Məşhur həkimin “qanpulu işi”ndəki rolu Baş Prokurorluqda araşdırılacaq: Hakim qərar verdi
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər 2 nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Musavat.com xəbər verir ki, iş üzrə 36 nəfər zərərçəkən var.
Vətəndaşlar uşaqlarının mübtəla olduqları ağır qan xərçəngindən qurtulmaları üçün çıxış yolu axtararkən müalicə üçün topladıqları pullar da əllərindən çıxarılıb. Nəticədə müalicəsizlikdən ölən körpələr də var. Bu, son dərəcə qansızlığı ilə diqqət çəkən dələduzluq işi üzrə ümumilikdə 1 milyon manata yaxın qan, müalicə pulu mənimsənilib.
Bu qalmaqallı məhkəmə prosesi aylardır ki, davam edir. Son prosesdə təqsirləndirilənlərin və zərərçəkənlərin vəsatəti əsasında əlavə şahid kimi dəvət olunmuş Talassemiya Mərkəzinin keçmiş baş həkimi Xuraman Cəfərova dindirib. O, bildirib ki, 2012-ci ildən 2022-ci ilədək Mərkəzdə həkim kimi çalışıb. 2022-ci ildə qısa müddət Mərkəzin baş həkimi olub.
Təqsirləndirilən şəxslərdən yalnız Aynur Bayramovanı tanıyır: "Mərkəzə kuryer kimi gəlirdi. Türkiyədən gələn Akif hocaya əməliyyat üçün qeydiyyata aldığı xəstələrin siyahısını gətirirdi. 2022-ci ilin avqustunda bir xəstənin valideynindən eşitdim ki, Aynur Bayramovanın çalışdığı şirkətin vasitəsi ilə uşağı əməliyyata göndərmək istəyir. Dedim, onlara qətiyyən pul verməsin.
Rəhbərliyimizə xəbər verdim, Aynur Bayramovanın Mərkəzə girişinin qarşısı alındı. Akif hoca professordur, 2009-cu ildən Fondun maddi dəstəyi ilə Türkiyədəki "Medical Park"a göndərilən xəstə uşaqları əməliyyat edir. İldə 3-4 dəfə Bakıya gəlir, Mərkəzdə həmin uşaqların müayinələrini aparır".
Keçmiş baş həkimin dediklərinə məhkəmə zalında əyləşmiş zərərçəkənlərdən birinin reaksiyası belə olub: “O boyda xəstəxanada hansısa bir hoca oturub bu boyda işlər görüb, 36 xəstə uşağın valideynindən bu boyda pullar alınıb, sizsə deyirsiniz ki, heç nədən xəbərim olmayıb? Axı bunu görməmək mümkün deyildi”.
Xuraman Hacıyeva bildrib ki, heç nədən xəbəri olmayıb. Təqsirləndirilən Aynur Bayramova isə məhkəməyə keçmiş baş həkimin yalan danışdığını deyib: "Necə yəni xəbərim yox idi. Bəs orda o boyda otaqda otururdum, xəstə uşaqlara şirkətin adından hədiyyələr paylayırdım, hansı ki, o uşaqlarla kənardan heç təmasa girmək olmazdı. Hər gün gəlib-gedirdim. Türkiyəyə göndərmək üçün bir uşağın qan nümunəsini də mənə vermisən...
Xuraman Cəfərova:
- Bəli, möhtərəm hakim, bir dəfə bu mənə zəng elədi, dedi ki, bir uşağın təcili qan analizi götürülməlidir, xahiş elədi ki, qan nümunəsini götürüm, verim mühafizəçiyə, gecə yoldaşı gəlib ondan götürsün. Mənsə dedim rəhbərliyə müraciət elə, qoy mənə rəhbərlik tapşırsın. Rəhbərlik tapşırandan sonra qan nümunəsini götürüb mühafizəçiyə vermişdim.
Məhkəmə tərkibindəki hakim Şəlalə Həsənova Aynur Bayramovanın Mərkəzə sərbəst girişi məsələsinə daha ətraflı aydınlıq gətirilməsinə çalışıb: "Gəlin belə danışaq. İndi mən durub Mətkəzə getsəm, heç qapıdan içəri buraxmazlar. Tibbi qaydalara görə düz də edərlər.
Bəs necə olur ki, Mərkəzlə heç bir əmək müqaviləsi olmayan, Mərkəzə aidiyyəti olmayan Aynur Bayramova əlini-qolunu sallayaraq o qapıdan istədiyi vaxt o başa gedib, bu başa gəlib, Mərkəzin xəstələrini əməliyyat etdirmək üçün adsmlardan pul toplayıb, Mərkəzin xəstəsinin qan nümunəsini götüzdürür, buna görə xəstənin ailəsindən pul alır, əməliyyat adı ilə yenə pul alır, siz də deyirsiz heç nədən xəbərim olmayıb.
Xuraman Cəfərova:
- Xəbərim olmayıb. Bunlar məndən əvvəlki baş həkimlərin vaxtında olub. Mən Aynurun xəstələrin valideynlərinə pulun bir hissəsini ailə, bir hissəsini hansısa xeyriyyəçi təşkilat ödəmək şərtilə uşaqları əməliyyata göndərmək təklifini eşidəndə onun Mərkəzə girişini qadağan eləmişəm. Sonra məhkəmə əlavə şahid qismində Gömrük Hospitalının cərrahı Mircəlal Kazımov dindirib.
O, bildirib ki, çalışdığı hospitalın Nuridə Seyidovanın rəhbəri olduğu şirkətlə müqaviləsi olub: "2 il əvvələdək qaraciyər köçürülməsi əməliyyatı tibbi sığorta paketinə daxil deyildi. Belə əməliyyatlar ya iş adamları, ya Fond, ya da ayrı-ayrı xeyriyyə təşkilatlarının hesabına həyata keçirilirdi. Xəstəxanamızın belə təşkilatlardan biri olan Nuridə xanımın təşkilatı ilə müqaviləsi vardı. Həmin təşkilatın göndərişi ilə xəstəxanada 5 xəstəyə qaraciyər köçürülüb, bir xəstənin isə müayinəsi aparılıb. Ancaq heç birinin pulu xəstəxanaya köçürülməyib.
Hakim Şəlalə Həsənova:
-Burda bir zərərçəkmiş var. Pul köçürülmədiyinə görə həyat yoldaşı dünyasını dəyişib. Mən sizdən hakim kimi yox, bir vətəndaş olaraq soruşuram. Nəyə görə zərərçəkmiş Kamil Əhmədovun həyat yoldaşı pul olmadığlna görə ölməlidir?
Mircəlal Kazımi:
- Bu sualın cavabı məndə deyil. Bu sualın cavabını özünüz də yaxşı bilirsiz. Sizin dediyiniz qlobal məsələdir. Təkcə zərərçəkən Kamil Əhmədovun başına gələn məsələ deyil. Bayaq da dediyim kimi, o vaxt qaraciyər köçürülməsi əməliyyatı tibbi sığorta paketinə daxil deyildi, belə əməliyyatların keçirilməsinə ya Fond kömək göstərməli idi, ya da hansısa iş adamı, xeyriyyəçi.
Mənim öz anam təcili əməliyyat olundu, biz də eyni halla qarşılaşdıq. Təəssüf ki, Nuridə Seyidovanın təşkilatı üzərinə götürdüyü ödənişi etmədi, nəticədə Kamil Əhmədovun həyat yoldaşı həyatını itirdi. Bu isə mənə aid bir məsələ deyil. Mən cərraham. Sadəcə, xəstənin adamları məndən soruşublar ki, pulu hardan tapa bilərik, mən də həmin təşkilatı xeyriyyəçi kimi tanıdığım üçün demişəm ki, gedin onlara müraciət edin.
Hakim Azad Məcidov bildirib ki, Mircəlal Kazımi ilə bağlı Baş Prokurorluğa qərar göndərəcək ki, araşdırma aparılsın. Hakim həmçinin bildirib ki, Gömrük Hospitalı Nuridə Seyidovanın rəhbəri olduğu “Urmedhelp” MMC-yə qarşı 245 min manatlıq iddia qaldırıb. Məhkəmə iddian təmin edib. İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanıb.
Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.
Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey. Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladının müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib.
Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb. Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb. İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.
İttiham aktında göstərilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək onların övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib.
Nuridə Seyidova vətəndaşlardan pulları əsasən "Çinar Plaza"dakı ofisdə alıb. Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 min 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 min, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 min 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 min manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.
Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib. Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.
O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 min 500, Laura Həsənovadan 51 min, Günay Ağayevadan 25 min, Aytəkin İsayevadan 19 min, Elnaz Hacıyevadan 5 min, Faiq Nəcəfovdan 5 min 100 manat məbləğində pul alıb. Övladları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir. Hər 3 müttəhimə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə prosesi mayın 18-də davam etdiriləcək.
“Cebheinfo.az"


