“Mənə çatdırıldı ki, qəzetinizdən bir neçə nəfəri də tutacağıq” Elçin Şıxlı ilə GÜNDƏM MÜSAHİBƏ
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıvaxtı.az-ın müsahibi “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru, tanınmış ictimai-siyasi xadim Elçin Şıxlıdır.
Onunla səmimi və açıq söhbəti təqdim edirik.
“Ayna-Zerkalo” nun bağlanması Rusiyanın sifarişi idi
- Öncə Prezident Administrasiyasının keçmiş rəhbəri “Ramiz Mehdiyev işi”ndən danışaq. Bu gün Ramiz Mehdiyevin əməllərindən danışmağa haqqı olan bəlkə də ən birinci adamlardansız, amma bu barədə çox danışmırsınız. Ramiz Mehdiyev sizə nələr etdi və bunları nəyə görə etdi?
- Ramiz Mehdiyev və onun rəhbərliyi ilə PA-nın keçmiş şöbə Əli Həsənovun Azərbaycan mətbuatına vurduğu ziyanı, zərbəni hələ heç kim vurmayıb. Azərbaycan ictimaiyyətinin mənəviyyatına, Azərbaycan ziyalılarının darmadağın edilməsinə, Azərbaycanda doğru-dürüst xəbərin ötürülməsinə ən böyük ziyanı vuran onlardır. Mənim qəzetimin bağlanması da məhz bununla bağlı idi. Tanınmış jurnalist-analitik Rauf Mirqədirovu yalançı ittihamlarla həbsə atdılar. Ondan sonra azad etdilər, amma yenə də “vətən xaini” damğası onun belindədir. Bunu da anlamaq olmur. Necə olur, o, vətən xainidirsə, məhbəsdən niyə azad edirdilər? Sonradan Rauf Mirqədirovu güdənlər, onu həbsə atanlar, istintaqa çəkənlər, yəni keçmiş Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) aidiyyəti şöbənin üzvlərinin hamısı işdən çıxarıldılar və tutuldular. Hətta şöbə müdiri məhbəsdə özünü asdı. Raufu məhz həmin adamlar tutmuşdular. Mənə də çatdırılmışdı ki, bu gedişlə, qəzetiniz belə davam edərsə, bir neçə nəfəri də tutdurası olacağıq. Mənə şəxsən deyilən sözdür.
Neçə illər idi, müstəqil şəkildə qəzeti yaşadırdım. Bu təzyiqlərdən sonra qəzetin satışı qapadıldı, rekamlar kəsildi. Sırf iqtisadi cəhətdən daha da borc quyusuna düşməməkdən ötrü qəzeti bağlayası oldum. Kənardan heç nə almırdım və qəzeti dolandırmaq üçün mənbələrin nə olduğunu bilirdik. Bunlara satış və reklam daxildir. Onlar da bağlanmışdı. Qəzet beləcə susduruldu.
- Qəzetin bağladılması kənar qüvvələrin sifarişi ola bilərdimi?
- Yüz faiz bilirəm, burada Rusiyanın da sifarişi var idi. Çünki “Zerkalo” bağlanandan sonra “Sputnik” kimi həşəratlar qabağa düşdü. Bizim rusdilli mətbuatın yerini “sputniklər” tutdu. “Sputnik”in də nə işlə məşğul olduğu bu yaxınlarda ictimaiyyətə məlum oldu.
- Hətta sizin keçmiş əməkdaşınız Mətin Yaşaroğlunu da “Sputnik”də sərgilədiyi milli və vətənpərvər mövqeyə görə işdən azad etmişdilər...
- Onun fəaliyyəti bizim üçün məlum idi. 4 illik fasilədən sonra “Ayna -Zerkalo”nu qəzet deyil, sayt şəklində çıxarmağa başladıq. 2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı müharibəyə başlayanda, biz bunu rusların dediyi kimi “xüsusi hərbi əməliyyat deyil”, “işğalçı müharibə” adlandırdıq. Məhz buna görə indi “Zerkalo” saytı Leninqrad vilayət hərbi məhkəməsinin qərarı ilə "Roskomnadzor” tərəfindən 2022-ci ildə Rusiya ərazisində bağlanıb. “Zerkalo”ya ancaq VPN vasitəsilə daxil olmaq olar. O da VPN-i bilən girir, bilməyən də daxil olmur. Ona görə mənim Rusiya ilə epopeyam hələ də davam edir.
Məni 6 ay araşdırdılar, amma səsimi çıxartmırdım, çünki...
- “Ayna-Zerkalo”nun bağlanmasına dair düyməyə Moskvadan basılıb, buradakı şəbəkə isə o sifarişi ürəklə yerinə yetirib...
- Sifariş Moskvadan çoxdan gəlirdi. Rauf Mirqədirovu Rusiya Krımı ilhaq edəndən sonra tutdular. Çünki biz rusların işğalını, təcavüzünü yazırdıq. Ən birinci dəfə bizi 2008-ci ilin avqustunda - Rusiyanın Gürcüstana məxsus Abxaziya və Osetiyanı işğal etdiyi zaman nəzarətə götürüblər. O dövrdə ölkəmizdə Rusiyanın Abxaziya və Osetiyanı işğal etdiyi ən fəal və açıq-açığına işıqlandıran iki media orqanı vardı. Biri “Day.az” idi, biri də biz. Anar Məmmədxanov “Day.az”ın sahibi olduğu zaman o barədə yazırdılar. Sonradan “Day.az”ı Anar Məmmədxanovdan aldılar. O məsələlər səngiyəndən sonra, “Zerkalo” ilə bağlı vəziyyət sakitləşdi. Bir də 2013-cü ildə ruslar Krıma girəndə biz bu barədə davamlı olaraq, yazdıq, hadisələri işıqlandırdıq. Əsas analitikimiz Rauf Miqədirov idi. O, araşdırmalar yazırdı və nəhayət də “Zerkalo”nu susdurmaq üçün ilk olaraq, Rauf Mirəqdirovdan başladılar. Onu mənasız yerə, yalançı ittihamlarla tutdular. 23 ay təkadamlıq kamerada qaldı. Sonrakı aqibətini də bilirsiniz.
Ondan sonra məni 6 ay araşdırdılar, amma səsimi çıxartmırdım, mənası yox idi, çünki oyunun qaydaları var.
- Uzun müddətdir ki, Fransa media quruluşlarını - “Le Figaro, “Le Monde” “La Liberation” “L’Express”qəzetilərinin elekton versiyalarını izləyirəm. Onların Azərbaycandan iki media quruluşuna-“Zerkalo” və “Turan” informasiya agentliyi - istinad verdiklərinin şahidi olmuşam. Bəlkə “Zerkalo”nun beynəlxalq auditoriyaya xitab etməsi onları təlaşa salıb?
- Bu da var idi. Bizə istinadlar yalnız Fransadan deyildi. Bir çox xarici media orqanları bizə istinad edirdi. Hadisələrin içində onlardan çox biz olurduq. Analizlər var idi. Elə şeylər var ki, açıb danışmaq da olmur. Məsələn, İsrail səfiri həftədə bir dəfə görüşürdü ki, filan analiz nə oldu? Yaponiyanın səfiri soruşdurdu ki, siz filan şeyi belə yazıbsınız, buna nə qədər inanmaq olar? Amerika səfiri də maraqlanırdı. Bunların hamısı həmişə bizim informasiya ilə maraqlanıblar. Bu, heç də o demək deyil ki, biz onlarla əməkdaşlıq etmişik, sadəcə informasiya mənbəyi kimi bizə inanırdılar və istinad edirdilər. Təəssüf ki, indi bu yoxdur.
- Hətta indiki baş redaktorların bəzilərinin iştirakı ilə Əli Həsənovun Beynəlxalq Mətbuat Mərkəzində sizin əleyhinizə iclaslar keçirilirmiş. Onlara həmin ərəfədə yazdığınız “Küçə itləri” başlıqlı yazınızla cavab vermişdiniz...
- Söhbət ondan gedir ki, o kampaniya var idi, həmin kampaniyanı aparan Əli Həsənovun ünsürləri indi də var. Hara gediblər? Həmin adamların hamısı durur.
- Belə bir mühitdə, çətinlikdə nə cür oldu bu dalğa, qara buludlar sizin üzərinizdən çəkildi və siz “Ayna Zerkalo”nun fəaliyyətini bərpa edə bildiniz?
- Bunu açıb-söyləmək düzgün deyil, ona görə də hələlik onları demirəm, amma onu ifadə edə bilərəm ki, ali məqamlarda oturan insanlar anladılar ki, mediada məkan boş qalanda, ora düşmənlər dolur. «Русскоязычный союз прессы»adlı bir təşkilat vardı.Ofisi Moskvada yerləşdirdi və dünyada rus dilində çıxan mətbu orqanlarla bağlı ildə bir dəfə konfrans keçirirdi. İkinci konfrans Azərbaycanda baş tutdu. Onda çıxış edənlərdən biri olaraq, yazıçı Elçin Əfəndiyev dedi: “Düşünməyin ki, Azərbaycanda rus dilində çıxan media rus mediasıdır. Bunlar Azərbaycan mediasıdırlar, sadəcə olaraq rus dilində çıxırlar”. Bu məsələni bizimkilərin bir çoxu anlamır. Elə düşünürlər ki, rus dilində çıxırsa, deməli, Rusiyaya xidmət edir. Biz rus dilində olan mətbuat idik, amma Azərbaycan mətbuatı idik. Ona görə bizim milliliyimiz ortadadır. Bu milli və anti-milliliyi kim müəyyənləşdirib? Proseslər bir az da irəli gedəndə kimin milli, kimin anti-milli olduğu məlum olacaq.
Yekun sülhə mane olmağa çalışan ilk növbədə Rusiyadır
- Elçin müəllim, bir az da yekun sülhə bağlı danışaq. Niyə yubanır, kimlər, nələr mane olur?
- Buna həm Ermənistanın daxilindəki proseslərin təsiri var, həm də kənar qüvvələrin. Ən birinci olaraq, yekun sülhə mane olmağa çalışan Rusiyadır, daha sonra isə Avropanın müəyyən təsisatlarıdır. Nəyə görə deyirəm? Gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu seçkilərdən sonra yekun sülhlə bağlı sürətlənmə labüddür. Əgər Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətini qoruyub saxlaya biləcəksə, tezlikcə sülh imzalanacaq. Yox əgər onun yerinə revanşist qüvvələr gələcəksə, onda cənab prezidentin söylədiyi kimi “dəmir yumruq” yenə işə düşməli olacaq.
Baxın, 1993-cü ildə Azərbaycanın 8 jurnalistini Dövlət Departamentinin xətti ilə Amerikaya dəvət etmişdilər. O vaxt belə proqramlar var idi. Bir aylıq səfərlər təşkil olunurdu. “San Antonio Chonicles” qəzetinin redaksiyasında, xarici xəbərlər şöbəsində olduq. Təbii, hamımız Qarabağ məsələsindən ürək yanğısı ilə danışıb, mövqeyimizi bildirdik. Oranın redaktoru söylədi ki, dediklərinizi yazıb mənə verə bilsəniz, onu çap edəcəyəm. Biz də toplaşdıq, mətn yazıldı, mən də ingilis dilinə çevirdim. Öz fikirlərimi də əlavə etdim. Bizim orada tərcüməçimiz vardı, yerli adam idi. O, mətni dilə lap uyğunlaşdırdı.1993-cü ilin oktyabrında o yazı dərc olundu. Əlavə etdiyim əsas fikir budu idi: “Əgər bir nağıl kimi təsəvvür etsək ki, Rusiya və digər qüvvələr əllərini çəkiblər, Azərbaycanla Ermənistanı təkbətək, üzbəüz buraxsalar, 3 aydan sonra biz məsələni həll edəcəyik”. 44 günlük Vətən müharibəsindən sonra ölkə prezidenti, Ali Baş Komandan elə bir şərait yaratdı ki, ermənilər bizimlə təkbətək danışası oldular. Tək qaldılar. Bu, yalnız hərbi qüvvə və hərbi gücün deyil, həm də diplomatik gedişlərin nəticəsi idi. Onlar bizimlə təkbətək danışmağa məcbur qaldılar.
Ona görə indi biz sülh sazişinin imzalanmasının astanasındayıq. Minsk qrupu qalsa idi, Rusiya burnunu soxa bilərdi. Amma indi onu edə bilmir. Türkiyənin dəstəyi də bizim rəhbərliyin siyasi fəhminin nəticəsi idi. Bundan başqa, diplomatik davranşın, bölgədəki hadisələrin doğru-düzgün analiz edilərək, proyeksiya edilməsinin nəticəsidir ki, bu saat Azərbaycan regionda öz sözünü deyən və diktə edən məqama gəlib çatıb.
- Ermənistan Avropa İttifaqı ilə qarşılıqlı münasibətlər haqqında protokol imzalayıb. Bu protokol Azərbaycanı bir qədər narahat edir...
- Düzdür, ermənilərə bu barədə birbaşa efirdə suallar vermişik, mən də suallar ünvanlamışam. Onlar bildirirlər ki, bunun proseslərə aidiyyəti yoxdur. Bu, neçə illər əvvəlcədən Avropa İttifaqı ilə bizim planlar idi. Aİ-nin əsas istəklərindən biri Ermənistanı Rusiyadan uzaqlaşdrmaqdır, daha doğrusu Rusiyanın təsiri altından çıxarmaqdır. Həmçinin Aİ bizim bölgədə nəinki yerini itirməmək, hətta yerini bərkitmək istəyir. Bu siyasətdir, geosiyasi vəziyyətdir. Biz bütün bunları nəzərə almalıyıq. Əsas odur ki, Ermənistan daxilində bizimlə vəziyyətin yaxşılaşdırılması və sülh sazişinin imzalanmasına doğru getmək istəyənlər var. Erməni ekspertlərinə sual vermişəm ki, revanşist qüvvələr Ermənistanda nə qədər güclüdür. Onların dediyinə görə həmin qüvvələr maksimum15 faizdən artıq deyil. Erməni cəmiyyəti rahat yaşamaq istəyir. Söylədiklərinə inansaq, Paşinyanın partiyası və ya tərəfdarları parlament seçkilərini qazana bilsələr, bu o deməkdir ki, yekun sülhə yol görünəcək. Onları Qərbi Azərbaycan məsələsi çox narahat edir. Hətta bəziləri deyirlər, başa düşürük ki, ermənilərin Qarabağa qayıtmaq məsələsinin müqabilində bunu edirsiniz. Biz də cavab veririk ki, siz etməyin, biz də etməyək. Hələ proseslər gedir, çox şey parlament seçkilərinin nəticəsindən asılıdır. Biz də rahat əlimizi yanımıza salıb, sakitləşməməliyik, çünki hələ proseslər gedir.
Aydın Baxış
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 15 Dekabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















