Mədəniyyət Nazirliyi: Dövlət əsər yazmaq istəyənlərin hamısına dəstək versə, bütün işsiz gücsüzlər kitab yazacaq MÜSAHİBƏ
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadənin APA-ya müsahibəsi
- Mədəniyyət Nazirliyinin kitab sənayesi ilə bağlı prioritet istiqamətləri hansılardır?
- Bildiyiniz kimi, kitab sənayesinin dəstəklənməsi, bu sahənin subyektləri ilə əməkdaşlıq, onların təşviqi və stimullaşdırılması Mədəniyyət Nazirliyinin fəaliyyətinin əsas prioritetlərindəndir. Son dövrlər kitab sektorunda aktivlik izlənməkdədir ki, bunun da əsas göstəriciləri nəşr məhsullarının satın alınması, kitab sərgilərinin təşkili, fərqli məkanlarda tez-tez keçirilən kitab təqdimatları, yazarlarımızın yaradıcılıq gecələridir. Bu istiqamətdə görülən işlərin göstəricilərinə nəzər salmaq istəsək son dövrlərin nəşr məhsullarının satın alınması prosesindən başlamalıyıq ki, bu addım kitab prosesinə, əsasən, iki istiqamətdə təsir edir.
Birincisi, nəşriyyatlar nəşr etdikləri məhsulları dövlətə satır ki, bu onların maddi rifahına müsbət təsir edir, fəaliyyətini stimullaşdırır. İkincisi, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən kitabxanaların kitab fondları yeni ədəbi nümunələrlə zənginləşir. Son üç ildə – 2023-2025-ci illər ərzində Mədəniyyət Nazirliyi nəşriyyatlardan ümumilikdə 1 547 690 manat məbləğində, 1 652 adda 155 653 nüsxə nəşr məhsulu satın alıb. Bu rəqəm son 16 ilin ümumi həcmini üstələyir. Yəni cəmi 2-3 ildə 16 ilin nəticəsindən daha yüksək göstəriciyə nail olunub ki, bu da son deyil. Biz qarşıdakı illərdə kitab alışını artırmağı hədəfləyirik. Bu da onu deməyə əsas verir ki, nazirlik kitab sahəsində ciddi və sistemli addımlar atmaqdadır. Təəssüf ki, bunu çox adam görmür və bu məlumatlar ictimaiyyətə kifayət qədər açıqlanmır. Son 2-3 ildə Azərbaycanın ucqar kəndlərində yerləşən kitabxana filialları belə Mədəniyyət Nazirliyinin ən son nəşrləri ilə təmin edilir. Halbuki kənd kitabxana müəssisələrinə oxucu marağı azdır.
Bununla belə, nazirliyin bu sahədəki işi təkcə kitab alışı ilə bitmir. Nazirliyə müəlliflər tərəfindən müraciətlər daxil olur və bu müraciətlər əsasında kitab nəşri həyata keçirilir. Hazırda peşəkar mütəxəssislərdən ibarət komissiya fəaliyyət göstərir ki, həmin Komissiya nəşr olunacaq əsərlərin seçilməsi, qiymətləndirilməsi və nəşr planına daxil edilməsi ilə birbaşa məşğul olur. Buraya həm bədii, həm də elmi-kütləvi ədəbiyyat daxildir. 2024-cü ildə müəlliflər tərəfindən təqdim olunmuş 52 əsər komissiya tərəfindən qiymətləndirilib. Onlardan 17-si elmi-kütləvi, 10-u isə bədii əsər olmaqla müsbət rəy alaraq nazirliyin nəşr planına daxil edilib. 2025-ci ildə isə 56 əsər qiymətləndirilib. Beləliklə, 2024–2025-ci illər ərzində ümumilikdə 73 əsər dəyərləndirilib. Eləcə də “Azərnəşr” - Azərbaycan Dövlət Nəşriyyatının fəaliyyəti, xüsusi ilə dövlət üçün vacib ədəbiyyatların nəşri bu sahədə mühüm rol oynayır.
Bununla bərabər, ölkədə keçirilən kitab sərgiləri, kitab təqdimatları və digər ədəbi tədbirlər də ədəbiyyatın inkişafına xidmət edir. Çünki, bir kitabdan bir neçə sahə üzrə qazanc əldə edilə bilir. Bir kitab müəllif üçün də, redaktor, korrektor üçün də, naşir və menecer üçün də qazanc deməkdir. Maddi və mənəvi qazanc…
Nəşriyyatlar bizim tələblərimizi o səviyyədə qarşılaya bilmir
- Ləğv edilən “Qızıl Kəlmə” mükafatının yerinə hansısa mükafatın təsis edilməsi gözlənilir? Konkret olaraq yaradıcı adamların həvəsləndirilməsi üçün hansı addımlar atılır?
- Ümumilikdə ədəbiyyatın stimullaşdırılması istiqamətində də son illər mühüm addımlar atılır. Ölkədə yaradıcı insanların dəstəklənməsi günümüzün əsas istiqamətlərindəndir. Azərbaycan Respublikasının yaşlı və gənc yazarlarının yaradıcılıq fəaliyyətinə dəstək məqsədilə təsis edilmiş xüsusi təqaüd fondu çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin qərarına uyğun olaraq, hər il 50 nəfər yaşlı, 20 nəfər gənc yazar üçün bir illik təqaüd ayrılır. Müxtəlif müsabiqələr keçirilir ki, bu da prosesi yaxşı mənada tətikləyir.
Lakin ədəbiyyatımızın inkişafını təmin edəcək əsas amillərdən biri kitab mükafatıdır ki, Mədəniyyət Nazirliyi bu önəmli məsələnin üzərində işləyir. Hazırda proses razılaşdırma mərhələsindədir. Bununla bağlı bütün hüquqi addımlar atılmaqdadır. Bunu, dünyada ədəbiyyat sahəsində məşhur olan və əhəmiyyətli hesab edilən “Buker” mükafatının Azərbaycan versiyası kimi də dəyərləndirə bilərik ki, ədəbiyyatımızın inkişafına ciddi təsir göstərəcək. Əslində, bu addım əvvəllər atılsaydı, daha yaxşı olardı, çünki bu, çox vacib məsələdir.
Bundan başqa, Azərbaycan ədəbiyyatının dünyada tanıdılması ilə bağlı tərcümə proqramı üzrə də nazirliyin planları var. Bu məsələdə əsas niyyət Azərbaycan ədəbiyyatının xarici dillərə tərcüməsini və xarici kitab prosesinə inteqrasiyasını təmin etməkdir.
- Nəşr keyfiyyətinə nəzarət mexanizmi var? Keyfiyyətsiz tərcümə və zəif redaktə ilə bağlı şikayətlər çox olur. Bu məsələdə nazirlik hansı rolu oynamalıdır?
- Bilirsiniz, nəşriyyatlar biznes subyektləridir. Biz birbaşa onların fəaliyyətlərinə müdaxilə edə bilmərik. Amma biz fərdi olaraq nəşriyyatlarla bu mövzu ətrafında müzakirələr aparırıq, təkliflərimizi, tövsiyələrimizi veririk. Eləcə də nəşriyyatların təqdim etdiyi əsərlərin alışı prosesində nazirlik istər poliqrafik keyfiyyət baxımından, istərsə də tərcümə, redaktə, korrektura baxımından qüsursuz kitabları almağa çalışır. Biz desək ki, bunun hamısı qüsursuz olsun, açığı bu gün nəşriyyatlarımız hələ ki bizim tələblərimizi o səviyyədə qarşılaya bilmir. O da bizim nəşriyyatlarımızın yeni yaranmasından, ümumiyyətlə Azərbaycanda təbii olaraq nəşriyyat bazarının çox da geniş olmamasından qaynaqlanır. Bu da bilavasitə oxucu kontingentinin aktiv olmamasından irəli gəlir. Nə mənada? Bu qeyri-aktivlik təbii alqılanmalıdır. Çünki əhali olaraq da özümüzü əhalisi 100, 200, 300 milyon olan ölkələrlə müqayisə edə bilmərik. Özümüzün oxucu potensialımıza görə nəşriyyatların qarşısında tələb qoya bilirik. Nəşriyyatlar öz kitablarını min, iki min tiraj nəşr edir, hətta əvvəlki dönəmlərdə bu göstərici üç yüz, beş yüz tiraj olurdu. İndi bir az artım var. Bu da Azərbaycanda kitab prosesində canlanmanın nəticəsidir. Məsələn, artıq biz sərgilərdə də görürük ki, insanlar kitab tədbirlərinə maraqla gəlirlər. Elementar bizim kitab satışı ilə məşğul olan müəssisələrin tədbirlərində də görürük ki, kitaba kifayət qədər marağı olan kontingentimiz var. Bunu daha aktivləşdirmək, çoxaltmaq istiqamətində addımlar atırıq. Nəşriyyatlarımızın burada məsuliyyəti daha keyfiyyətli əsərlər nəşr etməkdir. Bunlar istər bədii baxımından, istərsə də poliqrafik keyfiyyət baxımından önəmlidir. İndi ola bilər ki, hansısa nəşriyyat məsuliyyəti tam dərk etmir. Amma bunu dərk edən nəşriyyatlarımız da var. Bu prosesin üzərində kifayət qədər ciddi dayanan, bu işə məsuliyyətlə yanaşan nəşriyyatların varlığı həqiqətən sevindiricidir.
Kənd kitabxanalarında keçirilən tədbirlər effektli deyil
- Kəndlərdə kitabxanaların funksionallığının artırmaq məqsədi ilə hansı işlər aparılır?
- İlk növbədə onu qeyd edim ki, bizim hər bir rayonda mərkəzi kitabxana sistemləri fəaliyyət göstərir. Bunlar mərkəzi müəssisələrdən, eləcə də uşaq kitabxanası və kənd kitabxana filiallarından ibarətdir. Bunların hər birində kitaba həvəsləndirmək üçün tədbirlər keçirilir. Bu tədbirlər effektlidirmi? Xeyir. Mən bunu açıq etiraf etməliyəm. Effektiv deyil. Bunun da səbəbləri ümumiyyətlə bölgədə oxucunun aktiv olmamasıdır. Və ən əsası bizim kənd-yaşayış məntəqələrinin demək olar ki, böyük əksəriyyətində kitabxana fəaliyyəti beynəlxalq standartlarla uzlaşmır. Bu gerçəyi qəbul etmək lazımdır. İFLA (Beynəlxalq Kitabxana Assosiasiyaları və Təşkilatları Federasiyası-red.) standartları mövcuddur ki, biz gec-tez bu standartları tətbiq etməliyik. Amma nəzərə almaq lazımdır ki, bizim kənd müəssisələri qətiyyən bu tələblərə cavab verə bilmir. Ona görə də optimallaşma - daha gözəl, funksional nümunələrə keçid etməliyik.
Dünyada kitabın qiymətinin ən ucuz olduğu ölkələrdən biri Azərbaycandır
- Kitabların qiymətinin yüksək olması ilə bağlı ictimai narazılıq var. Nazirlik bununla bağlı bazar tənzimlənməsinə müdaxilə edə bilər?
- Bu sualınıza cavab olaraq mən həm nazirlik əməkdaşı, həm də nəşriyyatçı, oxucu kimi danışa bilərəm. Çünki özüm nəşriyyat sahəsindən gəlmişəm, uşaq vaxtından kitab oxuyuram, illərin oxucusuyam, indi nazirliyi təmsil edirəm. Ona görə də hər üç tərəfin iradəsini ifadə edə bilərəm. Hazırda kitabın bahalığına diqqət çəkmək istəyirsinizsə, buna mənim münasibətim fərqlidir. Düzdür, ola bilsin ki, oxucularımız məni topa tutacaq. Ancaq dünyada kitabın qiymətinin ən ucuz olduğu ölkələrdən biri Azərbaycandır. Bunu sizə səmimi deyirəm. Biz kitab satmırıq. Kitabın baha və ya ucuz olması Mədəniyyət Nazirliyinə maddi olaraq heç nə qazandırmır. Amma mən bunu sizə açıq deyirəm, istəsəniz araşdıra bilərsiniz. Bizə yaxın olan ölkələrdə də, Avropada da araşdırma apardığınız zaman görəcəksiniz ki, həqiqətən Azərbaycanda kitab qiymətləri aşağıdır. İndi sizə bir məmur kimi yox, nəşriyyatçı kimi izah edim. Nəşriyyatçı kitabın çapa qədər prosesindən başlayaraq xərc çəkir: yığım, redaktə, korrektə, dizayn və s. Sonra işi mətbəəyə yönəldir. Kitabın xammalı nədir – kağız. Mətbəəçi kağızı xaricdən xarici valyuta ilə baha qiymətə alır. Rəngi, dozaklı, yapışqanı, ipi xaricdən alır. Avadanlığın hamısını xaricdən alır və bu avadanlıqların qiyməti çox yüksəkdir. Texniki baxış lazım olanda ən azı ildə bir dəfə xaricdən mütəxəssis gətirir. Onun təkcə əl haqqı kifayət qədər ciddi bir maliyyə vəsaitidir. Dolayısı ilə nəşriyyatçı kitab istehsal etmək üçün çox ciddi bir zəhmət çəkmiş olur və pul xərcləyir. Özünün ofisinin, sexinin kirayəsi, kommunal, daşınma xərcləri… Ardınca kitabı satış nöqtələrinə çıxarır. Kitab satış nöqtələri satdıqları hər kitabın 30-40 faizini özü götürür. Onlar da buna məcburdur, çünki yerin kirayəsi və digər xərcləri var. O, pulu çıxarmalıdır. Bütün bunları fikirləşəndə Azərbaycanda nəşriyyatçıya çox az xeyir qalır. Ona görə də nəşriyyatçılar bu gün çox vaxt deyinirlər. Əslində onların işi bir növ mənəvi işdir. Nəşriyyatların varlığı bizim üçün çox vacibdir. Mən onları dəstəkləyirəm. Amma nəşriyyatçıların illah da dövlətdən tam mənası ilə dəstək güdməsi normal deyil. Çünki o sahənin özü də bir biznes subyektidir. Onlar normal işləyib, fəaliyyət göstərib, ciddi marketinq qurub, ciddi əsərlər seçib, oxucuya təqdim etməlidirlər. Nəşriyyatçı kitabı – məhsulu nəşr etməmişdən qabaq ona tələbat formalaşdırmağı bacarmalıdır. Bu da birbaşa marketinqdir. Bizim ən böyük problemimiz odur ki, nəşriyyatçı bəzən həm yazıçılıq, həm redaktorluq edir, axırda da menecerlik edir. Bu, doğru deyil. Hər işin öz mütəxəssisi var. Hər işi öz mütəxəssisinə verdiyimiz zaman biz daha uğurlu olacağıq. Hansı nəşriyyatın ki, naşiri ayrı, redaktoru, korrektoru, dizayneri, meneceri ayrıdır, o nəşriyyat uğurlu olacaq və olur da. Biz bunu artıq bazarda görürük. Bu bir az baha başa gəlir, anlayıram. Amma bunu qurmaq qaçılmazdır. Mütəxəssisləri müqavilələrlə, müəyyən razılaşmalarla bir araya toplayıb, birləşib işləmək mümkündür. Amma bizdə hamı şef olmaq istəyir. Şef olmaq iddiası bir çox yönlərdən inkişafa mane olur.
- Sərgidə şəxsən özüm qarşılaşmışam, kitabın üstündəki qiymətlə satıldığı qiymət fərqlidir. Baha satmağa çalışıblar.
- Oxucuya sizin dediyinizi etmək peşə etikasına ziddir. Qətiyyən etmək olmaz. Doğrusu, inana bilmirəm ki, hansısa nəşriyyat bunu edə. Oxucunu aldatmaq olmaz. O məsələni mən qətiyyən qəbul etmirəm. Əgər olubsa mən oxucudan o nəşriyyat adına üzr istəməyə hazıram.
Azərbaycanda bütün o işsiz-gücsüzlər hamısı gəlib kitab yazmaqla məşğul olacaq
- Olmaz ki, nəşriyyatların sayı azaldılsın və yerdə qalan, məsələn, 5 nəşriyyatı dövlət də müəyyən qədər maliyyələşdirsin. Belə olan halda çap olunan əsərlərin keyfiyyətinə də nəzarət etmək olar.
- Bütün dünyada qəbul olunan bir norma var. Nəşriyyatlar biznes subyektləridir. İstənilən şəxs bu və digər sahələrdə öz biznesini qura bilər. Bu gün də Azərbaycan nəşriyyatlarının biznes subyektləri kimi inkişafını biz arzulayırıq. Buna nə kimi dəstək oluruq? Nəşrlərin satın alınması. Artıq ildən-ilə biz bunu artırırıq. Məsələn, 2025-ci ildə nəşriyyat məhsullarının satın alınması üçün xərclənən vəsait 2024-ci illə müqayisədə nəzərəçarpacaq qədər çoxdur. Növbəti illərdə də bunu artan templə davam etdirəcəyik. Bildiyiniz kimi, kitab sərgilərində nəşriyyatlara 6 kvadrat metr yeri ödənişsiz veririk. O, 6 kvadrat metrdən artıq yer üçün simvolik ödəniş edir. Düzdür, bizim nəşriyyatlar üçün o ödəniş kifayət qədər böyükdür. Mən onu etiraf etməliyəm. Necə ki, inkişaf etməkdə olan ölkələr anlayışı var, eləcə də bizim nəşriyyatlarımız inkişaf etməkdə olan nəşriyyatlardır. Biz onlara kömək etmək istəyirik, amma köməyin də bir həddi var. Son 2 ildə qarşıdakı İstanbul sərgisini də nəzərə alsaq, biz 40-a yaxın naşirimizi və 30-a yaxın yazıçımızı dövlət hesabına xarici ölkələrdə sərgilərə aparmışıq. Bu nəşriyyata və yaxud da ədəbiyyata yaradılan şərait deyilmi? Məsələn, bu günə qədər böyük beynəlxalq sərgiləri görməyən naşirlər və dünyada olan belə böyük kitab hadisələrindən məlumatsız olan yazıçılarımız var idi. Naşirlər xarici sərgilərdə kitablarını da sərgiləyə bilir, özlərini təbliğ edə bilirlər, bu sahənin xarici subyektləri ilə müqavilələr bağlaya, əlaqələrini genişləndirə bilirlər. Biz onları bilet, nəqliyyat, yemək, hotel - özü də hər birini ayrı-ayrı otaqlarla təmin edirik. Mədəniyyət Nazirliyi bütün bu şəraiti onlar üçün yaradır.
- İsveçdə yazıçı kitab yazmağa başlayanda dövlət onu yazı prosesindən başlayaraq kitabın reklamına qədər dəstəkləyir. Bizdə bu dəstəyi göstərmək mümkün deyil?
- Hə, burada çox incə bir məqamı nəzərə almalıyıq. Heç şübhəsiz ki, biz xalq olaraq istedadlıyıq. Bizim kifayət qədər ciddi talantlı insanlarımız var. Amma biz bu gün desək ki, kim İsveçdəki kimi yazmaq istəyirsə, təşəbbüs varsa, yazsın, onu dövlət dəstəkləyir - Azərbaycanda bütün o işsiz-gücsüzlər hamısı gəlib kitab yazmaqla məşğul olacaq. Biz hələ heç onu elan etmədən bu gün Azərbaycanda heç kimə lazım olmayan müəllif, roman, şeir, povest, hekayənin qarşısında dayana bilmirik. Bu gün yazı qabiliyyəti olmayan adamlar meydandan çıxmaq istəmir. Onlar istəyirlər ki, əsərləri tərcümə olunsun, əsərləri nəşr olunsun. Şəxsən mən və Mədəniyyət Nazirliyi yaxşı ədəbiyyatın yaranmasından yanayıq. Biz yeni müəlliflər yaratmalıyıq - mən elə düşünürəm. Hətta sovet hökuməti ən zəif zamanında belə yeni müəlliflər yarada bildi. Onların içində kifayət qədər mükəmməl yazan yazarlar var idi. Amma bu gün reallıq var: Azərbaycanda kifayət qədər ciddi əsər yazmış müəllif axtarıram. Gəlsin, biz onun arxasındayıq.
- Bəlkə həmin o ciddi müəllifin ortaya çıxması üçün senzura lazımdır?
- Senzura yox, amma bir komissiya var. Həmin komissiya nazirliyə təqdim olunan kitabları və yazıların hamısını oxuyur və rəy verir. Yəni o komissiya qəbul etdisə, biz bu kitabı alırıq, yaxud yazını çap edirik. Komissiya qəbul etmədisə, biz ona müdaxilə etmirik. Artıq 2025-ci ildə fəaliyyət göstərən komissiyanın üzvlərinin adlarını elan etmişik. Hamı artıq bilir. Biz onu adətən məxfi saxlayırıq. 2026-cı ilin komissiyasının təşkili ilə bağlı hazırda iş gedir. Bu gün istənilən birindən soruşa bilərsiniz ki, Mədəniyyət Nazirliyindən - istər nazir, istər nazir müavini, istər şöbə müdiri - zəng edib kiməsə deyib ki, bu kitabı almağımız lazımdır? Qətiyyən ola bilməz. O məsələ cənab nazirin birbaşa nəzarətindədir. Komissiyanın rəyi əsasında nə alınırsa alınır, komissiyanın mənfi rəy verdiyi kitab müəllifinin kimliyindən asılı olmayaraq, alına bilməz.
- Bizim yazıçıların, müəlliflərin dünyaya çıxmamasına səbəb nədir?
- Dünya insanı üçün maraqlı olan mövzu axtarışımız hələ də davam etməkdədir. Biz dünyadakı yeni ədəbi-bədii çağırışlarla uzlaşmalıyıq ki, bizim ədəbiyyatımız xarici bazara çıxa bilsin. Burada ikinci faktor nəşriyyatçıların fəaliyyətidir. Bizim dünya çaplı nəşriyyatlarımızın olması lazımdır. Yaxud da yazarlarımız dünya çaplı nəşriyyatlarla əməkdaşlıq etməlidir. Üçüncü və çox önəmli məsələ dil faktorudur. Biz dilimizi də fikrimizlə bərabər inkişaf etdirməliyik. Ona qədər də tərcümə proqramları ilə ədəbiyyatımızın təbliğini həyata keçirməliyik. Amma ən böyük arzularımdan biri odur ki, hər hansı bir əcnəbi azərbaycanlı bir müəllifin əsərini orijinaldan oxuya bilmək üçün bizim dilimizi öyrənsin. Biz həmin müəllifi yetişdirməliyik.
Bunları etməliyik ki, uşaqları “Hörümçək adam”ın əlindən alaq
- Uşaq ədəbiyyatının zəif inkişaf etdiyini deyənlər çoxdur. Bu sahənin dəstəklənməsi üçün hansı işlər görülür?
- Uşaq ədəbiyyatı son 3-5 ildə Azərbaycanda inkişaf mərhələsinə qədəm qoyub. Bu da Azərbaycanda olan kitab sərgilərinə uşaqların gəlməsi, kitab axtarışı, uşaqlarla ünsiyyətlə bağlıdır. Uşaq yazarları artıq formalaşmaqdadır. Mən son kitab sərgisində bir neçəsi ilə tanış oldum. Hətta onların əsərlərindən aldıqlarım var, oxuyuram. Düzdür, onlar da hələ tam istədiyimiz qatlarda deyil. Amma düşünürəm ki, öz üzərlərində işləməlidirlər, hazırda dünyada uşaq ədəbiyyatı ilə bağlı olan çağırışlarla uzlaşmalıdırlar. Mən demirəm ki, bizim uşaq yazarları dünya ədəbiyyatındakı motivlərə köklənsinlər, yox, biz öz qəhrəmanlarımızı yaratmalıyıq. Siz diqqət etsəniz, görərsiniz ki, bu gün Azərbaycan ictimaiyyətində uşaqların çoxu Avropa müəlliflərinin cəmiyyətlərə sırıdığı, yaratdığı o qəhrəmanlardan istifadə edirlər. Bizim kifayət qədər qəhrəmanımız olduğu halda uşaqlarımıza onları təqdim edə bilməmişik. Biz divə yeni forma, mahiyyət verməliyik. Biz Qobustandan, Azıx mağarasından yeni qəhrəmanlar çıxarmalıyıq. Bunları etməliyik ki, uşaqları “Hörümçək adam”ın əlindən alaq. Bizim qəhrəmanlarımız Oğuz, Sabutay, Bayındır, Dədə Qorqud, Beyrək olmalıdır. Hətta köhnə obrazları yeni qiyafədə təqdim etməliyik.
- Dövlət sifarişi ilə uşaq kitabları hazırlanması haqqında planlar var?
- Qarşıda uşaq yazarları ilə görüşümüz planlaşdırılır. Onlara motivasiya vermək üçün müəyyən təkliflərimiz olacaq. Hazırda onun üzərində iş gedir.
Foto - İlkin Nəbiyev ©️ APA GROUP
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 03 Dekabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















