Icma.az
close
up
RU
Materiyanın çürük zənciri

Materiyanın çürük zənciri

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Saday Budaqlının “Fevral” povesti haqqında

əvvəli ötən saylarımızda

Həqiqətən, eqosundan yarımış, narsis xəstəliyinə tutulmuş zavallılar adamdan dilənçi payını da minnətlə alarlar - guya aldıqları sədəqəni özlərinin nəfi üçün yox, sədəqə verənin xeyri üçün, onun mərtəbəsini Allah yanında ucaltmaq, onun verdiyi qəpiyi ilahi administrasiyada sığorta pulu kimi qeydiyyatdan keçirmək üçün götürürlər. Onlar başqasına dəyən zərərin müqabilində ondan ziyana düşdüyünə (yəni günah özündə olduğuna) görə haqq istəyərlər, halallığını başına qaxmaq üçün düzlərin aldanışına sevinərlər, dürüst insanı əfəl, mağmın sayarlar. Onlar təmənnasız yaxşılığın düşmənidirlər, insanın heç bir nəf güdmədən yaxşılıq eləyə biləcəyinə dünyasında inanmazlar, ona görə də ya axtarıb o yaxşılığın arxasında duran gizli niyyəti “taparlar”, ya da onu özlərindən uydurarlar. Onlar başqasına olunan yaxşılığı özlərinə vurulan zərbə kimi, ziyan kimi qavrayarlar, özgənin qazancını özlərinin iflası, başqasının ucalmasını özlərinin tənəzzülü sanarlar. Onlar insan əzabıyla qidalanarlar, bütün yaxşılara, yaxşılıqlara çirkab yaxmaqdan həzz alarlar.

Bir sözlə, onlar qarşılarına qoyulan dolu qabı boş qaba çevirəndən sonra o boşqabı içinə tüpürməmiş yiyəsinə qaytarmazlar. Bütün bunlarla bərabər özlərini hamıdan təmiz, hamıdan məğrur, hamıdan haqlı tutmağa çalışarlar. Qəhrəmanımızın kiçik qardaşı da belə tiplərdəndir - öz aləmində guya cənnətə gedir, fəqət getdiyi cənnəti ailəsi uğrunda oduna yaxıldığı cəhənnəm kimi qələmə verir.

***

Ancaq əsərin qəhrəmanı özü də xudbin emosiyalardan məhrum deyil, sadəcə, onun eqoizmi, necə deyərlər, xoşməramlı, xoşxassəlidir. O da başqalarının ondan asılı qalmağını, başqaları üzərində hökm sürməyi arzulayır, çünki sevgini yalnız bu yolla qazanmağın mümkünlüyünə inanır. Başqasının bədbəxtliyi onu da xoşbəxt eləyir, intəhası o, bədbəxtin başından basmaqla yox, bədbəxtə əl uzatmaqla, onu öz mərhəmətinə möhtac qoymaqla təskinlik, təsəlli tapır: “Demə, bütün ömrü boyu bunuca - kimlərinsə səndən asılı olduğunu, necəsə sənə ehtiyacı olduğunu hiss eləməkcə adama rahatlıq gətirirmiş. Çünki onda səni sevdiklərinə sözsüz-söhbətsiz inanırsanmış. Yəqin bu rahatlığa görə uşağı balaca vaxtı çox istəyirsən; bilirsən ki, döysən də, söysən də, səndən üzü dönməz, ətəyini buraxmaz, bir az sonra yenə üstünə qaçacaq, sənin qucağında kiriyəcək”.

Bacısı itkin qardaşlarının oğlunun toyuna gedib qayıdandan sonra qəhrəmanımız intizarla gözləyir ki, bacı toyda onun yerinin göründüyündən yana-yana danışacaq, getmədiyinə görə onu ərkyana qınayıb kövrəldəcək. Onun təsəvvüründə Lüdmila da, oğlu da çətinliklə yaşayırdılar, mütləq əmi himayəsinə ehtiyacları vardı. Di gəl: “Bacısı getdi, qayıtdı, toydan, Lüdmilanın yaxşı güzəranından, toyda qardaşıyla görüşdüyündən ağızdolusu, sevinclə danışdı, xəbəri də yoxdu ki, o, içini yeyir, öz axmaqlığına gülür. Çünki əvvəllər Lüdmilanın, qardaşının həyatını asanca təsəvvürünə gətirirdi, təsəvvürünə gətirib hallarına acıyırdı, elə bilirdi onlar üçün dünyada hər şey itirilib, oturub-durub keçmiş günləricə xatırlayırlar, onları yaşadan, çəkib aparan da həmin günlərin sevincidi. Demə, belə fikirləşməklə, hallarına acımaqla təsəlli tapırmış, öz dərd-sərilə təkbətək qalmamaq üçün başını qatırmış. Qardaşının qayıdacağından əlini üzdüyündən gündən-günə hələ lap xeyirxah olurdu, qardaşına lap yazığı gəlirdi, hətta qayıtmağını arzulayırdı, qayıtmayacağına inandığına görə arzulayırdı; atasının dəfninə də gəlməyən adam sonra nə üzlə qayıdacaqdı ki?!”

Göründüyü kimi, əsərin qəhrəmanı yaxşılığa, mərhəmətə, fədakarlığa eqosunun yemitək ehtiyac duyur, onun xudbinliyi heç də qardaşının eqoizmindən geri qalmır. Fərq burasındadır ki, qardaşının eqosu xudbin emosiyaların mənfi qütbündə, onun eqosu isə - müsbət qütbündə qərar tutub. Bu qardaş qütblər gecəylə gündüz, qarayla ağ kimi bir-birini tarazlayır, bir-birini tamamlayır, bir-birini yenidən yaradır. Doğrudan da, bu dünyanın xeyri-şəri birini içəridən, o birini kənardan seyrə daldığımız, adlarını belə bilmədiyimiz bu iki qardaş qədər bir-birinə qardaşdır.

***

Əsər boyu qəhrəmanımız öz ömrünü gözdən keçirir, bir növ özünə hesabat verir, xatirələrini arıtlayır, olmuşlarla ola biləcəkləri tərəziyə qoyur: “Daha onu da bilirdi ki, eləyib-eləmədiklərinə görə özünü üzməyə dəyməz, çünki necə yaşasan da, vaxt özüylə peşmançılıq gətirir, anlayammırsan nə yaxşıdı - yanından ötüb keçdiyin, yoxsa çatdığın. Bu gün inandığına da sabah şübhə eləyirsən, əlin hər yerdən üzüləndə heç nədən yenə özünə bir ümid yaradırsan, indi də onun arxasına düşürsən. Bütün ömrü beləcə ümidlə şübhə arasında keçdi... Gərək bunları vaxtında başa düşəydi, yaddaşın unutqanlığına inanaydı, başa düşəydi ki, yalanla həqiqət eyni şeydi - hər şey olan anda həqiqətdi, bir an sonra yalan. Yalan olduğuna görə də olub keçəni öz ömrü kimi xatırlayammır, elə bil ayrı-ayrı illəri, günləri ayrı-ayrı adamlar yaşayıb...”

Əgər yalanla həqiqət eyni şeydirsə, bütün olanlar bir an sonra yalana çevrilirsə, demək, həqiqət yoxdur, hər şey elə yalandır - yalan dünya, yalan həyat, yalan sevgilər... Bircə ölüm yalan deyil, gerçək olan tək ölümdür, fəqət o da yoxluq deməkdir - gerçək saydığımız şey əslində yoxdur. Onda belə çıxmırmı ki, həyatın iki üzündən biri kimi ölüm özü də yalandır? Axı yox bildiyin şeyi nə deyə var sayasan?..

Fəlsəfədən çox da xoşlanmayan müəllifin qayığı bu məqamda qədim yunan zahidlərinin toplaşdığı Stoya limanına yan alır. Stoiklər deyirdilər ki, insan doğulduğu gündən ölməklə məşğul olur, ötüb keçmiş illərimiz, yaşanmış ömrümüz artıq bizimki deyil, uşaqlığımız, gəncliyimiz də biz deyilik, çoxdan ölüb getmiş bir başqasıdır. Antik Roma filosofu, stoisizmin ən uca zirvəsi Seneka opponenti Lutsiliyə məktubunda yazırdı: “Bizim bədbəxtliyimiz ondadır ki, ölümü yalnız irəlidə görürük, amma ölümümüzün çoxu artıq geridə qalıb - axı ömrün ötüb keçmiş illəri ölümə məxsusdur”.

Mövlana Cəlaləddin Rumi bu gerçəyi bir başqa cür ifadə eləyirdi: “Allah insanı hər nəfəsdə yenidən yaradır”. Yəni bu nəfəsdə artıq bundan bir nəfəs əvvəlki adam deyilik, hər nəfəs alıb-verəndən sonra ölüb, aldığımız hər yeni nəfəsdə dünyaya yenidən gəlirik. Bu minvalla canlıların həyatı bir an ara vermədən özünü öldürməkdən, zamanın gözəgörünməz anlarını dəyirman kimi üyüdüb, şüursuz bir istəklə gələcəyə - ölümə can atmaqdan ibarətdir.

Ramiz Rövşən isə “Süd dişinin ağrısı” poemasında belə yazır:

Ayağımız yer tutandan eləcə

Adladıqca ildən-ilə ölürük.

Bu dünyada birdəfəlik ölüncə

Allah bilir neçə kərə ölürük.

Bir nazlı xanıma çevrilən kimi

bir gözəl qız ölür, mənim balam.

Bığ yeri tərləyən kimi

bir dəcəl uşaq ölür.

Bu dünyada az yaşayan

az ölür, mənim balam,

Bu dünyada çox yaşayan çox ölür.

Görən olmur ölənlərin qanını,

Biz ki sağıq, sağ adama kim ağlar?

Kim nə bilir,

əl-ayağı tir-tir əsən bu qarı

bir nazlı xanımın alıb canını,

Bu yazıq qocanın donqar belində

ucaboylu bir cavanın qəbri var...

***

“Fevral”ın məchul qəhrəmanı da həyatının mərhələlərini ayrı-ayrı adamların ömür kitabından fəsillər kimi xatırlayır:

“...Ayrı bir adam haçansa uşaq olmuşdu, səhər-səhər yerindən durub yuxulu-yuxulu ata-anasının yanına qaçmağı xoşlayırdı, aralarında uzanıb nazlanırdı, xətrinə dəyəndə, nədənsə inciyəndə acıq eləyib küsürdü, bilirdi ki, gəlib könlünü alacaqlar, qılığına girəcəklər, əvvəlkindən daha çox əzizləyəcəklər...

...Bir dəfə evdə adam çox olduğundan Vəliylə onu yatızdırmağa qonşuya apardılar. Onların da tək qalmaq ürəklərindəniydi; yerlərinin içində oynayırdılar, gülürdülər, yastıqları bir-birinə tullayırdılar. Qəfil ataları otağa girdi, acıqlı-acıqlı üstlərinə qışqırdı ki, sakit olsunlar, gülməsinlər! İkisi də elə bil bir himə bəndiydilər, səs-səsə verib ağladılar. Onda ataları da durub-durub birdəncə ağladı, onları qucaqlayıb, ağlayın, dedi, siz də ağlayın, ananız ölüb...

davamı növbəti sayımızda

F.Uğurlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Noyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see205

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see204

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri