Icma.az
close
up
RU
Milix Yevdayev: Azərbaycan biz yəhudilərin doğma vətənidir... Müsahibə

Milix Yevdayev: Azərbaycan biz yəhudilərin doğma vətənidir... Müsahibə

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Sevinc Mürvətqızının Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevlə müsahibəsini təqdim edir.

Bura nə Sina dağıdır, nə də Musa peyğəmbər əlində Allahdan nazil olan 10 nəsihətin yazıldığı daş lövhələrlə gözə görünmür.

Fəqət buraya addımını atan hər kəsi ilk andaca qapının önünə qoyulmuş minilliklərin hikmət daşıyıcısı Tövrat “qarşılayır”.

Tövratdan sonra isə Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev bizi söhbəti ilə zamanda geriyə və irəliyə aparır...

- Söhbətimizə doğulub böyüdüyünüz Qırmızı Qəsəbəyə “xəyali səfər”lə başlayaq…
- Ömrümün ən gözəl və unudulmaz anları məhz “Qafqazın Yerusəlimi” kimi tanınan, doğulub boya-başa çatdığım bu unikal qəsəbə ilə bağlıdır. Uşaqlığım, ilk addımlarım, məktəb illərim, öyrəndiyim ilk hərflər, ilk yazılar – hamısı bu gözəl torpağın payına düşür. Elə həmin illərdə də məni böyük ehtiramla yad etdiyim, yüksək savada, tələbkarlığa və zəhmətsevərliyə malik müəllimlərim sözün əsl mənasında formalaşdırdılar. Onların sayəsində oxumağı, yazmağı, saymağı öyrəndim.

Vaxt keçdikcə Azərbaycan ədəbiyyatının klassikləri – Xaqani, Nizami, Füzuli, Sabir, Seyid Əzim Şirvani məni öz poeziyaları ilə ovsunlayıb və mən də uşaqlıqdan zaman-zaman daxilimdə baş qaldıran hissləri misralara köçürmüşəm.
Uşaqlıq və yeniyetməlik illərimdə ən çox hafizəmdə həkk olunan anlar isə, təbii ki, bizim əziz və müqəddəs bayramlarımızla bağlıdır. Roş-Ha-Şana, Yom-Kipur, Pesax, Sukkot və Şavuot kimi dini bayramlarda dədəmin (biz atama dədə deyirdik) əlindən yapışıb qəsəbəmizdəki sinaqoqa gedərdik. Orada böyüklərimizin səmimi və dərin dualarla “Tövrat” oxumalarını, şam yandırmalarını diqqətlə izləyərdim. Bayram günlərində isə anamın odun sobasında hazırladığı qozlu, südlü, pendirli çörəklərin və şirin kökələrin ətri evimizin hər küncünü bürüyərdi. Həmin tam və qoxu hələ də xatirəmdən silinməyib.
Yevdayevlər ailəsi artıq bir neçə əsrdir ki, Azərbaycan torpağında məskunlaşıb və bu doğma diyara dərin köklərlə bağlanmışıq. Bizim üçün İsrail tarixi vətəndir, Azərbaycan isə ana vətənimizdir. Dədəm İlxanan II Dünya Müharibəsi illərində III Ukrayna cəbhəsində igidliklə vuruşub. Müharibədən sonra isə sərasər 40 il ərzində doğma Qırmızı Qəsəbədə və Qubada çörək bişirən kimi fəaliyyət göstərib. O, imkansız insanlara pulsuz çörək paylayar, xeyirxahlığı ilə tanınardı. Bu səbəbdən də camaat arasında ona “çörək ağacı” ləqəbi verilmişdi. Mənim üçün bu sadə, amma dərin məna daşıyan ad dünyanın ən yüksək titullarından belə qiymətlidir. Quba camaatı süfrədəki ən müqəddəs nemətlərini yəhudi atama etibar ediblərsə, bu torpaqdakı qardaşlıq-dostluq mühitini elə bu fakt özü izah edir. Başqa sözə ehtiyac varmı? Atama “çörək ağacı” deməkləri ilə fəxr edirəm.
Anamın əsli isə İranın Gilan vilayətindən gəlmədir. Anamgilin məhəlləsi bu səbəbdən “Gilan” adlanırdı. Babamın babası hələ XVII əsrdə Qırmızı Qəsəbəyə köçərək burada məskunlaşmışdı. Yəhudi xalqı tarixən kompakt şəkildə yaşamağı üstün tutub. 1920-ci ildə isə Yəhudi Qəsəbəsinin adı rəsmi şəkildə dəyişdirilərək Qırmızı Qəsəbə qoyuldu.
Qəsəbənin 60, bəlkə də 70 il əvvəlki durumu hələ də gözümün önündədir. O zamanlar indiki kimi inkişaf və rahatlıq yox idi. Cümə günləri bütün qəsəbəyə xəbər verilərdi ki, Gilan məhəlləsində yerləşən hamam işləyir. Hər kəs şənbə – yəni şabat gününə hazırlıq məqsədilə hamama gedər, bu müqəddəs günə fiziki və mənəvi təmizliklə daxil olmağa çalışardı. Bildiyimiz kimi, şabat yəhudi inancına görə, həftənin yeddinci günü hesab olunur və bu gün bütün işlər dayandırılır, insanlar dincəlir, ibadətlə məşğul olurlar. İndi isə şükürlər olsun ki, hər kəsin şəraiti, imkanları daha yaxşıdır. Buna baxmayaraq, qədim dini ənənələr hələ də qorunur və yaşadılır. Cümə günündən başlayaraq evlərdə təmizlik edilir, xüsusi yeməklər bişirilir, şabat süfrəsi hazırlanır.
Sovet imperiyası dağıldıqdan sonra bir çox yəhudi ailəsi müxtəlif ölkələrə köçdü və nəticədə Qırmızı Qəsəbədəki yəhudi icmasının sıxlığı azalmağa başladı.
Mən məktəbi də elə Qırmızı Qəsəbədə bitirmişəm. 1 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimim Binyamin Rabinoviç ravvin idi və 50 ildən artıq təcrübəsi vardı. O, çox tələbkar idi, hüsnxət dərsində səhv edəndə bizi sərt tənbeh edərdi, amma heç kim inciməzdi. Çünki bilirdik ki, məqsədi bizi öyrətməkdir. Digər müəllimlərimiz də seçilmiş insanlar idi, işlərini ürəkdən sevirdilər və biliklərini bizə öyrədirdilər. Azərbaycan dili və ədəbiyyatı müəllimlərimiz Şifro Yaqubova və Yaqub Yaqubov qardaş-bacı idilər. Onların sayəsində ədəbiyyata, xüsusilə poeziyaya böyük həvəsim yarandı. İndi də Azərbaycan ədəbiyyatından şeir oxumağı çox sevirəm.
Politexnik İnstitutunun Texnologiya fakültəsini bitirdikdən sonra məni Moskvadan uzaqda bir yerdə işləməyə göndərdilər. Lakin SSSR Yüngül Sənaye Nazirliyinə gedib orada işləmək istəmədiyimi bildirdim. Nəticədə Sibir vilayətində Ulyanov şəhərində işləmək üçün göndəriş aldım.
Sonra isə nazirliyin gənc mütəxəssislərlə iş üzrə şöbəsinin rəisinin məktubu ilə mən yaşadığım yerdə - Azərbaycanda işlə təmin olundum. Bir il ərzində Bakıda 1 nömrəli ayaqqabı fabrikində nəzarətçidən sexin texnoloqu vəzifəsinə qədər yüksəldim. Daha sonra Yüngül Sənaye Nazirliyində çalışdım, burada da mühəndislikdən şöbə rəisinə qədər vəzifələrdə çalışmışam. Təqaüdə çıxandan sonra Dağ Yəhudiləri Dini İcmasının sədri olmağı təklif etdilər…

- Nə zamandan icmaya rəhbərlik etməyə başladınız və hazırda icmanın fəaliyyətini necə qiymətləndirirsiniz?
- İcmaya 2012-ci ilin mart ayından rəhbərlik edirəm. Dağ Yəhudiləri Dini İcmasının respublikanın ictimai-siyasi həyatında öz dəsti-xətti var. Bu təklif mənə olunanda əvvəlcə tərəddüd elədim, əlbəttə ki, insanlarla işləməyin çətinliyini bilirdim. Çünki belə şəraitdə dövlət qanunlarından əlavə, yazılmamış qanunlar da var. Burada xalqın adət-ənənələri, mentaliteti də əsas rol oynayır. Təkliflə razılaşandan sonra isə özümə söz verdim ki, bu işi elə görməliyəm ki, burada müvəffəqiyyət tam təmin olunsun.
İcmanın fəaliyyəti İdarə Heyətinin planı və qərarları əsasında tənzimlənir. Bütün məsələlər İdarə Heyətində müzakirə olunduqdan sonra həyata keçirilir. Hazırda yerləşdiyimiz bu məbəd də möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə tikilib bizə verilib. Çalışırıq ki, respublikada gedən ictimai-siyasi proseslərdən kənarda qalmayaq, biz yəhudilər də öz töhfəmizi verək.
İstər birinci Qarabağ, istər İkinci Qarabağ müharibəsi dövründə biz çiyin - çiyinə mənfur düşmənə qarşı vuruşmuş və bu zaman Azərbaycan xalqının sevincinə sevinmiş, bəd günlərində də Azərbaycan xalqının yanında olmuşuq. Həmişə bu vətənin müdafiəsində Azərbaycan xalqı ilə bərabər durmuşuq, dururuq və duracağıq. Birinci Qarabağ müharibəsində şəhid olmuş, Milli Qəhrəman Albert Aqarunovun dediyi kimi, çünki biz bu torpaqda doğulmuşuq, Azərbaycan bizim vətənimizdir.
Biz dağ yəhudiləri Azərbaycan xalqının bir parçasıyıq. Tarix boyunca həmrəylik, dostluq və qardaşlıq əlaqələrimiz mövcud olub. Bu bağlılıq hər iki Qarabağ müharibəsində də özünü göstərdi — yəhudi gəncləri də vətən uğrunda döyüşdülər. Biz arzusu bir, əqidəsi bir xalqıq. Mən fəxr edirəm ki, yəhudi əsilli azərbaycanlıyam. 2020-ci ilin 30 sentyabrında CBC kanalının dəvəti ilə cəbhə bölgəsindən rus dilində birbaşa müsahibə vermək üçün dəvət almışdım. Həmin günlərdə hər birimizin ürəyində qələbə əzmi, zəfərə inam vardı. Onda hiss edirdim ki, artıq uzun illər gözlədiyimiz haqq-ədalət yerini tapacaq, torpaqlarımız işğaldan azad olunacaq. Bu inam bütün çətinlikləri dəf etməyə yetirdi.
Qarabağ işğaldan azad olunandan sonra oraya gedəndə isə ürəyim parçalandı – hər şey yerlə-yeksan olmuşdu. Viran edilmiş şəhərlər, kəndlər, dağıdılmış məzarlıqlar, dini ocaqlar, məhv edilmiş təbiət, bir sözlə düşmənin vandallığı məni dəhşətə gətirmişdi. Lakin indi orada aparılan möhtəşəm quruculuq işlərinə baxanda qürur hissi keçirirəm. Qarabağ yenidən dirçəlir, həyat canlanır.
Sinaqoqa daxil olanda fikir versəniz, görərsiniz ki, məbədin ən uca yerində Şuşa, Zəfər və “Dəmir yumruq” əks olunan vitraj pəncərələr var… Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən yəhudi əsilli azərbaycanlı olaraq mən də möhtərəm Prezidentimizin rəhbərliyi ilə qazanılan möhtəşəm Qarabağ zəfəri ilə fəxr edirəm və ona ürəkdən minnətdarlığımı bildirirəm.
Alqış söyləyirik Prezident, Sizə,
Möhtəşəm qələbə bəxş etdiz bizə.
Doğmasan, əzizsən hər birimizə,
Dərin minnətdarıq Prezident, Sizə…

- Məlum olduğu kimi, bir çox xarici ölkələrdə antisemitizm mövcuddur. Bəs Azərbaycanda yəhudi olmaq necədir?

- Azərbaycan dünyada yeganə dövlətlərdəndir ki, dini və mədəni müxtəlifliyin harmoniyasını yarada bilib. Bəzən sual edirlər ki, milliyyətcə yəhudisiniz, amma dilimizdə bizdən də yaxşı danışırsınız. Onda cavab verirəm ki, niyə yaxşı danışmamalıyam ki? Mən də bu torpağın oğluyam, sizdən biriyəm. Mən uşaqlıqdan Azərbaycan dilini incəliklərinə qədər öyrənmişəm. Bizim övladlarımız iki dildə dil açır: Azərbaycan dilində və bizim danışıq dilimizdə.
Sizinlə müsahibədən əvvəl Almaniyadan qonaq gələn yəhudi icmasını yola saldım. Buraya ilk gəlişləri idi və Azərbaycandakı multikulturalizm örnəyinə heyran qalmışdılar. Bir məsələni bölüşmək istəyirəm. Bu ilin martında Brüsseldə tədbirdə olduq, orada belə bir fikir səsləndirildi ki, guya Azərbaycanda azsaylı xalqların hüquqları 53 faizlə qiymətləndirilir. Orada çıxış edib dedim ki, 53 faiz hüququn pozulması vandalizm deməkdir, siz Azərbaycanda harada vandalizm görmüsünüz? Dedim ki, Azərbaycana azsaylı xalqlarla bağlı gələn nümayəndə heyətlərini əksər hallarda mən müşayiət edirəm, onlar harada vandalizmin, yaxud hansısa azsaylı xalqın hüquqlarının pozulmasının şahidi olublar?

Buraya istənilən ölkədən nümayəndə heyəti gələndə onlardan bircə xahişim olur: buradan gedəndə gördüklərinizi artırıb-azaltmadan necə var olduğu kimi həqiqəti yazın, bəsimizdir. Nə üstünə qoymaq, nə də əskiltmək lazım deyil. Özləri də mənim yanımda olanda çox razı gedirlər, hər şeyi yüksək səviyyədə olduğunu qəbul edirlər, etiraf edirlər, amma gedib orada belə bir bəyanat səsləndirirlər. Belə ikili yanaşma olarmı? Qondarma 53 faiz o deməkdir ki, mən heç şəhərə çıxa bilmərəm… Halbuki, Azərbaycanda bütün azsaylı xalqlar kimi yəhudilər də rahatca yaşayırlar, dini mərasimlərini, bayramlarını da sərbəst qeyd edirlər.
Misal üçün deyim ki, Fransada olanda bizi sinaqoqa çoxsaylı silahlıların müşayiəti ilə aparmışdılar. Həm sinaqoqun çölündə, həm də içərisində hərbçilər əllərində silahla bizi qoruyurdular. Parisin ravvini onda ərz elədi ki, biz etiraf etməyə məcburuq ki, Fransada biz küçədə fransız, evdə yəhudiyik. Onda mən dedim ki, biz Azərbaycanda evdə də yəhudiyik, çöldə də yəhudiyik...
Bir dəfə Dövlət Akademik Milli Dram Teatrında dostumuz, görkəmli yazıçı Kamal Abdullanın tamaşasının premyerasına getmişdik, kipamı (baş geyimi) taxmamışdım, hamı təəccüblə soruşdu ki, niyə kipamı geyinməmişəm? Amma hansısa Avropa ölkəsində yəhudi başında kipası ilə gəzməyə cürət eləmir ki, küçədə təhdidə məruz qala bilər. Azərbaycandakı tolerantlıq və multikulturalizmin digər ölkələrdəkindən fərqi budur. Və Azərbaycandakı bu dini-mədəni harmoniya təkcə indi yox, yüzillərdir burada mövcuddur.

Ulu Öndərin təbirincə desək, tolerantlıq xalqın yüksək mədəniyyətinin təzahürüdür. Azərbaycanın tolerantlıq mühiti xalqımızın yüksək mədəniyyətindən, bir-birinə olan hörmətindən qaynaqlanır. Tolerantlıq sehrli çubuqla yaranan şey deyil; bu, insanların qəlbindəki sevgi və anlayışdır. Azərbaycanda yaşayan bütün millətlərin və dinlərin nümayəndələri sülh və qarşılıqlı hörmət içində birgə yaşayırlar. Bu da Azərbaycanı digər ölkələrdən köklü şəkildə fərqləndirir.

- İcma olaraq daha çox hansı ölkələrdə yaşayan dağ yəhudiləri ilə əlaqələriniz var?
- Hazırda dünyanın müxtəlif ölkələrində 200 mindən çox dağ yəhudisi yaşayır. Bizim əsas təmaslarımız İsrail, ABŞ və Kanadada yaşayan dağ yəhudiləri ilədir. Həmin ölkələrdən nümayəndə heyətləri gəlir, biz gedirik. İndi də mənə Azərbaycandan bir çox ölkələrə, xüsusilə də İsraildə yaşayan yəhudilər tərəfindən vətəndaşlıq bərpa etmək məsələləri ilə bağlı müraciətlər olur. Prezidentimiz sağ olsun, vaxtilə Azərbaycanda doğulan, eləcə də valideynləri burada doğulub yaşayanların övladlarına Azərbaycan vətəndaşlığı verilməsi ilə bağlı Fərman imzalayıb.
- Azərbaycandan İsrailə köçüb gedənlərin övladlarının burada vətəndaşlıq almaq istəyi nə ilə bağlıdır?
- Çünki dünyada azsaylı xalqların rahat yaşaması üçün ən optimal mühit və tolerantlıq Azərbaycandadır. Bu, həm də Azərbaycan xalqına və dövlətinə yüksək sevgidən irəli gəlir. Bir məsəldə deyirlər: könlün getmədiyi yerə ayaq getməz. Doğma torpaq adamı həmişə özünə çəkir.
Yəhudilər Azərbaycanda ən rahat, ən yaxşı şəraitdə yaşayırlar. Məsələn, sinaqoqun qapıları açıqdır, dini ayinlər sərbəst yerinə yetirilir. Azərbaycan Prezidenti İlham Əliyev hər bir vətəndaşın prezidentidir və bunu biz əməldə də görüb hiss edirik. Yəhudi əsilli vətəndaşlar Azərbaycan xalqının bütün imtiyazlarından sərbəst yararlanırlar. Sinaqoqu dövlət tikib, bizə hədiyyə edib, Prezident İlham Əliyev icmamıza maliyyə yardımı ayırır, bayramlarda bizi təbrik edir. Bakıda sinaqoqumuzun yanında Azərbaycan Yəhudi Dini-Mədəni Mərkəzi tikilir. İnşası artıq yekunlaşmaq üzrədir.

-Azərbaycan Yəhudi Dini-Mədəni Mərkəzinin fəaliyyəti nədən ibarət olacaq?

- İcmaya rəhbər seçiləndən bəri daim fikirləşirdim ki, Azərbaycandakı yəhudilərin mütəşəkkil dini-mədəni mərkəzinin olması vacibdir. Düzdür, bu sinaqoq yüksək səviyyədə tikilib bizə təhvil verilmişdi, amma dini-mədəni mərkəz olsa, daha yaxşı olacağını düşünürdüm. Bununla bağlı məktubla Prezidentə müraciət etdim və təklifim qəbul edildi.
Prezidentin tapşırığı ilə indiki sinaqoqumuzun arxa tərəfində Azərbaycan Yəhudi Dini-Mədəni Mərkəzinin tikintisinə başlanıldı. Həmin Mərkəz fəaliyyətə başlayandan sonra burada yəhudilərin mədəni-dini inkişafı ilə bağlı musiqi, rəqs, rəsm, şahmat, Azərbaycan, ivrit, rus, ingilis , eləcə də dağ yəhudilərinin danışıq dili kursları, müxtəlif mərasim və böyük konfrans zalları fəaliyyət göstərəcək. Burada həm ölkə miqyaslı, həm də xarici tədbirlər, konfranslar keçirilə bilər.

Həmçinin Mərkəzimizdə yəhudi dini qaydalarına uyğun olaraq dini bayram və mərasimlər, xupa (nikah) tədbirləri olacaq. Yəhudi ailələri övladları ilə bağlı tədbirləri gəlib burada keçirə biləcəklər. Yəhudi ənənələrinə görə, oğlanların 8-ci günündə onların kiçik toyu edilir, qızlar 12 yaşına çatanda bat-mitsva, oğlanlar 13 yaşına çatanda bar-mitsva mərasimindən keçirlər.

Bizim çoxəsrlik adət-ənənələrimizə görə, bat-mitsva və bar-mitsva mərasimlərindən sonra qızlar və oğlanlar öz davranışlarına görə məsuliyyət daşıyırlar. Mərkəzimiz bu cür bütün dini tədbirlərə və bayramlara da ev sahibliyi edə biləcək.

- İcmanın gələcəyi ilə bağlı hansı planlarınız və arzularınız var?


- İcma üçün planlarım da, arzularım da çoxdur. Əsas arzum budur ki, məndən sonra da icmanın mütəşəkkilliyini qoruyub saxlayan insanlar olsun. Gələcəkdə Azərbaycan Yəhudi Dini-Mədəni Mərkəzi fəaliyyətə başlayandan sonra buraya xüsusilə gənclərimizi cəlb etməyi düşünürük ki, dini, milli-mədəni dəyərlərimiz qorunub inkişaf etdirilərək gələcək nəsillərə çatdırılsın.

Dini-mədəni mərkəzin əsas xidmət qayəsi də bu olmalıdır. Üç mərtəbəli bina olacaq, yeraltı mərtəbəsi isə mətbəx kimi fəaliyyət göstərəcək. Həmin mətbəx yəhudilərin dini qaydalarına uyğun olaraq koşer standartları ilə təyin olunacaq.

- Koşer standartının mahiyyəti nədir və Azərbaycandakı yəhudi icması bu qaydalara əməl edə bilirmi?


- Koşer standartı yəhudilərin Tövrata uyğun olaraq müəyyən edilmiş qida qaydalarıdır. Bu qaydalar hansı qidaların dini baxımdan təmiz və icazəli olduğunu, hansılarının isə qadağan olduğunu göstərir. Koşer qaydaları yalnız məhsulun tərkibi ilə bağlı deyil, həm də onun hazırlanması, saxlanması ilə bağlıdır.

Yəhudi dini qaydalarına görə, cütdırnaqlı və gövşəyən heyvanların əti yeyilə bilər, amma donuz əti, dovşan, yırtıcı quşlar, qabıqlı dəniz məhsulları qəti qadağandır. Yalnız üzgəci və pulcuğu olan balıqları yeməyə icazə verilir. Bizdə heyvanlar xüsusi dini qaydalarla ravvin tərəfindən kəsilir. Bu zaman heyvan ağrı çəkməməli, kəskin bir bıçaqla tək çəkilişlə kəsilməli, qanı tam çıxmalıdır. Yəhudi dinində qanlı ət yemək qadağandır. Ona görə də ət təmiz yuyulduqdan sonra bir müddət duzda saxlanılır, sonra duz yenidən yuyulub qanı tam təmizlənir.

Bundan başqa, ət və süd məhsulları birlikdə yeyilməməlidir. Tövratda belə bir cümlə var ki, “balanı ana südündə qaynatma”. Yəni, bir yeməkdə həm ət, həm də süd tərkibli məhsullar ola bilməz. Hətta bu iki növ üçün ayrıca qab-qacaq, bişirmə avadanlıqları və saxlanma yerləri istifadə olunmalıdır.

Bizdə hətta çaxır da koşer olmalıdır; istehsal prosesində üzümün növündən tutmuş texnoloji prosesə qədər ciddi prosedurlara əməl olunur.

Ravvinlər heyvan kəsəndə bizə xəbər verirlər ki, koşer ət var, biz gedib onu götürürük, həftəlik, aylıq işlədirik. Koşer standartı halal məhsuldan daha üstündür, yəni pakdır. Koşer yalnız qidanın deyil, mənəviyyatın da standartıdır. Biz indi sinaqoqda bu standarta əməl edirik, gələcəkdə Azərbaycan Yəhudi Dini-Mədəni Mərkəzində də koşer standartına tam əməl edəcəyik.
Hələ sovetlər dövründə də bizdə koşer standartına ev şəraitində əməl edilirdi. Həm sağlamlıq, həm də mənəviyyat nöqteyi-nəzərindən biz Tövratın dediklərinə əməl edirik. Biz dağ yəhudiləriyik, bizim dağ mentalitetimiz var, bizim üçün adət-ənənələrə, böyüyə hörmət, kiçiyə şəfqət, dinimizi, ailəmizi, vətənimizi qorumaq çox vacibdir. Doğulduğum gündən mən belə görüb götürmüşəm. Biz yəhudilər harada yaşamağımızdan asılı olmayaraq, bir şeyi unutmuruq – Tövratı! Bu müqəddəs kitab bizi bir xalq kimi birləşdirir, qoruyur və tərbiyə edir.

- Ömrünüz boyunca Tövratın hansı kəlamına daha çox riayət etmisiniz?


-Tövratın bütün kəlamlarına əməl etməyə çalışmışam. Allah-Təaladan Musa peyğəmbərə nazil olmuş lövhələrdəki 3-cü bənd isə mənim üçün xüsusi məna kəsb edir. Orada deyilir ki, “Ata-anana hörmət elə, sonra qalsa, mənə...” Tanrı özünü valideynlərdən sonraya qoyur. Və həm də qeyd olunub ki, ata-anaya hörmət edən uzunömürlü olar. Mənim üçün ən önəmli bənd budur. Bir də o lövhədəki ikinci vacib bənd də budur ki, Allah deyir: “Mənim adımı əbəs yerə çəkmə...”

-Bəs Azərbaycandakı yəhudi gənclər Tövratla maraqlanırlarmı?

-Məni əvvəllər həmişə bir məsələ narahat edirdi ki, yaşlılar gec-tez dünyadan köçüb gedəndən sonra Tövratı kim oxuyacaq? 30 ildən artıqdır ki, Qırmızı Qəsəbədə dini kollec fəaliyyət göstərir. Oradakı müəllimlər İsraildən dəvət olunurlar və demək olar ki, Qırmızı Qəsəbənin gəncləri Tövratı bilirlər, oxuyurlar, yəhudi dini qaydalarına da ciddi əməl edirlər. Bu, məni çox sevindirir, fərəhləndirir.

- Özünüzü daha çox dini lider kimi görürsünüz, yoxsa ruhani müəllim kimi?

-Dini lider deyiləm, özümü ruhani müəllim kimi də görmürəm. Sadəcə bu məqamda taleyimə yazılıb ki, icmaya rəhbərlik edim və mən də bütün məsuliyyətimlə bunu uğurla həyata keçirməyə çalışıram. Önəmli olan odur ki, mən icmanın hər bir üzvü üçün əlçatanam, qapımız daim hər kəsin üzünə açıqdır. İcma üzvləri istədikləri vaxt müraciət edirlər və imkan çərçivəsində yardım üçün üz tutan heç kimi boş qaytarmamağa çalışırıq. İşimdəki şəffaflığı və kimlərəsə gərəkli, lazımlı olmağı yaşamağın ən mühüm məqam hesab edirəm.
Bu gün səhər meyvə satılan köşklərdən birinə yaxınlaşmışdım. Satıcını əlbəttə ki, tanımıram, amma görünür ki, o məni tanıdı, hörmətlə salamlaşdı, əhvalımı soruşdu, sonra da dedi ki: “Biz sizi sevirik, ağsaqqal, özünüzü qoruyun, siz bizə lazımsınız”. Səhər saat 8-də bundan daha gözəl nə ola bilər? Müdriklərin yaxşı bir kəlamı var: insan lazımlı, gərəkli olduqca sağdır. Bəxtiyar Vahabzadənin dediyi kimi:

Ömrün uzun olsun dedilər mənə,
Gələn gedəcəkdir ya tez, ya da gec...
Bu ömür heç kəsə gərək deyilsə,
Mənim özümə də gərək deyil heç...

– Söhbətimizin əvvəlində qeyd etdiniz ki, şeiri sevməklə yanaşı, özünüz də şeirlər yazırsınız, kitab nəşr etdirməyi düşünürsünüzmü?

– Mən uşaqlıqdan cızma-qara edirəm, amma özümü şair hesab etmirəm. Təxminən 3 il əvvəl Yazıçılar Birliyində bir təqdimata getmişdim, orada da poetik çıxışım çox yaxşı qarşılanmışdı. Görüşdəki insanlardan biri birliyin sədri Anar müəllimə müraciət etdi ki, niyə Milix müəllim bu vaxta qədər Yazıçılar Birliyinin üzvü deyil? Anar müəllim sonda bildirdi ki, Milix müəllim Yazıçılar Birliyinin fəxri üzvüdür. Bir neçə gündən sonra zəng etdilər ki, fotonuzu yollayın, sizi Yazıçılar Birliyinin fəxri üzvlüyünə qəbul edək və vəsiqənizi yollayaq. Cavab verdim ki, mən hələ özümü o vəsiqəyə layiq hesab etmirəm. Bu, sadəcə hobbimdir, hərdən ilham gələndə həm öz danışıq dilimizdə, həm də Azərbaycan dilində yazıram. Xüsusilə də Azərbaycandakı dağ yəhudilərinin danışıq dilinin bədii mətnlərdə də qorunub saxlanılması üçün yazıram. Bir neçə dəftər şeirim var, amma kitab nəşr etdirməyi düşünmürəm...

Elə yaşa ömrünü sən,
İllərin peşman olmasın...
Hər gözələ gül göndərmə,
Güllərin peşman olmasın...
Yananda da elə yan ki,
Küllərin peşman olmasın...

– Sonda gənclərə nə tövsiyə edərdiniz ki, “illəri peşman olmasın?"

– İndiki gənclərin əsas çatışmazlığı odur ki, maddiyyatı mənəviyyatdan üstün tuturlar.

Gənclər mənəviyyatla maraqlanmır, maraqlanan varsa da, azdır. Maddi zənginliyi mənəvi və ruhani dəyərlərdən üstün tutub daha çox qısa müddətli ləzzətə və rahatlığa aludə olurlar. Halbuki, mənəviyyat insanın əsl gücü və daxili dərinliyidir.

Gənclərimizin həm özlərinə, həm də cəmiyyətə faydalı ola bilməsi üçün mənəviyyatın yenidən önə çəkilməsi vacibdir.

***

Bakının mərkəzində yerləşən dağ yəhudiləri sinaqoqunun ibadət zalına daxil olan hər kəs öncə rəngli işıq oyunlarına qapılır… Yeddi şamlı menoraların titrək işığı ilə rəngbərəng vitraj pəncərələrdən süzülən Günəş şüaları bir-birinə qarışır. O ilahi işıq süzülmələrinin içində bir daha başa düşürsən ki, “Allahın evi” adlandırılan məscidlər, kilsələr və sinaqoqlar əslində sənə göyü nişan vermək üçün deyil, əvvəlcə özünə özünü, daha sonra Allahı tanıtmaq üçündür. Və niyyətin təmiz, könlün saf, davranışın dürüst olduqca, vardığın istənilən məbəd elə Sinadır, Qalileyadır, Hiradır, Cəbəl Nurdur, qəlbin də elə Allah evinin lap özüdür…

Müsahibə bitəndən sonra ibadət zalının rəngbərəng işıq selindən sinaqoqun nisbətən kölgəli və səssiz foyesinə, oradan da çölə çıxıb küçədəki qələbəliyə qarışıram… Dərindən nəfəs alıram, qeyri-ixtiyari başımı qaldırıb tərtəmiz səmaya, hamımıza eyni qədər parlayan günəşə baxıram, düşünürəm – dinindən və milliyətindən asılı olmayaraq bu masmavi göy üzü altında əslində hamımızın xoşbəxt, hüzurlu və qan-qadasız yaşamağımız üçün çox şey lazım deyil əslində…

Fotolar: Rüfət Mustafayev

Tanınmış reper həbs olundu "Sən Allah, cibimiz pullananda gəl" - Vidadi Babanlı Oljas Süleymenov: " Bu bilgilər xalqlarımızın daha dərindən özünüdərkinə vəsilə olacaq..." - Müsahibə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://kulis.az
archiveBu xəbər 08 Sentyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see197

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see169

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see160

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see148

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see137

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see136

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see136

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see133

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see132

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see131

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see130

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see129

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see128

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see128

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see125

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see124

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see123

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see123

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see121

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri