Məktəbli avtobusu : logistik, sosial və pedaqoji baxımdan önəmli layihə
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına əsasən ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə "Məktəb avtobusları"ndan istifadənin təşkili nəzərdə tutulur. Hazırda məktəb avtobuslarının Bakı şəhərində müəyyən məktəblərdə pilot olaraq tətbiqi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən ilkin layihə hazırlanır.
Məktəb avtobuslarının tətbiqi dünya təcrübəsində geniş yayılmış sistemdir və təhsil sahəsində böyük uğurlar qazanan ölkələr bu modeli uzun zamandan bəri tətbiq edir. Bu avtobusların təşkili şagirdlər üçün rahat gediş imkanıdır. Hazırda valideynlər övladlarını şəxsi avtomobillərlə məktəbə aparıb-gətirirlər ki, bu da məktəblərin qarşısında tıxacların yaranmasına səbəb olur. Paytaxt məktəblərində məktəbli avtobuslarının tətbiqi eyni zamanda yol-nəqliyyat sistemində sıxlığın qarşısının alınmasına da hesablanmış bir addımdır.
Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, paytaxtdakı "Məktəbli avtobusu" layihəsində məntiq tamamilə fərqlidir və layihənin üzərində hazırda işlər gedir. Məktəbli avtobusları müəyyən məntəqələrdən şagirdləri toplayaraq, birbaşa təhsil müəssisələrinə çatdıracaq. Dərs bitdikdən sonra isə yenidən eyni qaydada onların evlərinə qayıtması təmin ediləcək. Bundan əlavə, paytaxt yollarında avtobus zolaqlarının mövcudluğu nəqliyyatın daha effektiv idarə olunmasına imkan yaradacaq.
Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, "Məktəbli avtobusu" layihəsi Azərbaycanın təhsil sistemində həm logistik, həm sosial, həm də pedaqoji baxımdan mühüm dəyişikliklər vəd edən təşəbbüsdür. Həm şəhər, həm də kənd məktəbləri üçün nəzərdə tutulan bu layihənin effektiv tətbiqi bir neçə sahədə ciddi müsbət təsir göstərə bilər. İlk olaraq, bu təşəbbüs şagirdlərin dərsə davamiyyətinə birbaşa müsbət təsir edəcək. Xüsusilə bölgələrdə, kəndlərdə məktəbə uzaq məsafədən gələn şagirdlər üçün nəqliyyat problemi onların dərsdən yayınmasına və ya gecikməsinə səbəb olur. Məsələn, bir kənd məktəbindən digərinə və ya rayon mərkəzinə getmək üçün valideynlər çox zaman şəxsi nəqliyyat vasitəsi olmadığından övladlarını dərsə göndərə bilmirlər. "Məktəbli avtobusu" layihəsi bu problemi minimuma endirə bilər. Davamiyyətin artması isə birbaşa təhsilin keyfiyyətinə təsir edən faktordur: "Paytaxtda bu layihənin tətbiqi nəqliyyat sistemində yüklənməni azaltmaqla yanaşı, valideynlər üçün də sosial yükü azaldacaq. Hazırda çox sayda valideyn övladını səhər saatlarında məktəbə aparmaq və dərsdən sonra geri gətirmək üçün şəxsi avtomobildən istifadə edir. Bu isə məktəblərin qarşısında tıxacların yaranmasına, nəqliyyatın iflic olmasına, şagirdlərin gecikməsinə səbəb olur. "Məktəbli avtobusu" vasitəsilə bu proses mərkəzləşdirilmiş şəkildə və təhlükəsizliklə təmin olunarsa, həm şagirdlər vaxtında dərsə çatacaq, həm də şəhər daxilində nəqliyyat axını rahatlaşacaq".
Ekpsert qeyd edir ki, pedaqoji cəhətdən bu layihə şagirdlərin fiziki və psixoloji təhlükəsizliyinin təmin olunması baxımından da önəmlidir: "Avtobuslarda müşayiətçi müəllim və ya xüsusi nəzarətçilərin olması şagirdlər arasında intizamı qoruyacaq, eyni zamanda valideynlərin narahatlığını da azaldacaq".
Ekspertin sözlərinə görə, "Məktəbli avtobusu" layihəsi yalnız bir nəqliyyat layihəsi deyil, uşaqların təhsilə çıxış imkanlarını artıran, məktəb həyatını müasir şəhər infrastrukturu ilə əlaqələndirən, sosial bərabərliyi dəstəkləyən bir islahatdır: "Doğru planlanarsa, bu layihə dərsə davamiyyətin yüksəlməsi, şagirdlərin təhlükəsizliyinin artırılması, müəllimlərin dərsə daha vaxtında çatması və ümumilikdə təhsil keyfiyyətinin yüksəldilməsi baxımından mühüm dönüş nöqtəsi ola bilər".
Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, "Məktəbli avtobusu" layihəsinin ən böyük təsiri, məhz rayon məktəblərində hiss olunacaq. Bu təşəbbüs bölgələrdə təhsil keyfiyyətinin yüksəlməsinə paytaxt məktəblərinə nisbətən daha çox töhfə verəcək: "Məktəbli avtobusu" layihəsi həm paytaxt, həm də bölgə məktəbləri üçün nəzərdə tutulur. Xüsusilə bölgə məktəblərində bəzi təhsil müəssisələrində şagird sayı azdır. Bu səbəbdən, həmin məktəblərin birləşdirilməsi nəticəsində bir kənd məktəbindən digərinə və ya rayon mərkəzinə şagirdlərin rahat daşınmasını təmin etmək məqsədilə məktəbli avtobusları istifadəyə veriləcək. Əgər bir məktəbdə cəmi 8-10 nəfər şagird təhsil alırsa, bu, həmin məktəbin saxlanması üçün yüksək maliyyə xərcləri tələb edir. Amma məktəbli avtobuslarının köməyi ilə həmin şagirdlər 6-10 km məsafəyə daşınaraq, daha az xərc hesabına daha böyük, 20-25 nəfərlik auditoriyada və məktəbdə təhsillərini davam etdirə bilərlər. Bu yanaşma həm maliyyə baxımından qənaətcil olacaq, həm də şagirdlərin daha geniş və keyfiyyətli təhsil imkanlarından faydalanmasına şərait yaradacaq. Xüsusilə bölgələrdə məktəblərin birləşdirilməsi yolu ilə həyata keçirilən bu layihə, təhsil səviyyəsinin yüksəldilməsinə və şagirdlərin daha yaxşı təhsil imkanlarına sahib olmasına kömək edəcək".
Bu gün məktəblilərin daşınması üçün əsas yük ictimai nəqliyyatın, taksinin, eləcə də şəxsi minik avtomobillərinin üzərinə düşdüyündən, paytaxt yollarında tıxac, avtobuslarda isə sıxlıq olur. Məktəblilərin dərsdən çıxan və dərsə gedən vaxtlarında uşaqlarını məktəbə gətirən və məktəbdən götürən valideynlər avtomobillərini məktəbin qarşısında heç bir qayda-qanun gözləmədən saxlayırlar. Bu zaman digər hərəkət iştirakçılarını nəzərə almayan sürücülər yolun böyük bir hissəsini bağlayırlar. Onların əksəriyyətinin uşaqlarını məktəbdən götürmək istəyi isə vəziyyəti daha da ağırlaşdırır.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun fikrincə, şagirdlərin şəxsi avtomobillərlə daşınması şəhər nəqliyyatının yüklənməsində ciddi faktordur. Bakı ətrafında yüz minlərlə insanın məskunlaşdığı məntəqələrdə məktəb yoxdur. Elə yaşayış məntəqələri var ki, məktəb olsa da, şəraiti qənaətbəxş deyil, yaxud tədris valideynləri qane etmir. Bu səbəbdən valideyin məcbur qalıb uşağı şəxsi avtomobili və ya taksi ilə başqa məktəbə aparır. Bu da yollarda, xüsusən də məktəblərin yerləşdiyi ərazilərdə tıxacların yaranmasına səbəb olur: "Məktəbli avtobuslarının istifadəyə verilməsi hər şeydən əvvəl valideynlərin vaxtına və puluna qənaət etmək deməkdir. Əgər məktəbli avtobusları olarsa, məktəblərin qarşısındakı keçilməz tıxacları görmərik. Təmayüllü və xüsusi təyinatlı məktəblərdə nəqliyyatın uşaqları məktəbə aparmasına ehtiyac ola bilər. Amma burada da xüsusi təyinatlı avtobuslardan istifadə olunmalıdır. Məktəbli avtobusları nəqliyyatın intensiv hərəkəti, eləcə də uşaqların təhlukəsizliyi baxımından faydalıdır. Bu, bütün dünyada qəbul olunub".
Ekspertin dediyinə görə, məktəbli avtobuslarında təhlükəsizlik məsələsi də önəmlidir. Eyni zamanda qanunvericilikdə nəzərdə tutulan tələblər gözlənilməlidir: "Avtobuslara gündəlik texniki qulluq edilməli, sürücü tibbi müayinədən keçməlidir, avtobus qarajda saxlanmalıdır, sürücünün iş rejiminə diqqət etmək lazımdır. Daşıyıcı təşkilatın olması məqsədəuyğun olar. Bu kimi məqamlara xüsusi olaraq diqqət yetirilməlidir".
Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, Bakıda tıxacın əsas səbəblərindən biri uşaqların danışması ilə bağlıdır: "Bir çox ailələr uşaqlarını məktəbə ya maşınla gətirirlər, ya da taksilərdən istifadə edirlər. İmkanlı ailələr hətta ayrıca sürücü və ya maşın tuturlar. Bakıda istənilən məktəbin qarşısında izdiham, avtomobil çoxluğunu görmək mümkündür. Bu da qeyd etdiyimiz kimi, ümumi prosesə öz mənfi təsirini göstərir. Biz düşünməliyik ki, hansısa formada uşaqların məktəbə avtobusla gediş-gəlişi təmin olunsun. Bir var ki, məktəbdə 500 uşaq təhsil alır və ora 100 şagirdin iki nəfər valideyni öz uşağını daşıyır, görün, bu nə qədər tıxac yaradır. Əlbəttə, biz bütün məktəblərə avtobus ala bilmərik. Bu, böyük vəsait tələb edir. Ancaq nəqliyyat şirkətləri ilə, bu sahədə çalışan qurumlarla müəyyən danışıqlar aparmaq olar".
Millət vəkili qeyd edib ki, valideynlər hər ay sürücü, taksiyə verdikləri ödənişlə müəyyən bir rəmzi məbləğ ödəyərək uşaqların avtobusla məktəblərə getmələrini təmin edə bilərlər: "Yəni valideyn hər dəfə benzinə nə qədər pul verir, sürücüyə nə qədər pul verirsə, bunu qeyd etdiyimiz formada müəyyən ödənişlər və razılaşdırma əsasında həyata keçirə bilərlər. Hesab edirəm ki, bu, effektiv bir məsələ olar. 30-50 maşının bir məktəbin qarşısında dayanmağındansa, daha az vəsait sərf edərək bu məqsədimizə nail ola bilərik və tıxacla bağlı problem də bir qədər azalar".
Sevinc QARAYEVA


