Icma.az
close
up
RU
Makronun siyasi süqutu: “Yupiter”dən gülüş obyektinə

Makronun siyasi süqutu: “Yupiter”dən gülüş obyektinə

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Son illərdə Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və İspaniya liderləri siyasi qeyri-sabitlikdən və populyarlıqlarının azalmasından tutmuş ictimai etimadın itirilməsinə qədər eyni vaxtda bir sıra çətinliklərlə üzləşirlər. Bəzi ölkələrdə hökumətlər artıq dəyişib, digərlərində isə istefa ehtimalı artır. Maraqlıdır ki, bunlar əvvəllər siyasi cəhətdən sabit hesab edilən ölkələrdə baş nazirlərin getdikcə daha tez-tez dəyişdirilməsi fonunda baş verir. Bütün bu hadisələr Avropanın siyasi sistemlərinin nə qədər həssas hala düşdüyünü və seçicilərlə hökumət arasındakı uçurumun getdikcə daha çox böyüdüyünü göstərir.

Bu aspektdən yanaşsaq, Fransada vəziyyət daha qarışıq görünür. Kəskin siyasi qütbləşmə fonunda Prezident Emmanuel Makron vəzifədə olduğu müddətdə yeddi baş nazir təyin edib: birinci prezidentlik müddətində (2017–2022) iki, 2022-ci ildən bu günə isə daha beş baş nazir dəyişib.

Avropanın bir çox ölkələrində rəy sorğuları aparan təşkilatlar qeyd edirlər ki, hazırda Fransa Prezidenti Emmanuel Makron Avropa ölkələri arasında ən az populyar liderlərdən biridir. 2026-cı ilin may və iyun aylarında bəzi sorğularda onun reytinqi 18–20 faizə düşmüşdü. Prezidentlik müddətinin sonuna yaxınlaşdıqca, Makron Fransa prezidentləri arasında ən çox nüfuzunu itirmiş dövlət başçısı olmaq riski ilə üzləşib. Ekspertlər qeyd edirlər ki, Makron bu cəhətdən sələfi, prezidentliyinin sonuna qədər reytinqi, təxminən, 4 faizə düşən Fransua Ollandla “rəqabət” aparır. Hakimiyyətdə olduğu illər ərzində Makron Fransanın Afrikadakı təsirinin azalmasından tutmuş “sarı jiletlilər”in etirazlarına qədər ciddi daxili və xarici siyasət böhranları ilə üzləşib. Siyasi böhran 2024-cü ilin iyununda parlamentin buraxılmasından sonra daha da dərinləşib və hətta bu siyasi kampaniyadan sonra ölkəni yeni iqtisadi-siyasi sarsıntılar bürüyüb.

Makronun hakimiyyətə gəldiyi dövrə nəzər salanda aydın görünür ki, onun hakimiyyətə gəlməsinə səbəb ölkədə günü-gündən dərinləşən böhranı dayandırmaqla bağlı verdiyi vədlər olub. Seçicilər ondan dəyişiklik, yeni həllər və 2008-ci il qlobal maliyyə böhranından sonra yaranan uzunmüddətli problemlərin öhdəsindən gəlmək qabiliyyəti gözləyirdilər. 2017-ci ildə Emmanuel Makron həm solçu, həm də sağçı seçicilərin dəstəyini qazanaraq mərkəzçi lider kimi hakimiyyətə gəldi. Onun partiyası parlamentdə çoxluq qazanaraq sosialistləri və respublikaçıları zəiflətdi. Lakin Makron hakimiyyəti tezliklə ciddi çətinliklərlə üzləşdi: “sarı jiletlilər”in etirazları başladı və Makron daha varlı təbəqələrə qarşı qərəzli mövqeyinə görə ciddi tənqid atəşinə tutuldu.

2022-ci il seçkilərində isə Makronun və partiyasının populyarlığı əhəmiyyətli dərəcədə azaldı. Nəticədə prezident Milli Assambleyada çoxluğu itirdi. Son prezident seçkilərində isə Makron əsasən sağçı lider Marin Le Penin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün birləşdiyi sosialistlərin və respublikaçıların dəstəyi sayəsində qalib gəldi. 2024-cü ilin iyun ayında Avropa Parlamentinə seçkilərdən sonra Makron partiyasının mövqeyinin tamamilə zəifləməsi səbəbindən Milli Assambleyanı buraxdı. Amma bundan sonrakı seçkilər də prezidentə sabit çoxluq qazandırmadı. Makron hökumətin formalaşdırılmasını qalib gəlmiş “solçu” qüvvələrin nümayəndələrinə həvalə etmədi. Nəticədə, 2024-2025-ci illərdə Fransa yeni bir siyasi böhran və bir-birinin ardınca hökumət dəyişiklikləri ilə üzləşdi.

Əlbəttə, Fransada siyasi uğursuzluqlar tək bir hadisə ilə məhdudlaşmadı. 2024-2025-ci illərdə hökumətə rəhbərlik edən dörd baş nazirin hər biri ölkədə pensiya islahatı ilə bağlı təkrar böhranlarla üzləşdi. Nəticədə pensiya islahatının icrası 2027-ci ilə planlaşdırılan növbəti prezident seçkilərinə qədər təxirə salındı. Bundan əlavə, 2026-cı il büdcəsi yalnız fevral ayında, “Milli birlik” və “Boyun əyməyən Fransa” partiyaları Baş nazir Sebastyan Lekornyunu istefaya məcbur etmək üçün etdikləri bir neçə cəhddən sonra qəbul olundu.

Son günlər isə Fransa meşə yanğınlarından və anomal istilərdən məşəqqət yaşadığı bir vaxtda Emmanuel Makronun Riveyrada istirəhətdə olduğunu əks etdirən şəkillər Qərb mediasında kəskin reaksiyaya səbəb olub. “The Daily Telegraph” Makronun xalqdan tamamilə ayrıldığına işarə edir. “The Spectator” qeyd edir ki, Fransa lideri gözləntiləri doğrultmadı və ikinci prezidentlik müddətinin sonunda gülüş hədəfinə çevrilib. “Le Monde” isə belə bir vaxtda xəbər verir ki, Makron kölgəyə çəkilmək niyyətində deyil və qarşıdan gələn prezident seçkilərində Marin Le Penin qələbəsindən qorxaraq aktiv şəkildə varis axtarır.

Bir sözlə, Qərb mediası Makronun son qalmaqalını şərh edərək, prezidentliyinin ikinci müddətinin başa çatmasına səkkiz ay qalmış onun fəaliyyətinin fransız cəmiyyəti üçün yaratdığı məyusluğu ümumiləşdirir.

Fort de Breqanson Fransa Prezidentinin rəsmi yay iqamətgahıdır. O, Var departamentindəki Bormes-les-Mimosas kommunasının yaxınlığındakı Lacivərd sahilində yerləşir. 1968-ci ildən bəri dövlət başçısının yay iqamətgahı kimi istifadə olunur. Məxfiliyi təmin edən özəl çimərlik və qapalı ərazisi var.

Fransa liderinin məhz Fort de Breqanson iqamətgahındakı “dəniz səyahətlərinin” fotoları “Paris Match” jurnalında dərc edilib. Jurnalın üz qabığındakı “Sükan arxasında keçən son yay” başlığı altında Makronun əynində xilasetmə jileti, hidrosikletet üzərində fotosu daha çox “populyarlıq” qazanıb. “Le Monde” qəzeti yazır ki, Makronun yay istirahətindən verilən fotoreportaj, 2026-cı ilin yayını “anormal istilər və ölümcül yanğınlar” səbəbindən əzablı günlər yaşayan fransızların “qəzəbli” reaksiyasına səbəb olub.

Nəşr müxalifət siyasətçilərinin kəskin və dağıdıcı tənqidlərindən nümunələr gətirərək yazır: “Yaşıllar”ın lideri Marin Tondeliye bildirir ki, Fransa xalqı “apokaliptik yay” yaşayır, “prezidentimiz isə tətilini reklam etməklə özünü əyləndirir”. Fransa Sosialist Partiyasının birinci katibi Olivye For isə Makronun səhv siqnal göndərdiyinə diqqət çəkib. “Güclü istilər zamanı, alovun Fransanı cənginə aldığı və əksər fransızların tətilə getməyə imkanı olmadığı bir vaxtda prezident Breqansonda hidrosiklet sürməkdən zövq alır", - deyə Olivye For qəzəbini gizlətmir.

Kommunist senator Pyer Uzulias fotoları “biabırçılıq” adlandırıb və bildirib ki, o Makronu “yanğınsöndürən maşında, yanğının söndürülməsinə kömək edərkən” görməyi daha üstün tutardı. “Le Monde” Uzuliasın aşağıdakı sözlərini misal çəkir: “Yaşadığımız və əzab çəkdiyimiz bu yaydan sonra prezidentin əslində tətildə olması, mənim fikrimcə, geniş ictimaiyyətin hiss etdiyi narahatlıq səviyyəsi ilə əsla uyğun gəlmir”.

Maraqlıdır ki, “The Daily Telegraph” qəzetinin məlumatına görə, Fransanın ən varlı adamına məxsus “Paris Match” jurnalı fotosessiyanı Yelisey Sarayının “icazəsi ilə” həyata keçirib. Britaniya nəşri yazır ki, Makronu “Varlıların prezidenti” və Yupiter adlandırır və “Allahlıq iddiası"nda olduğunu bildirirlər. Məqalədə deyilir: “O, tez-tez təkəbbürlü olduğuna və sadə fransızlara qarşı diqqətsiz münasibətinə, xüsusən də meşə yanğınları kimi fövqəladə hallar zamanı ölkəyə ümummilli miqyasda 14 milyard funt sterlinqədək ziyan dəyməsinə görə siddi tənqid edilir”.

Fransa prezidentinin yay istirahəti ilə bağlı qalmaqal qızışdığı bir vaxtda “Le Journal Du Dimanche” qəzetinin baş redaktoru Rafael Steynvil “Europe 1”-ə müsahibəsində bildirib ki, Makronun “diqqətsizliyi” çox güman ki, gələcəyə laqeydliyi ilə izah olunur. “Ötən illərdə o, seçkilər yaxınlaşdığı zaman belə meyllər göstərmirdi... Əslində, bu diqqətsizliyin səbəbi, onun artıq nəzarət və hərəkət tərzini qorumağı tələb edən siyasi məhdudiyyətlər yükünü üzərindən atmasıdır. Bu şəkillərdə o, yeniyetmə kimidir. Yəqin ki, həmişə belə olub”, - deyə Rafael Steynvil fotosessiyanı şərh edir.

Elə həmin verilişdə fransız sosioloqu Sabrina Medjebyor qeyd edib ki, Makron “ölkəni sözün əsl mənasında məhv edib”. Sosioloq bildirib ki, ölkədə “böhrandan xilas olan heç bir institusional aspekt yoxdur, istər təhsil, istər iqtisadiyyat, miqrasiya, təhlükəsizlik, istərsə də dövlət borcunun partlayıcı həddə çatması olsun".

Fransa xalqının əzablara qatlandığı bir vaxtda Makronun davranışını qiymətləndirən fransız jurnalist Veronik Jakye onun “fransız xalqına xidmət edən prezidentə yox, hakimiyyətinin sonunu yaşayan krala” bənzədiyini vurğulayıb. Jakye, həmçinin qeyd edib ki, Makron hətta əsas vədlərindən birini – güclü ordu yaratmaq vədini yerinə yetirə bilməyib. Jurnalist “Cnews” televiziya kanalına müsahibəsində deyib: “14 iyul paradında gördüyünüz kimi, bu, keçmişin bir ordusudur. Onların dronlarla heç bir əlaqəsi yox idi. Fransa tamamilə geridə qalıb. Gördüyünüz dronları xaricdən alır. Biz onları hətta istehsal edə bilmirik”.

Mətbuatın son tənqid atəşlərinə qədər Qərb mediası vurğulayırdı ki, Makronun yeganə “irsi” evtanaziyanı rəsmiləşdirən qanunun qəbul edilməsi olub.

“The Spectator” nəşri yazır ki, Makron Fransa üçün məyusluq və rüsvayçılıq oldu. “Tarix Emmanuel Makronu belə mühakimə edəcək: gözləntiləri doğrultmayan prezident”. 2017-ci ilin may ayında Makronun seçilməsindən qısa müddət sonra “The Economist” jurnalı üz qabığını Makronun su üzərində gəzdiyi foto ilə bəzəmişdi. Alman televiziyası onu “İsa Məsih” adlandırmışdı. “Budur, Brexit və Trampın dəhşətlərinə qarşı liberal antidot”, - deyə məqalənin müəllifi yazırdı.

Məqalədə qeyd olunur ki, Fransa lideri öz ətrafındakı “ictimai resonansı həmişə dəstəkləyib”. Makron 2017-ci ilin iyul ayında çıxışı zamanı Fransa siyasətində “dərin transformasiya” və ölkənin “qalib ruhunun” qayıdışını vəd etmişdi. “

The Spectator” hesab edir ki, “heç bir transformasiya baş verməyib. Ötən həftə verilən məlumatlar işsizliyin yenidən artdığını, indi 8,3 faizə çatdığını, dövlət borcunun isə artmaqda davam etdiyini göstərdi... İqtisadçılar ölkənin ləng iqtisadi artım və artan bahalı borc tələsinə düşdüyündən qorxurlar. Çünki bu enişə doğru bir spirala səbəb ola bilər”. Nəşr diqqəti ölkədə “nəzarətdən çıxmış” cinayətkarlığa, polisin zorakılıq və narkotik qaçaqmalçılığı ilə mübarizə aparmaq üçün kadr çatışmazlığını etiraf etməsinə yönəldir. Beynəlxalq səhnədə isə “vəziyyət çətin ki, daha yaxşı olsun”, - deyə müəllif təəssüflənir.

"The Spectator" qeyd edir ki, prezident tətilindən zövq alarkən Fransanın Konstitusiya Şurası 15 yaşadək yeniyetmələr üçün sosial medianı qadağan edən qanunu ləğv etməklə ona “alçaldıcı zərbə” vurub. Məqalə bu sözlərlə yekunlaşır: “Makronun hakimiyyətinin sonu prezident və respublika üçün rüsvayçılığa çevrilir. Bir vaxtlar Yupiter adlandırılan adam hidrosikletdə gülüş obyektinə çevrilib”.

“Le Monde” hadisələrə başqa rakursdan yanaşır və qeyd edir ki, Fransa lideri qarşıdan gələn prezident seçkiləri kampaniyasından kənarda qalmaq niyyətində deyil. Xüsusən də Marin Le Penin qələbə ehtimalı “hər zamankindən daha yüksək” olduğundan Makron aktiv şəkildə varis axtarır: “Prezidentin yaxın çevrəsindəki mənbələrə görə, fotoreportaj 2027-ci il prezident seçkiləri yaxınlaşdıqca Makronun arxa plana keçməyəcəyini göstərən daha bir dəlil olub...”

Məqalədə deyilir ki, Fransa prezidenti ardıcıl üçüncü müddətə üçün namizədliyini irəli sürə bilməz və onun qarşıdan gələn seçki kampaniyasında nə dərəcədə iştirakının mümkün olduğu “qadağan edilmiş mövzu” olaraq qalır. Qəzet “Makronun siyasi xəttinin potensial varisləri” hesab edilən iki namizədə – keçmiş baş nazirlər Eduard Filipp və Qabriel Attala işarə edir: “Hər ikisi onları təyin edən prezidenti tənqid və islah etmək arasında tərəddüd etməyə davam edir. Bu arada, Yelisey Sarayında hər ikisi ondan uzaqlaşdıqları üçün hələ də dönük çıxmış adam hesab olunurlar”.

Hazırkı şərhlər avqustun 6-da Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippotun maraqlı bir açıqlamasına diqqət çəkir. Partiya sədri bildirmişdi ki, Fransa Prezidenti Emmanuel Makron Rusiyanın mümkün müdaxiləsi bəhanəsi ilə 2027-ci il prezident seçkilərini ləğv etməyə cəhd göstərə bilər. O, qarşıdan gələn səsvermənin saxtalaşdırılması və ya ləğvi ilə bağlı xəbərlərə münasibətini açıqlayaraq yazmışdı: “Fransızlar bilirlər ki, Rusiyadan daha çox Makrondan və AB-dən qorxmalı olduqları çox şeylər var”.

“Le Monde” qəzetinin məlumatına görə, Makronun yaxın ətrafı Fransanın hazırkı Baş naziri Sebastyan Lekornyunun namizədliyini təbliğ edir. “Lekornyu baş nazir kimi bir çox böhranları idarə etmək məcburiyyətində qaldığı üçün mövqeyinin qeyri-sabit olduğunun fərqindədir. O, 2027-ci il üçün hər hansı bir ambisiyası olduğunu inkar etməyə davam edir”, - deyə qəzet yazır.

Bu arada, Yelisey Sarayındakı mənbələr “Le Monde” qəzetinə bildiriblər ki, səlahiyyət müddətinin sonunda Makron əsasən beynəlxalq siyasətə və müdafiəyə diqqət yetirəcək. Bununla yanaşı, onun üçün “xüsusilə vacib” olan bir neçə layihəni - xüsusən də “həyatdan köçməyə kömək”, “xarici müdaxilə” və yeniyetmələr üçün sosial medianın qadağan edilməsi haqqında qanunları tamamlayacaq.

***

Politoloqlar bildirirlər ki, hidrosikletet qalmaqalı aysberqin görünən tərəfidir, amma bu, Fransadakı rəsmi görüntülərin altında hansı siyasi proseslərin getdiyini ortaya qoyur. Ona görə də “Paris Match”ın üz qabığındakı şəkillər reklam fotosessiyası yox, atəş açan silahın tətiyi rolunu oynayır. 9 ildə küçə siyasətçisindən yüksəkdə duran enerjili texnokrat obrazını formalaşdıran bir adam üçün yanan Jirondanın və büdcələri tükənən kommunların fonunda xilasetmə jiletində şəkil imic uğursuzluğu deyil, Makronun rəhbərliyi dövründə bütün prezident hakimiyyətinin yorğunluğunun bir əlamətidir.

Ekspertlərin rəyinə görə, bu fotonun meydana çıxmasının arxasında maraqlı bir tarixçə də var. Prezidentin ətrafında olanların sözlərinə görə, fotoqrafın bu əraziyə girişə icazəsi olmayıb. Bu, o deməkdir ki, ya Makron öz media profili üzərində nəzarəti itirib, ya da yaxın çevrəsindən kiminsə, 2027-ci il seçkilərindən əvvəl Makronun aparatın çəkisinin olan-qalan təsirini də sıfırlamaq üçün qəsdən təşkil etdiyi bir sızmadır. Hər iki halda bu hadisə Makronun siyasi imicinə ciddi zərbə vurur.

İlqar RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Avqust 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see422

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see365

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see261

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see249

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see228

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see224

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see217

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see214

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see212

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see210

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see190

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see187

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see180

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see176

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see175

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see173

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see172

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see170

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see163

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri