Milli mənəvi dəyərlərə bağlı gənc nəslin formalaşması Azərbaycanın gələcəyinə ən böyük investisiyadır ŞƏRH
Icma.az, Sia Az saytına istinadən bildirir.
"Fevralın 2-si - Azərbaycan Gəncləri Günü. Bu tarix təkcə təqvimdə qeyd olunan bir bayram deyil, Ümummilli Lider Heydər Əliyevin gənc nəslə həsr etdiyi diqqət və qayğının, Prezident İlham Əliyevin bu siyasəti müasir tələblərə uyğun inkişaf etdirməsinin rəmzidir. MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda təsis edilən bu gün, ölkəmizin gənclər siyasətində dünya miqyasında öncül mövqe tutduğunu bir daha təsdiqləyir". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, 1997-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycanda Gənclər Günü təsis edildikdən iki il sonra, 1999-cu ildə BMT Baş Məclisi 12 avqustu Beynəlxalq Gənclər Günü elan etdi:
"Bu faktın özü Azərbaycanın gənclər siyasətində beynəlxalq ictimaiyyəti qabaqlayan qabaqcıl mövqeyini aydın şəkildə göstərir. Ulu Öndərin uzaqgörənliyi və gənclərin cəmiyyətin inkişafındakı roluna dərin inamı bu tarixi irəligedənliyin əsasında dayanırdı. "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir" - Ulu Öndərin 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumunda səsləndirdiyi bu fikirlər, gənclər siyasətinin əsas konsepsiyasını müəyyənləşdirdi. Heydər Əliyev gəncləri Azərbaycanın genofondu adlandıraraq, onların müstəqil dövlətin daşıyıcı qüvvəsi kimi formalaşdırılmasına xüsusi önəm verirdi.
1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması ilə başlanan institusional quruculuq prosesi, 1999-cu ildə "Dövlət gənclər siyasəti haqqında" Fərmanın, 2002-ci ildə isə "Gənclər siyasəti haqqında" Qanunun qəbulu ilə hüquqi-təşkilati baxımdan təkmilləşdirildi. Bu sənədlər gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini aydın şəkildə müəyyən edərək, sistemli yanaşmanın təməlini qoydu.
Ulu Öndər 70-80-ci illərin uğurlu təcrübəsini bərpa edərək, gənclərin xarici ölkələrdə təhsil alması sistemini yenidən canlandırdı. 2003-cü ildə artıq 40-a yaxın ölkədə 160-dan çox ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Prezident təqaüdü sisteminin yaradılması, istedadlı gənclərə göstərilən diqqətin ən gözəl nümunəsi oldu. Bu siyasət Prezident İlham Əliyev dövründə daha da genişləndirildi. 2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində hər il 500 nəfərədək gəncin dünya səviyyəli universitetlərdə təhsil alması təmin edilir. 2024-2025-ci tədris ilində 500 təqaüdçü dünya reytinqlərində önəmli yerlər tutan universitetlərdə təhsil almaq hüququ qazanıb. 2026-2027-ci tədris ilində isə 33 ölkəni təmsil edən 231 universitetdə tədris olunan 4121 proqram üzrə təhsil imkanı yaradılıb. Bu, "qara qızıl"ın insan kapitalına çevrilməsi strategiyasının ən bariz təzahürüdür.
2007-ci ilin "Gənclər ili" elan edilməsi ilə başlanan institusional inkişaf mərhələsi ölkə üzrə Gənclər Evləri şəbəkəsinin yaradılması ilə nəticələndi. 2025-ci ildə 33 Gənclər Evində 5943 tədbir keçirilmiş və 112 min gənc əhatə olunmuşdur. Bu rəqəmlər təkcə statistik göstəricilər deyil, gənclərin sosiallaşması, vətənpərvərlik ruhunda tərbiyəsi və mənəvi inkişafı üçün yaradılmış sistemli mexanizmin nəticəsidir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması gənc təşəbbüslərin dəstəklənməsi sistemində mühüm mərhələ oldu. Fond gənclərin layihələrini maliyyələşdirərək, onların yaradıcı potensialının reallaşmasına şərait yaradır. 2013-cü ildə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi istedadlı gənclərin əməyinin dövlət səviyyəsində qiymətləndirilməsinin göstəricisidir. Elm, mədəniyyət, təhsil, gənclər siyasəti, ictimai fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində fərqlənən 10 gəncə ildə bir dəfə verilən bu mükafat, gənc nəslin motivasiyasının artırılmasında əhəmiyyətli rol oynayır. 1996-cı ildə təsis edilmiş "Qızıl kitab" isə istedadlı gənclərə dövlət qayğısının digər təzahürüdür. Bu kitaba adı yazılan gənclərə xüsusi təqaüd verilməsi onların inkişafına dəstək mexanizmi kimi fəaliyyət göstərir.
2019-cu ildə təsis edilən "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi siyasətinin təcəssümüdür. İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və kadr ehtiyatı bankının yaradılması məqsədini daşıyan bu müsabiqə, Azərbaycanın idarəetmə sistemində generasiya dəyişikliyinin demokratik və səmərəli mexanizmini təmin edir.
2020-ci il Vətən müharibəsi Azərbaycan gənclərinin vətənpərvərlik, rəşadət və fədakarlıq keyfiyyətlərinin ən parlaq təzahürü oldu. Müstəqillik dövründə yetişən, vətənpərvərlik ruhunda tərbiyə alan gənclər Şanlı Zəfəri Azərbaycan xalqına bəxş etdilər. Vətən müharibəsində gənclərin rolu həlledici oldu - döyüş meydanlarında qabağa gedənlərin əksəriyyəti məhz gənclər idi. Eyni zamanda, gənclər informasiya müharibəsində də böyük rol oynadılar. Sosial şəbəkələrdə fəal çıxış edən Azərbaycan gəncliyi və dünya azərbaycanlıları informasiya məkanında üstünlük əldə edərək, paylaşılan məlumatın həqiqi və təsirli olmasına nail oldular. Bu, klassik hərbi əməliyyatlarla yanaşı, müasir hibrid müharibənin bütün komponentlərində Azərbaycanın qələbəsini təmin etdi.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilən İlham Əliyev gənclərin idmana cəlb olunmasına xüsusi diqqət ayırıb. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksinin yaradılması, Bakıda mötəbər beynəlxalq yarışların təşkili Azərbaycanı güclü idman dövləti kimi təsdiqləyib. 2015-ci ildə Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi dünya idman tarixində bir ilk oldu. 50 ölkədən 6 mindən artıq idmançının iştirak etdiyi bu tədbir Azərbaycanın təşkilatçılıq qabiliyyətini və infrastruktur imkanlarını dünyaya nümayiş etdirdi. 2025-ci ildə idmançılarımız beynəlxalq yarışlarda 2 mindən çox, o cümlədən 600-dən çox qızıl medal qazanmışlar ki, bu da ötən illərin ən böyük rekord göstəricisidir.
Müasir dövrdə Azərbaycan gəncliyi Dördüncü Sənaye İnqilabının tələblərinə uyğun şəkildə formalaşır. Gənclərin innovativ texnologiyalara, robotexnikaya, süni intellektə olan marağı və bu sahələrdə əldə etdikləri uğurlar ölkənin texnoloji inkişafının təminatçısıdır. 2025-ci ildə robotexnika və innovasiya sahəsində keçirilən müsabiqələrdə 2000-dən artıq gənc iştirak etməsi bu istiqamətdə artan marağın göstəricisidir.
Birinci vitse-prezident, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu Azərbaycan gənclərinin inkişafında misilsiz töhfə verir. Fond elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya sahələrində minlərlə layihə icra edərək gənclərin yaradıcı potensialının aşkara çıxarılmasına, bilik və bacarıqlarının inkişafına yardım edir. 2009-cu ildə "Könüllü fəaliyyət haqqında" Qanunun qəbulu, 2020-ci ilin "Könüllülər ili" elan edilməsi könüllülük hərəkatının inkişafında mühüm addımlar oldu. Könüllülük cəmiyyətdə xeyirxahlığı, sosial məsuliyyəti, yeni davranış qaydalarını təbliğ edir. 2025-ci ildə "Azərbaycan Könüllülük Həftəsi" çərçivəsində 150 gənc iştirak edən Həmrəylik Düşərgəsi, sosial proqramlar çərçivəsində 8000-dən artıq gəncin əhatə edilməsi könüllülük hərəkatının genişlənməsindən xəbər verir.
Azərbaycan gəncliyi beynəlxalq arenada ölkəni layiqincə təmsil edir. 2025-ci ildə 50-dən çox beynəlxalq tədbirdə 400-dən artıq gəncin iştirakı, İƏT, D-8, TDT, AQEM, Avropa Şurası kimi təşkilatlar çərçivəsində fəal əməkdaşlıq Azərbaycanın gənclər siyasətinin beynəlxalq tanınmasını təmin edir.
2016-cı ildə Gəncə şəhərinin "Avropa gənclər paytaxtı" seçilməsi, "Lənkəran - Türk dünyasının Gənclər Paytaxtı 2024" proqramının uğurla icra edilməsi, 2025-ci ildə Sumqayıt şəhərinin "Gənclər Paytaxtı" statusu qazanması Azərbaycan şəhərlərinin beynəlxalq tanınmasında mühüm rol oynayır.
2025-ci ildə əlilliyi olan və digər həssas qruplardan olan gənclərin iştirakı ilə keçirilən tədbirlərdə 1000-ə yaxın gənc əhatə edildi. "Birlikdə Gələcəyə", "Fərqlilikdə güc", "İncamp" düşərgələri kimi tədbirlər cəmiyyətdə inklüzivliyi, bərabər imkanları və sosial həmrəyliyi təşviq edir.
2025-ci ildə yaradılmış TƏSDİQ platforması gənclər təşkilatlarının elektron şəbəkəsinin və reytinq sisteminin formalaşdırılmasına xidmət edir. İlkin mərhələdə 50 təşkilatın qeydiyyatı gənclər təşkilatlarının fəaliyyətinin şəffaflaşdırılması və dəstəklənməsi mexanizminin yaradılmasının başlanğıcıdır.
Ulu Öndər Heydər Əliyevin "Bizim xalqımızın gələcəyi gənclərdir" fikrindən çıxış edən gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Vətənpərvər, savadlı, innovativ düşüncəyə malik, beynəlxalq təcrübəyə yiyələnmiş, eyni zamanda milli-mənəvi dəyərlərə bağlı gənc nəslin formalaşması Azərbaycanın gələcəyinə ən böyük investisiyadır. 2025-ci ildə təkcə Gənclər Evlərində və Gənclər və İdman İdarələrində keçirilən tədbirlərdə 288632 gəncin əhatə edilməsi, minlərlə düşərgə, yarış, forum və təlimin təşkili, beynəlxalq əməkdaşlığın genişlənməsi sistemli yanaşmanın nəticəsidir. Azərbaycan gəncliyi bu gün azad ölkədə, sabitlik olan ölkədə, özünə güvənən ölkədə yaşayır. 44 günlük Vətən müharibəsində göstərilən rəşadət və qəhrəmanlıq, beynəlxalq arenada əldə edilən uğurlar, elm, təhsil, mədəniyyət, idman sahələrində qazanılan nailiyyətlər Azərbaycan gənclərinin Ulu Öndər Heydər Əliyevin əmanətinə layiq olduğunu, Prezident İlham Əliyevin etimadını doğrultduğunu təsdiqləyir. Fevralın 2-si - Azərbaycan Gəncləri Günü təkcə keçmişə hörmət günü deyil, gələcəyə inamın rəmzidir. Bu gün hər bir Azərbaycan gənci öz məsuliyyətini, vəzifəsini və taleyini dərk edərək Vətənin inkişafına töhfə verməyə çağırış günüdür".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 30 Yanvar 2026 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















