Icma.az
close
up
RU
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası keçirilib YENİLƏNİB/FOTOLAR

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası keçirilib YENİLƏNİB/FOTOLAR

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oktyabrın 31-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. SİA xəbər verir ki, iclası açan Milli Məclisin sədri diqqətə çatdırıb ki, oktyabrın 29-da Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə həsr edilən beynəlxalq parlament konfransı keçirilib. Tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətləri, o cümlədən 8 ölkənin parlament sədrləri və sədr müavinləri, eləcə də 7 beynəlxalq təşkilatın təmsilçiləri, ümumən isə 100-dən çox adam iştirak etdi. Konfransda “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda çıxışlar edilib.

Spiker qeyd edib ki, bu konfrans “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisin təşkilatçılığı ilə keçirilən 13-cü tədbir idi. Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Komitə sədrləri Zahid Oruc, Hicran Hüseynova, Fazil Mustafa, deputatlar Vüqar Bayramov, Ceyhun Məmmədov, Bəhruz Məhərrəmov, Tural Gəncəliyev, Azər Badamov, Elnarə Akimova, Kamran Bayramov çıxış ediblər.

Deputatlar 8 noyabr – Zəfər Günü ilə əlaqədar fikirlərini bölüşərək, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbəmizin tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Zəfərə aparan yolun ölkə iqtisadiyyatının dinamik inkişafı, ordunun maddi-texniki bazasının güclənməsi ilə bağlı olduğunu söyləyiblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda həyata keçirilən islahatlar ölkənin davamlı inkişafına imkan yaratdı. Qeyd olunub ki, Ulu Öndər tərəfindən iqtisadi, siyasi, hərbi sahədə başlanan islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Habelə ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihələrin rolundan danışılıb.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 22 ildə ölkədə bütün sahələrdə sürətli yüksəliş müşahidə olunur. Vurğulanıb ki, bu müddət ərzində İlham Əliyev Azərbaycan dövlətini ləyaqətlə təmsil edib, xalqın vahidliyini, dövlətçiliyin varisliyini təmin etməyə nail olub. Onun, bütün maneələrə baxmayaraq, əzmlə həyata keçirdiyi strategiya nəticəsində siyasi müstəqilliyin möhkəmləndirilməsi, iqtisadi tərəqqi, ordu quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilib. Çıxışlarda Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfəri, burada bir sıra yeni infrastruktur obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirakından söhbət açılıb. Millət vəkilləri dövlət başçımızın diqqət və qayğısı sayəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinin bu bölgənin sosial-iqtisadi dirçəlişini təmin etdiyini bildiriblər. Deputatlar, həmçinin bir sıra digər aktual mövzular, o cümlədən təhsil, mədəniyyət, beynəlxalq münasibətlərə dair, habelə seçiciləri maraqlandıran bəzi məsələlər barədə öz fikir və qeydlərini açıqlayıblar. Sonra spiker Sahibə Qafarova bugünkü iclasın gündəliyinə 11 məsələnin daxil edildiyini deyib. O, birinci məsələnin 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı olduğunu söyləyib.

Milli Məclisin sədri bildirib ki, noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində Zəfərinin beşinci ildönümü tamam olur. 8 noyabr Azərbaycanın tarixinə müdrik siyasi rəhbərliyin və uzaqgörən hərbi strategiyanın təntənəsi, xalqımızın yenilməz gücünün və qəhrəmanlığının rəmzi kimi daxil olub. Spiker diqqətə çatdırıb ki, möhtərəm cənab Prezidentin sözləri beş il öncə baş vermiş hadisənin tarixi mahiyyətini ifadə edir. Cənab Prezident demişdir: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir.

... Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.

Milli Məclisin sədri qeyd edib ki, Vətən müharibəsində qazanılmış Zəfərin hərbi və siyasi ölçüsü ilə yanaşı, mənəvi ölçüsü də var və o, milli ruhumuzun dirçəlişini ifadə edir. Bu gün bizə onu da xatırladır ki, dövlətin gücü təkcə iqtisadiyyatda və orduda deyil, həm də bütün ölkə vətəndaşlarının həmrəyliyində və birliyində, Vətənin taleyi üçün məsuliyyət hissindədir.

Son illərin hadisələri də göstərir ki, yalnız liderinin ətrafında sıx birləşən, öz torpağında azad yaşamağın nə demək olduğunu bilən xalq haqlarını qorumağa və pozulmuş haqlarını bərpa etməyə qadirdir. Spiker bildirib ki, ölkəmizin işğaldan azad edilmiş bölgələri bu gün öz həyatının yeni quruculuq dövrünü yaşayır. Yaşayış məskənləri tikilib bərpa olunduqca keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdırlar. İndiyədək 50 mindən çox insan tarixi torpaqlarında dinc həyata başlayıb. O, qeyd edib ki, üç gün öncə möhtərəm Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilana səfərini biz hamımız qürurla izlədik. Dövlət başçısının iştirakı ilə bu rayonlarda bir neçə müasir yaşayış kompleksinin təməli qoyuldu, ən yüksək standartlara uyğun gələn yeni kəndlərin açılışı oldu. Möhtərəm Prezident kəndlərə köçən sakinlərə mənzillərin açarlarını təqdim etdi.

Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın azad edilmiş ərazilərdə aparılan işlərə gündəlik diqqət və qayğısı Qarabağı və Şərqi Zəngəzuru dirçəliş və yeni həyatın rəmzinə çevirib.

Spiker deyib ki, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduqdan sonra iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün sülh danışıqları başlanıb. Həm də bu danışıqlar Azərbaycan Respublikasının irəli sürdüyü prinsiplər əsasında aparılıb. Avqust ayında Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində əldə olunmuş razılaşmalar, sülh sazişinin paraflanması sülh danışıqlarının yekun mərhələsini təşkil etdi. Cənubi Qafqaz regionunda uzunmüddətli sülh, əməkdaşlıq və tərəqqi üçün möhkəm təməl yaradıldı. İnamla söyləmək olar ki, ölkəmiz qarşıdakı illərdə sülh və sabitlik şəraitində inkişafını davam etdirərək yeni böyük nailiyyətlər qazanacaqdır. Milli Məclisin sədri deputatlara müraciətlə bildirib ki, icazə verin, Azərbaycana tarixi Zəfəri bəxş etmiş müzəffər Ali Baş Komandana, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığımızı bildirək, onları ürəkdən təbrik edək. Spikerin sözləri alqışlarla qarşılanıb.

Sonra spiker təklif edib ki, Zəfər Günü münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlansın, Azərbaycan xalqının və dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq. Spikerin təklifi alqışlarla qarşılanıb

Çıxışına yekun vuran Milli Məclisin sədri bildirib ki, təəssüf ki, müharibə itkisiz olmur. Biz də bu müharibədə şəhidlər vermişik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə möhkəm can sağlığı diləyirik.

Sonra iclasda deputat Vüqar Rəhimzadə Milli Məclisin Bəyanatının mətnini oxuyub. 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı səsə qoyularaq qəbul edilib. (Bəyanatın mətni mətbuatda dərc olunacaq.) Milli Məclisin sədri növbəti 5 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu söyləyib. Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Millət vəkili qanun layihəsi ilə bağlı birinci və ikinci oxunuşlar zamanı geniş müzakirələrin aparıldığını və layihədə bir sıra dəyişikliklərin edildiyini söyləyib. O, 13.9-cu və 16.4-cü maddələrdə edilən dəyişiklikləri nəzərə çatdırıb, habelə əvvəlki müzakirələrdə səsləndirilən bəzi qeydlərin qanunvericilik təşəbbüsü subyekti tərəfindən məqbul hesab edilmədiyini deyib.

Qanun layihəsi dövlət xidmətləri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyir. Məsələ ilə bağlı müzakirələrdə deputatlar Razi Nurullayev və Hikmət Məmmədov öz fikirlərini açıqladıqdan sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (üçüncü oxunuş) mahiyyətini açıqlayıb. Deputat layihənin birinci və ikinci oxunuşlarda müzakirəsi zamanı əlavə dəyişikliklərin təklif edilmədiyini deyib və onun dəstəklənməsini xahiş edib. Qanun layihəsində müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması sahəsində qanunvericiliyin təkmilləşirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulur. Bununla yanaşı, sənəddə beynəlxalq avtomobil yük daşımaları yerinə yetirilərkən elektron əmtəə-nəqliyyat qaiməsinin tərtib olunması təklif olunur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib. O, sənədlə bağlı əvvəlki oxunuşlarda geniş məlumat verildiyini, məsələnin mahiyyəti üzrə əlavə təkliflərin olmadığını deyib və layihənin səsə qoyulmasını xahiş edib.

Sənəddə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fəaliyyətinin əsaslarını təkmilləşdirmək məqsədilə bir sıra dəyişikliklər nəzərdə tutulur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, layihə ilə bağlı əvvəlki iki oxunuşda geniş məlumat verildiyini, hər hansı qeyd və təklifin daxil olmadığını deyib və sənədin üçüncü oxunuşda qəbul edilməsinin məqsədəmüvafiq olduğunu bildirib.
Layihədə ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrində qeydiyyata alınması təklif olunur.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsinin mahiyyəti barədə söhbət açıb. O, layihə barədə əvvəlki oxunuşlarda ətraflı məlumat verildiyini deyib və sənəddə Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətinin dəqiqləşdirilməsi, sanksiyaların sərtləşdirilməsi ilə bağlı dəyişikliklərin nəzərdə tutulduğunu qeyd edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri növbəti 4 məsələnin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, layihənin birinci oxunuşda ətraflı müzakirə edildiyini və barəsində deputatlar tərəfindən müsbət rəylərin verildiyini söyləyib, sənədin komitədə ikinci oxunuşda baxılaraq plenar iclasa tövsiyə edildiyini bildirib.

Qanun layihəsi Azərbaycan Respublikasının konstitusiya quruluşunun, suverenliyinin, habelə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində Azərbaycan Respublikası daxili qoşunlarının fəaliyyətini, hüquq və vəzifələrini, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edir. Layihədə əsas anlayışlar, daxili qoşunlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, daxili qoşunların əsas prinsipləri, fəaliyyət istiqamətləri və daxili qoşunların tərkibi haqqında normalar öz əksini tapıb. Bununla yanaşı, sənəddə daxili qoşunların səlahiyyətləri və daxili qoşunların fəaliyyətinin təmin edilməsi tədbirləri ilə bağlı, daxili qoşunların komandanının səlahiyyətləri, maliyyə və maddi-texniki təminatı, hərbi qulluqçularının, onların ailə üzvlərinin təhlükəsizliyinin təminatlarına dair və digər bir sıra məsələlər ehtiva olunur. Deputat Qüdrət Həsənquliyev məsələ barədə bəzi fikirlərini açıqladıqdan sonra, qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinin mahiyyətini diqqətə çatdırıb. O, layihəyə dair birinci oxunuşda ətraflı məlumat verildiyini, deputatlar tərəfindən əlavə təkliflərin daxil olmadığını deyib və sənədin səsə qoyulmasını xahiş edib.

Qanun layihəsinə əsasən, dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar, yardımçı və müvəqqəti tikililər, istixanalar və anbar binaları, istehsalat binaları, fərdi yaşayış evləri, Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci maddəsində göstərilən reklam qurğuları və həmin məcəllənin 89.1-ci maddəsində göstərilən ekspertizadan keçirilməsi tələb olunmayan tikinti obyektləri istisna olmaqla, digər yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi xarakter daşıyacaq.

Müzakirələr zamanı çıxış edən komitə sədri Zahid Oruc, deputat Vüqar Bayramov məsələ ilə əlaqədar öz fikir və qeydlərini səsləndiriblər. Komitə sədri Sadiq Qurbanov qaldırılan məsələlərə aydınlıq gətirib.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Komitə sədri qeyd edib ki, qanun layihəsi ixtisaslaşmış hərbi qulluqçuların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha səmərəli və uzunmüddətli istifadəsinin təmin edilməsi, gizirlərin və miçmanların həqiqi hərbi xidmətkeçməsi qaydalarının və bir sıra normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Arzu Nağıyev layihənin birinci oxunuşu barədə məlumat verərək dəyişikliklərlə bağlı komitəyə heç bir təklifin daxil olmadığını deyib və məsələnin səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Növbəti məsələ olan “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov təqdim edib. O bildirib ki, layihənin birinci oxunuşu zamanı dəyişikliklər haqqında ətraflı məlumat verilib. Layihə ilə bağlı deputatlardan komitəyə heç bir rəy və təklifin daxil olmadığını deyən Nurlan Həsənov qanunvericilik təşəbbüsü subyekti tərəfindən sənədə texniki xarakterli düzəliş edildiyini diqqətə çatdırıb.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin sonuncu məsələsinin birinci oxunuşda olan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu bildirib və məsələyə dair məlumat vermək üçün Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanova söz verib. Sadiq Qurbanov diqqətə çatdırıb ki, təklif olunan dəyişikliklər Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılması və məlumatların bu sistemə daxil edilməsi ilə bağlıdır. Bu məqsədlə qanuna “Enerji effektivliyi informasiya sistemi” adlı 4-1-ci maddə əlavə olunur, “Enerji auditi” adlanan 6-cı maddənin 6.3-cü bəndi genişləndirilir, eyni zamanda 17-ci maddəyə də 17.1.5-ci bənd artırılır.

Bildirilib ki, yaradılması nəzərdə tutulan Enerji Effektivliyi İnformasiya Sistemi enerji səmərəliliyi sahəsində dövlət siyasətinin icrasına nəzarəti həyata keçirməyə, müvafiq sahədə elektron xidmətləri göstərməyə və icra göstəricilərini operativ almağa kömək edəcək. Belə ki, sistem üzərindən enerji auditorunun ixtisas attestatının alınması məqsədilə müraciətlər qəbul ediləcək, sistemdə enerji auditorları və enerji auditi təşkilatlarının reyestri əks olunacaq, enerji istehsalı, təchizatı və istehlakına nəzarət subyektləri hesabatlarını yerləşdiriləcək. Komitə sədri qeyd edib ki, informasiya sisteminin ictimaiyyətə açıq hissəsində əhali üçün enerji səmərəliliyinə dair maarifləndirici məlumatların, enerjiyə qənaət kalkulyatorunun, enerji istehlakına dair statistikanın və sair yerləşdirilməsi nəzərdə tutulub. Vurğulanıb ki, yeni sistemin yaradılması bu sahədə şəffaflığının artırılmasına, dövlət xidmətlərinin səmərəliliyinin yüksəlməsinə xidmət edəcək.

Dəyişikliklərlə bağlı deputat Asif Əsgərovun fikirləri dinlənildikdən sonra layihə birinci oxunuşda qəbul olunub.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 Oktyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see207

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see183

PKK Türkiyəni tərk edir bəs sonra?

30 Oktyabr 2025 10:18see173

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see141

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see137

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see136

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see130

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see127

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see126

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see125

Çin 2030 cu ilə qədər Aya insanlı eniş etməyi hədəfləyir

30 Oktyabr 2025 16:16see125

Acı bibər infarkt riskini azaldırmış

30 Oktyabr 2025 05:12see124

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see124

Slovakiya piyadalar üçün sürət həddi tətbiq edəcək...

30 Oktyabr 2025 21:46see123

Çinin iqtisadi strategiyasında yenilik: Elektromobillər artıq prioritet hesab edilmir

30 Oktyabr 2025 06:45see123

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

31 Oktyabr 2025 14:15see122

ABŞ ın kommersiya neft ehtiyatları 416 mln. bareldən aşağı enib

30 Oktyabr 2025 09:04see122

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see121

“Qarabağ”ın ispaniyalı transferi ilk oyununa çıxa bilər

30 Oktyabr 2025 20:07see116

Qaş düzəltmək istədilər, göz çıxardılar: Kürdəxanı sakinlərinin etirazına səbəb olan yol

31 Oktyabr 2025 02:13see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri