Mehmet Bozkuş: Bu reallıq Türkiyənin “mərkəz ölkə” statusunu möhkəmləndirəcək
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
TDT, Avrasiyanın mərkəzində yeni bir güc xətti formalaşdırır
Tətbiq olunan sanksiyalar Pekin və Moskvanı daha da yaxınlaşdırıb
Türkiyənin enerji tranzit ölkəsi kimi rolu Avropa üçün strateji zərurətə çevrilib
Ankara Fələstin məsələsində diplomatik aktivliyi ilə İslam dünyasında mənəvi liderlik mövqeyini gücləndirir
"Türkiyə Qərb üçün təhlükəsizlik arxitekturasında əvəzsiz, Şərq üçün enerji və ticarət mərkəzi, Türk dünyası üçün birləşdirici lider, Orta Şərqdə sülh vasitəçisi, Asiya-Sakit Okean xəttində isə balanslaşdırıcı güc rolundadır"
Yeni dünya nizamında ənənəvi hegemonlar təsir dairələrini itirir, yeni regional və qlobal güc mərkəzləri formalaşır. Bu dövr qlobal geosiyasi və iqtisadi dəyişikliklərlə müşayiət olunur. Rusiya-Ukrayna müharibəsi, Orta Şərqdə güc balansının yenidən formalaşması, Çin-in “Kəmər və Yol” təşəbbüsü və Türk Dövlətləri Təşkilatının (TDT) strateji təşəbbüsləri qlobal sistemdə yeni əməkdaşlıq və rəqabət xəttini yaradır. Bu mürəkkəb mühitdə Türkiyə diplomatiya, enerji, müdafiə və ticarət sahələrində çoxvektorlu siyasət yürüdərək həm regional, həm də qlobal səviyyədə balanslaşdırıcı güc rolunu oynayır. Qlobal enerji və nəqliyyat marşrutlarının mərkəzində yerləşməsi, Türk Dövlətləri Təşkilatı vasitəsilə türk dünyasını birləşdirməsi, Asiya, Orta Şərq, Avropa cəbhələrində strateji əlaqələr qurması Türkiyəni 21-ci əsrin ikinci yarısında mərkəz ölkə kimi önəmli aktora çevirir.
Sherg.az strategiya üzrə türk mütəxəssis, siyasi elmlər üzrə alim Mehmet Bozkuşla dəyişən dünya nizamını, Türkiyənin, eləcə də digər dövlətlərin buradakı rolunu müzakirə etdi:
-Qlobal siyasi sistemdə hansı əsas dəyişiklik müşahidə olunur?
-21-ci əsrin ikinci rübünə doğru irəlilədiyimiz bir dövrdə dünya artıq təkqütblü sistemdən çoxqütblü güc modelinə keçid mərhələsindədir. 1945 sonrası yaranmış təkqütblü dünya düzəni öz təsir gücünü və hegemoniyasını tədricən itirir. Qlobal sistem kapitalist və imperialist güc mərkəzlərinin təsir dairəsindən çıxaraq yeni güc mərkəzlərinin formalaşdığı çoxqütblü bir dövrə qədəm qoyur.
-Rusiya Ukrayna məsələsində NATO-nun genişlənməsinə qarşı hərbi reaksiya göstərməklə hansı strateji məqsədə nail olmağa çalışır?
-Rusiya Ukrayna məsələsində NATO-nun genişlənməsinə qarşı hərbi reaksiya göstərməklə Qərbə strateji meydan oxumağa başlayıb. Vladimir Putin 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransında Qərbin verdiyi sözləri yerinə yetirmədiyini vurğulayaraq, Rusiyanın öz təhlükəsizliyini qorumaqda qərarlı olduğunu bəyan etdi. Qərb isə bu xəbərdarlıqları ciddi qəbul etmədi və əvvəlki siyasətini davam etdirdi.
Bu siyasətin nəticəsində Avropa indi Rusiyadan gələn təhlükə və risklərlə üz-üzə qalıb. Ukrayna və Rusiyanı zəiflətmək, eyni zamanda Çini hədəf almaq istəyən qüvvələr gözləmədikləri nəticə ilə-güclənən Rusiya ilə qarşılaşıblar. Rusiyanın məqsədi yalnız Ulkraynanı deyil, həm də Qərbin qlobal nizam diktəsini məhdudlaşdırmaqdır.
-Türkiyə Qaradənizdə və Ukrayna münaqişəsində necə diplomatik rol oynayıb?
-Türkiyə bu prosesdə həm regional, həm də qlobal miqyasda mühüm diplomatik rol oynayıb. Qaradənizin təhlükəsizliyini təmin etmək, müharibənin yayılmasının qarşısını almaq və İstanbul danışıqları vasitəsilə sülhə nail olmaq üçün təşəbbüslər göstərib. Hər iki tərəf arasında imzalanan “İstanbul Mətninə” baxmayaraq, Qərb müharibənin davam etməsində maraqlı olub və Ukraynaya təzyiq siyasətini davam etdirib.
Türkiyə, Qərbin və ABŞ-nin daxil ola bilmədiyi Qaradəniz regionunda Montrö Konvensiyasını fəal şəkildə tətbiq edərək sabitliyin əsas təminatçısına çevrilib. “Taxıl Dəhlizi” sazişi isə onun diplomatik çevikliyinin bariz sübutudur. Türkiyə həm Ukraynanın ərazi bütövlüyünü müdafiə edir, həm də Rusiya ilə enerji və iqtisadi əməkdaşlığı qoruyaraq müstəqil, balanslı xarici siyasət modelinin nümunəsini göstərir.
-Suriya böhranında Türkiyə-Rusiya-İran əməkdaşlığının rolu nədir?
-Suriya böhranı Türkiyə-Rusiya-İran üçlüyünün Astana Prosesi çərçivəsində müəyyən nəzarət altına aldığı mürəkkəb geosiyasi sahəyə çevrilib. Türkiyə cənub sərhədlərində terror dəhlizinin qarşısını almağa çalışarkən, Rusiya Əsəd rejiminin təhlükəsizliyini təmin etməklə ABŞ təsirini məhdudlaşdırmağa cəhd edir. İdlib və Tel-Rıfat bölgələri rəqabət sahəsi olsa da, enerji, ticarət və müdafiə əməkdaşlığı qarşılıqlı anlaşma platforması yaradıb.
Suriya böhranı artıq geosiyasi danışıqlar masasına çevrilib. Türkiyə burada həm Qərb, həm də Rusiya-İran bloku ilə eyni vaxtda diplomatik manevr aparan balanslaşdırıcı güc rolundadır.
Yeni rəhbərlik ilə münasibətlərin normallaşması, torpaq bütövlüyü və təhlükəsizlik məsələlərində əməkdaşlıq Suriyanın gələcəyi üçün mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
-Çin-in “Kəmər və Yol” təşəbbüsü ilə Türkiyənin “Orta Dəhliz” layihəsinin Türk Dövlətləri Təşkilatına hansı təsiri var?
-Çin 2013-cü ildə başladığı “Kəmər və Yol” təşəbbüsü ilə Avrasiyanı quru və dəniz yolları vasitəsilə birləşdirməyi hədəfləyir. Türkiyənin “Orta Dəhliz” layihəsi bu strateji xəttlə uzlaşaraq ölkənin logistika və tranzit mərkəzinə çevrilməsini təmin edir. Rusiya-Ukrayna müharibəsindən sonra Orta Dəhlizin əhəmiyyəti daha da artıb və regionun iqtisadi inkişafı üçün əsas təhlükəsiz ticarət marşrutuna çevrilib.
Bu, eyni zamanda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında iqtisadi və nəqliyyat inteqrasiyasına xidmət edir.
-Ukrayna müharibəsi və Qərbin sanksiyaları Rusiya-Çin münasibətlərinə necə təsir edib?
-Qərbin imperialist siyasətləri nəticəsində Rusiya və Çin “müxalif güc” kimi hədəf alınsa da, Ukrayna müharibəsi sonrası tətbiq olunan sanksiyalar Pekin və Moskvanı daha da yaxınlaşdırıb. Enerji, maliyyə və texnologiya sahələrində “təbii tərəfdaşlıq” formalaşıb. Lakin Çin bu münasibətdə balanslı siyasət yürüdür, Qərb bazarlarını itirmədən iqtisadi liderliyə can atır. Bu da ABŞ və Avropa üçün uzunmüddətli hegemoniyanın zəifləməsi riskini artırır.
-Avropa və ABŞ enerji və geosiyasi sahədə hansı çətinliklərlə üzləşir və Türkiyənin bu kontekstdə rolu nədir?
-Avropa Rusiyadan asılılığını azaltmaq üçün LNG və Şərqi Aralıq dənizi layihələrinə yönəlib, lakin bu, xərcləri artıraraq sənaye rəqabət qabiliyyətini azaldıb. Türkiyənin enerji tranzit ölkəsi kimi rolu Avropa üçün strateji zərurətə çevrilib.
ABŞ eyni anda həm Asiya, həm Avropa cəbhəsində aktivlik göstərməkdə çətinlik çəkir. Böyük iqtisadi borc yükü, müdafiə sənayesində nadir torpaq elementləri baxımından Çinə asılılıq və daxili siyasi qarşıdurmalar Vaşinqtonun strateji gücünü zəiflədir.
-Orta Şərqdə hazırda vəziyyət necədir?
-Rusiya-Ukrayna müharibəsi, İsrail-Fələstin toqquşmaları və Qərb-Şərq rəqabəti Orta Şərqdə güc boşluğu yaradıb.
İran, Rusiya və Çin arasında yaxınlaşma müşahidə olunur, eyni zamanda Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ-dan məsafə saxlayaraq Çinlə iqtisadi və təhlükəsizlik əlaqələrini gücləndirir.
İsrailin Qəzzadakı hərbi əməliyyatları onun beynəlxalq legitimliyini sarsıdıb. Çin və Rusiya isə “arabulucu diplomatiya” ilə bölgədə nüfuzlarını artırırlar. Türkiyə isə Fələstin məsələsində diplomatik aktivliyi ilə İslam dünyasında mənəvi liderlik mövqeyini gücləndirir.
-Türk Dövlətləri Təşkilatının (TDT) Avrasiya və qlobal siyasətdə rolu nədir?
-Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Türkiyənin üzv olduğu, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstanın müşahidəçi statusunda yer aldığı TDT, Avrasiyanın mərkəzində yeni bir güc xətti formalaşdırır. Enerji, nəqliyyat, müdafiə sənayesi, rəqəmsal transformasiya və kənd təsərrüfatı sahələrində əməkdaşlıq türk dünyasını Qərb ilə Şərq arasında strateji körpüyə çevirir.
Türkiyə həm Çinin Orta Asiya siyasətinə, həm də Rusiyanın Avrasiya İqtisadi Birliyi təşəbbüsünə tarazlıq yaradan siyasət yürüdür. TDT vasitəsilə Orta Asiyanı iqtisadi müstəqillik və siyasi sabitlik xəttinə yönəldir.
Bu təşkilat gələcəkdə təkcə mədəni birlik deyil, həm də jeoekonomik və geosiyasi blok kimi formalaşacaq.
-Yeni qlobal nizam şəraitində Türkiyənin xarici siyasətdəki rolu, strateji mövqeyi və regional-geosiyasi liderliyi necə xarakterizə olunur?
-Yeni qlobal nizamda Türkiyə diplomatiya və müdafiə sənayesində qazandığı güc, qlobal problemlərə humanist və həll yönümlü yanaşması, müstəqil, balanslı və çoxvektorlu siyasəti ilə fərqlənir.
Türkiyə Qərb üçün təhlükəsizlik arxitekturasında əvəzsiz, Şərq üçün enerji və ticarət mərkəzi, Türk dünyası üçün birləşdirici lider, Orta Şərqdə sülh vasitəçisi, Asiya-Sakit Okean xəttində isə balanslaşdırıcı güc rolundadır. Bu reallıq 21-ci əsrin ikinci yarısında Türkiyənin “mərkəz ölkə” statusunu institusional səviyyədə möhkəmləndirəcək. Rusiya-Ukrayna və Suriya problemləri Türkiyənin xarici siyasətində tarazlıq-müstəqillik-regional liderlik-qlobal güc dördbucağını sabitləşdirib. Türk Dövlətləri Təşkilatı və Asiya yönümlü siyasətlər isə bu yeni qlobal nizamın türk mərkəzli geosiyasi arxitekturasını formalaşdırır. Türkiyə, tarixi dövlət ağılı ilə hərəkət edərək insanlıq üçün sülh, sabitlik, inkişaf və rifah modeli yaradan “mədəniyyət bərpası” (medeniyet restorasyonu) prosesinə liderlik edir. Bu bərpanın memarı xalqın iradəsi, mühəndisi isə dövlətin ağlıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 27 Oktyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















