Icma.az
close
up
RU
Mən səni torpağa verəndə bildim... Məmməd İlqarın şeirləri

Mən səni torpağa verəndə bildim... Məmməd İlqarın şeirləri

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Bu gün tanınmış şair Məmməd İlqarın 75 illik yubileyidir.

Kulis.az bu münasibətlə şairi təbrik edir və onun seçmə şeirlərini təqdim edir.

Mən həmən oğlanam, a dağ yolları
Ömrün o başından dönüb gəlmişəm,
Mənəm, başınıza dönüm, gəlmişəm.
Bəs məni yandırıb, nə yaxırsınız?
Belə maddm - maddım nə baxırsınız?
Bax bu palıdların budaqlarında
Yellənən oğlanam, a dağ yolları.
Sorub baldırğanla bulaqlarından
"Keflənən" oğlanam, a dağ yolları,
Mən həmən oğlanam, a dağ yolları.
Qayalar belində gül bitirərdi,
Di gəl ki, xoşluqla gül verməzdilər...
Əlimi uzatsam, əl yetirərdi,
Gicitkanlar mənə gün verməzdilər,
Qanıma bələrdi moruq kolları,
Mən həmən oğlanam, a dağ yolları.
Almazdım eynimə çəni, çiskini,
Dolu da yağsaydı - qənd deyildimi?
Sizdən küsən günü qəzəbim, kinim
Bir tütək səsinə bənd deyildimi?
Gözümə çıxardı könlümün varı,
Mən həmən oğlanam, a dağ yolları.
Sinəmdə bir belə sevgi varikən
Bu səfeh səbrimlə dil tapammadım.
Daşın da qəlbinə yol taparikən
Bir şəhər qəlbinə yol tapammadım...
Gəlmişəm - ətək boş, ömür-gün yarı,
Mən həmən oğlanam, a dağ yolları.
Bir böyük sevgidən yıxılmışam mən,
Bilirəm dadını diz ağrısının.
Babamın başına qaxılmışam mən,
Bələdəm oduna söz ağrısının.
Bu qədər sınağa çəkməyin məni,
Siz mənim xətrimə dəyməyin barı.
A dağ yolları...
Getdi o dumanla güvəndiklərim,
Əlim ətəyinə yetməz, bilirəm,
Qalan gümanlarım - saman çöpləri...
Mən sevən ölümə getməz, bilirəm
Bu tale yolları, bu baxt yolları.
Məni qinamayin, a dağ yolları
Mən həmən oğlanam, a dağ yolları.

***

İlahi! Belə də gözəl olarmı?
Kimdi qələm çəkən, nə gözəl çəkir.
Üz-üzə, göz-gözə sehrlənmişik,
Nə mən göz çəkirəm, nə gözəl çəkir,
Güney gözlüm, gözəllikdə bircəsən,
Bu güllükdə bir mən olam, bircə sən...
Gül üstündə arıya bax bircə sən
Gör gülün nazını nə gözəl çəkir?...
Salma gəl Məmmədi gözündən, gözəl,
Gözüm gözmü görüb gözündən gözəl!..
Mən ölmüş neynim ki, gözündən, gözəl-
Nə bir könül doyur, nə göz əl çəkir !
***
Ay gözü göyçəyim, gözün hardadı –
Dən salıb saçıma dərdin dən, belə…
Yeriyən, danışan ölüyəm sənsiz –
Kim ölər mənimtək dərdindən belə?..
Dərd oxuna nişangahdı sinəm də,
Dərd əlindən ha gizlənəm, sinəm də.
Nə dərd desən yuvalanıb sinəmdə
Bir bala sərçənin dərdindən belə…
Tapşır gözlərinə ilqara gəlsin,
Qıyma ki, ay qara, il qara gəlsin.
Gələn dərdin Məmməd İlqara gəlsin,
Neynər dərdli kəsə dərd indən belə?!
***
Əcəb gündü – günlərin ən gözəli,
Gördüm səni – əcəb düşdüm oda mən.
Camalın ki, şölə verib yanırdı,
Bax, o gündən səcdəliyəm oda mən.
Kəsmə kərəmini, bir kərəm eylə,
Neynək, kərəmini bir kərəm eylə…
Gəl yandır, məni də bir Kərəm eylə –
Yəqindi ki, yanmalıdı od əmən.
Açmadınsa, hər yetənə qəlbi – düz!
Məcnundusa, fərqi nədi: qəlbi, düz?
Səndən ötrü əhdi qayım, qəlbi düz,
Məmməd adlı bir şair var – o da mən!
* * *
"Sənə də qar yağdı, güvəndiyim dağ."
Özün bir vaxt dost demirdin mənə bə?
Məsəl var ki, dost-dostuna tən gərək,
Tənə gəlir bu dostluqdan mənə bə...
Nənəm derdi, bir verməsən üç alma,
Oxu bir al, birinci ol, üç alma.
Nağıl bitdi, göydən düşdü üç alma,
Biri ona, biri buna, mənə bə?..
Kişi gərək "qan bağlaya" şər kəsə,
Heç bir dosta tuş gəlməsin şər, kəsə!
Qatma məni "bə!" dediyin şər kəsə,
Mənəm - Məmməd İlqar - indi mənə "bə"?
* * *
Qönçələr bürüyüb çölləri yenə
Açallar, inşallah, gül, gülə-gülə
Görəllər, güləllər gəlməz eyninə,
Sarılar, sarmaşar gül gülə, gülə.
Güllər al-əlvandı, bülbüllər sarı,
Görməsin gül üstə bülbüllər sarı.
Güllər gülümsünər bülbüllər sarı,
Görən, varmı görən gül gülə gülə
Yarəb, yetir məni bir gülə, dedim,
Məmmədin könlü də bir gülə-dedim.
Açdım ürəyimi bir gülə dedim
Ağlar qoydu məni gül gülə-gülə
A göyçək
Göyçək günlər gözləməkdən üzüldüm,
Gələcəkmi göyçək günlər, a göyçək ?
Cənnətdəkilər çəkəmmədi cəfanı –
Culadılar - sən çəkərsən, a göy*, çək.
Fağır canım bir də dönüb baxdı nə...
Nolasıydı bir cununun baxtı, nə ?
Görən dedi, göydən düşüb baxtına,
Mələkdisə, mələyini a göy, çək!
Məmməd İlqar, baxma bağrın yaradı,
Ad çəkməsən, bu söz nəyə yaradı?..
Beşcə göyçək hərfdi - olub yar adı,
Dörd göyçəyin axırında "a" göyçək.
***
Ən gözəl dərdimsən dərdlər içində,
Dərdindən düşmüşəm dərdə mən, gözəl.
Dərd gözəl çəkilir - əgər gözəlsə,
Gözəl dərd diləsən, dərdəm - ən gözəl.
Sərdim gülşənini dərdə, mən ömrün,
Dər gülüm, gülünü dər də, mən - ömrün.
Hər günü ölümdü dərd əmən ömrün-
Ölərmi sən kimi dərd əmən, gözəl?!
Məmməd, könül sevdi, kimə nə, dərdi
Özgə kim sevdirər ki, mənə dərdi?...
Bilməm bu sevginin kimə nə dərdi?
Mənə dərd gözəldi, dərdə mən gözəl!
***
Qarı dünya, bu nə qovğa, nə qaldı-
Aman ver, aman ver, a yağı, bir...bir...
Öyündüyüm-güvəndiyim nə qaldı?
Alırsan əlimdən a yağı, bir-bir.
Ha çağırdım-taleyim hey...baxtım hey...
Gah bulanıb, gah durulub axdım hey...
Yüz gümanla ağ yollara baxdım hey...
Getdi gözlərimin ay ağı, bir-bir.
Məmməd İlqar, dar günündü, seyr elə-
Nə vaxt düşər, bir də belə seyr ələ...
İnanmazdın - qohum-qardaş seyrələ
Çəkilə dostların ayağı bir-bir.
***

Ölüb dirilirəm minillərdi ki,
Ölüm göstərirsən nə mənə, Tanrı?..
Sənin qəhrin hədər, mənim qargışım
Nə sənə yaraşar, nə mənə, Tanrı.
Nə sadiq əsgərdi kədər gör sənə,
Üzüm üzlər görüb, kədər görsə nə?..
Qıyma körpə gözdə kədər görsənə,
Qönçə yanaqlara nəm ənə, Tanrı.
Məmmədi qorxutmaz qar-ayaz daha,
Neynər Savalanda qara, yaz daha?!.
Yüz də taleyimi qara yaz daha
Nəmənə dərddi ki, nəmənə, Tanrı?!.
***
Yönü Vətən sarı, qərib bir qoca,
Bayatı çağırır:- eləmi dağlar...
Necə göynəməsin, güşümləməsin-
Çəkilib köysünə eləmi, dağlar?
Dedim, de dərdini sən, əmi-bilmir...
Bilmir harda qalıb sənəmi, bilmir...
Baxtamı qarğasın, sənəmi, bilmir-
Viranə obaya, eləmi, dağlar?
Tutmaz eldən ayrı tutmaz ömür dən,
Məmməd İlqar ummaz elsiz, ömürdən.
Obasız olumdan, elsiz ömürdən
Ölüm urvatdıdı, eləmi, dağlar?!.
***
Dünyada hər rəngin öz gözəlliyi,
Sorma ağ gözəldi, qara ya sarı?
Beçərə qaranı nə qarğıyım ki,
Baxt özü meyl edib qaraya sarı.
Hani, tərlan könül sar alan anlar?
Bunu korun-korun saralan anlar...
Yetişdi ömür-gün saralan anlar-
Əcəb yaraşıqdı qaraya sarı.
Məmmədin İlqarı ay, qara yoxsa,
Adını anmazdı ay qara, yoxsa...
Nəsə pıçıldayır Ay qara, yoxsa-
Belə gülümsəməz qar, Aya sarı.
Pantomim təcnis
Dərdini dərdimin qardaşı sandım,
Yaş oldum yanaqda mən, belə-belə.
Bezdim yalanından qardaş, usandım,
Heç səni bilməzdim mən belə, belə...
Kimik bundan sonra, - elə beləyik...
Qıyıb can vermədik elə, beləyik...
Burda ikimiz də elə-beləyik,
Sən elə beləsən, mən belə belə!..
Dil tökdün Məmmədə - ay belə...filan...
Göydə Günəş belə, Ay belə, filan...
Məni sən yanıltdın, ay beləfilan-
Sənə neyləmişdim mən belə belə!!.
***
Qönçələr bürüyüb çölləri yenə
Açallar, inşallah, gül gülə-gülə
"Görəllər-güləllər”- gəlməz eyninə,
Sarılar, sarmaşar gül gülə, gülə.
Güllər al-əlvandı, bülbüllər sarı,
Görməsin gül üstə bülbüllər sarı.
Güllər gülümsünər bülbüllər sarı,
Görən, varmı görən gül, gülə gülə.
Yarəb, yetir məni bir gülə, dedim,
Məmmədin könlü də bir gülə-dedim.
Açdım ürəyimi bir gülə dedim -
Ağlar qoydu məni gül, gülə-gülə.
Anamın saçının qara vaxtları
Hopub yaddaşıma göy qurşağıtək,
Göynəyir sinəmdə, sinə dağıtək,
Ovunmur evimin kür uşağıtək
Anamın saçının qara vaxtları.
Ah, necə duruydu eşqim, ay Allah,
Nə qədər təmizdi ürəyim onda...
Nələr vəd etməzdi mənə xəyallar,
Nə daşqın dənizdi ürəyim onda -
Anamın saçının qara vaxtları.
Bilirdim Göylərdə qar var, yağış var,
Bilirdim yollarda eniş - yoxuş var,
Bircə bilmirdim ki, bu yer üzündə
Neçə "yox olmaq" var, neçə "çıxış" var
Anamın saçının qara vaxtları.
Belə hərlənəsi başım yoxuydu,
Belə sellənəsi yaşım yoxuydu,
Sevgi məktubları yazırdım hələ-
Bu gidi dünyayla işim yoxuydu.
Anamın saçının qara vaxtları.
Hələ ümidlərin sıx vaxtlarıydı,
Arzumun çoxunun sağ vaxtlarıydı,
Baxtımın, günümün ağ vaxtlarıydı
Anamın saçının qara vaxtları.
Deyim ki, yuxuydu - yuxu deyildi,
Deyim ki, nağıldı - axı deyildi?
Bir onu bilirəm, ay ağ saçlarım,
Anamın ömrünə yağı deyildim
Anamın saçının qara vaxtları.
Anam üçün gecikmiş şeir
Adına urvatdı bir söz yazmadım,
Göynəyə-göynəyə yazıram indi...
"Ölürəm" - deyəndə qulaq asmadım, -
yerinə ölməyə hazıram indi...
Başıma çox bəla gələ bilərdi,
Bir az dünyanı da bilə bilirdim.
Hər kəsin anası ölə bilərdi,
Bircə sən ölməzsən elə bilirdim...
Sənsiz növrağımız necə dəyişdi,
Sonsuz möhnətlər var, ana, qarşıda
Sənin ömür payın quzeyə düşdü,
Qəbrini qurmuşuq günəqarşıda.
Günəş buludlara girəndə bildim
Nə üçün, nədən -
Onsuz həyat yetər sona - deyillər,
Mən səni torpağa verəndə bildim
Niyə torpaqlara Ana deyillər...
Qıl körpü
Məni bu gecənin əlindən alma,
Alma bu gecəni mənim əlimdən.
Bu gecə bir daha qismətim olmaz -
Görüş gecəmizdi - ən əvvəlimnən.
Ayrı qonaqlardı bu gələnlərim -
Kefcil dostlarıma oxşamır, ana,
Bağlama bu gecə pəncərələri,
Bağlama qapını, yaxşımı, ana?
Bu gecə illərim ələnməlidi -
Ən gözəl ilim də, ən bekarı da!
Axır ki, bu gecə bilinməlidi
Bir belə günahın günahkarı da!
Bu gecə sonudu qaranlıqların,
Yaddaşım nurunu Aydan alacaq...
Kim kimə göstərib bu dar yolları,
Kim-kimi aldadib aydın olacaq.
Tutacaq yerini yaxşı da, pis də,
Söküb yeməyəcək yalan, ömrümü.
Bu gecə taleyim "qıl körpü" üstə -
Məhşər gecəsidi qalan ömrümün...
Məhşər gecəsidi - bilmişəm artıq,
Çəkəcəklər məni son imtahana.
Günahsız vaxtlarım,
duru vaxtlarım...
Bəlkə də, bəlkə də... Nə bilim, ana,
Baxıb görürlər ki, ölmüşəm artıq -
Dəfnimə yığışır diri vaxtlarım?..
Alma bu gecəni mənim əlimdən,
Məni bu gecənin əlindən alma.
Bu gecə qorxum yox mənim ölümdən -
Bu gecə bir daha qismətim olmaz...

Ledi Qaqa yeni mahnısını təqdim etdi Hər kəs “Sehrbazlar dərəsi”nin sehirli aurasına düşmüşdü Əbülfət Mədətoğlunun tükənməyən enerjisi...
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 Fevral 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İki il sonra üstü açılan qətlin Təfərrüatı

03 İyun 2025 04:20see154

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see135

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see125

Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib

03 İyun 2025 03:55see123

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see123

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see120

Yaponiyada isti havada əməkdaşlarına müdafiə təmin edə bilməyən şirkətlər cərimələnəcək

03 İyun 2025 03:07see119

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see119

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see119

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see118

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see115

Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar

03 İyun 2025 10:19see114

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

03 İyun 2025 12:20see114

Siyarto: Macarıstan Trampın sülh planını dəstəkləməyə davam edəcək

03 İyun 2025 03:36see113

McLaren 750S in xüsusi versiyası buraxılacaq

03 İyun 2025 02:13see112

3 yaşlı qızını öldürən qadın həbsxanada ÖLÜ TAPILDI

03 İyun 2025 05:00see112

Pərviz Şahbazov: 2030 cu ilin sonunadək Azərbaycanda 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək

03 İyun 2025 10:00see112

Bakıda bu yollarda sıxlıq var SİYAHI

03 İyun 2025 08:26see111

Şaqqıldyan avtomatlar, Əlikramın "strateji məhsul"u və “Lənkəranın İsveçrəsi”...

03 İyun 2025 10:30see111

Yeniyetməlik dövründə övladı olan valideynlərin NƏZƏRİNƏ

03 İyun 2025 01:30see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri