Icma.az
close
up
RU
“Mavi dənizin sahilində” səsi açılan kinomuz

“Mavi dənizin sahilində” səsi açılan kinomuz

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səsli kino – 90

Azərbaycan kinematoqrafiyasının şanlı tarixinə qızıl hərflərlə yazılan “Mavi dənizin sahilində” bədii filminin 90 illik yubileyi qeyd olunur. 1935-ci ildə “Azərfilm” kinostudiyası tərəfindən lentə alınan ekran əsəri ölkəmizin ilk səsli filmi olaraq kino tariximizdə yeni bir mərhələnin başlanğıcını qoydu.

Bu film Azərbaycan kinosunu səssiz ekranlardan səsli dünyaya gətirərək bir çox yeniliklərə imza atdı. Filmin səsləndirilməsi rus alimi və ixtiraçısı Pavel Tagerin səsli kinematoqrafiyada inqilab hesab olunan ixtirası sayəsində mümkün oldu. Onun bu texniki yeniliyi səs və görüntünün sintezini təmin edərək filmin daha canlı və təbii olmasına imkan yaratdı. Azərbaycan dünya kinosunun inkişafı ilə ayaqlaşaraq səsli kinematoqrafiyaya qədəm qoydu.

Filmin quruluşçu-rejissoru, məşhur kinematoqraf Boris Barnet olsa da bu tarixi əsərin ərsəyə gəlməsində azərbaycanlı mütəxəssislərin rolu əvəzsizdir. Moskvada təhsil alan ilk azərbaycanlı rejissor Səməd Mərdanov dördüncü kursda oxuyarkən Boris Barnet tərəfindən ikinci rejissor kimi bu layihəyə dəvət edilmişdi. S.Mərdanovun yaradıcılıq axtarışları və filmə daxil etdiyi bir neçə epizod kino mütəxəssislərinin diqqətini çəkmişdi. Yaradıcı heyətdə, həmçinin operator Mirzə Mustafayev, rejissor assistenti Məmməd Əlili və rəssam Viktor Aden kimi istedadlı sənətkarlar da yer alırdı.

Komediya janrında çəkilən ekran əsəri iki balıqçı dostun – Yusif (Lev Sverdlin) və Alyoşanın (Nikolay Kryuçkov) həyatından bəhs edir. Hadisələr Azərbaycanın cənubunda, Sara adasındakı balıqçılıq kolxozunda baş verir. İki dostun balıqçı qızı Maşenkaya olan sevgisi aralarında mübahisələr və anlaşılmazlıqlar yaradır ki, bu da filmin əsas gülməli məqamlarını təşkil edir. O dövrün gənc, lakin tanınmış aktyorları Lev Sverdlin və Nikolay Kryuçkovun “komediya cütlüyü” kimi uğurlu ifası filmin populyarlığını daha da artırdı.

Filmin səhnələri Bakı ətrafında və Lənkəran bölgəsində, Xəzər dənizinin gözəl mənzərələrində lentə alınmışdır. Sosialist realizmi dövründə çəkilməsinə baxmayaraq, “Mavi dənizin sahilində” tənqidçilər tərəfindən “azad nəfəs” kimi qəbul edilmiş və səsli kino üçün musiqi və səsin sintezinin vacibliyini sübut etmişdir. Filmdə səslənən musiqi parçaları hadisələrin ritmi ilə tam uyğunlaşaraq komik və lirik anları daha da vurğulamışdır.

Kinotənqidçi, Azərbaycan Kinematoqraflar İttifaqı İdarə Heyətinin üzvü Sevda Sultanova dedi: “Mavi dənizin sahilində” filmində əsas məsələ ssenari yox, məhz rejissor işidir. Filmin süjeti mənə banal gəlir, bu mövzu o dövrdə tez-tez işlənirdi. Buna baxmayaraq, rejissor Boris Barnetin ideoloji təbliğatdan qaçaraq sənətə üstünlük verməsini çox yüksək qiymətləndirirəm.

Filmdəki bəzi kadrlar, xüsusən günəşin dəniz üzərindən doğulması səhnəsi rəssam Ayvazovskinin tablolarını xatırladır. Bəzən isə mənə elə gəlir ki, rejissor Klod Monenin impressionist ovqatını aşılamağa çalışıb. Milli kinomuzda Xəzəri bu qədər müxtəlif biçimdə ekrana gətirən, onu əhvalatın mərkəzinə çevirən ikinci bir film yoxdur.

Məsələn, filmdəki mübahisə səhnəsində fırtınalı dənizlə personajların daxili həyəcanı birlikdə göstərilir ki, bu da çox incə rejissor yanaşmasıdır. Filmi dəyərli edən məhz bu sənətkarlıqdır. Rejissor Barnet süjetin sadəliyini öz peşəkar yanaşması ilə aradan qaldırır. Mənə elə gəlir ki, Barnet bu filmdə ideoloji şüarları önə çəkməyib, əsasən filmin bədii dilinə və vizual həllərinə diqqət yetirib. Məhz buna görə də əsər Azərbaycan kinosunun tarixində əvəzsiz yer tutur.

Filmin ilk nümayişi 1935-ci ilin payızında “Mejrabpomfilm” kinoteatrında baş tutsa da geniş ekranlara 1936-cı ilin aprelində çıxmışdır. O dövrün “Veçernyaya Moskva” qəzeti filmin ilk baxış təəssüratlarını belə təsvir edirdi: “Kiçik bir tamaşaçı qrupu bu yaxınlarda çəkilmiş materialı böyük məmnuniyyətlə izlədi”.

1973-cü ildə Moskvada nəşr olunan “Sovet kinosunun tarixi” kitabında film haqqında fərqli fikirlər irəli sürülmüşdür. Lakin rejissor Boris Barnetin və aktrisa Yelena Kuzminanın film haqqında söylədikləri fikirlər “Mavi dənizin sahilində” əsərinin Azərbaycan kinosunun mühüm tərkib hissəsi olduğunu təsdiqləyir. Filmin ən böyük uğurlarından biri də Dünya Kinosunun 100 illik yubileyi münasibətilə keçirilən sorğuya əsasən ən yaxşı 12 əsər siyahısına daxil edilməsidir. Bu mühüm hadisə 1995-ci ildə Moskvanın “Kinovedçeskiye zametki” jurnalında da geniş işıqlandırılmışdır.

2019-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may tarixli 211 nömrəli qərarı ilə "Mavi dənizin sahilində" filmi dövlət mülkiyyətində olan filmlərin siyahısına salındı. Bununla da onun tarixi və mədəni irs kimi dəyəri bir daha təsdiqini tapdı.

“Mavi dənizin sahilində” bədii filmi Azərbaycan kinematoqrafiyasının səsli kino tarixində bir başlanğıc olmaqla yanaşı, həm də gənc nəsil üçün milli sənətimizin köklərini dərindən tanıdan əvəzsiz xəzinədir. Bu film zamanın sınağından uğurla çıxaraq bu gün də aktuallığını qoruyur.

Arzu ƏLİYEVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Sentyabr 2025 01:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see368

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see252

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see251

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see235

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see229

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see224

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see218

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see213

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see210

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see206

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see202

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see201

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see190

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see184

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see183

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see179

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see177

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see177

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see169

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri