Məhkəmə tələbə qızı vuraraq öldürən sabiq vəzifəli şəxsin cəzasını ağırlaşdırdı
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şəki Apellyasiya Məhkəməsində ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Cəlal Cəfərovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, dövlət ittihamçısının apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin və təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti qismən təmin olunub, Mingəçevir Şəhər Məhkəməsinin hökmü Cəlal Cəfərovun Cinayət Məcəlləsinin (CM) 264-cü maddəsi ilə ittiham edilərək cəzalandırılması dair hissədə ləğv edilib. Təqsirləndirilən şəxsin əməlində “könüllü gəlib təqsirini boynuna almasına” və CM-in 60-cı maddəsinə istinadla bağlı müddəalar hökmdən xaric olunub. Onun CM-in 264-cü mаddəsi ilə irəli sürülmüş ittihаm üzrə onun təqsirliyi sübutа yetirilmədiyindən bəraət verilib. Cəlal Cəfərovun təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.
İttihama görə, 2023-cü ilin dekabrında Cəlal Cəfərov “Mercedes” markalı avtomobillə Mingəçevir şəhərinin Müslüm Maqomayev küçəsi ilə hərəkətdə olarkən yolun kənarı ilə piyada hərəkət edən 2005-ci il təvəllüdlü Nazlı Hüseynova və tələbə yoldaşı İmamrza Sadıqzadəni vurub.
Mingəçevir Turizm Kollecinin 3-cü kurs tələbəsi olan N. Hüseynova hadisə yerində vəfat edib.
Hadisədən sonra Cəlal maşınla oradan uzaqlaşıb.
Qeyd edilib ki, Cəlal Cəfərov keçmiş polis əməkdaşıdır və hadisədən bir müddət əvvəl öz raportu əsasında daxili işlər orqanlarında xidmətdən xaric olunub.
Onun barəsində Cinayət Məcəlləsinin 263.2 və 264-cü (Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə və hadisə yerindən yayınma) maddələri ilə ittiham irəli sürülmüşdü.
Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə ona cəzasını məntəqə tipli müəssisədə çəkməklə 5 il azadlıqdan məhrumetmə cəzası verilmişdi.
Kamal Məmmədov


