Icma.az
close
up
RU
Milli Məclisin növbəti plenar iclası keçirilib YENİLƏNİB

Milli Məclisin növbəti plenar iclası keçirilib YENİLƏNİB

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Martın 18-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyə 14 məsələnin daxil edildiyini və birinci məsələnin “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsi olduğunu deyib. Spiker bildirib ki, beynəlxalq sənədlə bağlı olduğuna görə layihə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul edilməlidir.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov bu qanun layihəsini təqdim edib. O, diqqətə çatdırıb ki, “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi” 6 noyabr 2024-cü il tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən TDT-nin 11-ci Zirvə Görüşündə imzalanıb.
Qeyd olunub ki, Sazişin məqsədi üzv ölkələr arasında rəqəmsal iqtisadiyyatı inkişaf etdirmək, elektron ticarət və rəqəmsal xidmətləri asanlaşdırmaq, müasir texnologiyaların tətbiqini genişləndirmək və biznes mühiti üçün daha əlverişli şərait yaratmaqdır. Saziş çərçivəsində tərəflər elektron ticarətin inkişafı, gömrük və logistika, maliyyə texnologiyaları və rəqəmsal ödənişlər, kiçik və orta biznesin dəstəklənməsi, istehlakçı hüquqlarının qorunması, kibertəhlükəsizlik və məlumat mübadiləsi, elektron imzalar və hüquqi uyğunlaşma istiqamətlərində əməkdaşlıq etməyi öhdələrinə götürürlər. Sazişin icrasına nəzarət məqsədilə Birgə Komitənin təsis edilməsi nəzərdə tutulur. Bu komitə Sazişin müddəalarının yerinə yetirilməsini izləyəcək, tərəflər arasında koordinasiyanı təmin edəcək və əməkdaşlıq sahəsində təkliflər irəli sürəcək.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədin iqtisadi baxımdan və beynəlxalq münasibətlər nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb etdiyini deyib, rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini bildirib.
Deputatlar Aydın Mirzəzadə, Hikmət Məmmədov, Bəxtiyar Əliyev məsələ ilə bağlı fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Spiker Sahibə Qafarova növbəti 5 məsələnin uyğunlaşdırma və dəqiqləşdirmə xarakteri daşıdığını, həmin sənədlərin müvafiq qanunvericiliyə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini bildirib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib.
Diqqətə çatdırılıb ki, layihə "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" 9 dekabr 2022-ci il tarixli və "Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsi barədə" 23 dekabr 2022-ci il tarixli qanunlara uyğun olaraq hazırlanıb. Belə ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq olunmuş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən və gömrük rüsumlarından azad edilib. Azadolmalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən verilmiş təsdiqedici sənəd əsasında tətbiq edilir. Həmin təsdiqedici sənədin "sahibkarlıq fəaliyyətinə verilən icazə" xarakterli olması nəzərə alınmaqla, “Lisenziyalar və icazələr haqqında” Qanunun 3 nömrəli əlavəsi – "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nın 75-ci maddəsi yeni redaksiyada verilir və həmin təsdiqedici sənəd icazələrin siyahısına daxil edilir.
Deputat Razi Nurullayev bəzi qeydlərini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin mahiyyətini nəzərə çatdırıb.
Bildirilib ki, sənəd on üç qanunun qiymətləndirmə məsələlərini tənzimləyən müddəalarının "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanunun ayrı-ayrı normalarına uyğunlaşdırılması məqsədilə hazırlanıb.
Təklif olunur ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışı, eləcə də hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiymətinin müəyyən olunması sahəsində səlahiyyətin tənzimlənməsi ilə bağlı normaya uyğun olaraq, bu qiymətlər bilavasitə bələdiyyələr tərəfindən deyil, "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna əsasən müəyyən edilsin. Bununla bağlı Torpaq Məcəlləsində, "Torpaq bazarı haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanunlarda, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"də müvafiq dəyişiklik edilir.
Digər dəyişiklikdə terminlərin uyğunlaşdırılması məqsədilə Mülki Məcəllədə, "İpoteka haqqında", "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında", "İcbari sığortalar haqqında", "Dəniz limanları haqqında" qanunlarda "müstəqil qiymətləndirici", "müstəqil ekspert" və bu qəbildən olan ifadələr "qiymətləndirici" və "qiymətləndirici təşkilat" ifadələri ilə əvəz edilir.
Sənəddə bir sıra digər uyğunlaşdırma xarakterli düzəlişlərin edilməsi də nəzərdə tutulur.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov məsələ barədə bu komitələrin müsbət rəy verdiyini qeyd ediblər.
Qanun layihəsi səsə qoyularaq qəbul olunub.
İclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Bildirilib ki, layihə terminlərin eyniliyinin təmin olunması və uyğunlaşdırılması məqsədilə hazırlanıb. Qanunun 52-ci və 57-ci maddələrində "dövlət ekoloji ekspertizasının obyektləri barədə ekspert rəyi" ifadəsinin "ekoloji ekspertiza rəyi" ifadəsi ilə əvəz olunması təklif olunur.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.
Nəzərə çatdırılıb ki, adı çəkilən qanunda əlilliyi olan şəxslərin səhhətinə və ailə başçısını itirmiş ailələrə vurulmuş ziyana görə zərərçəkmiş şəxslərə onların əlillik dərəcəsindən asılı olaraq birdəfəlik kompensasiyanın verilməsi, habelə 1986-1990-cı illərdə Çernobılda qəzanın nəticələrinin ləğv edilməsi iştirakçılarına səhhətinə vurulmuş ziyana görə hər il üzrə kompensasiya verilməsi ilə bağlı müddəalar nəzərdə tutulub. "Sosial müavinətlər haqqında" Qanunda Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət müəyyən edilmiş, yuxarıda qeyd edilən əlillik dərəcəsindən asılı olaraq verilən birdəfəlik kompensasiya isə nəzərdə tutulmayıb.
Eyni zamanda, 2008-ci il sentyabrın 1-dən Prezidentin müvafiq fərmanları ilə Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə aylıq Prezident təqaüdü təsis edilib və bununla yanaşı, müvafiq əmək pensiyası da ödənilir.
Qeyd olunub ki, mövcud uyğunsuzluqların aradan qaldırılması, köhnəlmiş normaların yeni qanunvericilik normalarına uyğunlaşdırılması məqsədilə qanunda bir sıra dəyişikliklər nəzərdə tutulub.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Layihədə 33 qanuna uyğunlaşdırma xarakterli dəyişiklik edilməsinin nəzərdə tutulduğunu deyən komitə sədri qeyd edib ki, Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi, habelə ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarının müəyyən edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi, məhsul və xidmətlərin keyfiyyətinin artırılması baxımından böyük əhəmiyyətə malikdir. O, həmçinin Məcəllənin qəbulu ilə onun tənzimləmə sahəsinə aid olan "Antiinhisar fəaliyyəti haqqında", "Haqsız rəqabət haqqında" və "Təbii inhisarlar haqqında" qanunların qüvvədən düşdüyünü söyləyib.
Bildirilib ki, sənəddə termin və anlayışların dəqiqləşdirilməsi, adları qeyd olunan üç qanunun ləğvi ilə əlaqədar ayrı-ayrı qanunlarda verilmiş istinadların yeni məcəlləyə uyğunlaşdırılması, bəzi qanunlara "rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətinin Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində nəzərdə tutulan qaydada həyata keçirildiyi barədə" normanın əlavə edilməsi və uyğunlaşdırma xarakterli bir sıra digər düzəlişlər nəzərdə tutulur.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Zahid Oruc layihədə bu komitələrin profilinə uyğun olan qanunlara təklif olunan dəyişikliklərlə bağlı müsbət rəy verildiyini diqqətə çatdırıblar.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri gündəliyin növbəti 4 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu söyləyib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, rəqəmsal mühitdə reklam fəaliyyətinin tənzimlənməsinə zərurət yarandığını və sənəddə nəzərdə tutulan dəyişikliklərin reklam fəaliyyətindəki yeniliklərlə bağlı olduğunu söyləyib.
Diqqətə çatdırılıb ki, layihədə “reklam daşıyıcısı olan rəqəmsal platforma reklamları" (reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı, informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri) "Reklam haqqında" qanunun tənzimləmə dairəsinə daxil edilir. Bununla yanaşı, yeni "rəqəmsal platforma təsirçisi" anlayışı gətirilir və bununla reklam subyekti üçün müəyyən edilmiş hüquqların, vəzifələrin və məsuliyyətin rəqəmsal platforma təsirçisinə də şamil edilməsi təmin edilir. Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımına dair bir sıra tələblər və qadağalar da müəyyən edilir. Sənəddə, həmçinin təklif olunur ki, reklam daşıyıcısının xüsusiyyətlərinə görə müvafiq lisenziyanın və sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır.
Qeyd olunub ki, qanun layihəsi istehlakçıların hüquqlarının qorunmasına, reklam fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsinə yönəlib.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qanun layihəsinin bu komitələr tərəfindən dəstəkləndiyini bildiriblər.
Məsələ ətrafında müzakirələrdə deputatlar Elçin Mirzəbəyli, Razi Nurullayev çıxış ediblər, öz qeyd və təkliflərini söyləyiblər. Komitə sədri Azər Əmiraslanov səsləndirilən fikirlərə münasibət bildirib.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verib. O, qeyd edib ki, layihə çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliliyinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması, ünvanlılığının, eləcə də ehtiyacı olan şəxslərin bu xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə hazırlanıb.
Bildirilib ki, dəyişikliklərdə sosial xidmətə götürülən şəxslərin vəzifələrinə sosial işçinin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq tələbi əlavə olunur. Bununla yanaşı, sosial xidmətin göstərilməsi barədə müraciətə baxılması, qiymətləndirilməsi və qərar qəbul edilməsi ilə bağlı mövcud prosedurun konkretləşdirilməsi nəzərdə tutulur. Digər dəyişiklikdə "eyni yaşayış məntəqəsində yaşamayan" ifadəsinin "Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə isə eyni inzibati ərazi dairəsində" ifadəsi ilə əvəz edilməsi təklif olunur. Daha bir dəyişiklik nəticəsində çətin həyat şəraitində olan bütün şəxslər yarımstasionar (günərzi) sosial xidmətlərlə əhatə olunacaq. Qanuna, habelə şəxslərin sosial-mədəni həyata uyğunlaşmasına, asudə vaxtın səmərəli təşkilinə yönəlmiş yeni – sosial-mədəni xidmət növü əlavə edilir. Həmçinin sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydasını müəyyən etmək məqsədilə dəyişiklik də təklif olunur.
Müzakirələrdə komitə sədri Hicran Hüseynova, deputat Nigar Məmmədova çıxış edərək məsələ barədə öz fikirlərini bölüşüblər.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, layihədə mediasiyanın daha da inkişaf etdirilməsi və effektivliyinin artırılması məqsədilə bir sıra normaların təkmilləşdirilməsi və yeni normaların əlavə edilməsi nəzərdə tutulur.
Sənəddə etik və peşəkar standartların qorunması, mediasiyanın keyfiyyətinin və etibarlığının artırılması məqsədilə mediator ola bilməyən şəxslərin dairəsinin genişləndirilməsi təklif edilir. Belə ki, layihədə mediator ola bilməyən şəxslərin dairəsinə din xadimlərinin, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 il ərzində xidməti uyğunsuzluğuna və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçuların, hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna, vəkillik və notariat fəaliyyətinə xitam verilmiş şəxslərin də əlavə edilməsi nəzərdə tutulur.
Layihədə, habelə istifadəsində ən azı iki otaqdan ibarət ofisin olması tələbinin mediator fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərə münasibətdə tətbiq edilməsi təklif edilir. Bununla yanaşı, peşəkarlıq səviyyəsinin qorunub saxlanılması məqsədilə mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddətinin 5 il müəyyən edilməsi təklif edilir. Qanunda bir sıra texniki və dəqiqləşdirmə xarakterli dəyişikliklərin edilməsi də nəzərdə tutulur.
Məsələ ətrafında müzakirələrdə komitə sədrləri Fazil Mustafa, Hicran Hüseynova, deputatlar Vüqar Bayramov, Gülşən Paşayeva, Hikmət Məmmədov öz fikir və qeydlərini səsləndiriblər.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
“Baytarlıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verən Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, sənəd qanunvericiliyin təkmilləşdirilməsi və qeydiyyat üçün ödənilən xərclərin ləğvi məqsədi ilə hazırlanıb. Belə ki, heyvanlar üçün bioloji preparatlar istehsal etmək istəyən sahibkar mövcud qanunvericiliyə görə həm lisenziya, həm də qeydiyyat prosedurundan keçməli, dövlət rusumu ödəməlidir.
Təklif edilən dəyişikliyə əsasən, heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı ayrıca qaydalarla deyil, lisenziya verən orqanın (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin) "Lisenziyalar və icazələr haqqında" Qanuna uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanı (Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi) tərəfindən həyata keçiriləcək və qeydiyyatla bağlı yaranan xərclər ləğv ediləcəkdir.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin qalan dörd məsələsi ikinci oxunuşda olan qanun layihələridir. Spiker on birinci məsələ barədə məlumat vermək üçün sözü İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanova təqdim edib.
Komitə sədri bildirib ki, “Nəqliyyat haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı birinci oxunuşda ətraflı məlumat verilib və sənədlə bağlı deputatlar tərəfindən hər hansı bir təklif, qeyd irəli sürülməyib.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Gündəliyin on ikinci məsələsi olan "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov məlumat verib.
Komitə sədri qeyd edib ki, təqdim edilən qanun layihəsi barədə birinci oxunuş zamanı ətraflı məlumat verilib və dəyişikliklərə dair deputatlar tərəfindən heç bir təklif bildirilməyib.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Növbəti qanun layihəsi - “Feldyeger rabitəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev məlumat verib. O, bildirib ki, layihə barədə birinci oxunuşda ətraflı məlumat verilib və dəyişikliklərlə bağlı komitəyə heç bir təklif daxil olmayıb.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Gündəliyin sonuncu məsələsi olan "Konstitusiya Məhkəməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məlumat verib. O, bildirib ki, birinci oxunuşda dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, mətndə hər hansı bir dəyişiklik baş verməyib və sual doğuran məsələ olmayıb.
Deputatlar Qüdrət Həsənquliyevin və Erkin Qədirlinin dəyişikliklər barədə fikirləri dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu gün ilaxır çərşənbədir, iki gün sonra da xalqımız Novruz bayramını, ayın sonunda isə Ramazan bayramını qeyd edəcək. O, deyib ki, xalqımızın milli-mənəvi dəyərləri arasında müstəsna yeri olan Novruz birliyi, bərəkəti və bolluğu təcəssüm etdirir. Ramazan bayramı isə insanları həmrəyliyə və əmin-amanlığa dəvət edir.
Spiker təklif edib ki, bu gözəl bayramlar münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq, onlara xalqımızın və dövlətimizin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində yeni böyük uğurlar arzulayaq!
Təklif iclas iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Sahibə Qafarova qarşıdan gələn bayramlar münasibəti ilə deputatları, həmçinin iclası izləyən media nümayəndələrini səmimi qəlbdən təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://newscenter.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neft Daşları”nda kran dənizə düşdü maşinist öldü

18 Mart 2025 21:16see390

Ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı… Cəlalı həmişəlik İTİRDİK

17 Mart 2025 14:55see239

“Sabah” rekorda şərik oldu

17 Mart 2025 12:17see162

Sosioloq: Internat məktəblərindəki uşaqların vəziyyəti o qədər də ürəkaçan deyil

17 Mart 2025 14:59see125

Milyarder, hüquqşünas, diplomat, yoxsa əmlakçı? Bakıya səhərə yaxın gözlənilməz eniş edən Stiv Vitkof kimdir? (TƏHLİL)

17 Mart 2025 14:52see124

Rayonlara dolu və sulu qar yağacaq Sabahın havası

17 Mart 2025 12:42see123

ABŞ Rusiyaya qarşı qurulan beynəlxalq qrupu tərk edir

17 Mart 2025 10:54see121

Abşeronda yeni çəkilən yol su içində qalıb SƏBƏB NƏDİR?

17 Mart 2025 14:41see121

Hikmət Babaoğlu: “Dövlətimizin imkanları var ki, həmin şəxsləri Azərbaycana gətirsin”

17 Mart 2025 15:15see120

Konor Makqreqor ailəsi ilə birgə Ağ Evdə FOTOLAR

18 Mart 2025 06:03see119

TƏBİB: "Xızıda yol qəzasında xəsarət alanlar Bakıdakı tibb müəssisəsinə təxliyə olunub" YENİLƏNDİ

17 Mart 2025 15:05see118

Qərbi Azərbaycan Xronikası: Ermənilərin istinad etdiyi Andonyanın sənədləri saxtadır

18 Mart 2025 01:12see117

NATO ölkələrindən biri Ukraynaya hərbi yardımın uzadılmasını istisna edib

17 Mart 2025 12:02see117

Donald Tramp martın 18 də Vladimir Putinlə danışacaq

17 Mart 2025 12:02see117

Dünyanın sonu bu vaxt olacaq: Alimlər tarixi hesablayıblar

17 Mart 2025 15:10see117

Elm və təhsil naziri Şabranda vətəndaşları qəbul edib

17 Mart 2025 15:14see117

Novruz milli birliyə və həmrəyliyə çağırış edir Yeni Gündəm

17 Mart 2025 12:14see116

Prezident xarici qonaqları qəbul etdi (YENİLƏNİB)

17 Mart 2025 15:22see116

ABAD məhsulları ABŞ bazarında

17 Mart 2025 14:45see116

ABŞ dan dəhşətli fırtına: azı 40 nəfər ölüb

18 Mart 2025 00:33see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri