Londonda magistr təhsili aldı, Qarabağ Universitetində müəllim oldu
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
London Universitet Kollecində (University College London - UCL) magistratura təhsili alan Turə Müzəffəri Həqiqi bu gün beynəlxalq akademik mühitdə qazandığı bilik və təcrübəni Qarabağ Universitetində müəllim kimi tətbiq edir. Təhsildə qiymətləndirmə, tələbəyönümlü yanaşma və müasir tədris metodları üzrə biliklərini Azərbaycan təhsilinin inkişafına yönəltməyi qarşısına məqsəd qoyan Turə Müzəffəri Həqiqi xaricdə qazandığı təcrübəni ölkəmizdə bölüşməyə çalışır.
Milli.Az xəbər verir ki, Azərbaycan Dillər Universitetinin məzunu olan Turə Müzəffəri Həqiqi "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində UCL-də magistratura təhsilini yüksək nəticə (merit dərəcəsi) ilə başa vurub. Hazırda Qarabağ Universitetində ingilis dili müəllimi kimi fəaliyyət göstərir.
O, AZƏRTAC-a müsahibəsində xaricdə təhsil seçiminin səbəbləri, Böyük Britaniya və Azərbaycan ali təhsil sistemləri arasındakı fərqlər, Qarabağ Universitetindəki fəaliyyəti barədə danışıb. Müsahibəni təqdim edirik.
-Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq qərarını necə verdiniz? UCL-də təhsil almaq seçiminizdə hansı amillər həlledici oldu?
-Xaricdə təhsil almaq mənim üçün sadəcə başqa bir ölkədə yaşamaq, nüfuzlu universitetin diplomunu əldə etmək və ya yeni bir mədəniyyətlə tanış olmaq demək deyildi. Bu qərarın arxasında daha böyük bir məqsəd dayanırdı: təhsil sahəsində biliklərimi dərinləşdirmək, fərqli təhsil sistemlərini yaxından öyrənmək və qazandığım təcrübəni gələcəkdə Azərbaycanda tətbiq etmək. Hələ tələbəlik illərindən təhsilin yalnız bilik ötürməkdən ibarət olmadığına inanırdım. Mənim üçün hər zaman maraqlı olan suallardan biri bu idi: nə üçün eyni sinifdə, eyni müəllimdən dərs alan tələbələr fərqli nəticələr göstərirlər? Bu fərqlərin yaranmasında müəllimin yanaşması, tədris mühiti, qiymətləndirmə üsulları və tələbənin motivasiyası hansı rolu oynayır? Zaman keçdikcə bu suallar mənim təhsil sahəsinə marağımı daha da artırdı. Xüsusilə qiymətləndirmə məsələsi diqqətimi çəkirdi. Çünki ənənəvi yanaşmada bəzən tələbənin biliyi onun imtahanda topladığı balla eyniləşdirilir. Halbuki insanın bilik və bacarıqlarını yalnız bir imtahan nəticəsi ilə müəyyənləşdirmək mümkün deyil. Tələbə müəyyən mövzunu çox yaxşı başa düşə, yaradıcı və tənqidi düşünə, fikirlərini əsaslandıra bilər, lakin imtahan həyəcanı və ya digər amillər səbəbindən öz potensialını tam nümayiş etdirməyə bilər. Bu kimi məsələləri daha dərindən araşdırmaq istəyirdim. Məhz buna görə magistratura təhsilimi təhsil sahəsində davam etdirmək qərarına gəldim. Xaricdə təhsil almaq üçün müxtəlif universitetlərin proqramlarını araşdırarkən London Universitet Kollecinin (UCL) nəzdində fəaliyyət göstərən Təhsil İnstitutu - UCL Institute of Education diqqətimi cəlb etdi. Bu institutun təhsil tədqiqatları sahəsində beynəlxalq nüfuzu, akademik mühiti və təhsilə yalnız praktiki deyil, həm də elmi və tənqidi yanaşması seçimimdə mühüm rol oynadı. UCL-də məni ən çox cəlb edən məqamlardan biri tələbələrin hazır bilikləri mənimsəməklə kifayətlənməməsi, mövcud nəzəriyyələri sorğulamağa, müxtəlif yanaşmaları müqayisə etməyə və öz akademik mövqelərini formalaşdırmağa təşviq olunması idi. Mən məhz belə bir mühitdə təhsil almaq istəyirdim. Çünki yaxşı müəllimin yalnız öz fənnini bilməsinin kifayət etmədiyini, onun həm də araşdırma aparmağı, öz fəaliyyətini təhlil etməyi və daim öyrənməyi bacarmalı olduğunu düşünürəm.
-Təhsildə qiymətləndirmə sahəsində qazandığınız biliklər hazırda Qarabağ Universitetində müəllimlik fəaliyyətinizdə necə tətbiq olunur?
-UCL-də təhsil aldığım müddətdə qazandığım biliklərin hazırda Qarabağ Universitetindəki müəllimlik fəaliyyətimə əhəmiyyətli təsiri var. Xüsusilə qiymətləndirməyə yanaşmamın formalaşmasında magistratura təhsilim və apardığım tədqiqat mühüm rol oynayıb. Mənim üçün qiymətləndirmə yalnız tələbəyə müəyyən bal vermək və ya onun semestrin sonunda hansı nəticəni əldə etdiyini müəyyənləşdirmək deyil. Qiymətləndirmə, ilk növbədə, tələbənin öyrənmə prosesini anlamaq, onun güclü və inkişaf etdirilməli tərəflərini müəyyən etmək və növbəti mərhələdə necə irəliləyə biləcəyini göstərmək üçün bir vasitədir. Təhsildə qiymətləndirmənin iki mühüm istiqaməti var: formativ və summativ qiymətləndirmə. Summativ qiymətləndirmə tələbənin müəyyən tədris mərhələsinin sonunda əldə etdiyi nəticəni ölçməyə xidmət edir. Formativ qiymətləndirmə isə öyrənmə prosesi zamanı həyata keçirilir və tələbənin inkişafına dəstək olmağı hədəfləyir. Mən dərslərimdə bu iki yanaşma arasında balans yaratmağa çalışıram. Məsələn, ingilis dili dərslərində tələbənin yalnız qrammatik qaydaları nə dərəcədə bildiyini yoxlamaqla kifayətlənmirəm. Onun həmin biliklərdən real ünsiyyət zamanı necə istifadə etdiyinə, fikirlərini nə qədər aydın ifadə etdiyinə, qarşı tərəfi necə dinlədiyinə və öz mövqeyini necə əsaslandırdığına da diqqət yetirirəm. Bu məqsədlə dərslərimdə müxtəlif interaktiv fəaliyyətlərdən istifadə edirəm. Tələbələr qrup müzakirələrində iştirak edir, təqdimatlar hazırlayır, real həyat situasiyalarını canlandırır, müəyyən problemlərə həll yolları axtarır və fərqli mövzular ətrafında öz fikirlərini bölüşürlər. Belə fəaliyyət onların yalnız dil bacarıqlarını deyil, həm də tənqidi düşünmə, əməkdaşlıq, yaradıcılıq və ünsiyyət bacarıqlarını inkişaf etdirməyə imkan verir. Məsələn, hüquq və tarix ixtisaslarında təhsil alan tələbələrlə işləyərkən müzakirə və tapşırıqları mümkün qədər onların gələcək peşə sahələri ilə əlaqələndirməyə çalışıram. Tarix ixtisasının tələbələri tarixi hadisələri fərqli perspektivlərdən təhlil edir, hüquq tələbələri isə müxtəlif situasiyalarda arqumentlər irəli sürür, mövqelərini əsaslandırır və qarşı tərəfin fikirlərini dinləməyi öyrənirlər. Beləliklə, ingilis dili onlar üçün sadəcə öyrənilən fənn deyil, öz ixtisasları haqqında düşünmək və fikirlərini ifadə etmək vasitəsinə çevrilir.
-Azərbaycan və Böyük Britaniya ali təhsil sistemləri arasında hansı əsas fərqləri müşahidə etdiniz?
-Böyük Britaniya ali təhsil sistemində müstəqil düşüncə, təhlil və fikri əsaslandırmaq bacarıqlarına xüsusi diqqət yetirilir. Tələbələrdən yalnız məlumatı mənimsəmək deyil, onu təhlil etmək, suallar vermək və öz mövqelərini müdafiə etmək gözlənilir. Qiymətləndirmə meyarları və müəllim rəyləri də kifayət qədər aydın olur.
Azərbaycanda isə bəzi hallarda imtahan və yekun qiymət öyrənmə prosesində daha böyük rol oynayır. Bununla belə, təhsil sistemimizdə də müasir və tələbəyönümlü yanaşmaların tətbiqi istiqamətində inkişaf müşahidə olunur. Məncə, xarici təcrübəni olduğu kimi köçürmək deyil, ölkəmizin təhsil mühitinə uyğunlaşdırmaq vacibdir. Çünki tələbənin yaxşı cavab verməsi qədər, yaxşı sual verməyi bacarması da önəmlidir.
-Qarabağ Universitetində çalışmaq qərarınızın arxasında hansı məqsədlər dayanır? Bölgədə ali təhsilin inkişafına hansı töhfələri vermək istəyirsiniz?
-Qarabağ Universitetində çalışmaq qərarım həm peşəkar, həm də şəxsi baxımdan xüsusi məna daşıyır. Xaricdə qazandığım bilikləri ölkəmizdə tətbiq etmək istəyim bu seçimdə əsas rol oynayıb. Mənim üçün Qarabağ Universiteti yalnız ali təhsil müəssisəsi deyil, həm də bölgədə həyatın, elmin və təhsilin yenidən canlanmasının rəmzidir. İngilis dili müəllimi kimi məqsədim tələbələrə dili öyrətməklə yanaşı, onu beynəlxalq akademik və peşəkar imkanlara açılan vasitə kimi təqdim etmək, onların sərbəst düşünmə və öz fikirlərini ifadəetmə bacarıqlarını inkişaf etdirməkdir. Eyni zamanda, UCL-də qazandığım təcrübəni həmkarlarımla bölüşmək, təhsildə qiymətləndirmə, tələbə motivasiyası və müəllimlərin peşəkar inkişafı istiqamətində tədqiqatlar aparmaq niyyətindəyəm. İnanıram ki, Qarabağ Universitetində yetişən gənclər gələcəkdə ölkəmizin inkişafına töhfə verən, beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssislər olacaqlar. Bu universitetdə fəaliyyət göstərmək mənim üçün həm peşə, həm də ölkəmizin gələcəyinə töhfə vermək imkanıdır.
-Xaricdə təhsil almaq istəyən, xüsusilə regionlarda yaşayan gənclərə nə tövsiyə edərdiniz?
-İlk növbədə, yaşadıqları bölgənin onların gələcək imkanlarını məhdudlaşdırdığını düşünməsinlər. Əsas məsələ məqsədi düzgün müəyyənləşdirmək, seçilən proqramın tələblərini araşdırmaq və ardıcıl hazırlaşmaqdır.
İngilis dilini yalnız imtahan vermək üçün deyil, akademik biliklərə çıxış vasitəsi kimi öyrənmək vacibdir. Dövlət Proqramının şərtləri ilə də əvvəlcədən tanış olmaq, sənədləri vaxtında hazırlamaq və müstəqil araşdırma aparmaq lazımdır. Ən əsası, öz yolunuzu başqalarının nəticələri ilə müqayisə etməyin. Uğur yalnız şəxsi nailiyyət əldə etmək deyil, qazandığınız biliklə başqaları üçün də imkanlar yaratmaqdır.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 16 Noyabr 2026 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















