Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Telman Orucov yazır
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Telman ORUCOV
(Əvvəli ötən şənbə sayımızda)
Çar Aqamemnon ailəsinin faciəsi
Homer özünün "İliada" poemasında mifologiyadan gələn bu hadisəni geniş surətdə təsvir edir. Troya hökmdarı Priamın oğlu Paris Sparta çarı Menelaya qonaq gəlir, Menelay gözəl arvadı Yelenanı Parisin ümidinə qoyub, ölkəsini tərk edir. Paris qadının gözəlliyinə valeh olur və ehtirasını cilovlaya bilmir. Yelena da onun sevgisini cavabsız qoymur və onlar birlikdə Kiçik Asiyaya, dənizin o tayındakı Troyaya üz tuturlar və ər-arvad kimi yaşayırlar.
Troya çarının ailəsindən Kassandradan başqa heç kəs bu izdivacın özlərinin və şəhər-dövlətlərinin fəlakətinə səbəb olacağını ağlına da gətirmir. Axı burada qeyri-təbii heç nə baş verməmişdir. İki sevgili öz arzularına uyğun olaraq birləşmişlər və bu xoşbəxtliyi qınamaq yox, ona yalnız sevinmək lazımdır. Priamın ailəsi də oğlunun izdivacına məhz bu rakursdan yanaşırdı.
Parisin bacısı Kassandra isə öncəgörmə qabiliyyətinə malik idi və ona görə də bu ərli qadının yeni nikahının faciələrə səbəb olacağını bildirir. Lakin heç kəs onun öncəgörməsinə məhəl qoymur, sevgililərin ittifaqını tam bəyənməklə qarşılayırlar.
Menelay arvadının Parisə qoşulub qaçmasından çox mütəəssir olur və Mikena çarı olan qardaşı Aqamemnona şikayətlənir. Aqamemnon qardaşının arvadını geri qaytarmaq üçün yunan şəhər-dövlətlərindən ittifaq təşkil edib, onların əsgərlərindən təşkil olunmuş orduya başçılıq etməklə, Troyaya getməyə tələsir. Yelenanın qaçırılması ancaq sadəcə bir bəhanə idi, yunan şəhər-dövlətləri Kiçik Asiyadakı çox varlı şəhər olan İliona - Troyaya qısqanclıqla yanaşır, onu məhv etmək istəyirdilər. Aqamemnon isə Yelenanın qaçırılmasını Troyaya müdaxilə etmək üçün sadəcə ciddi bir səbəbə çevirməyə nail oldu.
Gəmilər və onlara yüklənmiş ordu üzməyə hazır idi. Lakin dəniz sakit idi, yelkənləri doldurmaq üçün külək olmadığından gəmilər limandan çıxa bilmirdi. Aqamemnon külək əsdirmək barədə allahlara müraciət etdi və onların şərəfinə doğma qızı İfigeniyanı qurban verdi. Allahlar qurbana görə yumşalıb külək əsdirdi və donanma yola düşdü.
Mikena çarının arvadı Klitemnestra qızının öldürüldüyü xəbərini eşitdikdə, dəhşətə gəldi və ərinə lənətlər yağdırmağa başladı. Əri on il ərzində Troya ilə müharibə aparanda, o, qisas kimi həm də Egisflə eşq macərası yaşadı.
Müharibə gah yunanların, gah troyalıların üstünlüyü ilə gedirdi. Heç bir tərəf qalib gələ bilmirdi, çünki müharibəni insanlar aparsa da, bu işə rəhbərliyi allahlar edirdi və onlar döyüşlərin gedişini qəsdən uzadırdılar. Hər iki tərəf ağır itkilər vermişdi, yunanların qəhrəmanı Axilles və Patrokl, Troya çarının iki oğlu - Hektor və Paris həlak olmuşdular. Yunan döyüşçüləri də bu uzun müddət ərzində vətəndən uzaqlarda əzab çəkməyə məcbur olduqlarına görə artıq yorulmuşdular. Troyanın mühasirəsinin götürülməsi yunanların məğlubiyyətinə bərabər sayılardı.
Bu vaxt hiyləgər Odisseyin - Ulissin bic ağlı yunanların köməyinə gəldi. O, təklif etdi ki, ağac materialından iri bir at düzəldib, onu troyalılara hədiyyə kimi təklif etsinlər. Bu atın qarnında çox sayda yunan əsgərləri gizlədiləcəkdi və onlar hədiyyə şəhərə girəndən sonra gecə çıxıb, şəhərin qapısını öz ordularına açacaqdı.
Troyalılar heç bir şübhə etmədən düşmənin hədiyyəsini qəbul etməyə razılıq verdilər. Təkcə troyalı kahin Lakoon bu ağılsız işin əleyhinə çıxdı, hədiyyəni qəbul etməməyi məsləhət görəndə, allahlar onu cəzalandırmaq üçün ilanları göndərdilər. İlanlar kahin və onun iki oğlunu sancıb öldürdülər. Bu, troyalıları hədiyyəni qəbul etmək qərarını daha da şiddətləndirdi və yunanların düzəltdikləri nəhəng at fiquru Troyaya gətirildi. Bu, tarixə məhz məkr simvolu olaraq "Troya atı" kimi məlumdur. Gecə düşəndə atın qarnında gizlənmiş yunan döyüşçüləri çıxıb, şəhərin qapılarını orduları üçün açdılar. Yunanlar gözəl İlionu viran qoyub, əhalini qırdılar. Çar Priam da həlak oldu, arvadı Gekubanı və başlanğıcdan faciənin baş verəcəyini bildirən qızı Kassandranı yunanlar əsir götürdülər.
Troyadan rəvayətə görə, təkcə Eney qaçıb, canını qurtara bildi. O, nəhayət Tibr çayının sahilinə gəldi və onun nəslindən olan Romul sahildəki yeddi təpə üstündə Roma şəhərini saldı.
Qaliblər içərisində yalnız Menelayla Yelena yarıdı, onlar yenidən birləşib, ər-arvadlıqlarını davam etdirdilər. Öz hiyləgərliyi ilə yunanların qələbə çalmasının əsas səbəbkarı olan Odissey də troyalıların lənətinə gələrək, vətəni İtakaya qayıtmaq üçün çox sayda ölümcül təhlükələrlə üzləşdi və onun geriyə dönməsi əlavə on il çəkdi. Vətənində o, çoxlarının onun arvadı Penelopa ilə evlənib, çar tacına yiyələnməyə cəhd etdiklərini eşitdi və sehrli yay oxundan istifadə edərək, arvadının əlinə sahib olmağa çalışanları öldürdü. İtakada da qan axıdıldı.
Aqamemnon Mikenaya qalib kimi qayıtsa da, ona ünvanlanmış lənətin hesabına, doğma qızının ölümünə səbəb olduğuna görə cəzalanmalı idi. Arvadı Klitemnestra onu bağışlamaqdan çox uzaq idi və məşuqu Egisflə birlikdə, Aqamemnon hamamda çimərkən onu boğub öldürdü.
Bu dəfə onların qızı Elektra anasının öz ərini, onun atasını qətlə yetirməsindən hiddətlənib, qardaşı Orestə təlqin etdi ki, qatil ananı hökmən öldürmək lazımdır. Orest nə qədər müqavimət göstərsə də, bacısının təklifinə qulaq asmalı oldu və doğma anasını öldürdü.
Klitemnestranın lənəti əri Aqamnenona ünvanlansa da, təkcə onun məhvi ilə nəticələnmədi, özü də oğlu tərəfindən öldürüldü. Ananın qətlə yetirilməsinin təşəbbüskarı olan Elektra da digər qətlin iştirakçısı oldu. Beləliklə, Mikena kimi şəhər-dövlətin hökmdarının ailəsi, özü başda olmaqla məhv oldu.
Qədim yunan mifi canlı misallarla göstərir ki, lənət heç də adi söz kimi havada qalmır, böyük qüdrətə yiyələnməklə, ünvanlandığı şəxsi və onun ailəsinin ağır faciələrə məhkum edir. Lənətlənmiş adam öz cinayətinə görə tutarlı cavab almaqla, özü də digər bir cinayətin qurbanına çevrilir.
Medeyanın qisası
Mifologiyada sədaqətsizliyə görə adamların lənətə gəlməsi ilə, cəzalandırılması barədə digər hadisələr də öz əksini tapır. Yunan Yason arqonavtlardan ibarət komanda yığmaqla, gəmi ilə iki dənizdə üzüb, uzaq Kolxidaya gəlib çıxdı ki, oradakı var-dövlət mənbəyi olan "Qızıl yunu" oğurlayıb vətəninə gətirsin. Onu əldə etməyə çalışanların hamısı uğursuzluğa düçar olmuşdu, çünki Kolxida çarı Aka onu mühafizə etmək üçün çox sehrli vasitələrdən istifadə edirdi.
Çarın Medeya adlı qızı Yasonu gördükdə, ona vuruldu və onun nəzərdə tutduğu əməliyyata köməklik göstərmək istədi. Yason çarın ağır şərtlərini həll etməyə başladı və Medeya öz məsləhətçiləri ilə onu əvvəlcədən agah etdiyindən, o, hər sınaqdan qalib kimi çıxırdı. Nəhayət, o, ağacın budağından asılmış "Qızıl yunu" oğurlamağa müvəffəq oldu və vətəninə qayıdanda sevgilisi Medeyanı da özü ilə götürdü. Onlar ər-arvad kimi yaşadıqlarından uşaqları oldu. Lakin bir az sonra Yason Medeyaya sədaqətsizlik göstərib, Korrinf çarının qızı olan şahzadə ilə evlənəndə, Medeya ərindən qisas almaq üçün iki doğma uşağını öldürdü. Qədim yunan dramaturqu Yevripid "Medeya" pyesində qadının emosiyasının və hiddətinin daha güclü olduğunu göstərir. Medeya ərinin xəyanəti ilə barışmadı. Atasının öz qızı Medeya barədəki lənəti öz işini gördü, ərinin onu atması və bu qızın günahsız körpə uşaqlarının öz əli ilə dəhşətli şəkildə məhv etməsi kimi taleyinin acı sınaqlarının şahidi oldu.
Yason Medeyaya sədaqətsizlik göstərəndə, heç də təəccübə səbəb olan bir iş görməmişdi, arvadının öz atasına olan sədaqətsizliyini başqa bir qaydada təkrar etmişdi. Kolxidalı arvadı Medeyadan nankorluğu öyrənən Yason da ona olan sevgisini satmaqla, onu tərk etməklə, əslində təkcə atasına deyil, vətəninə də xəyanət edən qadına, gözləmədiyi halda bumeranqı andıran cavabını vermişdi. Medeya sevgisinə nail olmaqla həyat sevincinə də nail olduğunu güman edirdi, lakin daha acı nəticə ilə, övladları üçün qatil olması və sevdiyi ərindən ayrı düşməsi şəklindəki faciəni yaşamalı oldu.
Qədim yunan mifi bir daha göstərir ki, valideynə, ən başlıcası vətənə xəyanət daha ağır sonluqla nəticələnir. Valideynin qarğışı, vətəninə xəyanəti heç vaxt bağışlamamaqla, özünü olduqca ağır cəza şəklində büruzə verir.
Bibliyada lənət misalları
Bibliyada da lənət timsallı çoxlu hadisələr nəql olunur. Yəhudilər Misirdə qul kimi yaşayır, kərpic kəsmək kimi kölə əməyi ilə məşğul olurdular. Moisey öz xalqının bu əzablarını görüb, Allaha müraciət etdi ki, yəhudilərin Misiri tərk etməsinə, vəd edilmiş torpaqlarına qayıtmasına şərait yaratsın Allah faraonun, yəhudilərin ölkədən getməsinə razılıq verməsi üçün onun özünə və ölkəsinə ağır sınaqlar göndərdi. Faraon vəziyyətin ağır olduğunu dərk edib, yəhudilərə Misirdən çıxmağa icazə verdi.
Moiseyin başçılıq etdiyi çoxminli dəstə çoxlu çətinlikləri dəf etməli oldu. Qırmızı dənizin keçmək üçün Moisey Allahın köməyi ilə suyu aralayıb, qaçanlara yol açdı. Sinay yarımadasında dolaşanda, aclıqdan əziyyət çəkən yəhudilərə Bibliya sıyığı adlanan səma sıyığı göndərdi.
Nəhayət, onlar Kanaanın (Kənanın) yaxınlığına gəlib çıxdılar. Moisey kəşfiyyatçılar göndərdi ki, vəd edilən torpağın əhalini necə təmin edəcəyini öyrənsin. Kəşfiyyatçılar iki adamın çiynindəki ağacdan asılmış iri üzüm salxımları ilə qayıtdılar. Onlar dedilər ki, Kanaanda süd və bal çayı axır. Bu, yəhudilərin sevincinə səbəb oldu. Lakin Moiseyin özü can atdığı doğma torpağa ayaq basa bilmədi, lap yaxınlıqda olarkən öldü.
Yəhudi qullar ağır həyat şəraitindən azad olmaq üçün faraonu lənətlənmişdilər və Moisey bunu Allaha çatdırmışdı. Ona görə də yəhudilər oranı tərk edənə qədər Misirdə çox sayda fəlakətlər baş verdi. Allah ona inanan və pənah gətirən bəndələrini həmişə eşidir. Yəhudilər isə tək Allaha sitayiş etdiklərinə görə, Allah tərəfindən seçilmiş bir xalq idi. Bu xalq Allahın göstərişlərinə əməl etməyəndə çox ciddi surətdə cəzalandırılırdı. İudeya qonşu imperiyalar tərəfindən hücuma məruz qalırdı. Assuriyalılar uzun müddət bir yəhudi şəhərini mühasirədə saxlamışdı. Yalnız yəhudi qızı Yudifin qəhrəmanlığı xalqı gələcək Assuriya köləliyindən azad etmişdi.
Assuriya sərkərdəsi Olofernin yəhudi qızılarını ələ keçirmək istəyini Yudif eşitmişdi. Bundan agah olduqda mühasirə edənlərin icazəsi ilə o, doğma şəhərindən çıxıb, Olofernin düşərgəsinə yollandı. Asssuriyalı hərbçi onu gülərüzlə qarşıladı və Yudifin intim yaxınlığa razı olduğuna əmin olub, sayıqlığını itirdi. O, çox şərab içib, yatmışdı. Yudif onun qılıncını qapıb, Olofernin başını kəsdi və öz ayaqları altına atdı. İtalyan rəssamı Corcone bu hadisəyə həsr olunmuş tablosunda gözəl Yudifin ayaqları altındakı Olofernin kəsilmiş başını təsvir edir. Sonra qız doğma şəhərinə qayıtdı.
(Ardı var)


