Maqsud Adıgözəlov: “Futbol ictimaiyyəti hər şeyin tez olmasını istəyir”
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Sabah” klubunun prezidenti və AFFA İcraiyyə Komitəsinin üzvü Maqsud Adıgözəlovun “Futbolpress.az”a müsahibəsi:
“Çiynimizə çox yük qoymuşuq”
– Bu dəfəki müsahibəmiz pozitiv notlarla başlayır. Səbəb mövsümün başlanğıcından bura qədər olan, “Qarabağ”la təxirə salınmış oyundakı nəticədir. Klubun prezidenti kimi bura gələn yol və oyunun təəssüratı haqda danışmağınızı istərdim…
– Çox geniş mövzudur, hardan başlayım… Birincisi, “Qarabağ”la oyun yaxşı alındı. Həm də yaxşı hakimlik oldu. Yəni oyun hər dəqiqə dayanmırdı, komandalar futbol oynayırdı. Azarkeş amili də çox vacibdir. Başa düşdük ki, stadionları doldurmalıyıq. Bunu necə edə bilərik? Yalnız yaxşı oyun, yaxşı mübarizə, yaxşı şəraitlə. Soyuq havada, hardasa 6 minə yaxın azarkeş var idi. Stadion dolu görünürdü, atmosfer fantastik idi. Yaxşı oynadıq. “Qarabağ”ın gücünə bələdik. Komandada eyforiya yoxdur. Nə məşqçilər heyətində, nə futbolçularda. Məşqçilər korpusu ilə də danışdıq. Çiynimizə çox yük qoymuşuq. Gözləntilər böyükdür. Yenə deyirəm, nəsə demək çox tezdir. Hələ çempionatın ortasıdır. Pozitiv məqam odur ki, ciddi oyun görürük. Komanda məşqçiyə inanır. Məşqçi futbolçulardan nə istədiyini bilir, rahat izah edir. Bizi sevindirən odur ki, futbolçular bunu qəbul edir. Məşqçilərlə futbolçular arasında kimya önəmlidir və bunu tapmışıq. Skautinq departamenti də bu günə qədər işini müsbət görüb.
– Bundan əvvəl də belə sıçrayışlar olub – komanda zirvəyə qalxıb, lakin onu əldə saxlaya bilməyib. Bu illər klub kimi sizə böyük təcrübə qazandırıb. Sizcə, bu təcrübə kifayətdirmi, ya yenə zamana ehtiyac var?
– Məşqçi gələndə bu haqda danışmışdıq. Ötən il “Qarabağ”la aramızda xal fərqi çox idi. Qarşımıza hədəf qoymuşuq ki, bu fərqi yavaş-yavaş aradan qaldıraq. Bu il buradək buna nail olmuşuq. Lakin bu hələ heç nə demək deyil. Qarşıda “Sumqayıt”la oyunumuz var, kim deyə bilər ki, “Sabah” yüz faiz udacaq? Belə deyim, uzaq gələcəyə baxmırıq. Dambrauskas komandayla danışanda da bildirir ki, yalnız növbəti oyunu düşünürük. Eyforiya yolverilməzdir. Mən futbolçularla da görüşmüşəm, fikrimiz “Sumqayıt”la oyundadır. Ümumi fəlsəfə budur ki, bütün oyunlar çempionluq uğrundadır.
– Bu mövsüm artıq alt şüurda hədəf çempionluqdur…
– Yox.
– Dambrauskasla danışanda şərtlər, tələblər nələr olub?
– Ümumiyyətlə, biz Valdası çoxdan istəyirdik. Murad Musayev gedəndən sonra Valdas Bakıda olmuşdu. Lakin danışıqlar baş tutmadı və “Omoniya”ya getdi. Sonra Krunoslav Renduliç gəldi, onunla da yaxşı işlər görüldü. Nəticələrimizi yaxşılaşdırdıq, avrokuboklara vəsiqə qazandıq. Renduliç də gedəndən sonra yenə Valdasla danışdıq, yenə alınmadı, klubu buraxmadı. Valdasla uzun müddət əlaqədə olmuşuq. Bir-birimizi tanıyırdıq. Onunla danışanda qarşısına hansısa konkret məqsəd qoymadıq. Çünki vəziyyəti bilirdi, “Sabah” mütləq avrokuboklarda olmalıdır. Yəni bunu edə bilməsəydik, faciə olardı. İndi də deyirəm, avrokuboklara gedə bilməsək, faciə sayılacaq. Valdasla görüşəndə başa düşürdü ki, əsas hədəf avrokuboklara düşmək, birinci yerlə fərqi azaltmaqdır. Məqsəd bu idi. Yaxşı, dinamik oyunu bütün məşqçilərin qarşısına tələb kimi qoyuruq. Müdafiə futbolu oynamaq istəmirik. Biz ilk növbədə daim yaxşı, maraqlı futbola üstünlük vermişik. Muradla da belə idi. Valdasla da bunu alındıra bilmişik.
– “Qarabağ” üzərində qələbə böyük səs oyatdı. Valdas da dedi ki, “Avropaya səs salan komandaya qarşı möhtəşəm oynadıq”. Keçmiş məşqçilərdən ən çox sizinlə kim əlaqə saxlayır və bu matçla bağlı kimsə nəsə yazıb?
– Bəli, Murad, Renduliç, səhv etmirəmsə, Berezutski də idman direktoruna yazmışdı.
– Çempionluq nə zaman konkret hədəf olacaq?
– Bilirsiz, öz dəyərimizi yaxşı bilirik. Əsas budur. Çalışırıq ki, ürəkdə təvazökarlıq saxlayaq. Bu, çox vacibdir.
– Başa düşdüm. Heyətiniz çox yaxşıdır, azarkeşlər, təhlilçilər belə bəyənir. Ən çox diqqət çəkən isə Aaron Maludadır. Onun “Sabah”a gəlişi haqda bilmək istərdim.
– Cavan oyunçular haqda çox danışmaq istəmirəm. Onlar özlərini sübut etməlidirlər. Maludanı icarə əsasında götürmüşük. Bildiyimə görə, hansısa məbləğ ödənilmədən gəldi və maaşını da klubu verir. Bizim onu transfer etmək hüquqlarımız var. Özü də bizdə qalmaq istəyir, burda xoşbəxtdir. Qərar üçün hələ kifayət qədər vaxt var. Yenə də özünü göstərməlidir. Konkret nəsə demə çox tezdir. Onun gəlişini də skautların uğurlu işinə bağlayıram. Digər oyunçular kimi, çox videogörüntüləri yox idi, sırf skautinq təcrübəsinə əsaslanaraq götürdüyümüz oyunçudur. Gələndə bilirdik ki, Mikelsin mövqeyində oynayır. İndi elə şərait yaradıldı ki, Mikels hücumçu kimi oynadı, Maluda da cinahda özünü göstərməyə şans qazandı.
– Legionerlərdən danışdıq. Bu haqda ən çox müzakirəni sizlə aparmışıq. Limitin ləğvindən sonra ilkin effekt necədir?
– Subyektiv fikrimdir, məncə, çempionatın səviyyəsi nisbətən qalxdı. Mənə elə gəlir ki, “İmişli”, “Karvan-Yevlax”, “Şamaxı”, “Kəpəz” kimi komandalar da güclənib. Hər komanda bir-birindən xal ala bilər. Özümüz haqda deyə bilərəm ki, artıq başa düşürük, Xəyal, Rəhman, Xaybullayev, Aleksey meydana çıxırsa, rəqabəti udub çıxırlar, limit hesabına yox. Bu, mənə çox xoşdur. Əlbəttə, istəyirik ki, onlar oynasın. Başa düşürlər ki, onların arxasındayıq. İstəyirik ki, rəqabət aparsınlar, arxayınlaşmasınlar.
“Limitin dəyişməsi milliyə hansısa böyük təsir göstərməyib”
– Limit haqda yeni formatdan pozitiv danışan çoxdur. Amma neqativləri deyənlər də var, narazı olanlar da. Limitin ləğvi doğrudan da milliyə oyunçu yetişdirməyə problem yarada bilər?
– Ola bilər. Bu risk mövcuddur, etiraf etməliyik. Lakin mövcud vəziyyətdə biz real nəticələr qazanmaq üçün klub futboluna yönəlik qərarlarla daha tez effekt ala bilərik. Əgər kifayət qədər keyfiyyətli yerli futbolçu bazası yoxdursa, limit etik və effektiv olmaz. Əksər yerli futbolçular limitə görə “lazım olduğunu” bilirdi və bu, onlarda rahatlıq yaradırdı, inkişaf etmək istəmirdilər. Limitin olmasını onda müzakirə etmək olar ki, hər klubun yaxşı akademiyası olar, kifayət qədər futbolçu yetişər. Heç kim demir ki, limit birdəfəlik ləğv olunub. Sadəcə, əvvəlcə yerli futbolçu məsələsində səviyyəni qaldırmalıyıq. Mən 2017-ci ildə futbola gələndən limit var idi, əvvəlcə 6+5, sonra 7+4 oldu. Sizcə, milli komanda həmin vaxt indikindən üstün idi?
– Limitin heç bir formatı millinin güclənməsinə real təsir etməyib, bunun üçün hansısa araşdırma, data yoxdur…
– Yəni, məsələ budur. Limitin dəyişməsi milliyə hansısa böyük təsir göstərməyib. Limitin ləğvinin üstünlüyü var ki, hansısa klublar daha da güclənsin. Məsələn, “Qarabağ” Çempionlar Liqasında çıxış edir. Orda Nəriman, Elvin oynayır. Amma məqsəd budur ki, bu cür ənənə “Sabah “Neftçi”, “Zirə” və s. komandalarımızda yaransın. İndi “Qarabağ” dünyada tanınır. “Qarabağ”a qalib gələndən sonra oyunçulara diqqət artır, onların qiyməti qalxır. Beləliklə yerli oyunçularımız də Avropaya çıxa bilər. Hardansa başlamaq və industriya yaratmaq lazımdır.
– Limitin ləğvini ən çox istəyənlərdən idiniz, dəfələrlə danışmışıq. Amma demək olar, ən az legioner götürən də siz oldunuz..
– Yox, əslində az deyil. Sadəcə, bilirsiz, bütün klublar, biz də onların içində bu sistemə hələ tam uyğunlaşmamışıq. Səhvlər olacaq. İlin əvvəlində kimisə siyahıya salırsan və başlayırsan hesablamağa…
– Sualımın canı odur ki, imkanı sizdən aşağı olan klublar daha çox legioner gətirdi. Yəni, süi-istifadə kimi hallar da var…
– Başqa klublar haqda danışmaq istəmirəm. Pozitiv məqamlara fojuslanmaq istərdim. “İmişli” əcnəbi məşqçi gətirəndə çox tənqid olundu, amma görürük ki, nəticələri pis deyil. Məqsədlərini bilmirəm, hazırkı amma vəziyyət budur. Hər şey niyyətdən, görülən işin peşəkarlığından asılıdır. Limitin ləğvinin müəllifi tək mən deyiləm. Yeni format haqda məlumatlı olanlar bilir ki, çox legioner oynadan klublardan alınan rüsumlar yerli futbolçulara üstünlük verən klublara yönəldiləcək. İstəyirdim ki, yerli oyunçular oynadan klublar maliyyə dəstəyi görsün. Səhv etmirəmsə, artıq 3 milyona yaxın rüsum yığılıb və bunun yarısı PFL-ə gedir. Ancaq məbləğin hamısının klublara getməsini istərdik. Çünki belədə məbləğ az olur və əksəriyyətin legionerə meyl etdiyi vaxtda yerli futbolçuya üstünlük verən klub bu riskin qarşılığında az maliyyə alır. Onda həmin klubun stimulu nə olacaq? Hansısa komanda çətinlikdən danışırsa, onlara yardımlar da olmalıdır. Tahir Süleymanov bir proqramda bildirmişdi ki, heyətdə komandanın öz yetirməsi mütləq olmalıdır. Bu, yaxşı təklifdir. Belə olacağı halda, klublar akademiyalara daha çox diqqət artacaq. Bu cür qərarlarla keyfiyyətli yerli futbolçular yetişdirə bilərik.
– Akademiya demişkən, “Sabah” son illərdə bu istiqamətdə diqqət çəkib. Ən çox xarici turnirlərə qatılan akademiya saymaq olar. Məhsulu daha geniş miqyasda görmək üçün nə qədər zaman lazımdır?
– Çox çətin sualdır. Hələik, görmürük. Bəzi uşaqlar var, hansı ki, artıq onları izləyirik. Əlimizdən gələni edirik, islahatlar aparırıq, dəstək veririk ki, akademiya yüksək səviyyəki yerli futbolçu yetişdirı bilsin.
“Gözləntilər çoxdur, amma başa düşməliyik ki, nə istəyirik?”
– Bu sualı niyə verdim, görürəm, klub prezidenti olaraq akademiya məşqlərinə, oyunlara da baxırsınız. Real prosesdə olanda daha dəqiq fikirlər demək olur…
– Oyunlara, məşqlərə gedirəm, izləyirəm, məşqçilərlə söhbətlərimiz olur. Bizim klub olaraq missiyamız budur, bunun üzərində işlər görürük – uşaq futboluna yatırım edəcəyik. “Qarabağ”, “Neftçi”, “Qəbələ” və s. iki-üç akademiya ilə rəqabət olmayacaq. Futbolçu rəqabət mühitində yetişər, amma bizim aşağı yaş liqalarında ciddi rəqabət yoxdur. Uşaqlar daim turnirlərdə olmalıdır. Bilirik, çox çətindir. Klubları qınamıram, maliyyə tələbləri var. Amma turnirlərdə iştirak vacibdir. Məsələn, 14-15 yaşa kimi perspektivli 100 uşaq olursa, bundan sonrakı illərdə 50 və daha az uşaq qalır. Bunun da ciddi səbəbləri var. Yığmalar zəifdir deyirik, amma düşünək, kimdən, hansı akademiyalardan heyəti seçirik? Ən yaxşı halda 30-40 futbolçu arasında seçim olur. Halbuki biz 500 perspektivli futbolçudan seçim etməliyik.
– Yığma demişkən, son tsiklı necə dəyərləndirirsiniz?
– Belə deyək, Ayxan gedən qatara qoşuldu. Sağ olsun, çətin dönəmdə məsuliyyətin altına girdi. Müsbət dəyərləndiririk. Gözləntilər çoxdur, amma başa düşməliyik ki, nə istəyirik?
– Gəlin, müqayisə edək. Əvvəlki illərdən qısa müddətdə nə dəyişdi?
– Azından daha istəkli komanda görürük. Çox böyük dəyişiklik görməmişəm, sadəcə istək…
– AFFA İcraiyyə Komitəsinin üzvüsünüz. Ayxan Abbasovla hansı söhbətiniz oldu? Onunla nələr müzakirə oldu, qlobal nələr müzakirə edildi?
– Dəvət olunduğu son iclasda çox danışıq olmadı. Əsas odur, məsuliyyəti götürdü və qısa zamanda komandanı toparladı. Ciddi heç nə dəyişməyib və qısa müddətdə bu, memkün də deyil. Konkret hədəfləri müəyyənləşdirməliyik. Ayxan müəllim, faktiki olaraq böhran halında gəldi, komandanı toparladı. Uşaqların istəyindən başa düşürsən ki, alınır. Niyə də yox? Alınmalıdır. Subyektiv fikrimdir, faktiki olaraq, Ayxanın komandası mənim üçün subyektiv daha istəklidir.
– İcraiyyə Komitəsinin üzvüsünüz. Müzakirələrdə fikirlərinizi bilmək istəyirəm. Bildiyimə görə, futbolla bağlı ən çox fikir bildirənlərdənsiniz. Ölkə futbolunu dəyişmək üçün ora girməzdən əvvəl nə düşünürdünüz və indi nələr düşünürsünüz? Yəni, İK-dan əvvəl və sonra fikirləriniz necədir?
– İcraiyyə Komitəsində cari işlərə qarışmırıq. Belə deyə bilərəm, çoxlu problemlər artıq tərpədilib. Uşaq futbolunda bəzi dəyişikliklər var, reqlamentlə, hakimliklə bağlı işlər görülüb. Başqa istiqamətlərdə də bu proseslər başlayıb. Gec olub? Bəli, amma düşünürəm ki, zaman keçdikcə yaxşı olacaq. Azarkeşlər, futbol ictimaiyyəti hər şeyin tez olmasını istəyir. Çox şeylər prosesdədir. Mənə elə gəlir ki, bu haqda gələn il sizinlə müsahibədə detallı danışa bilərik.
– Hərəkətlilik var…
– Bəli, amma necə olacaq, bilmirik. Yaxşıya doğru dəyişmək istəyirik. Güman edirəm ki, yaxşıya doğru olacaq. Bilirsiniz ki, 2027-ci ildə Bakıda dünya çempionatı keçiriləcək. O da futbolumuzun inkişafı, infrastruktur üçün təkan olacaq. Proseslər gedir… Tezmi gedir – yox. Daha tez getməlidir? Bəli. Gedişatdan xoşbəxtəm deyə bilmərəm, amma başa düşürəm ki, proseslər gedir. Heç kim yerində oturmayıb.
Elçin Cəlilov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 22 Dekabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















