Icma.az
close
up
RU
Milli kimliyini imzasında qürurla daşıyan rəssam

Milli kimliyini imzasında qürurla daşıyan rəssam

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Şəmsiyyə ZALOVA
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, Azərbaycan Rəssamlar İttifaqı və Naxçıvan MR Rəssamlar Birliyinin üzvü

XVII əsrin əvvəllərindən başlayaraq miniatür sənətimizin inkişafında müəyyən dərəcədə geriləmə müşahidə olunurdu. Bunun əsas səbəbi həmin dövrdə təsviri sənətdə yeni bədii realist meyllərin özünü göstərməsi ilə izah edilir. XVIII əsrdə isə özündə həm Avropa, həm də Şərq rəssamlıq ənənələrini birləşdirən "Qacar üslubu" Azərbaycan təsviri sənətində təzahür etməyə başladı. Qeyd edək  ki, bu üslubda işlənən əsərlər Azərbaycan dəzgah rəngkarlığının ilk nümunələri sayılır. Həmin sənət əsərlərinin müəllifləri arasında yaradıcılığında Qərb və Şərq incəsənət ənənələrinin sintezini əks etdirən, təsviri sənət tariximizdə yeni mərhələnin başlanğıcını qoyan rəssam Mirzə Qədim İrəvani özünəməxsus dəsti-xətti ilə seçilib. Onun bizim dövrümüzə gəlib çatmış rəsm əsərləri "Qacar üslubu"nda yaranan tabloların özünəməxsus bədii dəyərə malik olduğunu bir daha təsdiqləyir.

Peşəkar rəssamlıq təhsili almayan sənətkar gənc yaşlarından rəsm çəkməyə başlayıb. Sənətşünas N.Miklaşevskayanın qeydinə əsasən, rəssamın yeniyetmə dövründə güzgü üzərində boya ilə çəkdiyi "Qadın portreti" onun ilk işi olub. Eyni zamanda rəssamın hazırda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan "Dərviş", "Süvari" və "Rəqqasə" adlı işlərinin də, onun yaradıcılığının ilk dövrlərinə aid olduğu güman edilir. Rəssamın bu işləri bədii formanın həllinə görə klassik miniatür boyakarlığından fərqlənsə də, bir qədər şərti-dekorativ xarakter daşıyır. Lakin vurğulamalıyıq ki, rəssamın müxtəlif üslublarda, kətan, kağız, şüşə üzərində yaratdığı bu əsərləri, onun öz dövrü üçün yeni sayıla biləcək rəsmlərin ən yaxşı nümunələrindəndir.

Rəssam yaradıcılığının ilk dövrlərində tətbiqi sənət ustası olan atasından öyrəndiyi bədii-texniki vərdişləri təkmilləşdirir, divar rəsmləri, milli tikmələr üçün eskizlər və trafaretlər də hazırlayırdı. "Quşlar və çiçəklər", "Qızılgül və qaranquş", "Güllər və qırqovul" rəssamın divar rəsmləri üçün yaratmış olduğu dekorativ səpkili eskizlərdən idi. Qeyd edək ki, realist rəssamın canlı təsir bağışlayan, simmetriya qaydaları gözlənilən bu rəsmlərində eskizlik, natamamlıq yoxdur, əksinə, onlar bitkin rəsm təsiri bağışlayır.

Ticarət yollarının üzərində yerləşən İrəvan şəhəri Qərbi Azərbaycanın zəngin mədəniyyət mərkəzi olmuşdur. İrəvanda bir çox sənət sahələri kimi, təsviri sənət də inkişaf etmişdi. Təbii saymaq olar ki, İrəvanın mədəni mühiti Mirzə Qədimin bədii zövqünün formalaşmasına təsir etməyə bilməzdi.

XVIII əsr Azərbaycan incəsənətini səciyyələndirən ən xarakterik xüsusiyyətlərdən biri də memarlıq sənətimizin zəngin tarixi ənənələrindən sayılan monumental-dekorativ boyakarlıq üslubunun tətbiqi olub. Belə ki, əvvəllər memarlıq abidələrinin dekorativ bəzəyinin əsasını təşkil edən kaşı sənəti artıq bu dövrdə geniş yayılmış divar boyakarlığı ilə əvəz olunmağa başlamışdı. Dövrümüzə qədər gəlib çatmayan divar rəsmləri içərisində zəngin xarici və daxili tərtibata malik Sərdar Sarayındakı təsvirlər xüsusi yer tutur. Burada çoxfiqurlu batal və portret janrında işlənmiş rəsmlər olub. Saraya aid güzgülü zal memarlıq quruluşu ilə yanaşı, dekorativ tərtibatın orijinallığı və zənginliyi ilə də hamını valeh etmişdi. Sarayın divarlarında, xüsusən güzgülü zalında və şəbəkəli yay pavilyonunda müxtəlif ornament motivləri, gül-çiçək dəstələri, heyvan təsvirləri ilə yanaşı, "Şahnamə"dən alınmış bir sıra qəhrəmanlıq epizodlarını əks etdirən kompozisiyalar, "Nadir şahın Hindistan səfəri" kimi tarixi süjetli rəsmlər də olmuşdu. Zaman keçdikcə baxımsızlıqdan yararsız vəziyyətə düşən, divar rəsmləri korlanan sarayın bərpa işləri 1850-ci ildə, 25 yaşlı Mirzə Qədim İrəvaniyə tapşırılmışdı. Verilən məlumata görə, rəssam burada pannoların bərpa işləri ilə yanaşı, sarayın daxili tərtibatı üçün, iriölçülü bir neçə yeni portret də yaratmışdı. Bu portretlərdə Fətəli şah, Abbas Mirzə, Hüseynqulu xan kimi tarixi şəxsiyyətlər təsvir olunub. Kətan parça üzərində yağlı boya ilə çəkilib, sonradan divara yerləşdirilən bu əsərlər monumental forması, ifaçılıq üsuluna və texnikasına görə Azərbaycan təsviri sənətində yağlı boya ilə çəkilmiş, tamamilə yeni keyfiyyətli portret əsərləri hesab edilir.

M.Q.İrəvaninin bu portretlərində köhnə şərti ənənələr yenə nəzərə çarpsa da, onlar sənətkarın ilk dövr portretlərindən kamillik dərəcəsinə görə xeyli fərqlənir. Belə ki, rəssam işıq və kölgə ilə təsvirlərin daha canlı çıxmasına nail olub. Eyni zamanda rəssam xəncər, mütəkkə və sair elementlərin həcmini düzgün verməyə çalışıb ki, bu da təsviri daha gözəçarpan edib. Portretlərdəki rəng və naxış örtüyündəki əlvanlıq isə xalq sənətinə yaxından bələd olan rəssamın təcrübəsindən xəbər verir.

Qeyd olunur ki, özlərini dünyanın "mədəni xalqı" kimi qələmə verməyə çalışan ermənilər nadir sənət incisi olan Sərdar sarayını 1918-ci ildə yerlə-yeksan etmişlər. Bu zaman rəssamın saray üçün işlədiyi portretləri divardan çıxarılıb Tiflisə aparılıb.

M.Q.İrəvani Sərdar sarayının bərpası kimi ciddi bir işi layiqincə yerinə yetirdikdən sonra dəzgah boyakarlığı sahəsində daha bir-neçə uğurlu portret ərsəyə gətirmişdi. Ümumiyyətlə rəssam təsviri sənətin müxtəlif sahələrində işləsə də, onun ən böyük nailiyyəti portret sahəsində olmuşdu. "Gənc oğlan", "Molla", "Vüculla Mirzə" və sair portretlər milli ənənələrə sadiqlik baxımından olduqca yaddaqalandır.

Səthi-dekorativ xarakter daşıyan bu əsərlərdə surətlər müəyyən dərəcədə idealizə edilsə də, rəssam təsvir olunan şəxslərin fərdi keyfiyyətlərini, hətta bir qədər zəif də olsa, onların daxili aləmini əks etdirməyə müvəffəq olmuşdu. Digər tərəfdən kontrast rəng düzümünə baxmayaraq, bu rəsmlərdə zəif də olsa işıq-kölgə keçidlərindən, perspektiv qanunlarından istifadə edilib. Bu isə rəssamın realist boyakarlığın xüsusiyyətlərinə bir qədər yiyələnmiş olduğunu sübut edir. Onun akvarel və tempera texnikasında işlədiyi bu portretləri üslub xüsusiyyətinə görə orta əsr miniatür sənətinə xas olan şərti dekorativliklə realist dəzgah boyakarlığının birgə vəhdəti əsasında yaranıb. Beləliklə, rəssam özünəməxsus bədii forma, orijinal üslub yaradıb.

M.Q.İrəvaninin qadın portretləri XIX əsr Azərbaycan rəssamlığında qadın gözəlliyini əks etdirən ən nümunəvi əsərlərdəndir.

Əlvan şəbəkə fonunda, yüksək bədii zövqlə, ilhamla işlənmiş "Mah Tələt xanım", "Oturmuş qadın" kimi rəsmlərə baxarkən  şux və nikbin surətlər görürük. Bu əsərlər "Qacar üslubu"nda geniş yayılmış rəsmi portretlərdən əsaslı surətdə fərqlənir. Bir cəhəti də qeyd edək ki, rəssamın qadın portretlərindəki obrazlar geyimi, duruşu, ornamental bəzəyi kimi fərdi əlamətlərinə görə bənzərdirlər.

Yerə döşənmiş zəngin bəzəkli xalça üzərində əyləşmiş, məlahətli baxışları ilə diqqət çəkən "Oturmuş qadın" sadə və təbiidir. Onun butalı tirmə arxalığı, ipək köynəyi, rəsmi daha da baxımlı edir.

M.Q.İrəvani xalq sənətinin zənginliklərinə dərindən bələd olan, öz əsərlərində bu tükənməz sərvətin gözəl ənənələrindən bacarıqla istifadə edən rəssam olub. Onun rəsmlərindəki döşəməyə salınmış xalça, mürəkkəb ornamentli şəbəkə, obrazların zəngin naxışlı geyimi bunu bir daha sübut edir.

Beləliklə, əminliklə deyə bilərik ki, M.Q.İrəvani Azərbaycan təsviri sənətində realist dəzgah və monumental boyakarlığın inkişafında böyük rol oynayıb. O, həmçinin öz yaradıcılığı ilə rəssamlıq sənətimizdə, xüsusilə portret janrında şərti dekorativlikdən yeni keyfiyyətli realist sənətə keçidin əsasını qoyub. Rəssam bir-birindən dəyərli, yüzdən artıq əsər ərsəyə gətirib. Təəssüf hissi ilə qeyd etməliyik ki, bu əsərlərin yalnızca bir hissəsi günümüzə gəlib çatıb. Şüşə, parça, kağız kimi müxtəlif materiallarda işlənən bu əsərlər hazırda Azərbaycan Milli İncəsənət Muzeyində, Gürcüstan Dövlət İncəsənət Muzeyində, Sankt-Peterburqda Dövlət Ermitajında mühafizə olunur.

Filologiya elmləri doktoru, professor Əsgər Zeynalov "İrəvan ziyalıları" adlı kitabında yazır: "M.Q.İrəvaninin nəticəsi Gülşən xanımın verdiyi məlumata görə, Ermitaj Muzeyində iki otaq yalnız rəssamın orijinal və fotokopiya rəsmlərinə ayrılmışdı (təxminən 1970-72-ci illərdə). Rəssamın digər nəticəsi, Əməkdar incəsənət xadimi, rəssam İsmət Axundov isə Parisdə, heykəltaraş Rodenin ev-muzeyində Mirzə Qədimin bir əsərinin saxlandığını söyləyir.  Göründüyü kimi, tarixi ərazimiz olan İrəvanı bizdən qoparıb, ona qanunsuz şəkildə sahiblənənlər rəssamın əsərlərini də doğma şəhərindən didərgin salıb. Rəssamlıq sənətimizdə xüsusi yeri olan, doğulduğu torpağın adını özünə təxəllüs götürən M.Q.İrəvaninin bəlkə də neçə-neçə rəsm əsəri bugün, haradasa öz tədqiqatçısını gözləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Aprel 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri