MƏTBUAT MİLLİ GÜC PLATFORMASI Millət vəkilinin YAZISI
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Tarixən mətbuat həmişə ideoloji mübarizələrin, qarşıdurmaların, fikir ayrılıqlarının, toqquşmaların fəaliyyət meydanı olub. Bu mənada mətbuat tarixi həm də müxtəlif siyasi və ideoloji baxışlar sisteminin öyrənilməsi üçün mühüm mənbələrdən biridir. Dünyanın ən mütərəqqi milli ideologiyaları, ən vacib elmi yenilikləri ilk dəfə məhz mətbuat vasitəsilə cəmiyyətə çatdırıldığı kimi, faşizm və separatizm kimi ən zərərli ideologiyalar da ilk olaraq mətbuat üzərindən təbliğ edilib.
"Əkinçi" ilə başlanan tarix
Vaxtilə qəzet və jurnal formasında təzahür edən mətbuat artıq müasir dünyada internet texnologiyaları baxımından çeşidli formalarda yayılmaq imkanlarını nümayiş etdirir. Bu mənada mətbuat üzərində artıq nəzarət funksiyasını həyata keçirmək imkansızlaşmışdır. Bu, müasir informasiya məkanının gerçəklikləridir.

Dünya mətbuat tarixinin bir parçası olan Azərbaycan mətbuatı bu il ən əlamətdar tarixi bir hadisəni yaşayır. Zəngin ədəbi ənənələri olan Azərbaycan mətbuatının yaranmasının 150 ili tamam olur. İctimai fikir tariximizin mayasını təşkil edən mətbuatımızın keçdiyi inkişaf yoluna nəzər salsaq görərik ki, mətbuatımızın yaradıcıları nə qədər fədakar insanlar olublar. Əlbəttə, indiki informasiya bolluğu mühitində o dövrün gerçəkliklərini dərk etmək o qədərdə asan deyil. Siyasi konyunkturanı formalaşdıranın irticaçı bir imperiya olduğunu və onun xalqları istismar etməyini, onları savadsız və avam mühitdə saxlamaq niyyətini nəzərə alsaq, belə bir mühitdə maarifçilik ideyası ilə çıxış etməyin necə çətin olduğunu görmək olar.
"Əkinçi" ilə başlanan milli mətbuatımız maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb. Əhməd bəy Ağaoğlu qeyd edirdi ki, azad mətbuat azad fikrin ocağıdır, fikirsiz millət isə gözübağlı bir toplumdur.
150 il əvvəl - 1875-ci il iyulun 22-də nəşrə başlayan "Əkinçi"nin ilk sayında Həsən bəy Zərdabi türk millətinin yaşamasını, inkişafını, elm və mərifət sahibi olmasını arzulayırdı. Zərdabi dönə-dönə vurğulayırdı ki, millətin ayılması üçün mütləq maariflənməsi gərəkdir və bunu dövrün ziyalıları etməlidir.
O qeyd edirdi: "Millətin tərəqqisi elm və maarifə bağlıdır. Savadsız millət ayaqda dura bilməz".

İrticaçı çar Rusiyası rejimi dövründə bu fikirləri səsləndirmək asan deyildi. Çar Rusiyası heç bir halda müsəlman xalqlarının hər hansı mətbuat orqanının olmasını istəmirdi. Məhz həmin dövrdə bu amal ilə "Əkinçi" milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu. Bununla da cəmi 56 nömrəsi ilə millətin aynası, eyni zamanda Azərbaycan jurnalistikasının bayraqdarı ola bildi. "Əkinçi" qəzeti həm o dövrün ədəbi mühitini öyrənmək, həm də mətbuatımızın inkişaf tendensiyalarını öyrənmək baxımından ən gözəl mənbə rolunu oynamaqda davam edir.
"Əkinçi" ilə əsası qoyulan mətbuat sonradan "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "İrşad", "Füyuzat" kimi mətbuat orqanları ilə davam etdirildi. Adışəkilən bu mətbuat orqanlarına xalqımızın böyük mütəfəkkirləri - Həsən bəy Zərdabi, Üzeyir bəy Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Ceyhun bəy Hacıbəyli, Məhəmməd ağa Şaxtaxtinski və başqa parlaq şəxsiyyətlər rəhbərlik ediblər.
Zəngin keçmişi olan Azərbaycan milli mətbuatının şərəfli yolu təbii olaraq bir neçə tarixi mərhələdən keçib. Bu mərhələlər çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti, SSRİ və müstəqillik dövrünü əhatə edir.
Çar Rusiyası dövrü bizim milli mətbuatımızın xüsusi bir mərhələsidir. Burada mətbuatın ilkin təməlləri qoyulub. Əlbəttə ki, mətbuatımızın ilkin inkişaf mərhələsi bu dövrlə bağlıdır. Bu dövr mətbuatının qarşısında duran birnömrəli vəzifə xalqın maariflənməsi idi. Heç şübhəsiz ki, Azərbaycan mətbuatının "qızıl" dövrü olan bu mərhələni mətbuat tariximizin uğurlu illərindən hesab etmək olar.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın və hadisələrə yeni baxışın təməli qoyuldu
Azərbaycanda milli istiqlal elan edildikdən sonra daxili və xarici təhlükələrə qarşı ideoloji mübarizə aparmaq vəzifəsi də mətbuatın üzərinə düşürdü. Cümhuriyyət hökuməti 3 iyul 1918-ci ildə "Azərbaycan Cümhuriyyəti hökumətinin əxbarı" adı altında öz rəsmi orqanının dərcinə başlamaq haqqında qərar verdi. "Azərbaycan" qəzetinin parlament orqanı kimi ilk nömrəsi 15 sentyabr 1918-ci il tarixində - Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etdiyi gün Gəncədə işıq üzü gördü.

Qəzetin ilk baş redaktorlarından biri Üzeyir bəy Hacıbəyli olub. Qəzet 28 dekabr 1919-cu il tarixinə qədər Üzeyir Hacıbəylinin qardaşı Ceyhun bəy Hacıbəylinin imzası ilə çıxıb. O dövrdə nəşrin ərsəyə gəlməsində Ceyhun bəy Hacıbəylinin əməyi və xidmətləri şəksizdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkədən köçmək məcburiyyətində qalan Ceyhun bəy Hacıbəyli öz mühacirlik həyatında da eyniadlı qəzet buraxmağa çalışmış və 1951-ci ildə buna Münhendə nail olmuşdu.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə dövlətin adını ifadə edən mətbuat orqanının nəşrə başlaması mühüm siyasi hadisə idi. "Azərbaycan" qəzeti ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatının ən müxtəlif sahələrini öz səhifələrində geniş surətdə əks etdirirdi. Tədqiqatçıların təbirincə desək, "Azərbaycan" qəzeti Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbu salnaməsidir. Bu baxımdan Cümhuriyyət dövrünün "Azərbaycan" qəzeti mətbuatımızın xüsusi bir mərhələsi kimi ayrıca öyrənilməlidir. Bu həm Cümhuriyyət tarixinin bir parçası olmaqla həm də mətbuatımızın ən müstəsna bir sahəsini əhatə edir.

Sevindirici hal ondan ibarətdir ki, ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi nəşri olan və 23 aylıq müstəqilliyin tarixini yazan "Azərbaycan" qəzetinin (1918-1920) tam kolleksiyası ərəb qrafikalı əlifbadan latın qrafikalı müasir Azərbaycan əlifbasına köçürülərək, lüğət, izahlar, şərhlər və adlar göstəricisi əlavə edilməklə ayrıca kitab şəklində nəşr olunmuşdur. Əlbəttə, bu, Azərbaycan mətbuat tarixi üçün çox böyük töhfədir.
Heydər Əliyevin mütərəqqi media siyasəti
1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra bolşeviklər bütün sahələr kimi, mətbuatı da tam nəzarətə götürdülər. Həmin dövrün bütün mətbu orqanları nəinki nəşrini dayandırdı, əksəriyyəti repressiyaya məruz qaldı. Repressiyanın tüğyan etdiyi, azad sözün olmadığı bir şəraitdə də xalqını, millətini sevən fədakar mətbuat işçilərı sətiraltı olsa da, öz fəaliyyətləri ilə milli şüurun oyanmasına, demokratik təfəkkürün formalaşmasına müstəsna xidmətlər göstərdilər. Xüsusən Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə mətbuatımız yeni inkişaf mərhələsini yaşadı.

Ulu Öndər hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Məhz Heydər Əliyevin şəxsi səyi nəticəsində ana dilimizə olan ögey münasibət aradan qaldırılıb, milli dil siyasəti yürüdülüb və bu siyasət medianın inkişafında müstəsna rol oynayıb. Azərbaycan dilində qəzetlərin sayı artırılıb, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirilib. Məhz Ulu Öndərin respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm addımlar atılıb.
O dövr Azərbaycan mətbuatı ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi. Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa başlamışdı. Heydər Əliyevin şəxsi təşəbbüsü ilə o zaman Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin əlaçı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərildilər. Bu isə Azərbaycan jurnalistika məktəbinin formalaşmasında, inkişafında müstəsna rol oynadı.
Xalqın təkidli tələbi ilə Ümummilli Liderin hakimiyyətə qayıdışı müasir jurnalistikanın inkişafında yeni dövrün başlanğıcı oldu. 1993-cü ildən başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada mətbuat azadlığı təsbit olunmuşdur. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan vermişdir.
Ulu Öndərin 1998-ci ildə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman ölkə mətbuatının inkişafında mühüm hadisə oldu. Bu fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafına, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən güclü vasitəyə çevrildi. Məhz bu fərmanla Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan "Kütləvi informasiya vasitələri haqqında" yeni qanun mətbuatda fikir plüralizminin daha da möhkəmləndirilməsinə səbəb oldu. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəlləri aradan qaldırdı. Yeni mətbuat orqanlarının təsis olunması proseduru asanlaşdırıldı.

6 avqust 1998-ci il tarixli sərəncamı ilə senzuranı ləğv edən Ulu Öndər bununla da azad sözə, azad fikrə böyük meydan verdi. Heydər Əliyev bu xidmətlərinə görə 2001-ci ildə "Jurnalistlərin dostu" adına layiq görüldü. Həmin vaxt təqdimat mərasimində çıxış edən Heydər Əliyev demişdir: "Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik".
Ulu Öndərin yaratdığı ənənələr davam edir
Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafı ilə bağlı məsələlərdə də Ümummilli Liderin əsasını qoyduğu ənənələri layiqincə davam etdirir. Ölkəmizdə söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin olunur.
Müasir dünyada mətbuata və demokratiyaya yeni baxış var. Azad söz, hər bir fərdin öz düşüncələrini, fikirlərini sərbəst ifadə etmək istəyi demokratik dəyərlərin göstəricisi kimi qəbul edilir. Eyni zamanda azad, hüquqi, demokratik cəmiyyət quruculuğu prosesi də gedir. Bu gün mətbuat işçisi olmaq asan deyil. Hər bir sosial şəbəkə istifadəçisi mətbuatın bir hissəsinə çevrilib. Məhz belə bir vəziyyətdə zəngin və mütərəqqi ənənələrə malik Azərbaycan mətbuatı demokratiyanın mühüm vasitəsi kimi çıxış edərək, istər dövlət və cəmiyyət, istərsə də dövlətlə fərd arasında hərtərəfli münasibətlərin qurulmasına, demokratiyanın inkişafına öz töhfəsini verir.

İyulun 19-da Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə Prezident İlham Əliyev Azərbaycan mətbuatının və jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirərək dedi: "Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Mən bu tezisə şərh vermək istəmirəm. Amma fakt odur ki, bu gün Azərbaycan mediasını bir çox ölkələrdə müxtəlif səviyyələrdə oxuyurlar, mediada gedən yazıları, məqalələri təhlil edirlər. O məqalələrin Azərbaycanın rəsmi mövqeyinə nə dərəcədə uyğun olub-olmaması ilə bağlı da fərziyyələr irəli sürülür. Bu, deməyə əsas verir ki, mediamız doğrudan böyük inkişaf yolu keçib. Media deyəndə mən ilk növbədə jurnalistləri nəzərdə tuturam. Çünki medianı nüfuzlu edən məhz əməkdaşlardır, sizin kimi insanlardır, sizin həmkarlarınızdır. Mən, sözün əsl mənasında, sevinirəm və sizə yeni uğurlar arzulayıram. Azərbaycan bu gün elə bir mərhələdədir ki, hələ də özünü müdafiə etməyə ehtiyacı var. Bu gün Avropadan olan həmkarınız da artıq bu sualı verəndə də onu qeyd etdi: Siz Qərbin ictimai fikrinə, ictimai rəyinə necə təsir edə bilərsiniz? Məncə, media ən yaxşı vasitədir. Bizim media işçilərinin əhatə dairəsi nə qədər çox geniş olarsa, ölkə haqqında o qədər də dəqiq, dolğun və ədalətli məlumat dünya ictimaiyyətinə çatdırıla bilər. Burada hələ görüləsi işlər çoxdur. Ancaq mən deyə bilərəm ki, bizim mediamız artıq istənilən xoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çox önəmli yeni reallıqdır".
Mətbuat işçiləri 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində informasiya savaşında olduğu kimi, döyüş meydanında da nümunə göstərdilər. Onlardan bəziləri həyatlarını da itirdilər. Vətən müharibəsi başa çatdıqdan sonra jurnalist fəaliyyətlərini yerinə yetirərkən AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov həlak oldular.
Mediaya dövlət dəstəyi
Mediaya dəstək və qayğı da həmişə diqqət mərkəzindədir. Prezident İlham Əliyevin azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-rifah vəziyyətinin yaxşılaşdırılması üçün verdiyi sərəncamlar dediyimizə sübutdur.

Dövlət dəstəyi ilə Azərbaycan jurnalistlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan jurnalistlərinin böyük bir hissəsinə mənzillər hədiyyə edildi. 20 iyul 2017-ci ildə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binanın açılışında iştirak edərək orada çıxış etdi. Prezident çıxışında demişdir: "Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən söz azadlığı və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, qeydiyyatdan keçib sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır. Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür".
Prezident həmçinin Azərbaycan mətbuatının gələcək inkişafı barədə də fikirlərini söyləmişdir: "O ki qaldı jurnalistikanın gələcək inkişafı ilə bağlı məsələlərə, sizə deyə bilərəm ki, Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq. jurnalistlər üçün bütün şərait yaradılıb. Bu gün Azərbaycan cəmiyyəti rahat şəraitdə, təhlükəsizlik, sabitlik şəraitində yaşayır. İndiki zəmanədə bu, özlüyündə bir nailiyyətdir və biz ölkəmizi bütün mümkün olan risklərdən qoruyuruq. Ölkəmizin daxilində demək olar ki, risk mənbələri yoxdur. Xaricdən özümüzü qorumaq üçün kifayət qədər ciddi siyasət aparılır, həm ideoloji sahədə, həm sərhədlərimizin qorunmasında və ümumiyyətlə. Biz həmişə çalışırıq və hesab edirəm buna nail olmuşuq ki, Azərbaycanı mümkün risklərdən qoruyaq, Azərbaycan xalqı rahat, sülh şəraitində yaşasın".

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir. Mətbuata qayğı siyasətinin nəticəsi kimi Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə "Ruh" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür.
Müasir çağırışlara cavab verən media qanunvericiliyi
Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Eyni zamanda tarixi təcrübə göstərir ki, informasiya sahəsi dünyada ən sürətli inkişaf edən sahələrdəndir. Yeni dövrlə ayaqlaşmaq üçün milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə, Vətən müharibəsindən sonra ölkəmizdə dövlət-cəmiyyət, dövlət-media, media-cəmiyyət münasibətlərində də yaranmış yeni reallıqlar bu sahənin qanunvericilik bazasının yenilənməsinə böyük tələbat yaratmışdı.
Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradılmışdır. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini də zərurətə çevirmişdir. Mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. 30 dekabr 2021-ci ildə qəbul olunan "Media haqqında" Azərbaycan Respublikasının Qanunu media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Yeni qanunun qəbul edilməsi həm də media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir. Bu qanun qəbul edilərkən media işçilərinin iştirakı ilə ictimai dinləmənin keçirilməsi söz və mətbuat azadlığının təzahürü kimi qiymətləndirilməlidir.
"Media haqqında" qanunun qəbulundan sonra artıq media orqanlarının qeydiyyat məsələsində də yeni texnologiyaların tətbiqi bu fəaliyyətin daha da stimullaşdırılması üçün münbit şərait yaradır. Bu qanun həm də onu göstərdi ki, Azərbaycan dövləti ölkənin demokratik dəyərlər çərçivəsində söz və mətbuat azadlığının mövcudluğunda, bu sahənin qənaətbəxş olmasında maraqlı və israrlıdır.
Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirir, Azərbaycanın dövlətçilik maraqlarını uca tuturlar. Qərbi Azərbaycana qayıdış platformasının geniş vüsət aldığı hazırkı dövrdə Azərbaycan mətbuatının bu milli məqsədin reallaşmasına xidmət edən fəaliyyəti bunu təsdiq edir. Qərbi Azərbaycana qayıdış məramına xidmət edən "Yurdun səsi" və "İz" jurnallarında çap olunması bizi sevindirir. Bu cür media fəaliyyətinin həyata keçirilməsi Ermənistanda böyük təşvişlə qarşılanır. Erməni mətbuatı buna xüsusi yer ayırır və qeyd edilən jurnaların tarixi araşdırmalarını ərazi iddiası kimi ictimaiyyətə təqdim etməyə çalışır.

Günümüzün reallıqlarından biri kimi "informasiya müharibəsi" anlayışı həyatımıza daxil olub və ciddi əhəmiyyət kəsb edir. "Müasir müharibələrin qalibləri informasiya müharibəsinin qalibləridir" ifadəsi real həyatda öz yerini möhkəmləndirməkdə davam edir. 44 günlük Zəfər müharibəsində qəhrəman əsgərlərimizin şücaətini Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya müharibəsində təkbaşına döyüşərək tamamladı. 30-dan çox tanınmış xarici KİV-ə, o cümlədən televiziya kanallarına və informasiya agentliklərinə müsahibələr verdi. Azərbaycanın haqq işini, müqəddəs torpaqlarımız uğrunda apardığımız müharibənin həqiqətlərini, eyni zamanda ermənilərin törətdikləri vəhşiliklərin üstünü açaraq konkret faktlarla dünyaya göstərdi. İnformasiya cəbhəsində qələbəmiz döyüş meydanındakı qələbəmizi, zəfərimizi də şərəfləndirdi. Azərbaycanın gücünü dünyaya tanıtdı.
Ən yaxşı ictimai nəzarət vasitəsi
Çap məhsullarının, media orqanlarının rəqəmsallaşdığı, formasını dəyişdiyi bir vaxtda, əlbəttə, informasiya və mətbuat heç də aktuallığını itirməyib, əksinə, daha da geniş imkanlar qazanıb. Bu mənada Prezident İlham Əliyevin ictimai nəzarət baxımından mətbuata verdiyi önəm xüsusi diqqətə layiqdir. O, çıxışlarında vurğulanan ictimai nəzarət anlayışında jurnalistlərə xüsusi diqqət ayırmışdır.

"Eyni zamanda biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir" - deyə Prezident İlham Əliyev bildirmişdir.


