Məhkəmə “50 qəpik” avtoyumasındakı faciədə günahlandırılan sahibkarla bağlı qərar çıxardı
Icma.az, Pravda.az saytına istinadən bildirir.
Ali Məhkəmədə ehtiyatsızlıqdan adam öldürmədə təqsirləndirilən Qabil Cəlilovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti təmin edilməyib.
İttihama görə, hadisə 01 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən "50 qəpik" avtoyuma məntəqəsində qeydə alınıb.
Belə ki, dostu ilə birgə velosipedini yumağa gedən 2010-cu il təvəllüdlü Rəşad Əsgərovu elektrik cərəyanı vurub. Yeniyetmə hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Obyektin sahibi Qabil Cəlilov təqsirləndirilən şəxs qismində cəlb edilib.
Araşdırmalar zamanı məlum olub ki, 13 yaşlı Rəşad dostu ilə su şlanqını dartarkən cərəyan vurub.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə obyektin sahibi Cinayət Məcəlləsinin 124.1-ci maddəsi üzrə təqsirli bilinib və qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla, 2 il müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi isə təmin etməyib. Daha sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.
Kamal Məmmədov


