Marketoloq və hüquqşünasdan XƏBƏRDARLIQ: Sahibkarlar bəzi səhvlərə görə müflis ola bilərlər
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Sovet dövründə istehsal müəssisələri sini, şokolad qutuları və s. aksesuarların üzərində məşhur müğənni, aktyor və ya idmançıların fotolarını çap edəndə bu, cəmiyyətdə birmənalı qarşılanmırdı. Kütləvi bazara hesablanan məhsullar sürətlə satılsa da, "belə fotolar məşhuru ucuzlaşdırır" kimi subyektiv iradlar səslənirdi. Bu baxımdan, satışa çıxarılan məhsulların üzərində yer alan təsvirlər həmişə həssas məsələ olub.
BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
İndi zaman dəyişib, onlayn platformalar üzərindən alış-veriş xeyli populyarlaşıb. Texnoloji inkişaf məhsullar üzərində yer alan məzmuna da dəyişiklik gətirib. Müasir dünyanın kommersiya maraqları istehsalçı şirkətləri hər yolla pul qazanmağa sövq edir. Məsələn, son vaxtlar "Temu"da satışa çıxarılan bəzi məhsullar - hamam aksesuarları, corab və digər geyim əşyaları, ayaqaltılar kimi məişət məhsulları üzərində əks olunan təsvirlər bəzən ictimaiyyət tərəfindən ciddi narazılıqla qarşılanır. Sosial platformalarda milli rəmzlərin kommersiya məqsədilə istifadəsi milli-mənəvi dəyərlərə və tarixi yaddaşa hörmətsizlik kimi qiymətləndirilir. Bu cür faktlar ölkədə məhsul təhlükəsizliyi ilə bağlı tənzimləmələri yenidən gündəmə gətirir. Şirkətlər, iş adamları istehsalda hansı məqamlara diqqət etməlidirlər ki, ictimaiyyətin narazılığına səbəb olan məhsullar satış platformalarına yol tapmasın?
"Məhsul artıq ölkəyə daxil olanda qarşısı alınmalıdır"
Marketoloq Namiq Bayramovun fikrincə, istehsal prosesində milli atribut və rəmzlərin təsvirindən istifadə edən hər bir şirkət və şəxs məsuliyyət daşıyır: "Qlobal şirkətlər hər bir ölkənin atributlarını istifadə edə bilərlər. Əgər dövlət bundan narazıdırsa, etirazını şirkətə bildirə bilər. Dövlət bu məsələdə həssasdırsa, məhsul artıq ölkəyə daxil olanda qarşısı alınmalıdır. Məsələn, belə hallarla bağlı məhkəməyə müraciət etmək olar". Marketoloqun fikrincə, aidiyyəti dövlət orqanlarının vergi ödəyicilərinə məlumatlandırıcı xarakterli məktublar göndərməsi də yaxşı olar: "Hər bir azərbaycanlı bilir ki, atributlara hörmətlə yanaşılmalıdır. Ölkəyə məhsul gətirən adam avtomatik vergi ödəyicisidir. Onun vergi kabinetinə bu mövzuda məktub göndəriləndə, dövlət üzərinə düşəni etmiş olur. Sahibkarlar da bilməlidirlər ki, üzərində sözügedən təsvirlər olan məhsulu gətirsələr, sabah itki ilə üzləşə bilərlər. Məlumatlı olmaq isə vətəndaşın borcudur. Hər bir vətəndaş bilməlidir ki, milli atributları, rəmzləri harada və hansı məqsədlə istifadə və sifariş etmək olar. Sahibkar ilk növbədə diqqət yetirməlidir ki, qanunvericiliklə buna icazə var, ya yox. Reklam istehsal edənlər "Reklam haqqında" qanunu necə nəzərə alırlarsa, istehsalçılar da bu həssaslığı nəzərə almalıdır. Dövlət tərəfindən maariflənmə xoş məram olaraq nəzərdə tutula bilər ki, sahibkar cəriməyə məruz qalıb itki ilə üzləşməsin".
"Xarici istehsalçı bunu bilməsə də..."
Hüquqşünas Ruslan Vəliyev məhsulların üzərində təsvirlərin müəyyən edilməsinə və tənzimlənməsinə dair Azərbaycan qanunvericiliyində qaydaların nəzərdə tutulduğunu bildirir: "Dövlət gerbi yalnız dövlət müəssisələrinin üzərində ola bilər. O cümlədən, Azərbaycan bayrağının da konkret olaraq harada dalğalanması ilə bağlı göstərişlər var". Hüquqşünasın sözlərinə görə, gömrük və sərhəd xidməti orqanları bir məhsulun üzərində Azərbaycan bayrağını gördükdə müsadirə edə bilər: "Vətəndaş çox vaxt qanunda bu icazənin olmadığını bilmir. Xarici istehsalçı bunu bilməsə də, dövlət orqanları bu qaydalara riayət etməlidir. Hesab edirəm ki, hər bir vətəndaş bunu bilməli, elə məhsulu sifariş etməməlidir. Biz adətən hər şeyin həllini dövlətdə görməyə öyrəşmişik, amma öz üzərimizə də məsuliyyət düşür. Sifariş etməyəndə, tələbat olmayanda istehsal olmayacaq".
"İnsanlar qaydaları bilsə, dövlətin qılıncına ehtiyac qalmaz"
R.Vəliyev bildirir ki, milli atributların, simvolların təsviri sırf kommersiya məqsədləri üçün istehsal olunan və ya qeyri-etik bir məhsulun üzərində olarsa, İqtisadiyyat Nazirliyi "bunu istehsal etmə, narazılıq yaradır" deyə həmin xarici ölkəyə müraciət edə bilər: "O cür qlobal şirkətlər üçün bayrağın məişət aksesuarları üzərində yer alması təbii haldır. Hər dövlət atributlara bizim qədər bağlı deyil. Elə ölkələr var ki, orada insanlar bayraqlarını yerdə çəkirlər və gələn, gedən onu tapdalayır. Amma belə hal bizim üçün qəbulolunmazdır. Digər tərəfdən, onlar bunu satış məqsədi ilə edirlər. Heç sifarişçi şirkətin adını da açıqlamırlar. Əgər ölkəyə qanuna zidd məhsullar gətirilirsə, gömrük onu buraxmır, "qanunsuzdursa, mən müdaxilə edəcəyəm", - deyə nəzarət edir. Amma hazırda azad sahibkarlıq, azad iqtisadiyyat mövcuddur. Dövlətin o imkanı yoxdur ki, bütün şirkətləri detallı yoxlasın. Dövlətin nəzarət mexanizmi gömrük vasitəsi ilə həyata keçirilir. Biz özümüz də Avropa ölkələrində olduğu kimi hüquq mədəniyyəti göstərməliyik. Hər bir insan bu qaydaları bilsə, dövlətin qılıncına da ehtiyac qalmaz. Ölkəmizdə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun, elektron ticarət, iqtisadiyyat, malların dövriyyəsi ilə bağlı çox sayda qayda var. Həmin qanunvericilik aktlarında malların təsviri və onların yarada biləcəyi hisslərə dair normalar yer alıb. Məsələn, bizdə qanunla faşistlərlə bağlı svastikanı istifadə etmək qadağandır. Eləcə də, hər hansı məhsulun üzərində iblisi təsvir eləmək olmaz. Bu, insanlarda qorxu yarada bilər. İstehsal olunan əşyalar insanlarda mənfi fikir, iztirab yaratmamalı, onları çaşbaş salmamalıdır. Məhsul öz ölkəmizdə istehsal olunarsa, müəyyən reydlər aparıb onu satışdan çıxarmaq olar, amma xaricdə istehsal olunursa, artıq sifariş edən və alan vətəndaş özü fikirləşməlidir. Bu, mənəvi məsələdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 18 Yanvar 2026 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















