Məhkəmə arvadına motorlu mişarla xəsarət yetirən şəxslə bağlı qərar çıxardı
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şəki Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Uğur Tağıyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Ağdaş Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli qərarı iş üzrə maddi sübut - Ağdaş Rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan bir ədəd motorlu mişarın təqsirləndirilən şəxsə qaytarılması hissəsində dəyişdirilib.
İttiham aktına görə, hadisə 2025-ci il 25 may tarixdə, saat 17:00-da Ağdaş rayonu ərazisində qeydə alınıb.
Belə ki, Uğur Tağıyev birlikdə yaşadığı həyat yoldaşı, zərərçəkmiş Mələk Tağıyeva (adı, soyadı şərtidir) ilə mübahisə edib. Bu zaman təqsirləndirilən şəxs əlindəki işlək olmayan motorlu mişarla qəsdən arvadının üz nahiyəsinə zərbə endirib. Nəticədə Mələk yüngül dərəcəli bədən xəsarətləri alıb.
Ağdaş Rayon Məhkəməsinin hökmü ilə cinayət təqibinə xitam verilib və Uğur Tağıyev cinayət məsuliyyətindən azad edilib.


