Icma.az
close
up
RU
LABİRİNTDƏ ÇALAN MUSİQİ

LABİRİNTDƏ ÇALAN MUSİQİ

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"(ungeon Lane üzərindən yaddaşın anatomiyası)

“The Beatles” qrupu bəşəriyyətin ortaq yaddaşında açılmış ən parlaq, ən işıqlı pəncərədir. Onlar dünyanı ağ-qara rənglərdən azad edib, notların arasına göyqurşağı sığdıran sehrbazlar idilər. Musiqi tarixində elə bir zirvə ucaltdılar ki, o zirvədən baxanda zamanın axarı belə fərqli görünürdü. “The Beatles” gəncliyin əbədi üsyanı, sevginin ən saf halı və bir nəslin xəyallarını gerçəyə çevirən o sonsuz “Yesterday” həsrətidir.

O möhtəşəm dördlükdən bu gün ancaq bir nəfər – Pol Makkartni yaşayır. Zamanın rüzgarına sinə gərən sonuncu qəhrəman bizə Con Lennon, Corc Harrison və Rinqo Stardan qalan bir əmanət kimidir.

Keçmişə, gənclik illərimə baxanda Borxesin cənnət tərifinə kiçik bir əlavə edirəm: cənnəti həm də səslərlə dolu bir yer kimi təsəvvür edirəm. Daha doğrusu, natamam səslərlə...

Bir xəbər çıxdı qarşıma. Pol Makkartni “The Boys of Dungeon Lane” adlı musiqi albomu buraxacaq...
Uşaqlıq, doğulduğu şəhər, həyata atıldığı illər...

Xəbəri oxuyanda bunun sadəcə bir musiqi xəbəri olmadığını düşündüm. Məncə, bu, xatirələrə açılan bir qapıdır.

Pol Makkartninin yeni albomu köhnə bir dostun qapını döyüb heç vaxt köhnəlməyən xatirələri süfrəyə düzməsinə bənzəyir. Bu albomda nostalji yoxdur; zamanın fövqündə duran bir ruhun təzələnməsi var. Pol bizə bir daha sübut edir ki, səs telləri qocalanda ruhun səsi daha gur çıxır.

Onun yaradıcılığı həmişə “And I Love Her” incəliyi ilə “Let It Be” müdrikliyi arasında rəqs edib. Son işində isə o sanki yenidən o məşhur Liverpul küçələrinə qayıdır. Albomun hər notasında, hər keçidində o rütubətli, amma ümid dolu şəhərin qoxusu gəlir. Makkartni bir daha xatırladır:

“In the end, the love you take is equal to the love you make” - yəni “Nəticədə, aldığın sevgi, verdiyin sevgiyə bərabərdir”.

Musiqi tənqidçiləri tez-tez soruşurlar: “The Beatles-dan sonra nə qaldı?”

Cavab Polun barmaqlarının ucundadır.

Bu yeni albom 83 yaşlı əfsanənin vida məktubu deyil; keçmişlə gələcəyin romantik görüşüdür. O, hələ də “I Follow the Sun” (Günəşi izləyirəm) deyərək bizi qaranlıqdan çıxarmağa davam edir.

Bitlomanlar üçün bu albom bir xəzinədir. Çünki Polun səsində həm Con Lennonun həsrəti, həm Corc Harrisonun meditativ səssizliyi, həm də Rinqonun ritmi gizlənib. O, dörd nəfərin ruhunu bir gitara simində birləşdirə bilən yer üzündəki son adamlardan biridir.

Bəzi sözlər var ki, onları eşidəndə insanın içində nəsə tərpənir. “Dungeon Lane” də məhz belə sözlərdəndir.

Bizim gəncliyimizdə “The Beatles” musiqi qrupundan daha çox bir yön, bir kompas idi. Con Lennon, Pol Makkartni, Corc Harrison, Rinqo Star... Bu dörd gənc biz sovet uşaqları üçün uzaq, əlçatmaz bir dünyanın əfsanələri idilər.

Mən orta məktəbdən başqa klassik musiqi təhsili də alırdım. Bu detal həyatımda önəmli rol oynadı. Çünki insan ən çox iki sistemin toqquşmasında formalaşır: nizam və azadlıq.

Notlar mənə nizamı, qaydanı öyrətdi; “The Beatles” isə qaydanı pozmağı.

Sovetin çöküşünə hələ vardı. “The Beatles” rəsmən qadağan edilməmişdi, amma onu dinləmək də asan deyildi. Ən sərt nəzarət də bu idi: səni qadağa ilə yox, çatışmazlıqla məhdudlaşdırırlar.

Biz o dörd idolumuzu durmadan, bezmədən dinləyirdik. Əslində isə “dinlədiyimiz” onların kölgəsi idi. Hər mahnı dəfələrlə köçürülmüş lentlərin kim bilir neçənci nüsxəsi idi. Səs deformasiyaya uğramış, əyilmiş, büzüşmüş, parçalanmış şəkildə gəlirdi qulağımıza. Amma bunda da bir paradoks vardı ki, onu ancaq ahıl yaşımda anladım: natamamlıq yaddaşı gücləndirir.

İnsan eşitmədiyini tamamlayır. Boşluqları özü doldurur. Və musiqi səs olmaqdan çıxıb, tapılması məşəqqətə çevrilən bir xatirəyə dönür.

Xarici radioları tutmaq da başqa bir dərd idi. Dalğalar vurulurdu.

Gecənin səssizliyində “əməkdar VEF”-imin antenasını akrobatik hərəkətlərlə dəyişərək mahnını bir neçə saniyəlik “ələ keçirirdik”.
O saniyələr uzanır, yaddaş onları böyüdürdü.

Əslində musiqini dinləmirdik. Biz eşidə bildiyimizi yadda saxlayırdıq. Və buna görə bizim gənclik ən sadiq, ən səbirli bitlomanlar idi. Çünki sistem o musiqini bizə çox görür, onu boğurdu. Qrupun vallarını, lent yazılarını əldə etmək mümkün deyildi.
Biz onları zorla, cırmaqlayaraq qazanmışdıq...

"Dungeon Lane" nədir?

Liverpulun mərkəzindən uzaq kiçik bir yol. Geniş deyil. Makkartni oradan hər dəfə qaçmaq istəyib.  Amma ora həm də onun dönə-dönə qayıtdığı yerdir.

Mənim "Dungeon Lane"im isə Liverpulda deyildi. Bakıdakı otağımdaydı... Önümdə “babin” maqnitofonum, sağımda “VEF”im...

Pəncərəsi bağlı bir gecədə...

Radiodan gələn yarımçıq səslərin içində...

"The Beatles" çalır...

Hər dəfə də yarımçıq...

Borxes deyirdi ki, labirintin ən təhlükəli tərəfi onun mürəkkəbliyində yox, sadəliyindədir. Sənə elə gəlir ki, yolu bilirsən. Amma sən sadəcə dövrə vurursan.

“Dungeon Lane” də belədir. Bəlkə də küçə deyil ora. Döngədir. İnsan oradan çıxmır. Sadəcə illər sonra ona başqa ad verir: xatirələr.

Yaşının bu çağında Pol o küçəyə qayıdır. Bizim yaşdakılar isə ora qayıtmayacağıq. Çünki oranı radionun cızırtılarında görmüşdük ancaq.

İndi hər şey dəyişib. Musiqi bir klik qədər yaxındır. Səs təmizdir. İtkisizdir. Onu boğan yoxdur. Yəqin belə olması yaxşı deyil. Çünki biz artıq axtarmırıq. İnsan axtarmadığını heç vaxt mənimsəmir. Yəqin ki, insanın həqiqi bioqrafiyası onun dinlədiyi musiqidən deyil, onu hansı şərtlər altında dinlədiyindən ibarətdir.

Bəlkə də “Dungeon Lane” heç coğrafi bir yer də deyil – daxili koordinatdır, deyirəm öz-özümə. İnsan orada tək olsa da yalnız deyil. Çünki haradasa, uzaqda, bir maqnit lentinin içində dörd nəfər hələ də oxuyur.

Mənim üçün isə o zaman hələ də davam edir. Labirintdən çıxış yoxdur. Çünki çıxış başlanğıcdır...

Pol Makkartninin albomu 29 may 2026 tarixində çıxacaq. Maraqla gözləyirəm.

Bu yazını bitirib nöqtəni qoyandan sonra “All You Need Is Love” kompozisiyasını dinlədim. “Sənə lazım olan tək şey sevgidir”, – oxuyur əfsanələr.

Səsin heç vaxt susmasın, Ser Pol Makkartni. Biz hələ də səninlə o sonsuz “Uzun və Dolaşıq Yol”dayıq – “The Long and Winding Road”..

Aprel–may, 2026

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://ayna.az
archiveBu xəbər 26 May 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəziyyətin nəzarətdən çıxması daha geniş regional müharibəyə çevrilə bilər

10 İyul 2026 12:58see476

NASA könüllü astronavtlar axtarır

10 İyul 2026 04:45see299

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see266

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see236

Zakir Həsənovdan Vətən Müharibəsi Qəhrəmanına böyük jest RÜTBƏSİNİ ARTIRDI

11 İyul 2026 19:42see234

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see233

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10 İyul 2026 18:26see188

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see186

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see180

Belçikada ölənləri sayı rekord həddə çatdı

10 İyul 2026 03:42see175

Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı

10 İyul 2026 02:50see169

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see168

Öldürülsə, İrana görünməmiş zərbələr endirməyi tapşırıb

10 İyul 2026 21:02see163

Söz və qələm: Jurnalistikanın əbədi gücü...

10 İyul 2026 14:43see162

Kim bilir sabahım necə gələcək

10 İyul 2026 21:02see161

DÇ 2026: İspaniya 1/4 finalda bu gün Belçika ilə üz üzə gələcək

10 İyul 2026 12:08see159

Azərbaycan kinosunun ən uğurlu 18+ filmi (VİDEO)

11 İyul 2026 05:19see158

Dünyanın gözü Hörmüzdə: ABŞ nin İrana verdiyi vaxt bitir, gəmilər radarlardan itir

11 İyul 2026 09:02see148

Mbappe Fransa tarixində ilkə imza atdı 100 cü qol töhfəsi

10 İyul 2026 03:55see148

Yamal Fransaya meydan oxudu “Onların qorxmalı olduğu komanda bizik”

11 İyul 2026 02:23see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri