Lənkəranda sitrus və çay bitkilərinin yeni sortları elmi əsaslarla sınaqdan keçirilir FOTO
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Lənkəran, 25 dekabr, İlkin Adıyev, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzində ölkənin subtropik bölgələri üçün strateji əhəmiyyət daşıyan sitrus və çay bitkiləri üzrə genişmiqyaslı elmi-tədqiqat və təcrübə işləri aparılır. Mərkəzin təcrübə bazasında hazırda 40-dan çox sitrus bitkisi, eləcə də müxtəlif çay sortları və formaları üzərində uzunmüddətli müşahidələr həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aparılan tədqiqatların əsas məqsədi mövcud yerli sortların genetik potensialının qorunması, onların məhsuldarlıq və keyfiyyət göstəricilərinin yüksəldilməsi, eyni zamanda, xarici ölkələrdən gətiriliən yeni sitrus və çay sortlarının Lənkəran-Astara iqtisadi rayonunun torpaq-iqlim şəraitinə uyğunlaşdırılmasıdır. Bu çərçivədə bitkilərin vegetasiya dövrü, böyümə və inkişaf mərhələləri, məhsuldarlıq səviyyəsi, eləcə də xəstəlik və zərərvericilərə davamlılığı elmi əsaslarla öyrənilir.
Mərkəzdə çay bitkisi üzrə aparılan tədqiqatlar xüsusi əhəmiyyət daşıyır. Müxtəlif çay sortlarının məhsuldarlıq potensialı, yarpaq keyfiyyəti, iqlim amillərinə davamlılığı və adaptasiya imkanları araşdırılır. Alınan nəticələr çayçılığın dirçəldilməsi, yeni məhsuldar sortların istehsalata tətbiqi və bu sahədə dayanıqlı inkişafın təmin olunmasına yönəlib.
Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin Çay və Sitrus Bitkiləri şöbəsinin müdiri Aqil Həsənov bildirib ki, elmi-təcrübə bazasında bölgəyə məxsus çay sortları, sitrus və subtropik bitkilər, eləcə də Lənkəran ərazisində yayılmış endemik bitkilər üzərində geniş tədqiqat işləri aparılır. Onun sözlərinə görə, Dəmirağacı, Lənkəran akasiyası, Şabalıdyarpaq palıd kimi endemik və əsasən dərman əhəmiyyətli bitkilər öyrənilir.
Şöbə müdiri qeyd edib ki, çay bitkisi üzrə təcrübə sahələrində “Azərbaycan-2”, “Azərbaycan-4”, “Lənkəran”, “Fərmançay”, “Çəhrayı Fərmançay”, “Xəzər” sortları üzərində tədqiqat aparılır, müxtəlif çay klonları əkilərək müşahidə olunur, onların məhsuldarlıq və davamlılıq xüsusiyyətləri araşdırılır.
A.Həsənov vurğulayıb ki, sitrus bitkiləri üzrə də müxtəlif sort və formalar ölkəyə gətirilərək introduksiya olunur, yerli iqlim şəraitinə uyğunlaşdırılır və seleksiya işləri aparılır. Hazırda mövcud olan sitrus sortları ilə yanaşı, gələcəkdə dünya üzrə yayılmış, lakin Azərbaycanda olmayan yeni sitrus bitkilərinin ölkəyə gətirilməsi də planlaşdırılır.
Onun sözlərinə görə, bu məqsədlə xarici ölkələrin elmi-tədqiqat institutları, eləcə də Lənkəran və Astarada fəaliyyət göstərən fərdi və fermer təsərrüfatları ilə sıx əməkdaşlıq edilir. Bildirilib ki, hazırda təcrübə bazasında onlarla sitrus sortu mövcud olsa da, hələ introduksiya edilməmiş perspektivli sortlar da var. Məsələn, pomelonun yalnız bir növü mövcuddur, halbuki dünyada onun qırmızı və sadə olmaqla bir neçə növü geniş yayılıb.
A.Həsənov əlavə edib ki, son illər elmi mərkəzə berqamotun iki, laymın isə daha iki yeni sortu gətirilib və hazırda bu bitkilər üzərində seleksiya və çoxaldılma işləri davam etdirilir.
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin baş elmi işçisi Çinarə Rzayeva bildirib ki, mərkəzin təcrübə bazasında 40-dan çox sitrus sortu üzərində elmi-tədqiqat işləri aparılır. Bu tədqiqatlar çərçivəsində sortların aqrobioloji xüsusiyyətləri, məhsuldarlıq göstəriciləri və perspektivliyi müəyyənləşdirilir. Onun sözlərinə görə, əsas məqsəd mövcud sortların qorunub saxlanılması, eyni zamanda ölkəyə gətirilən yeni sortların introduksiyasının həyata keçirilməsidir. Bu proses zamanı sortların yerli iqlim və torpaq şəraitinə uyğunlaşma imkanları, xəstəlik və zərərvericilərə davamlılığı, eləcə də ekstremal şəraitə dözümlülüyü ətraflı öyrənilir.
Regional Elmi Mərkəzin elmi işçisi İsa Məmmədov isə bildirib ki, bölgəmiz sitrus bitkilərinin becərilməsi üçün əlverişli olan subtropik zonaya daxildir. Bu zonada əsasən limon, naringi, portağal və digər sitrus bitkiləri uzun illərdir becərilir. Bununla yanaşı, mərkəzdə son illər ölkəmizdə daha az tanınan, lakin bir sıra ölkələrdə geniş yayılmış qreypfrut, berqamot və laym bitkiləri üzərində də sınaq işləri aparılır.
Qreypfrutun ilkin yayılma arealı Amerika qitəsi olub, hazırda isə İsrail, Karib hövzəsi ölkələri və Aralıq dənizi hövzəsində geniş şəkildə yetişdirilir.
İ.Məmmədov qeyd edib ki, bizim zonada da qreyfrutun müxtəlif formalarına rast gəlinir. Meyvənin ətinin rənginə görə qırmızı və sarı formalara ayrılması mümkündür. Qreyfrut həm təzə halda istehlak olunur, həm də dadlandırıcı və sağlam qida məhsulu kimi dəyərləndirilir.
Mütəxəssislərin fikrincə, aparılan elmi-tədqiqat işləri bölgədə sitrusçuluq və çayçılığın inkişafına mühüm töhfə verməklə yanaşı, fermer təsərrüfatlarının elmi biliklərlə təmin edilməsinə, məhsul istehsalının artırılmasına və ixrac potensialının yüksəldilməsinə xidmət edir. Gələcək mərhələdə əldə olunan nəticələrin istehsalat sahələrində tətbiqi və fermerlərlə sıx əməkdaşlıq şəraitində yayılması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 25 Dekabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















