Icma.az
close
up
RU
Mənim İslam müəllimim... Esmira İsmayılova yazır

Mənim İslam müəllimim... Esmira İsmayılova yazır

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Müəllim sarıdan həmişə bəxtim gətirib. Həm orta məktəbdə, həm universitetdə çox yaxşı müəllimlərim olub. Ona görə ad çəkmirəm ki, üstümdə zəhməti olan digər müəllimlərimin haqq dünyalarındadırlarsa ruhunu, yanımızdadırlarsa, ürəyini qırmayım. Mənim üçün yaxşı müəllim hər şeydən əvvəl, yetirməsinə qarşı tələbkar olan  müəllimdir. Şagirdinin, tələbəsinin çatışmazlıqlarını yerində, zamanında üzünə deyən, onunla birgə yoluna qoyan, dəstək olan, uğurlarına sevinən,  övladı kimi sevməyi bacaran müəllimlər insanlığın fövqündə dayanmağa, bəşərin alisi adını daşımağa  haqq edənlərdir, cənnəti bu dünyada qazananlardır... 
5 may mənim təqvimimdə xüsusi gündür.

Çünki, həyatımda özəl rolu olan, məni jurnalistikadan “elm yoluna ötürən”, bu yolda qolumdan tutan,  bələdçim olan elmi rəhbərim- AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, ədəbiyyatşünas alim, yazıçı, şair, müəllim İslam Qəribli 5 may 1954-cü ildə Lerik rayonunun Molalan kəndində anadan olub. Azərbaycan ədəbiyyatşünaslığında Hadişünas alim kimi tanınan İ. Qəriblinin namizədlik və doktorluq dissertasiyası Məhəmməd Hadinin yaradıcılığı barədədir. Məhəmməd Hadinin həyatının, elmi, bədii irsinin köklü araşdırılması professor Əziz Mirəhmədovdan sonra İslam Qəriblinin adı ilə bağlıdır və bu irsin əsas araşdırıcısıdır, “sonuncu mogikan”ıdır. İslam müəllim bütün yaradıcılıq gücünü sərf edərək, Azərbaycan ədəbiyyatının istedadlı, elə o qədər də talesiz yazarı Məhəmməd Hadinin həyat və yaradıcılıq yolunu ilmə-ilmə çözərək “M.Hadinin İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poeması” mövzusunda namizədlik (1990), “M.Hadinin ədəbi-bədii irsi Azərbaycan dövrü mətbuatında (1905-1920)” mövzusunda (2013) doktorluq dissertasiyalarını müdafiə edib.

Akademik Bəkir Nəbiyevin İslam Qəriblinin “Məhəmməd Hadi və mətbuat (1905-1920)” monoqrafiyasını “Hadişünaslığa yeni töhfə” adlandırması tədqiqatçının böyük zəhmətinə verilən böyük dəyərdir. Prof. İ. Qəribli M. Hadi ilə bağlı araşdırmalarını bu gün də eyni həvəs və bu nakam ədibin ruhuna ehtiramla davam etdirir. Ədəbiyyatşünas alimin “Məhəmməd Hadi: Həyatı və yaradıcılığı” adlı son monoqrafiyası M. Hadinin həyat və yaradıcılıq yolunun tədqiqinə dair ən sanballı tədqiqat hesab olunur. Prof. İ. Qəribli hal-hazırda mərhum ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin Məhəmməd Hadi irsi ilə bağlı elmi-tənqidi məqalələri əsasında yazdığı yeni monoqrafiyasını çapa hazırlayır. 

Qeyd edim ki, İslam müəllim  elmi rəhbərim kimi dissertasiya mövzusu seçərkən çox çalışdı ki, M. Hadinin yaradıcılığına müraciət edim, tədqiqat işimi bu istiqamətdə aparım. Açığı, özümdə o potensialı görmədiyimdən, həmçinin M. Hadinin ağır şeir, yazı dilini sevmədiyimdən, ən əsası da ruhuma yaxın bilmədiyimdən  Seyid Məhəmmədhüseyn Şəhriyarın anadilli poeziyasını tədqiq etməyin üstündə dayandım və çox şükürlər ki, uğurla da yekunlaşdırdım. M. Şəhriyar yeniyetməliyimin, gəncliyimin sevimli  şairi idi-dili, xəlqiliyi, sözünün sehri, ruhunun cazibəsi ilə qəlbimi ovsunlamışdı. Sonradan İslam müəllimin M. Hadi haqqında yazdığı fundamental tədqiqat işlərini oxuyanda, bu ədəbi şəxsiyyətin həyat və yaradıcılığı ilə yaxından tanış olanda fikrim tam dəyişdi. M. Hadini də sevməyə, dilini ağır hesab etdiyim şeirlərini əzbərləməyə başladım. İslam müəllimin təqdimatında M. Hadi möhtəşəm idi! 

Prof. İslam Qəriblinin həyat yolunu tədqiq edərkən görürük ki, bu ömrün ən işıqlı cığırı müəllimlikdən başlanıb. Uğurlu müəllimlk karyerası sonrakı fəaliyyətinə körpü salıb, tanıdıb, sevdirib. Xatırladım ki, İslam Qəribli 1971-ci ildə ADPU-nun filologiya fakültəsinə daxil olub, 1975-ci ildə bu ali məktəbi fərqlənmə diplomu ilə bitirərək təyinatla Biləsuvar rayonunun Əmənkənd kənd orta məktəbində 4 il müəllim və tədris işləri üzrə direktor müavini vəzifələrində çalışıb. 1979-cu ildə Biləsuvardan Lerik rayonuna dəyişilərək burada pedaqoji işini davam etdirib, 1990-cı ilin dekabr ayına kimi Lerikin Murya, Kaqoy, Molalan kəndlərində müəllim və məktəb direktoru olub. Pedaqoji fəaliyyətlə məşğul olduğu illərdə İslam Qəriblinin aldığı təltiflər, təşəkkürnamələr, fəxri-fərmanlar, fəxri adlar göstərdi ki, ADPU-nun filologiya fakültəsinin fərqlənmə diplomlu məzunu çalışdığı bütün pedaqoji kollektivlərdə sevilən, seçilən, fərqlənən biri olmağı bacarıb, 1985-ci ildə “Baş müəllim” adına layiq görülüb. Rayonda işləyə-işləyə Azərbaycan EA-nın müxbir üzvü, böyük alim Əziz Mirəhmədovun rəhbərliyi ilə “M. Hadinin İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah poeması” mövzusunda namizədlik dissertasiyası yazması və 1990-cı il sentyabr ayının 28-də müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alması ucqar dağ kəndində çalışan müəllimin əldə etdiyi böyük uğur, istedad və əzminin sübutu idi.  İslam Qəribli  uzun illər orta və ali məktəblərdə dərs deyib, bakalavrların, magistrlərin, doktorantların, sözün müstəqim mənasında, rəhbəri - yol göstərəni, məsləhətçisi olub, bir çox dərsliklərin müəllifinə çevirib. İ. Qəriblinin müxtəlif illərdə tərtib etdiyi “Azərbaycan dili” (2002, 2003, 2006, 2009) adlı dərs vəsaitləri mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib. İslam Qəriblinin 1990-cı ilin dekabrından AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutuna dəvət olunub və bununla da həyatının ikinci dönəmi başlanıb.

Bu gün İslam Qəribli bir ədəbiyyatşünas alim kimi müasir Azərbaycan ədəbiyyatşünaslığının ən ciddi və fundamental tədqiqatçılarından biri kimi tanınır. Prof. İ.Qəribli  böyük romantik şair Məhəmməd Hadinin, Seyid Məhəmmədhüseyn Şəhriyarın, Xan qızı Natəvanın, N. B. Vəzirovun və s. ədiblərin  yaradıcılığını  sistemli şəkildə tədqiq edən araşdırmaçı alimdir. “Ağçaydan başlanan yol”, “Sönməyən ocaq”, “Məhəmməd Hadinin “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poeması”, “Azərbaycan dili”, “Məhəmməd Hadi yaradıcılığının “Həyat” və “Füyuzat” mərhələsi”, “Məhəmməd Hadi və mətbuat (1905-1920)”, “Gecikmiş görüş”, “Mən bir kitab, hər vərəqim min kitabdır”, “Ədəbiyyat sərhəd tanımır”, “Sözün sehri”, “Hüseynbala Mirələmov: tarix və müasirlik”, “Xurşidbanu Natəvan: həyatı və yaradıcılığı” və s. kitabları prof. İslam Qəriblinin necə məhsuldar alim, publisist, şair, yazıçı olduğunu göstərir. Prof. İslam Qəriblinin “Azərbaycan ədəbiyyatı: dünən və bu gün” kitabı təkcə ədəbiyyatşünaslığımızın deyil, özünün də elmi yaradıcılıq yolunun təhlili, yaradıcı şəxsiyyət kimi özünə hesabatıdır. İ. Qəribli “AZərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin hazırlanmasında zəhməti çox olan alimlərimizdəndir.

Prof. İslam Qəriblinin elmi yaradıcılığının bir  istiqamətini də ədəbiyyat tarixçiliyi və mətnşünaslıq təşkil edir. O, 20-dən yuxarı elmi və bədii kitabın  redaktoru olub. Toplayıb tərtib etdiyi, ərəb əlifbasından transliterasiya edib çapa hazırladığı, müqəddimə, şərh və lüğətlər yazdığı “Necə qan ağlamasın...?”(Bakı-1993), M. Şəhriyar. Seçilmiş əsərləri-müştərək (Bakı-2000; 2005), Ş.S.Ərdəbili “Qara məcmuə” (Bakı-2004), M. Hadi. Seçilmiş əsərləri-lüğət hissəsi (Bakı-2005), Ə.Nəbati, Heyran xanım, X.Natəvan. Seçilmiş əsərləri (Bakı-2005), A. Bakıxanov. Seçilmiş əsərləri (Bakı-2007), Ə.N.Oxtay. Əsərləri (Bakı-2009), M. Biriya. Əsərləri (Bakı-2010), M. Biriya. “Hər addımda məzarım var” (Təbriz-2016), M. Şəhriyar. “Əbədiyyət gülüyəm mən” (Bakı-2017), M. Hadi. Əsərləri. I və II cildlər (Bakı-2020) kitabları nəşr edilib.

İslam Qəribli olduqca məhsuldar alimdir, çapdan çıxmış elmi əsərlərinin sayı 250-dən artıqdır, 20-dən artıq kitabın müəllifidir. Bu yaxınlarda daha 3 kitabını oxucuların və elmi ictimaiyyətin müzakirəsinə verəcək.

İslam Qəribli həm də  gözəl şairdir və müəllimimin şairliyi elmi fəaliyyətindən daha çox cəlbedicidir mənim üçün. Çünki, alim İslam Qəriblini şəxsiyyət kimi tamamlamağa, tanımağa şeirləri yardımçıdır. Prof. İ. Qəriblinin “ismi-pünhanı”dır onu şeirə gətirən:

O ötən günlərim bir iztirabdır,
Saçıma ələnən qırovdur, qardır,
O qədər intizar çəkmişəm ki, mən,
Ürəyim həsrətdən qabar-qabardır.

İslam Qəribli sevgi şeirlərində heç kimi təkrarlamır. Nakam məhəbbətinin sözlə təsvirində təkrarsızdır, özünəməxsusdur:

Mənim can evimdə qiyamət, həşir,
Sənin qəlbindəki nə bilim nədir?
Gözlərim duz gölü, sallaq qollarım,
Qurumuş, don vurmuş yetim meynədir.

 ...Doğum gününü təbrik etmək üçün İslam müəllimə zəng etdim. İlk zəngimi açmadı. Yəqin “hər hansı tədbirdədir” deyib ara verdim. Sonra özü yığdı, səsi qəhərli idi, “oğlumun məzarını ziyarətə gəlmişəm” dedi. 2025-ci ilin yanvarında oğlu İlhamın 40 yaşında faciəli vəfatı şən, nikbin bir insan kimi tanıdığım  İslam müəllimi çox dəyişdirib, kövrəldib... “Övlad ağrısı ağır dərddir və uca xaliq heç kimə nəsib etməsin” dedi və təbrikə, diqqətə görə təşəkkür etdi. Onu da bildirdi ki, oğlunun bədii yaradıcılıq nümunələrini, şeir, hekayə, esselərini nəşrə hazırlayır, bu yaxınlarda çap olunacaq...

 ...Ayna kimi həyatın da iki üzü var. Bir üzü sevincdirsə, bir üzü də  qəmdir, kədərdir. İnsanı insan edən də sevinclə kədəri həyatında uzlaşdıra bilməsidir, bunu ilahi hikmət kimi qəbul etməsidir. Əziz müəllimim, bu gün doğum günündür və bu günün sevincini uca xaliqin lütfü kimi doyunca yaşa! Ən azından ona görə ki, səni sevən insanların arasındasan, tələbələrinin sevimli müəllimisən və qələmini yerə qoymamısan, yazırsan, yaradırsan!

Esmira  İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru, dosent.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://adalet.az
archiveBu xəbər 05 May 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri