Icma.az
close
up
RU
Məmurlar medianın nüfuzunu zədələyirlər Rəşad Məcidlə MÜSAHİBƏ

Məmurlar medianın nüfuzunu zədələyirlər Rəşad Məcidlə MÜSAHİBƏ

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid milli mətbuatın 150 illiyi ilə bağlı Modern.az saytının suallarını cavablandırıb. 

Onunla müsahibəni təqdim edirik:

-  Bu il Azərbaycan mətbuatının 150 illiyini qeyd edirik. Bu uzun yolda mətbuatımız çar Rusiyasını, AXC-ni, Sovetlər dövrünü və nəhayət müstəqil Azərbaycanı görüb. Müqayisə etsək, necə qənaətə gəlmək olar, mətbuatımız hansı dövrdə ən müstəqil və peşəkar zamanını yaşayıb, hansı dövrdə sadəcə adı olub.

- Birdən məndə də belə suallar yaranır ki, keçmişə qayıtsam, hansı dövrdə yaşamaq istəyərdim. Bu haqda həmişə ümumi düşünmüşəm, konkret olaraq media ilə bağlı düşünməmişdim. Mətbuatımızın tarixi çox şərəflidir. 1875-ci ildə Həsən bəy Zərdabi yayın cırhacırında – iyulun 22-də ilk qəzetimizi çıxarıb. Ümummilli liderin sərəncamı ilə 2000-ci ildən bu hadisə Mətbuat günü kimi qeyd edilir. Biz 90-cı illərdən sonra yeni mətbuat orqanları açanda adətən həmin tarixi payız vaxtına salırdıq ki, daha çox oxucu qazansın. Amma Həsən bəy Zərdabi və onun əqidədaşları məşəqqət və zülmlə ilk dəfə Azərbaycan dilində qəzet yaratdılar ki, onun da iyulun 22-də çıxması bizim üçün böyük fəxarət idi və gələcək tariximizə böyük işıq saçdı. Həsən bəy Zərdabi ümumiyyətlə Azərbaycanda təkcə ilk mətbuatın banisi deyil, o bir çox sahələrdə Azərbaycan maarifçiliyinə, düşüncəsinə yenilik gətirən adamdır. Həsən bəy Zərdabinin bu addımları sonrakı dövrdə mətbuat və digər sahələrdə intibah yaratdı. Bizim mətbuat orqanlarının ətrafında toplaşan ziyalılar Azərbaycan Xalq Cümhuriyyətini yaradanlar sırasında oldular. 1918-1920-ci illərdəki mətbuat orqanlarımız da bizim qürurla, fəxr etdiyimiz dövlətçilik tariximizdir. Sovet dövrünə gəldikdə, nə qədər qaralasalar, onda da bizim jurnalist və yazıçılarımız Azərbaycan dilinin saflığının qorunmasında böyük hünər göstərdilər. Eyni zamanda milli şüur da, məhz Sovet dövründə istedadlı yazarların, jurnalistlərin dəstəyi və təəssübkeşliyi ilə 80-ci illərdə prosesləri Xalq hərəkatına gətirib çıxardı. Azərbaycan müstəqillik qazanandan sonra mətbuatın tarixində önəmli hadisələr baş verdi. Həm Ümummilli liderin mətbuata diqqət və qayğısı, eyni zamanda cənab Prezident İlham Əliyevin daim mətbuatı diqqətdə saxlaması buna misal ola bilər. 

Bu cür sürətli ekskursdan sonra fikirləşsəm ki, hansı dövrdə jurnalist olmaq istərdim, heç şübhəsiz ki, 20-ci əsrin əvvəllərini deyərdim. “Həyat” və “İrşad” qəzetləri, “Molla Nəsrəddin” jurnalı kimi nümunələrin yaranmağa başladığı və ümumiyyətlə, mətbuatın intibaha qədəm qoyduğu o dövr mənim üçün maraqlı olardı və məmnuniyyətlə həmin dövrə gedib yaşamaq və yazmaq istəyərdim. 


- 150 il kifayət qədər uzun müddətdir, bu qədər uzun dövrdə milli mətbuatımızın institutlaşdığını düşünürsünüzmü?

- Arada fasilələr olduğu açıqdır. “Əkinçi”dən sonra “Ziya”, “Kəşkül”, sonra 20-ci əsrin əvvəllərində adını çəkdiyim mətbuat orqanlarının yaradılması... 1906-cı ildə “Molla Nəsrəddin” jurnalı çıxdı və 30-cu illərdə o bağlananadək Sovet İttifaqı ərazisində demək olar ki, yeganə müstəqil nəşr oldu. Sovet dövründə mətbuat dövlətin nəzarətində idi, müstəqil mətbuatın yaranması 1991-ci ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qüvvəyə minməsindən sonra, müstəqillik dövründə yarandı. Mənim rəhbərlik etdiyim “525-ci qəzet” də 1992-ci ildə qeydiyyatdan keçəndə artıq 525 mətbu orqan qeydiyyatdan keçmişdi. O dövrdə artıq mətbu orqanlar biznes institutuna, həm də ictimai fikirə təsir edən vasitəyə çevrildi. Amma mən dəfələrlə qeyd etmişəm ki, Türkiyə və başqa köklü mətbuat tarixinə malik dövlətlər kimi bizim mediamız;n müstəqil biznes institutuna çevrilməsinə vaxt olmadı. Mətbu orqanlarımızın geniş imkanları olan holdinqlərə çevrilməsini istərdik, amma təəssüf ki, nə qəzetlərimiz, nə də televiziya kanallarımız biznes strukturuna çevrilə bildi. Biz 1999-cu ilədək “525-ci qəzet” olaraq yaxşı pul qazanmağa başladıq, hətta fikirləşirdik ki, bu imkanlar genişləndikcə, jurnalistlərimizin məişət həyatını yaxşılaşdırmağı düşünək. İndi də vəzifədə olan rektorlar və digər şəxslər qeyd edirlər ki, tələbə vaxtı “525-ci qəzet”ə yazmaqla elə yaxşı qonorar alırdılar ki, hətta onunla keçinirdilər. Amma sonralar Azərbaycanda reklam məhdudlaşdırıldı, qəzet satışları azaldı. Yeni media yarananda isə qəzetlər iqtisadi cəhətdən zəiflədi və bizim arzuladığımız media strukturu olmadı. Mən 1998-ci ildə Qulu Məhərrəmli və Azər Həsrətlə birlikdə Amerikaya gedəndə həftəsonu “Nyu-York Tayms”, “Vashinqton Post” kimi qəzetləri alırdıq. 500-600 səhifəsi, içində yüzlərlə broşür olan həftəlik qəzetlər çıxırdı. Mən arzu edirdim ki, Azərbaycanda da həftəsonları 100 səhifəlik qəzetlər çıxarım. Bir dəfə buna cəhd də etdik, 100 səhifəyə yaxın qəzet çıxardıq, amma sontra buna  iqtisadi imkanlarımız çatmadı, reklam arzuladığımız kimi olmadı. Bu da reallıqdır ki, Azərbaycanda reklam digər ölkələrlə müqayisədə çox azdır. Hər bir ölkədə Ümumi Daxili Məhsulun 1 faizinə yaxını reklam olmalıdır, bizdə təəssüf ki, bu aşağıdır və nəticədə də qəzetlərin iqtisadi vəziyyəti pisləşdi, nəşriyyatlara borcları yarandı və bu səbəbdən də Ümummilli lider Heydə Əliyev 2000-ci illərin əvvəllərində mətbuatın nəşriyyata olan borclarını dondurdu. Ondan sonra borclar bağışlanıldı və cənab Prezidentin dövründə də mətbuata dövlət dəstəyi konsepsiyası qəbul olundu. Mətbuatın iqtisadi vəziyyətini nəzərə aldıqdan sonra dövlət mətbuatın maliyyələşməsinə dəstək verdi. Mən dəfələrlə demişəm ki, Heydər Əliyev və İlham Əliyev olmasaydı, Azərbaycan yazılı mətbuatı ömürünü başa vurardı. 

- Mətbuat tarixinə baxanda görürük ki, 150 il əvvəl də cahillikdən, dövlətçiliyin önəmindən, türkçülüyün milli kimliyimiz olmağından, erkən nikahdan, qızların təhsildən uzaqlaşdırılmasından yazırdıq. 150 il keçib və biz yenə də eyni mövzular üzərində işləyirik. Sizcə, bu mətbuatın, yoxsa cəmiyyətin uğursuzluğudur?

- Təəssüf ki, belədir. Bizim 1875-ci ildən yaranan mətbuatımız bütün dövrdə avamlığa, cahilliyə qarşı mübarizə aparıb. Hətta o vaxtkı dövrdə mollaların, “din xadimlərinin” nə qədər təzyiqləri olsa da, mətbuat nümayəndələrimiz öz ideyalarından, amallarından çəkinməyiblər. Aradan bu qədər keçəndən sonra informasiya texnologiyalarının inkişafı, dünyanın heç bir sirrinin qalmadığı dövrdə yenə avamlığın, cəhalətin, xurafatın meydan sulaması təəssüf doğurur. Görünür insan beyni elədir ki, yenilikləri qəbul etməkdən daha çox cəhalətə, xurafata meyl edir. Bu baxımdan mən çox təəssüflənirəm ki, böyük maarifçilərimizin 100 il öncəki missiyasını biz hələ də tamamlaya bilməmişik. Mətbuatımızın maarifçilik funksiyası yenə də öndədir və qabarıq görünən məsələdir. 

-  Bir ixtisasın institutlaşmasında təhsil sistemi də çox önəmlidir. Siz universitetlərin jurnalistika ixtisasının səviyyəsi barədə nə deyə bilərsiniz?

- Mən özüm də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxumuşam və düşünürəm ki, ölkəmizdə ən üstün, açıq fikirli məkanlardan biri bu təhsil ocağının Jurnalistika fakültəsi olub. Orada bizim hörmətli müəllim və professorlar dərs deyirdilər ki, onlar eyni zamanda Azərbaycan ictimai fikrinin görkəmli nümayəndələri idilər. Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Famil Mehdi, Nurəddin Babayev, Cahangir Məmmədli və digər adını çəkmədiyim ustadlar orada elə bir mühit yaratmışdılar ki, doğurdan da Jurnalistika qabaqcıl, öncül fakültəyə çevrilmişdi. Bu gün də o ənənə davam edir. Amma bu gün jurnalist adına iddialılar çoxdur.
İndi ən böyük problemlərdən biri heç bir yerdə təhsil almayan şəxsin də ürəklə özünə jurnalist deməsidir. Mən qəzetlərin gur vaxtında deyirdim ki, əlifbanı öyrənib gəlib qəzet açırlar, bu gün isə yeni texnologiya və internet medianın önə çıxması ilə artıq əlifbanı da öyrənməyə ehtiyac duymadan kameranı və telefonu qarşısına qoyub ağzına gələni danışır və düşünür ki, o, əsl jurnalistdir, ictimai fikrə təsir etmək qabiliyyətindədir. Belələri ilə bağlı Mətbuat Şurasına çox şikayətlər gəlir və biz onları araşdıranda məlum olur ki, bu insanların sahə ilə bağlı ən elementar bilikləri belə yoxdur. Bu tendensiya da cəmiyyətdə əsl jurnalistlərin, peşəkarların hörmətini aşağı salır, nüfuzuna xələl gətirilər. Bununla bağlı Medianın İnkişafı Agentliyi yeni qanuna əsasən reyestr yaradıb, eyni zamanda Mətbuat Şurasında da peşə davranış kodekslərinə əməl edilməsi tələb olunur. Amma yenə də bu zamanın gətirdiyi problemdir və qarşısını almaq bir az problemlidir. 

- "Jurnalist kimdir, jurnalistika nədir” - uzun müddətdir hər kəs bu terminlərin açılışını verməyə çalışır. Bəziləri onu məhdudlaşdırır, bəziləri sərhədsiz hesab edir. Sizin də jurnalistika ilə bağlı maraqlı fikriniz var idi. Qeyd edirdiniz ki, jurnalistika və media heç bir halda cəmiyyətdə gərginliyin yaranmasına və artmasına, ayrı-ayrı fərdlər arasında münaqişələrin alovlanmasına xidmət etməməli, tam qərəzsiz davranmalı, fəaliyyəti ilə qərəzli olduğuna dair azacıq şübhələrin belə olmasına yol verməməlidir. Əksinə, problemli situasiyaların aradan qaldırılması naminə çalışmalı, bir sözlə, mütərəqqi missiya yerinə yetirməlidir. Amma jurnalistikanın əsas vəzifəsi həqiqəti yaymaqdır və həqiqət bəzən gərginlik yarada bilər. Əks halda jurnalistika təsəlli verən bir sahəyə çevrilməzmi? 

- Mənim demək istədiyim qəsdən gərginlik yaradanlara aiddir. Bizim atalar sözlərimiz də var: qaşınmayan yerdən qan çıxarırsan. Amma jurnalist üçün əsas keyfiyyətlər var ki, obyektiv, qərəzsiz olasan. İllərdir ki, müzakirə olunan məsələlərdən biri də budur ki, jurnalistika peşədir, yoxsa sənət, bu sahə ilə ixtisaslaşan şəxslər məşğul ola bilər, ya ədəbiyyat, şeir kimi yaradıcılığı olan hər kəs? Bizim bir çoxlarımız, bizim nəsil jurnalistikanı içdən gələn peşə hesab edib. Yadımdadır ki, məşhur jurnalistlərdən biri Rauf Talışinski ilə 15-20 il qabaq tədbirdə idik, tədbirin də şüarı ondan ibarət idi ki, hamı jurnalist ola bilər. Bir qədər sonra Rauf dedi ki, mən burada oturmuram, amma mənim təsəvvürümə görə hamı jurnalist ola bilməz. Mən də o düşüncədəyəm. Amma yeni texnologiyalar o həddə gətirib çıxarıb ki, bu işlə hamı məşğul olur və jurnalistikanın əsas normalarından istifadə edərək jurnalist kimi görünə bilir. Bu da bir xaos yaradıb ki, doğurdan da hamı bir-iki fikir söyləməklə insanlara özünü jurnalist kimi təqdim edir.
Amma peşəkar jurnalistika nədir? Bunun hansı tələbləri var? Birinci növbədə, əlbəttə ki, obyektiv olmaq, vicdanlı, xəbəri hər şeydən önə çəkmək əhəmiyətli məsələdir, amma bir məsələ də var ki, son günlər daha da aktuallaşıb. Bir tərəfdən torpaqlarımızı işğaldan azad etmişik, suverenliyimiz bərpa olunub, zəfər qazanmışıq. Bir tərəfdən də müasir texnologiyalardan istifadə edib bizə qarşı şər atan, dezinformasiya yayan düşmənlər var. Bunu da əsasən jurnalistika xətti ilə edirlər. Bu dövrdə jurnalistikanın vətənpərvərlik mövqeyi daha önə çəkilməlidir. Vətəndaş mövqeyindən düşünməliyik ki, bu xəbər bizə nə dərəcədə problem yarada bilər, saxtadırmı, ictimaiyyəti manipulyasiya etmək üçündürmü və bunun nəticələrini düşünməliyik. Qəsdən yazılan dezinformasiya xarakterli xəbərlər asanlıqla yayılırsa, cəmiyyətdə ciddi gərginlik yaradır. Amma indi sadəlövlük və bilməzlikdən yaranan saxta xəbərləri də sosial şəbəkə istifadəçiləri tirajlayırlar. Onlar xəbərin dəqiqləşdirilməsini, müxtəlif mövqelərin ortaya qoyulmasının əhəmiyyətini tam anlamırlar və bu da müəyyən dərəcədə gərginlik yaradır. Hesab edirəm ki, Azərbaycan öz tarixinin ən qürurlu dövrünü yaşayır və bu dövrdə biz haradasa jurnalistika prinsiplərindən geri çəkilib daha çox vətəndaşlıq mövqeyimizi ortaya qoymalıyıq. Azərbaycan gələcəkdə regionun ən güclü və ətrafa da böyük təsir göstərəcək dövləti olacaq və bu baxımdan hər bir vətəndaşımızın fəaliyyət göstərməsi vacibdir. Cənab Prezident 2023-cü il mayın 10-da Ümummilli liderin ad günündə Şuşadan Azərbaycan xalqına müraciət edərkən demişdi ki, zəfərimiz bizim çiynimizə böyük məsuliyyət qoyur və hamımız bu zəfərə malik olmalıyıq. O mənada bizim elə bir dövrümüzdür ki, hamımız çevik, dinamik və daha çox əzmkarlıq göstərərək Azərbaycanın bu zəfərinə layiq olmalıyıq. 

- Qeyd etdik ki, jurnalistikanın nəzarət funksiyası, ictimai rəyə təsiri var. Amma bu gün Azərbaycanda jurnalistikanın peşə fəaliyyətini düzgün yerinə yetirməyinə imkan verməyən səbəblərdən biri də istər dövlət qurumları, istərsə də özəl təşkilatların jurnalist sorğusuna operativ cavab verməməsi, bunu gözardı etməsidir. Bununla bağlı qanunvericilikdə müddəa olsa da, praktikada reallaşmır. Qanunun praktikada öz həllini tapması üçün Milli Məclis qarşısında hansısa tələblər qoymağı düşünürsünüzmü?

- Dördüncü sənaye inqilabının gətirdiyi yeniliklər, dinamiklik məmurlardan da tələb edir ki, onlar həddindən artıq çevik olsunlar. Onlar bu proseslərdə bir az gecikən kimi, məğlub vəziyyətinə düşəcəklər. Bu mənada məmurlarımız həddən artıq astagəl, ləng və bir az ehtiyatlı davranırlar. Xüsusilə dövlət orqanlarından mətbuata problem yaradanda jurnalistlər çətinlik çəkirlər. Mən bir neçə dəfə demişəm ki, bizim bəzi nazirliklərin mətbuat şöbələri çox çevik və operativdir. Amma bəziləri də var ki, ümumiyyətlə ya özlərinin bu sahəni bilməməsindən, ya da həmin qurumların rəhbərlərinin ehtiyatlı davranmaq istədiyindən sorğulara vaxtında cavab verilmir. Bu da şayiə və dezinformasiyaların yayılmasına səbəb olur. Bu tərəfdən də bir çox məmurlar ərköyündürlər və düşünürlər ki, onların qurumları ilə bağlı hansısa tənqidi yazı yazılan kimi onu sildirə, saytdan çıxara bilərlər. Bu da ciddi problemdir. Əvvəllər qəzetlərdə o prinsip var idi ki, yazılana pozu yoxdur, yazı çıxıbsa, onu heç kim sildirə bilmirdi. Uzaqbaşı qarşı tərəf öz təkzibini verə bilərdi. İndi ən mənfi tendensiya məmurların həddindən artıq özgüvəni və mətbuata yuxarıdan aşağı baxmasıdır. Hesab edirəm ki, bu, mətbuatımız üçün ən böyük problemlərdən biridir. 

- Bəs bunun qarşısını necə ala bilərik?

- İşin qanuni tərəfinə baxanda görürük ki, burada hansısa boşluq və problem yoxdur. Amma dediyim kimi, bəzən məmurlar da o prinsiplərlə əsaslandırırlar ki, hansısa yazı cəmiyyətdə gərginlik yarada bilər. Hesab edirəm ki, bu keçici dövrdür və Azərbaycan mətbuatı öz ənənələrini yaşadaraq cəmiyyətin aynası olmağa, cəmiyyətdə ədalətin bərpası və doğru xəbərin çatdırılması yolunda öz ənənələrini davam etdirəcək. 

- Azərbaycan jurnalistikasının pik həddi bəlkə də 90-cı illərin əvvəlləri idi, elə “525-ci qəzet” də o vaxt yaradılmışdı. Amma sanki həmin dövrün gənc jurnalistləri ilə bu peşənin indiki davamçıları arasında anlaşılmazlıq var. Bu gün illərin qələm sahiblərinin gənc nəslə qarşı inamsızlığı nədən qaynaqlanır?

- 1990-cı illərdə jurnalistikaya gələnlər bu sahəyə talelərini bağladıqları peşə kimi baxırdılar. Bu gün isə  jurnalistikaya gələn gənclərin əksəriyyətində bu ehtiras, şövq yoxdur. 90-cı illər həm Azərbaycanın müstəqillik dövrü idi, yeni mətbu orqanlar yaradılmışdı, media “bumu” var idi, həm də mətbuatın yazdığı ictimai fikrə çox təsir edirdi. 1998-ci ildə bu proses ona gətirib çıxardı ki, Ümummilli liderin fərmanı ilə mətbuatda dövlət sirlərini mühafizə edən baş idarə, 100 ildən artıq Azərbaycanda mövcud olan senzura ləğv olundu. O dövrdə əlbəttə ki, mətbuat işçiləri və jurnalistlər daha hökmlü və etibarlı zümrə idi. Təəssüf ki, zamanla jurnalistlərin özlərinin həmrəyliyinin sıradan çıxması, həm jurnalist adına iddia edən çoxlu sosial şəbəkələrin gətirdiyi xaotik vəziyyət jurnalist etibarını azaltdı. Amma yenə də Azərbaycanın peşəkar jurnalistlərinə ehtiramımı bildirməklə, gənc jurnalistlərə də arzu edirəm ki, bu gözəl ənənələri davam etdirsinlər, öyrənsinlər, çalışsınlar. İnsanların düşüncələrinə təsir edə biləcək yazılar yazıb jurnalistikamızı zənginləşdirsinlər.

- Bu iki nəslin ortasındakı azsaylı jurnalistdən biri də sizsiniz. Gənclərlə dostluq edən, ahılların yanında olan, bir sözlə, hamı ilə yola gedən jurnalist olmaq çətin deyilmi? Jurnalist hamı ilə yola getməyi bacarmalıdırmı?

- Jurnalistikanın məğzində gənclik sevgisi və şövqü olmalıdır. Mən bir müddət əvvəl deyirdim ki, 35 yaşdan yuxarı redaktor olmaq düzgün deyil. Çünki sən artıq məmurları filan tanıyırsan və güzəştə getməyi bacarırsan. Amma daha gənc jurnalistlər bu məsələlərdə sərt olur. “525-ci qəzet”in 1992-ci ilin 17 noyabrında çıxan ilk nömrəsində gənclərə müraciət etmişəm ki, bu qəzet gənclərin qəzeti olacaq. O gündən bu günədək Azərbaycanın yüzlərlə istedadlı gənci “525-ci qəzet”də fəaliyyətə başlayıb, indi dünyanın müxtəlif yerlərində, dövlət qurumlarında çalışırlar. "525" gənclər üçün məktəb olmaqla yanaşı, eyni zamanda peşəkar jurnalistlərin, klassiklərin də yazılarının çap olunduğu qəzet olub. Biz bəzən gənclərlə Anar müəllimin, Ramiz Rövşənin yazılarını yanaşı çap edirdik ki, diqqəti onlara cəlb edək.
2004-cü ildən Azərbaycan Yazıçılar Birliyində gənclər katibi kimi çalışmağa başladım. Orada olan yazarların çoxu da jurnalistlər idi. Eyni zamanda, Jurnalistika fakültəsində dərs deyirdim və onlara da “525-ci qəzet”də şərait yaradırdım, indi də bu qəzetdən çıxan hər kəs həmin dövrü çox gözəl xatırlayır. Bu barədə “Əlvida və salam” adlı məqalə də yazmışdım. Bitirənlərə əlvida deyib, yeni gələnləri salamlamışdım. Belə götürəndə gənclərlə oturmağı, onların düşüncələrinə bələd olmağı çox xoşlayıram. Gənclərlə bağlı iradım odur ki, onlar az mütaliə edir, az məlumatlıdırlar. Jurnalistikanın əsas prinsiplərindən biri məlumatlılıq və savadlılıqdır. Cəmiyyət də jurnalist adına ona görə hörmət edir ki, o daha çox bilikli və məlumatlıdır, hadisələri fərqli gözlərlə görə bilir. Mən bu cür jurnalistika arzu edirəm, gənclərə də tövsiyəm odur ki, bu işi sevərək fəaliyyət göstərsinlər. 

- Rəşad müəllim, siz həm Mətbuat Şurasının sədrisiniz, həm də “525-ci qəzet”in rəhbəri. Yerinizə bu gün gələ biləcək gənc kadr varmı? Bu 33 ildə neçə gənc kadr yetişdirə bilmisiniz?

- 33 il əslində “525-ci qəzet”in yaşıdır. Mən 1985-ci ildən - 21 yaşımdan “Elm və həyat” jurnalında korrektor kimi fəaliyyətə başlamışam. Jurnalistika fakültəsində oxuya-oxuya həm də orada çalışırdım. Korrektor vəzifəsi də o dövr üçün jurnalistikanın ən aşağı pilləsi idi. Mən 5 il korrektor işlədim, məndən əvvəl həmin vəzifədə çalışan Binnət Süleyman var idi, onun anasından soruşanda ki sənin oğlun Bakıda nə iş görür, cavab vermişdi ki, oğlum alimlərin səhvini düzəldir. Həqiqətən də onların hərf səhvlərini düzəldirdim, jurnal 110 min tirajla dərc olunurdu. Sonradan mən “Ədalət”, “Həyat”, “Azərbaycan” qəzetlərində çalışdım və “525-ci qəzet”i təsis etdim. Düşünürəm ki, bu qəzeti yaratmaq mənim həyatımda gördüyüm ən böyük işdir. Mənim gələcəyinə ümid etdiyim cavanlar var. Ən böyük dəstəyim elə gənclərə olub. Hesab edirəm ki, Azərbaycan jurnalistikası da, ədəbiyyatı da gələcəyi istedadlı insanların əlində olacaq, heç bir mənfi düşüncəm, bədgümanlığım yoxdur. 

- Mətbuat Şurasının jurnalistlər arasındakı nüfuzu necədir, qurumun dövlət orqanlarına, cəmiyyətə hansısa təsiri varmı?

- Mətbuat Şurası 2003-cü ilin mart ayında Jurnalistlərin Qurultayında yaradılıb. Şura mətbuat-məmur, mətbuat-ictimaiyyət arasında barışdırıcı mövqedən çıxış edir.
Bu təşkilata 19 il Əflatun Amaşov rəhbərlik edib. Mən həmişə demişəm, Əflatun Amaşovun həlim xarakteri, insanlar arasında barışdırıcı münasibət yaratmaq istəyi təsirli olub. Amma bu yaxınlarda Əflatunun xarakterində bir məqam da gördüm: "Xalq qəzeti"nin baş redaktoru olduqdan sonra onunla "Azərbaycan" qəzetinin rəhbəri Bəxtiyar Sadıqov arasında konflikt yaranıb. Söhbət bu qəzetlərin yubileylərinin keçirilməsi və hansının köhnə media orqanlarının varisi kimi qəbul olunması məsələsindən gedir. Onlar uzun müddət Mətbuat Şurasında birlikdə təmsil olunublar, amma indi konflikt yaşayırlar.
Media ilə bağlı bir tədbirdən çıxanda onları barışdırmaq istədim, amma Əflatun barışmadı. Onda mən soruşdum ki, Əflatun, sən bu xarakterlə Mətbuat Şurasına necə 19 il rəhbərlik etmisən?! Düzü mənim üçün pis oldu ki, adi bir mübahisəyə görə onların arasında bu cür münasibət yaranıb. İndi Əflatunun xarakterindəki o məqam yadıma düşdü. Görünür, Mətbuat Şurasının sədri kimi başqa xarakterli olursan, baş redaktor işləyəndə isə dəyişirsən, təmsil etdiyin qəzetin tarixi və nüfuzunu qorumaq istəyirsən. 

Bizə ən çox şikayət qəzetlərin - yazılı mətbuatın dövründə daxil olurdu. İndi demək olar ki, çox az şikayət gəlir. Demək olar ki, qəzetlərdən şikayətlər yoxdur. Şikayətlər də olanda çalışırıq ki, tərəfləri barışdıraq, müsbət münasibət yaradaq. Bu baxımdan ən çox şikayətlər yeni media, sosial şəbəkələrlə bağlı olur. Bəzən heç şikayət olunan saytların ünvanını tapa bilmirik. Onların çoxu heç Mətbuat Şurasının üzvü deyil. Bu cür xaotik vəziyyətlər olsa da, biz müxtəlif tədbirlər vasitəsilə peşə prinsiplərinə əməl edilməsinə çalışırıq. Hansısa mətbuat orqanı barəsində qərar çıxararkən, onu Mətbuat Şurasının saytında yerləşdiririk və peşə davranış qaydalarının prinsiplərinin pozulduğu məqamları göstəririk. İndi Mətbuat Şurasından ictimaiyyət də, vətəndaşlar da çox şey umur. Jurnalistlər elə bilir ki, biz mətbuatın bütün işlərini həll edə bilirik, hamı bizə tabedir. İctimaiyyət də elə bilir ki, biz bütün qüsurların qarşısını ala bilərik, amma almırıq. 

- Əvvəllər qələmi ilə tanınan jurnalistlər var idi, bu gün sanki o ənənə yoxa çıxıb. Jurnalistin özü belə, dünən yazdığı və gündəmi zəbt edən yazısı haqqında bir gün sonra düşünmür. Yeni texnologiyanın yaratdığı bu tezliyin peşəkar jurnalistikaya zərər vuracağını düşünürsünüzmü, ümumiyyətlə, Azərbaycan jurnalistinin yaddaşı necədir?

- Mən də vaxtilə həftəsonları qəzetləri oxuyub onlardan zövq alırdım. İndi daha çox işlərim olduğu üçün xüsusilə sosial şəbəkələrədən məlumat alıram, ayrı-ayrı jurnalistlərin yazılarına baxıram. Bir neçə dəfə olub ki, hansısa araşdırma, yazı çox xoşuma gəlib və onun redaktoruna da, jurnalistə də bunu demişəm. Mən bilirəm ki, jurnalistin əziyyət çəkib araşdırdığı yazıya görə Mətbuat Şurasının sədrindən, tanınmış jurnalistlərdən minnətdarlıq mesajı almaq nə deməkdir. Bəyəndiyimi, sevdiyimi həmişə ürəkdolusu deyə bilirəm, görünür mənim xarakterimin əsası da budur. Heç kimdə pisi, mənfini görməyə can atmıram.

- Mətbuatımız 150 illiyini qeyd edir. Bəs sizcə, Azərbaycan jurnalistikasının neçə yaşı var?

- Hesab edirəm ki, 150 yaşımızın olmasına baxmayaraq gəncik. Bayaq dediyimiz kimi, Azərbaycan jurnalistikasının 100-150 il əvvəl qarşısında duran problemlər bu gün də bizim qarşımızda durur. Bu mənada biz hələ gəncik, yeniyetməyik və formalaşmaq, müdrikləşmək dövrümüz hələ qarşıdadır. 
- 150 il əvvəl milli mətbuatımızı quran Həsən bəy Zərdabi bugünkü jurnalistika mühitini görsəydi, sizcə, nə düşünərdi? Məyusmu olardı, yoxsa fəxr edərdi?

- Həsən bəy Zərdabi Azərbaycanda bir çox sahələrdə ilklərin əsasını qoyub. Onun bir şəkli də var - Qızlar gimnaziyasının açılışında Hacı Zeynalabdin Tağıyevlə birlikdə iştirak edir. Onları görəndə mənim gözüm yaşarır. Elə bilirəm ki, bu gün Zərdabinin ruhu şaddır. Biz hər il sentyabrın əvvəlində Jurnalistika fakültəsində dərs başlayanda tələbələrlə birlikdə Həsən bəyin məzarını da ziyarət edirik. Eyni zamanda, mətbuata xidməti olan digər klassiklərimizi də yad edirik. Düşünürəm ki, onun başlatdığı, əsasını qoyduğu yol davam edir və gələcəkdə də davam edəcək. 

- Mətbuatımızın 150 illiyi ilə bağlı medal da təsis edilib. Bu medalın kimə verilməli olduğunu düşünürsünüz?

- Medal bizim ən yaralı yerimizdir. Medianın İnkişafı Agentliyinə təşəkkür edirəm ki, belə bir medal təsis etdi. Uzun illər mətbuatda xidmətləri olan jurnalistlər çoxdur. Bəzən ədalətsizliklər də olub, kimlərsə “Əməkdar jurnalist” adını qazanıb, amma ona daha çox haqqı olanlar bu adı ala bilməyib. Bunu biləndə mən çox təəccüblənirəm. Amma bu medala gənclər arasında da, yaşlılar arasında da iddiası olan çoxdur. Biz də Medianın İnkişafı Agentliyi ilə bu haqda müxtəlif danışıqlar aparacağıq. Həm mətbuat tariximizin araşdırılması ilə bağlı, həm jurnalistika təhsili sahəsində çalışan, həm də bu sahədə fəaliyyəti olan insanlarımız var ki, onların da əməyi qiymətləndirilməlidir. 150 illiklə bağlı yubiley medalı daha çox insana şamil olunmalıdır, yəqin ki, belə də olacaq. 

- Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Prezident də sərəncam imzaladı. Sizin bu yubileylə bağlı hansısa təklifləriniz varmı?

- Biz Azərbaycan Prezidentinə təşəkkür edirik. O həmişə olduğu kimi Azərbaycan mətbuatına önəm verib. Bilirsiniz ki, mətbuatımızın 125, 130, 135, 140, 145-ci yubileyləri də təntənəli şəkildə keçirilib. Cənab Prezident 25 aprel tarixində mətbuatın 150 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam imzaladı. Medianın İnkişaf Agentliyi və Mətbuat Şurasına bu sahədə müəyyən tapşırıqlar verilir. Biz də bu yöndə artıq öz fikirlərimizi hazırlayırıq. Mətbuat Şurasının İdarə Heyətində də bir dəfə müzakirəmiz olub. Yəqin ki, bir neçə dəfə də müzakirələrimiz olacaq və Medianın İnkişafı Agentliyi ilə birlikdə müəyyən təkliflər hazırlayacağıq. Bu sahədə ideya verənlər çoxdur, amma mənim əsas təklifim mətbuatla bağlı muzeyin yaradılması olub. Keçən il Türkiyəyə səfərimiz zamanı Elazığın Xarput şəhərində mətbuat muzeyinin olduğunu gördük, bir neçə il əvvəl yaradılmış muzeyi gəzdik. Düzü, heyrət etdim, bildirdilər ki, bu Türkiyədə 6-cı belə muzeydir. Bununla bağlı təkliflərimi yazmışam. Mətbuatın 150 illiyində mədəniyyət paytaxtımız Şuşada mətbuat muzeyinin yaradılmasını çox istərdik. Mətbuatımızın baniləri sırasında publisistikamıza dəyər gətirən Üzeyr bəy Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Əbdürrəhim bəy Haqverdiyev kimi şəxslər dayanır. Bu baxımdan mən hələ Şuşa azad edilmədən əvvəl - 2013-cü ildə cənab Prezidentin qarşısında çıxış edərkən Şuşanın azad olması ilə bağlı arzularımı və azad jurnalistikaya dair yaradıcılıq məkanının orada fəaliyyəti ilə əlaqədar inancımı bildirmişdim. Hesab edirəm ki, mədəniyyət paytaxtımızda, qədim şəhərin qədim binalarının birində belə bir muzeyin yaradılması çox yaxşı olardı. Mətbuat Şurasının İdarə Heyətinin üzvləri də bir sıra təkliflər irəli sürüblər. Eləcə də jurnalistlərə subsidiyaların verilməsi, media subyektlərinin sosial ödəmələri ilə bağlı təkliflər irəli sürülüb. Həmçinin vaxtı ilə Ümummilli lider Heydər Əliyev qəzetlərin borclarının bir hissəsini bağışlamışdı. Bununla bağlı da bir sıra təkliflər var. Eyni zamanda, jurnalistlər az maaş aldığı kimi, təqaüdə çıxanda da pensiyaları çox aşağı olur. Cənab Prezidentin 2007-ci ildə imzaladığı sərəncama görə gənc və yaşlı yazıçı, bəstəkar, rəssamlara birillik təqaüdlərin verilməsi, eyni zamanda mədəniyyət xadimlərinə təqaüd verilməsi təmin olunub. Mətbuat Şurasının İdarə Heyətinin bir neçə üzvü müraciət edib ki, hökumət qarşısında belə məsələləri qaldıraq və Azərbaycanın ahıl jurnalistlərinə ayrıca təqaüd ayrılsın. Eyni zamanda, təltiflərlə bağlı da çox böyük arzular var. Düzdür, biz 150 illiklə bağlı medalı hesab edirik ki, əksəriyyətə vermək lazımdır, amma eyni zamanda, xidməti olan jurnalistlərin də mükafatlandırılması bizim arzumuzdur. Şuşada bir neçə ildir, beynəlxalq media formu keçirilir və orada jurnalistlər, media mütəxəssisləri iştirak edirlər. Bu il də o forum davam edəcək. Hesab edirəm ki, tədbir  jurnalistlərimiz və bu sahəyə dəyər verən qurumlarla birlikdə yüksək səviyyədə keçiriləcək. Bütün jurnalistlərimizi də indidən milli mətbuatın 150 illiyi münasibəti ilə təbrik edirəm.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 May 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlılar internetdə ən çox bunları axtarırlar ŞOK SİYAHI

06 May 2025 14:17see196

Azər Badamov bütün suallara aydınlıq gətirdi

06 May 2025 16:46see130

Xocalı və Ağdərəyə 2073 nəfər qayıdıb RƏSMİ

06 May 2025 11:13see127

“BU, İNHİSARÇILIĞA, KORRUPSİYAYA SƏBƏB OLUR...” “Problem kritik həddə çatmayana qədər hökumət tədbir görmür”

06 May 2025 08:39see126

Sassuolo Milan ın rekordunu qırıb

06 May 2025 08:34see123

İsveçdə ərzaq inflyasiyası yavaşlayır

06 May 2025 03:42see122

Almeda Survivor dan QOVULDU

07 May 2025 02:18see122

Üç hava limanı uçuşlara müvəqqəti bağlanıb

06 May 2025 08:22see120

ABŞ məhkəməsi Trampın bu tələbini rədd etdi

06 May 2025 18:35see120

Nura ilə dostluğumu bitirdim, səmimi deyildi

06 May 2025 14:29see120

“Səhhəti pisləşib, aparata qoşublar” Vahid Əliyevin həyat yoldaşı

06 May 2025 01:50see118

Mənzurə Musayeva tanınmış həkimdən şikayətçidir: Sifətimin bir tərəfini dartıb, birini boşaldıb

06 May 2025 18:36see118

“Mançester Yunayted”dən qəribə transfer həmləsi

06 May 2025 16:19see118

Zəngəzur dəhlizi Ermənistanın suverenliyinə təhlükə sayılmadığı üçün İranın narahatlığına ehtiyac yoxdur

06 May 2025 13:59see118

ATƏT PA nın İpək Yolu Qrupu Budva Bəyannaməsini qəbul etdi FOTOLAR

06 May 2025 09:47see118

Fərid Qayıbov yarışlarda uğur qazanan idmançılar və onların məşqçiləri ilə görüşüb

06 May 2025 11:26see116

Yüksək idxal valyuta tələbi yaradır

06 May 2025 10:33see116

Əsədin Suriyadan qaşması Aİ də sığınacaq axtaranların sayını xeyli azaldıb

06 May 2025 11:27see111

“TechFront” akademiya sənaye görüşü keçirildi

06 May 2025 10:12see110

“Zirə” növbəti illərdə çempionluğa iddialı olacaq” Skarlatake

06 May 2025 10:43see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri