Icma.az
close
up
RU
Mehdiyev nəyə və niyə müqavimət göstərir Sirr çözülür

Mehdiyev nəyə və niyə müqavimət göstərir Sirr çözülür

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Hüquqşünas: "O, tarixə dövlətə xəyanət edən kimi deyil, "boz kardinal" kimi..." 

Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlərdə və korrupsiyada təqsirli bilinən Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmır. Mehdiyev barəsində çıxarılan hökmdən apellyasiya şikayəti verib. Apelyasiyada Ramiz Mehdiyevin cinayət işinə yenidən baxılması, hərəkətlərinə düzgün hüquqi qiymət verilməsi və daha yumşaq hökm çıxarılması tələb olunur. İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevə göndərilib. İclasın tarixi hələ təyin edilməyib.

Xatırladaq ki, uzun illər Prezident Administrasiyasına rəhbərlik etmiş, daha sonra isə AMEA-ya başçılıq etmiş Ramiz Mehdiyevin cinayətkar fəaliyyəti ötən il ifşa olunub. Həmin vaxt Dövlət Təhlükəsizliyi Xidməti (DTX) onun dövlət çevrilişi cəhdini təsdiqləyən səs yazılarını yayımlayıb. Ötən ay verilən hökmdə Mehdiyev bir sıra ağır cinayətlərdə təqsirli bilinib. Bunlara hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş hərəkətlər, dövlətə xəyanət, çirkli pulların yuyulması və külli miqdarda rüşvət alma kimi ittihamlar daxildir. Lakin Mehdiyevin yaşını və sağlamlığını nəzərə alaraq məhkəmə onu 14 il şərti azadlıqdan məhrum edib. Bundan əlavə, məhkəmə Mehdiyevin əmlakının müsadirə edilməsi və bütün dövlət mükafatlarının ləğv edilməsi barədə qərar çıxarıb.

Təbii ki, hər bir şəxsin məhkəmə qərarından şikayət vermək hüququ var. Ancaq Mehdiyevin yaşı, siyasi keçmişi və barəsində irəli sürülmüş ittihamların xarakteri bu addıma əlavə maraq yaradır. Görəsən, o, sadəcə olaraq hökmün yüngülləşdirilməsinə nail olmaq istəyir, yoxsa apellyasiya mərhələsindən daha geniş məqsədlər üçün istifadə etməyi düşünür?

Burada başqa bir sual da ortaya çıxır: Mehdiyev nəyə müqavimət göstərir? İllərlə formalaşdırdığı siyasi nüfuzun və təsir imkanlarının itirilməsi ilə barışmaq istəmir, yoxsa hələ də müəyyən siyasi hesabları var? Bəlkə də, bu mübarizənin arxasında özünə və yaxın çevrəsinə dair başqa narahatlıqlar dayanır.Bu, sadəcə hüquqi müdafiə cəhdidir, yoxsa onun hələ də müəyyən siyasi gözləntiləri və hesabları var? 86 yaşlı sabiq məmur nəyə və kimə müqavimət göstərir? O, nəyəsə ümid edir, yoxsa bu, sonadək təslim olmamaq cəhdidir?

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Musavat.com-a bildirdi ki, formal hüquqi baxımdan burada qeyri-adi heç nə yoxdur: “Hökmdən şikayət vermək hər kəsin təminatlı konstitusiya hüququdur və bu hüquq keçmiş vəzifəsindən, yaşından, ittihamın ağırlığından və başqa hallardan asılı deyil. BMT-nın Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktına görə hər hansı bir cinayətə görə məhkum edilən hər bir şəxs onunla bağlı ittihamnaməyə və hökmə yuxarı məhkəmə instansiyası tərəfindən qanuna uyğun olaraq yenidən baxılmasına nail olmaq hüququna malikdir. Avropa İnsan Hüquqları Konvensiyası, 7 saylı Protokoluna görə cinayətdə təqsirli bilinən hər kəsin məhkum edilməsinə və ya hökmünə yuxarı instansiya məhkəməsində yenidən baxılması hüququ var. Azərbaycan Respublikasının Konstitusiyasının 65-ci maddəsi hər kəsin məhkəməyə təkrar müraciət hüququnu təsbit edir. Həmin maddəyə görə məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Azərbaycan respublikasının Cinayət Prosessual Məcəlləsi də məhkum edilmiş şəxsin mənafeyinə aid hissədə həmin məhkumun özünün, onun qanuni nümayəndəsi və ya müdafiəçisinin apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti vermək hüququnu nəzərdə tutur. Buna görə də Ramiz Mehdiyevin apelyasiya şikayəti verməsi onun beynəlxalq normalarla, Azərbaycan Konstitusiyası və cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmuş hüququnun gerçəkləşdirilməsi hesab olunmalıdır".

Ekspert deyib ki,  yayılan məlumata görə, şikayətdə işə yenidən baxılması, əməllərinə "düzgün hüquqi qiymət" verilməsi və daha yumşaq hökm çıxarılması tələb olunur: "Əgər bu məlumat doğrudursa, demək Ramiz Mehdiyev verilən ittihamlarda özünü təqsirli sayır və yalnız təyin olunmuş cəzanı ağır hesab edərək onu yüngülləşdirməyi xahiş edir. Mehdiyevin bu xahişi ilk baxışdan paradoksal görünə bilər. Belə ki, təyin olunmuş şərti xaraktar daşıyan cəzadan daha yüngül cəza növü nəzərdə tutulmur. Lakin nəzərə almaq lazımdır ki, Mehdiyevə təyin olnan cəza şərti xarakterli 14 illik azadlıqdan məhrum etmədən ibarət deyil. Buraya əsas cəza olan azadlıqdan şərti məhrumetmə ilə yanaşı əmlak müsadirəsi, onun dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün rəsmi müraciət etmə kimi əlavə cəzalar da daxildir. Deməli, Mehdiyev üçün əsas itki azadlıq yox, başqa şeylərdir, əmlak, adlar, ordenlər və bəlkə də hamısından vacibi tarixdə hansı statusla qalacağı... Əməllərinə "düzgün hüquqi qiymət" verilməsi xahişinin də məhz buradan qaynaqlanması şübhəsizdir. Ramiz Mehdiyev təxminən yarım əsr ərzində Azərbaycan siyasi sisteminin ideoloji memarlarından biri kimi təqdim olunub. Kitablar yazıb, dövlətçilik konsepsiyaları formalaşdırıb, "milli ideologiya" haqqında danışıb. İndi isə hökm onu məhz bu dövlətçiliyə qarşı çıxan biri kimi tanıyır. Belə bir insan üçün "xəyanətkar" statusu ilə həyatının son illərini yaşamaq, bəlkə də, istənilən həbs müddətindən daha ağırdır. Bu baxımdan apellyasiya şikayətini sırf hüquqi addım hesab etmək çox bəsit olar. Bu, həm də öz bioqrafiyası uğrunda mübarizədir. Mehdiyev, görünür, tarixə dövlətin "boz kardinalı" kimi düşməyə razıdır, amma dövlətə qarşı sui-qəsdçi kimi yox".

Müsahibimiz deyib ki, Mehdiyevin apelyasiya şikayəti verməsinin mümkün motivlə aşağıdakı kimi izah etmək olar:  " Birincisi, şəxsi və ailəvi maraqlar. Müsadirə qərarı təkcə ona deyil, yaxın çevrəsinə də toxunur. Əmlak məsələsi apellyasiyada ən konkret, ən praktik mübarizə sahəsidir.

İkincisi, siyasi irs. Mehdiyev bütün ömrünü sistemin daxilində keçirib və onun çöküşünün sistem tərəfindən elan edilməsi ilə barışmaq onun üçün asan deyil. Bu, nüfuzun itirilməsinə qarşı psixoloji müqavimətdir: "mən hələ də varam və son sözü demək hüququm var" mesajı.

Üçüncüsü, zamanla bağlı hesab. Prosesin uzanması, instansiyaların ardıcıl keçilməsi, sonda isə Ali Məhkəmə, bəlkə də beynəlxalq məhkəmə yolu. Bu, yaxın perspektivdə nəticə vermək ehtimalı az olan, amma "son nöqtəni qoymamaq" baxımından məntiqli strategiyadır”.

Siyasi şərhçi hesab edir ki, Ramiz Mehdiyevin hansısa siyasi gözləntiləri və ya hesablarının, nəyəsə ümidinin olması o qədərdə inandırıcı görünmür: “Hazırkı reallıqda yaratdığı sistemdə Mehdiyevin ətrafında nə ictimai dəstək bazası var, nə də açıq tərəfdarı qalıb. Onunla əlaqəli olduğu iddia olunan şəxslərin işləri də başqa məhkəmə proseslərində davam edir. Ona görə də apellyasiyanın arxasında gizli "siyasi qayıdış planı" axtarmaq çox güman ki, mübaliğə olar. Daha real versiya budur: söhbət hücumdan yox, müdafiədən gedir. Qalan nə varsa, onu qorumaq cəhdi. Bu gün 88 yaşlı sabiq məmurun hərəkətlərini, bəlkə də, ən sadə şəkildə onun xarakteri ilə izah etmək daha düzgün olardı Ramiz Mehdiyev karyerası müddətində siyasətdə heç vaxt açıq meydan döyüşçüsü olmayıb. Onun əsas taktikası kabinet oyunları, müxtəlif intriqa və hesablamalar, səbrlə gözləmə, rəqib hesab etdiklərini tədricən sıradan çıxarma olub. Apellyasiya şikayəti verməsi da bu taktikaya və üsluba uyğundur. Apelyasiya şikayəti Mehdiyevin publik açıqlama olmadan, səssiz-küysüz, qanunla müəyyən edilmiş prosedurlar çərçivəsində, sistemin öz alətləri ilə sistemin özünə qarşı yox, sistemin içində son müqavimətidir. Lakin burada da bir incə məqam var. Ramiz Mehdiyevin uzun illər qurduğu və qoruduğu sistemdə və idarəçilik modelində məhkəmələr daha çox siyasi qərarlardan asılı olan qurumlar kimi qəbul edilirdi. İndi o, məhz həmin instansiyalardan "düzgün hüquqi qiymət" gözləyir. Çox güman ki, bu sonuncu ümid yox, başqa yolun qalmadığının etirafıdır. Bakı Apellyasiya Məhkəməsinin qərarı necəliyindən asılı olmayaraq, Mehdiyev işinin siyasi nəticəsi artıq bəllidir: Azərbaycanın siyasi sistemində və siyasi həyatında "boz kardinal" dövrü bağlanıb. Apellyasiya bu səhifəni yenidən aça bilməz”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Noyabr 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri