Icma.az
close
up
RU
Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Telman ORUCOV

(Əvvəli ötən şənbə sayımızda)

 Assuriyalılar hadisədən xəbər tutduqdan sonra adi bir qızın qəhrəmanlığı, onları yəhudilərdən qorxmağa məcbur etdi və onlar şəhərin mühasirəsini götürüb, oradan uzaqlaşdılar. Yəhudilərin assuriyalılara nifrət hissi və lənət yağdırması öz işini sadə bir qızın əlilə çox ümid etdiklərinin həllinin şahidi oldular.

Sonra midiyalılar və xaldeyllər Assuriyanı məğlub edib, Yeni Babilistan dövlətini yaratdılar. Bizim eradan əvvəl 609-cu ildə baş verən bu hadisə Babilistan çarı Nabuhadonosorun yaxşı və pis əməllərinə geniş yol açdı. O, öz dövrü üçün dünyanın ən gözəl şəhəri olan Babili tikdirdi və yenidən qurdu. Şəhərin İştar qapısı qlazurdan (şirdən) istifadə olunmaqla rəngli kaşı hissələrindən düzəldilmiş mistik və real heyvanların rəsmləri ilə bəzədildi.

Lakin Nabuhadonosor assuriyalıların gücü çatmadığı bir işi həyata keçirdi, Yerusəlimi tutdu və minlərlə şəhər əhalisini Babilə sürgün etdi. Əsirlikdə yəhudilər dözülməz əzablarla üzləşdilər, aclıq xalqı taqətdən salırdı. Bibliyanın "Hüzn" kitabında sürgündəkilərin dəhşətləri içərisində, ac ananın doğduğu körpəsini yediyi kimi ağlasığmaz hesab edilən hadisədən xəbər verilir. Lakin yəhudilər Allahın onları buraxdıqları günahlara görə cəzalandırdıqlarını güman etdikləri kimi, onları nəhayət mərhəmət göstərəcəyinə də möhkəm inanırdılar. Həqiqətən də bu baş verdi.

B.e.ə. 539-cu ildə Nabuhodonosorun nəvəsi, çar Baltasar paytaxtdakı sarayında böyük ziyafət düzəltmişdi. Orada min nəfər saray əyani və nüfuzlu şəxslər iştirak edirdi. Baltasar arvadı ilə şərab içəndə, göstəriş verdi ki, Yerusəlim məbədindən qarət edilmiş qızıl və gümüş qədəhlər gətirilsin ki, məclisdə şərab onlarda içilsin.

Bu qədəhlər Babilə daşınmışdı və çar Baltasar daxil olmaqla adamlar şərabı onlarda içirdilər. Bu, müqəddəsliyə qarşı təhqir idi. Bu vaxt sarayın ağ divarında naməlum əllə yazılan sözlər gözə dəydi. Divarda "mene, mene, tekel, uparsin" sözləri yazılmışdı. Münəccimlər onların mənasını izah edə bilmədilər. Bu vaxt münəccim Deniel yada salındı və çar onun gətirilməsini əmr etdi.

Deniel gələndə, Baltasar dedi ki, sözlərin mənasını izah etsə, yüksək qaydada mükafatlanacaqdır. Deniel isə mükafatdan imtina edib dedi ki, sözlər bildirir ki, hər şey hesablanmışdır, çəkilmişdir və bölünmüşdür. Baltasar bu xəbərdarlığa məhəl qoymayıb yeyib-içməyi davam etdirdi.

Gecə yarısı pers ordusu Baltasarın atası, onunla birgə çar olan Nabonidə qalib gəlib, Babili işğal etdi və Baltasar öldürüldü. Persiya çarı II Kir (Böyük Kir və ya Sirus) yəhudiləri Babil sürgünündən azad edib, onlara Yerusəlimə qayıtmağa, öz dini ibadətlərini icra etməyə və məbədlərini bərpa etməyə icazə verdi. O vaxtdan yəhudilər Persiya çarına minnətdarlıq ifadə edərək, onun şərəfinə təriflər söyləməyə başladılar.

Nabuhodonosorun Yerusəlimi işğal etməsi və şəhər sakinlərini sürgünə göndərmək kimi qəddar hərəkəti, yəhudilərin ona lənət yağdırmasına səbəb olmuşdu. Bütöv bir xalqın, özü də Allahın seçdiyi xalqın lənəti yerdə qalmadı və təkcə Babil deyil, Babilistan dövləti tarixin arxivinə verilməli oldu. Yerusəlim isə öz müqəddəs Solomon məbədini qoruyub saxlaya bilməsə də, altı əsr sonra Titin başçılığı altında Roma ordusunun işğalına məruz qalsa da, gələcəkdə iudaizmlə yanaşı, xristian və nisbi də olsa müsəlman dinlərinin də mərkəzinə çevrilməklə, üç dinin beşiyi rolunu oynadı. Üç min ilə yaxın müddətdə yəhudilər bu ərazidə özlərinin qədim İudeya və İsrail dövlətlərini bərpa etmişdilər. Bir əsrə yaxındır ki, XX əsrin ortalarında yaradılan İsrail dövləti bu ərazidə kiçikliyi ilə seçilsə də, çoxlu müharibələrlə üzləşdi, lakin öz suverenliyini qoruyub saxlaya bildi. Holokostda 6 milyon adamını itirən yəhudilər feniks quşu kimi yenidən həyata qayıdıb, özünün hərtərəfli inkişaf etmiş, müasir demokratik dövlətini yaratdılar. Assuriya da, Yeni Babilistan imperiyası da, Qədim Roma dövləti də məhv olub, tarixin səhifələrini tərk etdi. Yəhudilərin dövləti isə dəhşətli sınaqlara, dünyada görünməmiş dinc adamların böyük itkisinə baxmayaraq, qamətini düzəldib, öz xalqını əsl inkişaf və ehtiyac köləliyindən birdəfəlik azad olmuş yeni yaranan bir dövlətin sahibi kimi şərəf simvoluna çevirdilər.

Bibliyada digər bir qadının da öz xalqını məhvdən xilas etməsi hadisəsi təsvir olunur. Persiya çarı Artakseris milli mənsubluğu ona məlum olmayan yəhudi qızı Esteri özünə kəniz götürmüş və bu gözəl qız onun çox xoşuna gəldiyinə görə qanuni arvadı elan etmişdi. Esterin dayısı Mordexay da sarayda xidmət edirdi və vəzir Hamanın əyalətdəki bütün yəhudiləri qırmaq barədə göstərişindən agah olub, bunu pers çarına çatdırmaqla, qarşısını almağa cəhd göstərməsi köməyini Esterdən gözlədiyini bildirmişdi.

Ester Hamanın təhlükəli adam olduğunu bilirdi və çox ehtiyatla hərəkət edirdi. O, ikinci dəfə qonaqlıq verəndə, Hamanın yəhudiləri məhv etmək istədiyini çara bildirdi. Çar həm də Hamandan arvadını ələ keçirmək istədiyindən şübhələnmişdi, ona görə də əmr etdi ki, Haman dar ağacından asılsın. Həmin dar ağacını Haman Mordexayı asmaq üçün qurdurtmuşdu.

Ester əslində Yudifin igidliyini təkrar edib, öz xalqını məhv olmaqdan xilas etdi. Hələ b.e. ə. VI əsrdə Persiya imperiyasında yaşayan bütün yədulərin qırılması baş tutsa, bu, ilkin holokost xarakteri daşıyardı. Ona görə də yəhudilər arasında Ester adı min illər ərzində öz qiymətini itirməmişdir və müasir yəhudilər də qızlarını bu adla adlandırırlar. Tələbə vaxtı indiki Heydər Əliyev sarayının yerləşdiyi küçədə kirayədə yaşayarkən, qonşuluqda yəhudinin arvadı Ester çox mehriban bir insan idi. Oğlu kitab ticarəti ilə məşğul olurdu. Sonra Amerikaya mühacirət etdi və valideynlərini də öz yanına apardı.

II Filipp və Makedoniyalı Aleksandr sülaləsi

Makedoniya çarı II Filipp qısa müddət ərzində kiçik dövlətini iqtisadi və hərbi cəhətdən xeyli möhkəmləndirib, Yunanıstanı ittifaq adı altında öz tabeliyinə salmışdı. Buna o, qızğın müharibələr aparmaq və diplomatiyadan güclü istifadə etmək yolu ilə nail olmuşdu. B.e.ə. 356-cı ildə arvadı Olimpiada ona Aleksandr adlandırdıqları oğul doğmuşdu. Aleksandr adı Homerin "İliada" poemasından götürülmüşdü, hərfi mənada "kişiləri döyən, məğlub edən" mənasını verirdi.

336-cı ildə çar Filipp qızı Kleopatranı ərə vermək üçün böyük toy mərasimi keçirirdi, şənliyə çoxlu qonaqlar dəvət edilmişdi. Filipp nailiyyətlərinə və xoşbəxtliyinə görə özünü çox məğrur aparırdı. Axı o, Afina kimi şəhər-dövləti, Attikanı da öz tabeliyinə keçirə bilmişdi.

O, toyda qonaqları salamlamaq istədikdə, bir cavan oğlan yaxınlaşıb, xəncəri onun sinəsinə soxdu və zərbədən Filipp yerə yıxılıb öldü. Bu vaxt dostu Hefestion 20 yaşlı Aleksandrın əlini qaldırıb, atasının varisi kimi onun Makedoniya çarı olduğunu elan etdi. Aleksandr taxt-taca yiyələndikdən sonra, digər yunan şəhər-dövlətlərinin də döyüşlərlə Makedoniya tabeliyinə keçməsinə nail oldu.

22 yaşında isə atasının arzusuna uyğun olaraq, Persiya imperiyasını məhv etmək üçün üzüb Kiçik Asiyaya keçdi. Qranik çayı yanındakı ilk vuruşda qalib gəldi, Qordi şəhərində isə "Qordi düyününü" qılıncla kəsib açmaqla, bunu bacaranın rəvayət timsalındakı perspektiv rolu oynayan Asiyanın çarı olmaq barədəki ideya onun öz məqsədinə inamını daha da möhkəmləndirdi.

Qranik döyüşündə düşmən döyüşçüsü ona qılıncla zərbə endirməyə cəhd etdikdə, Aleksandrın uşaqlıq dostu onu qabaqladı və öz qılınc zərbəsi ilə döyüşçünü öldürdü. Beləliklə, Klit hələ Persiyaya yürüşün başlanğıcında Aleksandrı real ölüm təhlükəsindən xilas etmişdi.

 Aleksandr Troya müharibəsindəki döyüşdə həlak olan igid Axillesi ehtiramla yad etdi. Axı o, Homerin öz qəhrəmanı məhəbbətlə təsvir edildiyi "İliada" poemasını ən qiymətli sərvət kimi özü ilə gəzdirirdi.

Sonra İss yaxınlığındakı döyüşdə qalib gələndə, Persiya çarı III Dara saray xəzinəsini də götürüb qaçmaqla canını qurtardı. Onun sələfi I Dara isə Persiya imperiyasını xeyli böyütmüş, çox sayda inkişaf tədbirləri həyata keçirmiş, o cümlədən Suzadan Sardıya 1800 km. uzunluğunda yol çəkdirmiş və dünyada ilk poçt sistemi yaratmışdı. Yolun üstündəki hər 40 km. məsafədəki dayanacaq məntəqənələrində yolçular qidalana, istirahət edə, atlarını dəyişə bilərdilər. İmperiyadakı yol şəbəkəsi hesabına çar öz dövlətinin ərazisində baş verənlərdən tezliklə hali olurdu. Onun b.e.ə. VI əsrin sonunda yaratdığı paytaxt Persepolis dövrünün ən gözəl şəhərlərindən biri idi. Onu meydana gətirilənlərin müqayisəsiz dühasından, təkrarolunmaz istedadından xəbər verirdi.  Şəhərdəki saray və onu bəzəyən heykəllər böyük yaradıcılıq nümunələri idi. Bir əsr sonra Afinada tikilən Parfenon məbədi də möhtəşəşəmliyində ona uduzurdu. Bu saraydakı 20 metr hündürlüyündəki kapitellərin üstündə iri öküz heykəlləri ucalırdı. Təəssüf ki, bu gözəl şəhər işğalçı Makedoniya döyüşçüləri tərəfindən yandırılıb, məhv oldu.

 Sələfinə bənzəməyən III Dara isə döyüşdən qaçmışdı. Onun anası Sisiqambis, arvadı Statira və iki qızı Aleksandra əsir düşdü. Onlar ağlayırdılar ki, yəqin çar Dara da ölmüşdür. Aleksandr onları sakitləşdirdi ki, Dara sağdır. O, əsir götürdüyü qadınlara hörmətlə yanaşdı, onların məişət qayğıları saraya məxsus qaydada təşkil olundu. Çarın anası öləndə, ona ləyaqətli matəm keçirdi.

Sonra Qavqamelada daha ciddi və böyük döyüş getdi. Aleksandrın canlı qüvvəsi və süvari dəstəsi Persiyanınkından üç dəfə az idi. Buna baxmayaraq, o, hərbi dühaya xas olan məharət göstərib, məhv olmaq şansı ilə üzləşmiş öz sərkərdəsi Parmenionun qoşununu süvari dəstəsinin hücumu ilə xilas etdi və Persiya ordusunun ön cərgəsini yarıb, onlara qarşı hücuma keçdi. Makedoniya ordusu özündən xeyli güclü olan 150 minlik Persiya ordusuna qalib gəldi. Dara qələbəyə böyük ümid bəslədiyi halda yenə də qaçmağa məcbur oldu, sonralar satraplarından biri xəyanət edərək, çarı öldürtdü.

Aleksandr paytaxt Persepolisi tutandan sonra, sərkərdəsi Ptolemeyin kənizi, afinalı qız Taisin təşəbbüsü ilə, Kserksin Afinanı yandırmasının qisasını almaq məqsədilə bu gözəl şəhər oda verildi. Aleksandr yanğın başlayanda sarayında idi, bu vəhşiliyə müqavimət göstərmək əvəzinə, onda bilavasitə iştirak etdi. Beləliklə, Aleksandr həm də bu məşhur şəhərin timsalında gözəlliyin dağıdıcısı, böyük vandal olduğunu göstərdi.

Sonra Aleksandr Xəzər dənizinin cənubu ilə irəliləyib, Orta Asiyaya keçdi, Soqdiananı zəbt etdi. Burada ziyafətdə xoşagəlməz hadisə baş verdi. Yerli əhalinin nüfuzlu adamlarının iştirakı ilə keçirilən ziyafətdə Aleksandr öz sərkərdələrini qorxaqlıqda təqsirləndirdi. Doğrudan da, skiflərin yunanlara etdiyi basqınların qarşısı alına bilmirdi. Klit yad adamların yanında özlərinin ələ salınmasına dözməyib, etirazını bildirdi, Aleksandr isə istehzasını davam etdirdikdə, Klit şair Yevripidin şeirindəki sözlər ilə onu tiran adlandırdı. Hiddətlənən Aleksandr mühafizəçisinin nizəsini qapıb, Klitin sinəsinə atdı və ağır yara almaqla o, öldü. Sonra Aleksandr çox peşman olub, dostuna bir neçə gün yas saxladı.

(Ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Aprel 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubernator Trampa qarşı birlik yaradacaq

11 İyun 2025 09:01see142

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see135

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see130

“Sabah” macarlarla əməkdaşlığa başladı

10 İyun 2025 21:09see126

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see124

Turistlər ən gözəl yerlərdə gecələmək üçün pul ödəməli olacaqlar..?

10 İyun 2025 20:13see122

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see122

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see121

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see121

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see121

Ukrayna Rusiyayla yeni əsir mübadiləsi planlaşdırır

10 İyun 2025 20:09see119

Türkan Gündüzün qətli: dəhşətli təfərrüat HƏSSAS GÖRÜNTÜ

10 İyun 2025 22:01see118

ABŞ da iğtişaşlar Kaliforniyadan digər ştatlara da yayılıb...

10 İyun 2025 19:45see117

COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etməliyik

10 İyun 2025 22:27see115

Anons verildi: Bu ölkə ilə mühüm müzakirələr gedir Yaxın gələcəkdə...

10 İyun 2025 20:01see114

Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı

11 İyun 2025 10:39see114

Ad və soyadlarda dəyişiklik etmək üçün nə edilməlidir? AÇIQLAMA

10 İyun 2025 22:34see112

Rusiya sözün həqiqi mənasında başını itirib

11 İyun 2025 06:36see112

Baqajına görə təyyarəyə buraxılmadı: Tələb şoka saldı

11 İyun 2025 00:41see111

Finlandiya Polşa matçı yarımçıq dayandırılıb

11 İyun 2025 01:00see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri