Icma.az
close
up
RU
Milli dəyərlər və müasir gənclik...

Milli dəyərlər və müasir gənclik...

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Gənclərə Vətən sevgisini necə aşılayaq?

Vətən sevgisi insanın gündəlik davranışında, öz dilinə münasibətində, tarixini bilməsində, xalqının dəyərlərinə hörmətində, cəmiyyət qarşısında məsuliyyət hissində özünü göstərir. Bu baxımdan, gənc nəslin milli mənlik şüurunun formalaşdırılması cəmiyyət qarşısında dayanan mühüm məsələlərdən biridir. Çünki sabah ölkənin taleyinə qərar verəcək, onu idarə edəcək, elmini, mədəniyyətini və iqtisadiyyatını inkişaf etdirəcək insanlar bu gün məktəb partası arxasında, universitet auditoriyalarında, ailə və sosial mühitdə formalaşırlar.

“Mən kiməm?” sualına cavab

Milli mənlik şüuru, ilk növbədə, insanın özünü mənsub olduğu xalqın bir parçası kimi dərk etməkdir. Tarixini, dilini, mədəniyyətini, adət-ənənələrini tanımaq və bunlara dəyər verməkdir. Məlumdur ki, insan öz keçmişini bilmədən gələcəyə inamla addımlaya bilməz. Tarix isə yalnız dərslik səhifələrində qalan hadisələrin ardıcıllığı deyil. Tarix bir xalqın yaddaşıdır. Həmin yaddaş qorunmadıqda milli kimlik də zəifləyir.

Bu səbəbdən gənclərə tariximizi yalnız rəqəmlər və hadisələr toplusu kimi deyil, xalqımızın keçdiyi yol, qazandığı uğurlar və üzləşdiyi çətinliklər kontekstində başa salmaq lazımdır. Gənclər öz keçmişini nə qədər dərindən tanıyarsa, bu gününü və gələcəyini də bir o qədər düzgün qiymətləndirə bilər.

Şüardan daha böyük anlayış...

Vətənpərvərlik haqqında danışarkən bir məqamı xüsusilə unutmaq olmaz: vətənpərvərlik tərbiyə edilən hissdir, amma məcbur edilən davranış deyil. Gənclərə “Vətəni sevməlisən” deməklə Vətən sevgisi aşılamaq mümkün deyil. Onlara Vətənin nə olduğunu hiss etdirmək lazımdır. Bunun yolu isə nümunədən keçir.

Müəllimin öz peşəsinə məsuliyyətlə yanaşması, valideynin övladına dürüstlük və zəhmət nümunəsi göstərməsi, cəmiyyətin gəncin əməyini qiymətləndirməsi - bütün bunlar vətənpərvərlik tərbiyəsinin görünməyən, lakin ən təsirli formalarıdır. Çünki gənc nəslə deyilən sözlər yox, gördükləri davranışlar daha çox təsir edir.

Gənclərin dünyası dəyişib

Bugünkü gənclik əvvəlki nəsillərdən fərqli olaraq informasiya ilə əhatə olunmuş bir dünyada yaşayır. Bir neçə saniyə ərzində dünyanın istənilən nöqtəsində baş verən hadisədən xəbər tuta, müxtəlif mədəniyyətlərlə tanış ola, fərqli ideyalarla qarşılaşa bilir. Bu imkanlar böyük üstünlükdür. Lakin bununla yanaşı, milli kimliyin qorunması məsələsini də daha aktual edir.

Qloballaşan dünyada milli dəyərlərə bağlı olmaq dünyadan təcrid olunmaq demək deyil. Əksinə, öz kimliyini bilən insan dünyaya daha inamla açılır. Öz dilini, tarixini və mədəniyyətini tanıyan gənc başqa xalqların dəyərlərinə də hörmət etməyi daha asan öyrənir. Məsələ gəncləri dünyadan uzaqlaşdırmaq yox, dünya ilə ayaqlaşarkən kim olduğunu unutmamasını təmin etməkdir.

Eyni istiqamətdə iki mühüm qüvvə...

Milli mənlik şüurunun formalaşmasında məktəbin rolu danılmazdır. Lakin bu məsuliyyəti yalnız müəllimin üzərinə qoymaq düzgün olmazdı. Uşağın ilk tərbiyə məktəbi ailədir. Ailədə ana dilinə münasibət, böyüklərə hörmət, milli adətlərin yaşadılması, tarixi şəxsiyyətlər haqqında söhbətlər, milli musiqiyə və ədəbiyyata marağın formalaşdırılması uşağın dünyagörüşünə birbaşa təsir edir.

Məktəb isə bu ilkin dəyərləri bilik və dünyagörüşü ilə tamamlamalıdır. Tarix, ədəbiyyat, coğrafiya, musiqi və digər fənlər milli kimliyin formalaşmasına yalnız nəzəri bilik səviyyəsində deyil, emosional və mənəvi müstəvidə də xidmət etməlidir.

Bunun üçün gəncləri muzeylərə, tarixi məkanlara, mədəniyyət ocaqlarına aparmaq, yaradıcı layihələrə cəlb etmək, onların öz fikirlərini sərbəst ifadə etməsinə imkan yaratmaq daha effektiv nəticə verə bilər. Çünki yaşadığını və hiss etdiyini insan daha yaxşı yadda saxlayır.

Gənclərə güvənmək də vətənpərvərlikdir...

Bəzən vətənpərvərlik anlayışını yalnız keçmiş qəhrəmanlıqlarla əlaqələndiririk. Halbuki Vətənin gələcəyi haqqında düşünmək də vətənpərvərlikdir. Gənclərə “siz bizim gələcəyimizsiz” demək kifayət deyil. Onlara gələcəyin qurulmasında real rolunun olduğunu göstərmək lazımdır. Onların ideyasını dinləmək, təşəbbüsünü dəstəkləmək, elmə və yaradıcılığa marağını artırmaq, ölkəsində öz gələcəyini görməsi üçün imkanlar yaratmaq lazımdır.

Milli dəyərlər gələcəyə aparan körpüdür

Milli mənlik şüurunun inkişafı keçmişə nostalji münasibət formalaşdırmaq deyil. Əsas məqsəd milli dəyərləri müasir həyatla uzlaşdırmaqdır. Ənənəni qorumaqla yeniliyə açıq olmaq, milli kimliyi saxlamaqla dünyaya inteqrasiya etmək, öz tarixini bilməklə gələcəyə baxmaq mümkündür.

Gənc nəsil bu tarazlığı nə qədər düzgün qura bilsə, cəmiyyət də bir o qədər sağlam inkişaf edər. Çünki güclü dövlət yalnız iqtisadi göstəricilər, texnologiyalar və infrastrukturlarla qurulmur. Güclü dövlətin arxasında öz kimliyini bilən, məsuliyyət hissi olan, təhsilə və əməyə dəyər verən, ölkəsinin gələcəyinə inanan vətəndaş dayanır.

Bu gün gənclərə verdiyimiz tərbiyə əslində sabahın Azərbaycanını formalaşdırır. Ona görə də milli mənlik şüurunun və vətənpərvərlik hissinin inkişafı yalnız təhsil müəssisələrinin deyil, ailənin, medianın, mədəniyyətin və bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Sentyabr 2026 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri