Icma.az
close
up
RU
Milli Mətbuat 150: “Əli bəy və ya “Füyuzat” dövrü

Milli Mətbuat 150: “Əli bəy və ya “Füyuzat” dövrü

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əsryarımlıq tarixin dolanbac yollarında maneələrlə, keşməkeşlərlə qarşılaşan milli mətbuatımız haqqında bu gün ona görə qürurla danışa bilirik ki, o, bu yolu böyük mübarizə, əzmkarlıq və şərəflə keçib. “Əkinçi”dən üzübəri bir necə ictimai-iqtisadi formasiyanın hər birinin özünəməxsus çətinliyinə sinə gərə bilən mətbuat adamları sözünü deməyi, insanlara düzü düz, əyrini əyri göstərməyi bacarıb, xalqın maariflənməsində, müasirləşməsində, inkişafında, bugünkü tərəqqisində böyük zəhməti, əməyi olub.

Milli mətbuat nümunələrinin hər biri öz dövründə xalqın gedəcəyi yola ayna tutub, ona doğru olanı göstərib. Onlardan biri də bir il ərzində fəaliyyət göstərən və 32 sayı işıq üzü görən “Füyuzat”dır. O “Füyuzat” ki, bəzi tədqiqatçılar, ədəbiyyatşünaslar 1905-1910-cu illər arasında Azərbaycan ədəbiyyatı barəsindəki fikirlərini cəmləşdirərək bu dövrü “Əli bəy və “Füyuzat” dövrü adlandırıblar: yəni, qeyd olunan dövrdə Əli bəy Hüseynzadənin ayrıca və “Füyuzat”da olan fəaliyyəti dövrü.

Jurnalist yaradıcı heyətinə daxil olan Abdulla Şaiq “Füyuzat”ı “islam aləmində görünməmiş ən möhtəşəm mətbuat orqanı” kimi dəyərləndirirdi. Mətbuat və ədəbiyyat tarixinin araşdırıcısı, MEA-nın müxbir üzvü, professor Əziz Mirəhmədov XX əsrin əvvəllərində yaranan ictimai, siyasi və mədəni hərəkatı öyrənmək zərurətini lakonik şəkildə belə ifadə edir: XX əsr ədəbiyyatını nəinki Molla Nəsrəddinsiz, habelə “Füyuzat”sız təsəvvür etmək çətindir.

Ağla qida verən sözlərin müəllifi kim idi?

Babası Qafqaz Şeyxülislamı Əhməd Hüseynzadənin və Mirzə Fətəli Axundzadənin tərbiyəsi, söhbətlərinin təsiri altında böyüyən Əli bəy Hüseynzadədə hər iki şəxsiyyətin sayəsində millət sevgisi artıq uşaqlıqdan formalaşmışdı. Digər tərəfdən, Hilmi Ziya Ülkənin qeyd etdiyi kimi, Türkçülüklə bağlı fikirlərin formalaşmasında Əli bəy Hüseynzadəyə bu iki şəxsiyyətin böyük təsiri olmuşdur.

Ə. Hüseynzadə bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışmışdır. Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə. Hüseynzadə “Kaspi” qəzeti ilə əməkdaşlığa başlayır, publisistik yazılarını dərc etdirir və “Gənc türkçülük nədir?” adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayır. Ə. Hüseynzadə bu zaman islahatçı-reformist ideya adamı kimi tanınır. Az sonra o, dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə “Həyat” qəzetinin nəşrinə başlayır. Bu qəzet Ə. Hüseynzadəni Azərbaycana “ağır başlı" filosof”, “sədrə şəfa verən sözlər” (ağla qida verən sözlər) söyləyən mütəfəkkir kimi tanıdır. Qəzetin səhifələrində əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirir, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışır. Ə. Hüseynzadənin fəlsəfi mühakimələri bu mənada maraqlıdır. Məsələn, o deyirdi:

-Həqiqətin də dadı və ləzzəti var.

-Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!..

-Qalib olmaq o camaatındır ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər…

-Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar.

-Hər kəsə ki uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur…

XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. “Füyuzat” jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, “Füyuzat” jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər. “Füyuzat”da Əli bəy Hüseynzadə məqalələrinin birində yazırdı: “Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!” Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və "Tazə həyat", "İrşad", "Yeni füyuzat", "Həqiqət", "Tərəqqi", "İqbal", "Sədayi-həqq", "Şəlalə", "Açıq söz", "Bəsirət", "Qurtuluş", "Dirilik", "Azərbaycan", "Övraqi-nəfisə" mətbuat orqanları tərəfindən "Türkləşmək, islamlaşmaq, müasirləşmək" – azərbaycançılıq şəklində formulə edilərək təbliğ olundu. Əli bəy Hüseynzadənin İslam-Türk millətlərin qalxması və müasirləşməsində üç düstura görə hərəkət edilməsinin zəruriliyini iddia etdiyini bildirən Hilmi Ziya Ülkən bu düsturun Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq olduğunu yazmışdır.

Avropalaşmaq Ə. Hüseynzadənin milli tərəqqi proqramına daxil edilmiş əsas məramlardan, ideoloji istiqamətlərdən biri idi. O, xalqa bu ideyanı təbliğ etməklə Avropa elm və texnikasını, sənayesini öyrənmək və öz həyati işlərində tətbiqini nəzərdə tutur və yazırdı: “İndi bizə derlər ki, madam ingilislər, firənglər, filanlar böylə imişlər nə üçün siz də ... "Fyuzat"ımızda ingilislərə, firənglərə müraciət ediyorsunuz. Ortaya gah Hötenin "Faustu"nu, gah Şeksprin "Yuli Sezar"ını, gah nə bilim hanki avropalının hanki əsərini çıxarıyorsunuz? Avropalaşalım, firəngləşəlim diyorsunuz? Lakin ey qare! Müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ülum və maariflərinə kəşfiyyat və ixtiraatlarına müraciət etmək istiyoruz, özlərinə deyil. Biz istiyoruz ki, islam ölkəsinə onların beyinləri, dimağları girsin, boğazları, mədələri girməsin. Biz istiyoruz ki, ölkəmiz onların beyinlərini həzm etsin“.

Həyat gerçəklərini duymağa, dərk etməyə çağıran JURNAL

Ərəbcə həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, feyzyab olmaq mənasını verən “Füyuzat” məhz elə bu prinsiplərə xidmət etmək üçün yaradılmışdı. Jurnalın 1-ci nömrəsi 1906-cı il noyabrın 1-də nəşr olunub. Sponsoru maarifpərvər, milyonçu Hacı Zeynalabdin Tağıyev idi. Jurnalın səhifələrində onun baş redaktoru Əli bəy Hüseynzadə ilə birgə Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq və başqa müəlliflərin müxtəlif mövzulu yazıları dərc edilirdi.

Tolstoy, Höte, Russo, Monteskyö kimi görkəmli simalar haqqında nisbətən ətraflı və dəqiq məlumatı Azərbaycan oxucuları ilə ilk dəfə bu jurnalda çap olunan məqalə və tərcümələrdən almışdılar.

Ə. Hüseynzadənin başçılıq etdiyi "Füyuzat" jurnalı və eyniadlı ədəbi cərəyan əsrimizin əvvəllərində Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında ciddi xidmətlər göstərmişdir. Ayrı-ayrı ədəbi-ictimai problemlərə münasibətlərində, xüsusən dil məsələsində "Füyuzat" və Cəlil Məmmədquluzadənin başçılıq etdiyi "Molla Nəsrəddin" ədəbi məktəbləri arasında ciddi fikir ayrılığı vardı. Lakin, füyuzatçılar da xalqı maarifləndirmək, onda öz tarixinə, çağdaş durumuna gözüaçıq münasibət oyatmaq, mədəniyyəti və elmi yaymaq sahəsində geniş fəaliyyət göstərmişlər.

"Füyuzat" məcmuəsi XX əsrin 30-cu illərinədək Cəlil Məmmədquluzadə, M. Hadi, A. Şaiq, M. S. Ordubadi kimi böyük ədiblər tərəfindən yüksək qiymətləndirilmişdi. Lakin 1930-cu illərdən 1990-cı illərədək mətbuat və ədəbiyyat tariximizə həsr olunan elmi tədqiqatlarda, publisistik yazılarda "mürtəce mətbu orqan" kimi təqdim olunmuşdur. 1990-cı illərdən sonra professor Şamil Vəliyev, filologiya elmləri namizədi Ofelya Bayramlı, Rasim Kazımoğlu və başqaları “Füyuzat” irsini öyrənmiş, elmi monoqrafiyalar, tədqiqat əsərləri çap etmişlər. O. Bayramlı tərəfindən "Füyuzat"ın çap olunduğu 32 sayı ərəb qrafikasından transleterasiya edilib 492 səhifə həcmində nəşr olunmuşdur.

"Füyuzat" və füyuzatçıların milli-tarixi və ictimai-siyasi xidmətləri sırasında qeyd etmək vacibdir ki, onlar ənənəvi epiqon-birtipli düşüncə tipindən imtina edir, yalnız "köhnə müsəlman" (M. Ə. Sabir) olaraq qalmır, Şərq və Qərb elmi-nəzəri fikri, ədəbiyyat və mədəniyyətləri arasında sərhədlər çəkmir, əksinə, onların dialoquna meydan açırdılar. Bu və digər səbəblərdəndir ki, Ə. Hüseynzadənin irsi və onun formalaşdırdığı füyuzatçılıq hərəkatının tarixi təcrübəsi indiki dünyaya inteqrasiya zamanında mühüm aktuallıq kəsb edir.

Ə. Hüseynzadənin hələ "Füyuzat"ın nəşrindən əvvəl təbliğ və şərh etdiyi "türklük, müsəlmanlıq və avropaçılıq" şüarı, mahiyyət etibarilə bu gün ictimai həyatımızda özünə yer tapan "azərbaycançılıq, müsəlmançılıq və müasirlik" doktrinasının yaranmasında mühüm rol oynayıb. Ə. Hüseynzadənin başçılıq etdiyi "Füyuzat" jurnalı və eyniadlı ədəbi cərəyan ötən əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında ciddi xidmətlər göstərib.

150 ilin böyük töhfəsi

Beləliklə, milli mətbuatımızın 150 illik “ömründən” keçən onlarla qəzet, jurnal kimi, “Füyuzat” da bu qürur tarixinə öz töhfəsini verib keçmişdir. Yuxarıda həm jurnalın redaktorunun həyat və yaradıcılığı fonunda nəyə xidmət etməsindən, eyni zamanda “Füyuzat”ın fəaliyyətindən bəhs edən tutarlı dəlillər, ictimai xadimlərin fikirləri, araşdırmalar sübut edir ki, bu mətbu orqanın milli mətbuatımızın inkişafında, ictimai həyata təsirində böyük rolu olub. Odur ki, 119 il əvvəl-1906-cı ilin 1 noyabrında ilk sayı dərc olunan “Füyuzat”ı bu günlər xatırlamaq, jurnalın dəyərli redaksiya heyətini yada salmaq bizim mənəvi borcumuz, eyni zamanda sələfimizin xələfi olaraq vəzifəmizdir.

Nə yaxşı ki, 150 yaşlı milli mətbuat tariximizdə “Əli bəy və “Füyuzat” dövrü də olub.

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 Oktyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri