı başqa bir politoloji tədqiqatı nümunə kimi göstərə bilərik. M.D.Mamford və həmkarları XXI əsrin başlanğıcında vurğulayırdılar ki, kreativ siyasi liderlik mövcud sosial strukturu saxlamaqdan çox, onu dəyişdirməyə yönəlmişdir. Bundan başqa, kreativ liderlik hökmü təzyiq taktikası üzrə etməyi nəzərdə tutmur və nəhayət, kreativ liderlik standartla yenilik arasında olan ziddiyyətləri aradan qaldırır.
Bütövlükdə əgər XX əsrin ortalarında kreativliyi liderliyin əlavə funksiyalarından biri kimi qəbul edirdilərsə, həmin yüzilin son onilliyindən başlayaraq onu uğurlu liderliyin atributlarından biri kimi qəbul etmişlər. Bu aspektdə amerikan tədqiqatçı R.Sternberqin bir fikri maraqlıdır. O yazırdı ki, kreativlik qabiliyyəti olmayan liderlər çətin ki, “öz təşkilatını (siyasi lider üçün ölkəsini) gələcəyə apara bilsin”.
Kreativ liderliyin tədqiqi
Liderliyin kreativliyinin fəlsəfi və politoloji dərki kontekstində S.T.Hanter və həmkarları bir paradoksun mövcud olduğunu yazırlar. Bu paradoks elm adamlarının liderlərin ardıcılları və onlar arasında qarşılıqlı təsirlərini araşdırmamaları ilə bağlıdır. Buradan belə nəticə çıxarırlar: kreativ liderliyin konseptuallaşmasına vahid yanaşma mümkün deyildir.
XXI əsrin siyasi təcrübəsi göstərir ki, real olaraq liderliyin kreativliyində ardıcıllar və onlar arasındakı qarşılıqlı münasibətlər yekun nəticə üçün prinsipial rol oynayırlar. Lider komandası ilə ardıcılları arasında harmoniya yarada bilirsə, əldə edilən müsbət nəticələr qalıcı, yəni davamlı olur. Əks halda, hətta yüksək qiymətləndirilən müsbət nəticə belə bütövlükdə dövlət üçün faciəyə çevrilə bilər. Bunu postsovet məkanında Gürcüstan və Ukrayna timsalında aydın görmək mümkündür. Azərbaycanda isə tamamilə müsbət bir təcrübə formalaşmışdır. Prezident İlham Əliyevin siyasi lider kimi kreativliyinin mühüm cəhətlərindən biri kimi bu özəlliyi vurğulamaq lazımdır.
Kompleks yanaşma
Belə alınır ki, təbiətən kreativ liderlik mürəkkəb fenomendir. Ona dinamik sistemin təşəkkülü kontekstində baxmaq faydalı ola bilər. Burada başlıca müəyyənedici faktorlar kimi liderin mümkün siyasi seçim sahəsindən uğur gətirə biləcəklərini seçmək qabiliyyəti ayrıca yer tutur. Bu əsasda lider ölkənin bütövlüyü və inkişafına aparan kursu müəyyən etməlidir. Yekunda isə lider real yaradıcıdırsa, milli və beynəlxalq miqyasda müstəqil dövlətçilik modelinin cəzbediciliyini təmin etməlidir.
Burada qısa bir nəzəri müdaxiləyə ehtiyac görürük. Siyasi seçim sahəsinin (məkanının, tezaurusun) mövcudluğu vacib şərtdir. Bu, ümumiyyətlə, müasir uğurlu kreativ liderliyin çoxparametrli bütöv proses olduğunu göstərir. Ancaq bu, kifayət etmir. Uğurlu strateji siyasi seçim həm də ölkəni (dövləti, cəmiyyəti) elə cəzbetmə sahəsinə “transfer etməlidir” ki, həm cəmiyyətin özü, həm də beynəlxalq aləm onun legitimliyini qəbul etsin.
Bu prosesin mühüm əlamətləri dövlətin milli, regional və qlobal miqyaslarda geosiyasi statusunun yüksələn xətdə olmasından ibarətdir. Həm də liderin gerçək kreativlik bacarığı əldə etdiyi nailiyyətlərin beynəlxalq miqyasda legitimliyinə nail olması ilə bağlıdır. Bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevin nümunəsində çox maraqlı və əhəmiyyətli həllini tapmışdır. Sonrakı məqalələrdə həmin nəzəri qənaətin konkret Azərbaycanda praktiki-tətbiqi özəlliklərinə nəzər salacağıq.
Metodoloji tezis
Yuxarıda vurğulanan konseptual xarakterli xüsusiyyətlərdən siyasi liderliyin tədqiqi üçün fundamental sayıla bilə bir tezis formalaşdıra bilərik. Həmin tezis belədir: kreativ liderliyin təzahürü kontekstdən asılı olaraq dəyişə bilir, yəni onun birdən çox reallaşma yolları vardır! Siyasi liderin kreativiliyinin tədqiqi üçün hələlik elə bir universal kriteriya mövcud deyildir ki, o, hər bir ayrıca situasiyaya adekvat ola biləcək obraz yarada bilsin. Bu məqam bizi liderlikdə kreativliyi substantiv olaraq çoxaspektli, diferensial, plüralistik fenomen kimi qəbul etməyə istiqamətləndirir, yekun olaraq isə vahid, kontekstdənkənar kreativ liderlik nəzəriyyəsini hazırlamağın real olmadığını göstərir.
Başqa təcrübələr
Beləliklə, istənilən lider üçün kreativliyi hər bir ölkə üzrə onun tarixi, siyasi, mədəni, dövlətçilik, iderəetmə ənənəsi, sosial toparlanma, birlik özəllikləri və geosiyasi xüsusiyyətlərinin kompleks qarşılıqlı təsirinin yekun təzahürlərinə görə qiymətləndirmək olar. Bu baxımdan kreativ liderlik realpolitika çərçivəsində konkret məzmun ala bilər. Bir qədər də dəqiqləşdirsək, liderin kreativliyini qazandığı nailiyyətlərə görə müəyyən etmək olar. `
Bunlar başqa bir məqamı aktuallaşdırır: tədqiqatçılar əmindirlər ki, lider öz kreativ fəaliyyətini şəxsi çərçivədə məhdudlaşdırmamalıdır. O, həm başqa liderlərin, həm də ekspertlərin töhfələrindən məharətlə yararlanmalıdır.
Deməli, uğurlu yaradıcı lider başqa təcrübələri dərindən mənimsəyir və eyni zamanda, beyin mərkəzlərinin elmi tədqiqatlarından geniş yararlanır. Başqa liderlərin töhfələri konteksti isə, hər şeydən öncə, siyasi varisliyin daim gözlənilməsini, uğurlu təcrübənin nəzərə alınmasını ehtiva edir.
Buradan yaradıcı siyasi liderliyin Azərbaycan təcrübəsi üçün olduqca böyük əhəmiyyəti olan liderin kreativliyi ilə siyasi varislik arasında münasibətlərin araşdırılması zərurəti meydana çıxır. Doğrudan da hər yeni situasiyaya yaradıcı yanaşmalı olan lider hansı anlamlarda siyasi varisliyi gözləyə bilər? Bir tərəfdən, yaradıcılıq daim yenilik tələb edir, digər tərəfdən isə siyasi varislik ənənəni nəzərə almaq şərtini aktuallaşdırır. Bununla lider iki tendensiyanı ahəngdar etmək kimi mürəkkəb bir vəziyyət qarşısında qalır.
Bu məsələnin həllinin Azərbaycan təcrübəsi bütün dünya üçün çox faydalıdır. Həmin bağlılıqda Prezident İlham Əliyevin 2025-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı ifadə etdiyi aşağıdakı fikirlərə hər kəs ciddi diqqət etməlidir. Azərbaycan lideri demişdir: “Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq”.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 24 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















