Milli Məclisdə hərbi xidmətlə bağlı müzakirələr Alternativ xidmət…
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.
Moderator.az bildirir ki, aidiyyəti qurumların rəhbər şəxslərinin də təmsil olunduğu toplantıda komitə sədri Arzu Nağıyev müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikləri təqdim edib. Bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsinə əlavə və dəyişikliklər nəzərdə tutulur.
A.Nağıyev qeyd edib ki, hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi çox mühüm əhəmiyyət kəsb edir: “44 günlük Vətən Müharibəsindən sonra orduda islahatların aparılması, bir sıra qanunvericilikdə dəyişikliklərin edilməsi Prezident tərəfindən labüd sayılıb. Bu islahatlara uyğun olaraq, əsas istiqamətlərdən biri də çağırış məsələsidir. Bu gün cəmiyyəti narahat edən və eyni zamanda sevindirən bir sıra dəyişikliklər var. Orduya çağırışla bağlı təbii ki bir sıra ölkələrin qanunları müxtəlif ola bilər. Məsələn, Rusiyada hərbi xidmətə çağırış 18 yaşına çatmış, lakin 27 yaşdan yuxarı olmayan vətəndaşlara şamil edilir. 30 yaşdan aşağı şəxslər adətən, daha yaxşı fiziki formada olurlar, intensiv fiziki qabiliyyətə malikdirlər. Psixoloji yetkinlik 18-25 yaş arasında, eyni zamanda 30 yaşına qədər yetkinliyə çatır. Bu, emosional və psixoloji problemlərin öhdəsindən gəlməyə kömək edir. Əsasən 18-30 yaş arası insanlar yeni bacarıqları daha tez öyrənirlər. Çağırışçılar üçün psixoloji aspektlər də çox mühüm əhəmiyyət kəsb edir. Onlar həkim komissiyasından keçdikdə əsas diqqət psixoloji müayinədə stress altında davranışla bağlı suallar, digər məsələlər aydınlaşdırılır. Yəni son vaxtlar bir sıra müharibələri də görürük. Ağır şizofreniya, travma sonrası stress və adaptasiya pozğunluğu kimi problemlər nəzərə alınandır. Yaş həddinin aşağı salınması da çox mühüm əhəmiyyət kəsb edir”.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev dəyişiklərdən bəhs edərkən bildirib ki, təhsilin fasiləsizliyi “Təhsil haqqında” qanunda əksini tapır: “Ona görə layihədə doktoranturanı da nəzərə almışıq. Doktranturada təhsil alanlara heç yaş məhdudiyyəti də tətbiq etməmişik”.
A.Babayev qeyd edib ki, gənclərin elmli, təhsilli olmasını çox istəyir. Amma sui-istifadələrin olduğunu da faktlarla qeyd edib: “Bizim bazada son statistikaya əsasən, ümumi möhlət verilənlərdən 60 %-i Türkiyədə, 11,8%-i Rusiyada, 6,8%-i Polşada, 6%-i Ukraynada, 2,6%-i Almaniyada, 2%-i Gürcüstanda, 1,6%-i ABŞ-da, 1,3%-i Böyük Britaniyada təhsil almağa gedir. Digər ölkələrin ali məktəbləri ilə bağlı bu göstərici 1 %-dən aşağıdır. İki ilin statistikasına görə, Kütahya Dumlupınar Üniversitesi təhsilə görə gətirilən arayışların sayına görə 1-ci yerdə olub. 2023-cü ildə isə 1-ci yerdə Gümüşhanə Universiteti qərarlaşıb. Mən də çox istəyərdim ki, yaxşı universitetlərdə oxusunlar, amma statistika belədir. Yaxşı universitetlərə təhsil almağa gedənlərin sayı çox azdır”.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev deyib ki, 2020-2024-cü illərdə təhsili davam etdirmək üçün hərbi xidmətdən möhlət alanların sayında 44 faiz artım olub.
O qeyd edib ki, əsas məqsəd silahlı qüvvələrin keyfiyyətli komplektləşdirilməsidir, bu zaman çağırış resursunu nəzərə almaq lazımdır:
“2020-2024-cü illər ərzində hər il üzrə 30-35 yaşlı çağırışçılar ümumi resursun 0,2-0,3 faizini təşkil edib. Bu, çağırış resursuna ciddi təsir göstərən rəqəm sayıla bilməz. Yəni, magistr və rezidentura tələbələri çağırışdan azad olunsa, bu çağırış resursuna ciddi təsir göstərməz”.
İki və daha artıq övladı olan şəxslərin hərbi xidmətdən azad edilməsinə gəlincə, A.Babayev bildirib ki, nəzər salınan Türkiyə qanunvericiliyində belə bununla əlaqədar hansısa məsələ yoxdur:
“Hazırkı dəyişikliklər qəbul edilərsə, həmin kateqoriyada olan şəxslər də bundan istifadə edəcəklər”.
Xidmət rəhbəri qeyd edib ki, hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr aparılır: “Əsas məqsədimiz bütün sui-istifadə halların qarşısının alınmasıdır. İndi qanunvericilikdə elektron kabinetlərin yaradılması, bütün məlumatların bu vasitə ilə verilməsi nəzərdə tutulur ki, şəffaflıq təmin edilsin. Ali və tam orta təhsillini fərqləndirmək yox, onların bərabərləşdirilməsi lazımdır. Bununla bağlı düşünürük. Amma müddətin azaldılmasına hələlik hazır deyilik”. A.Babayev bildirib ki, hazırda hərbi xidmət müddətinin 1 il 6 aydan 1 ilə endirilməsi müzakirə edilir. Xidmət rəisi alternativ xidmətdən də bəhs edib.
O bildirib ki, alternativ xidmətlə bağlı müraciət edənlər yalnız "Yahova şahidləri" dini cərəyanın üzvləridir: “Alternativ xidmət dedikdə, yalnız ödəniş məsələsi yada düşür. Burada əqidəsinə görə xidmət keçmək istəməyənlər də var. Belə adamlar arasında "Yahova şahidləri" də var”.
Həmçinin bildirib ki, Azərbaycanda ikili vətəndaşlıq tanınmır. Dediyinə görə, son dövrlər bəzi vətəndaşlar müraciət edir ki, onlar digər ölkənin vətəndaşı olan zaman həmin ölkədə hərbi xidmət keçib: “Vətəndaşlığı tanınıb, şəxsiyyət vəsiqəsi verilib onu Azərbaycanda hərbi xidmətə aparanda ciddi narazılıq yaranır. Hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşıdırsa, onlar xidmət etməlidirlər. Müraciət edənlərin valideynlərinin bir çoxu başqa ölkə vətəndaşı olur. Artıq kimsə Rusiyada doğulubsa, atası azərbaycanlı, anası rusdursa, biz onlara azadetmə tətbiq edirik”.
![](https://cdn.musavat.com/news/images/GUGU/Untitled%20%283%29-16.jpg)
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev təkliflə çıxış edib. Bildirib ki, pul ödəmək qarşılığında müəyyən kateqoriyadan olanlar hərbi xidmətdən azad oluna bilərlər: “Sovet dövründən belə stereotip qalıb ki, kimsə kişidirsə, əsgərə çağırılmalıdır. Ciddi mütəxəssislər var ki, onlar kompüter arxasında daha çox fayda verə bilər. Doktorontları hərbi xidmətdən azad etmişik. Gəlin ora bir maddə də əlavə edək: magistratura və rezidenturada oxuanlar da müəyyən rüsum qarşılığında əsgərliyə çağırılmasın. Bəzi gənclərimiz fiziki cəhətdən hərbiyə uyğun gəlmir. Hərb də sənətdir. Elə bir şey deyil ki, hamı gedib hərbçi olsun. Magistratura və rezidenturanı bitirmiş şəxslər müvafiq vəsait ödəyib hərbiyə getməyə bilsinlər”.
Q.Həsənquliyev digər məsələyə də toxunub: “Bu gün islahatlara getməliyik və çalışmalıyıq ki, dövlətin idarəetmə xərcləri azaldılsın. Bu məqsədlə gələcəkdə Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birləşdirilməsi müsbət addım olardı". Deputat qeyd edib ki, biz dövlət idarəetməsində olan şəxslərin sayını azaltmaqla onlara daha yüksək əməkhaqqı verə bilərik: “Dövlət tərəfindən daha ciddi şəkildə onların sosial müdafiəsi təşkil oluna bilər".
Ödənişli hərbi xidmətlə bağlı təklif müzakirə olunsa da, aidiyyəti qurumlar dəstəkləməyib. Bunu isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Azər Məmmədov deyib. O bildirib ki, məsələyə bir daha baxılmasına etiraz etmirlər: “Eyni zamanda alternativ xidmət Konstitusiyada əksini tapsa da, qanunvericilikdə nəzərdə tutulmayıb. Biz bu təklifi dəstəkləyirik”.
![see](https://icma.az/template/assets/see.png)