Minaaxtaran dronlar, savaş gəmiləri, Qarabağla bağlı təklif... Türkiyəli polkovniklə ÖZƏL MÜSAHİBƏ
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Son illərdə Türkiyənin müdafiə sənayesi durmadan inkişaf edir. Bu inkişaf özünü praktiki cəhətdən də nümayiş etdirib. Təbii ki, Türkiyənin müdafiə sənayesinin inkişafı özü qədər müttəfiq ölkələr üçün də əhəmiyyətlidir.
Ehtiyatda olan türkiyəli polkovnik, Türkiyə Müdafiə Sənayesi Nazirliyinin nəzdində hərbi gəmilərin və silahlarının istehsalı ilə məşğul olan texnologiya mühəndisi Serdar Cin bu sahə ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıb.
- Sərdar bəy, bu gün Türkiyə müdafiə sənayesi özünün inkişaf mərhələsini necə yaşayır və hazırda bu istiqamətdə hansı işləri görürsünüz?

- Bu günə qədər Türkiyə Hərbi Dəniz Qüvvələrinin inkişafı ilə bağlı bir sıra uğurlu layihələrə imza atmışıq. Sualtı qayıq, hərbi gəmilərin müşayiət və gözətçilik funksiyasını daşımaq üçün olan sinfi korvet, sürətli hücum gəmisi, sahil mühafizə gəmisi, əsgərləri, nəqliyyat vasitələrini və sursatı desant göndəriləcək sahilə aparmaq üçün istifadə edilən kiçik, düzdibli dəniz gəmisi olan "Destan" gəmilərini inşa etmişik.
Ümumiyyətlə, hazırda bizim fəaliyyət sahəmizə NATO üçün layihələr hazırlamaq, kritik obyektlərin təhlükəsizliyi, ağıllı texnologiyaların inkişafı, xəstəxanaların idarə edilməsi, şəhərsalma, kommunikasiya layihələri və insan resurslarının idarəedilməsi üzrə tədqiqatlar daxildir. Həmçinin bütün rəsmi qurumlar və Türkiyə Silahlı Qüvvələri üçün layihələr hazırlayırıq.
Bir neçə gün əvvəl özünün inkişaf mərhələsini yaşayan bəzi məsələlərlə bağlı danışıqlar aparmaq üçün Azərbaycana gəlmişik. Qarşıdakı dövrdə də müxtəlif mövzularla bağlı müzakirələr aparmaq üçün Azərbaycana gələcəyik.
- İstehsal etdiyiniz savaş gəmiləri və digər silahların potensialı nə qədərdir və ən əsası, sınaqdan üzüağ çıxıblarmı?
- Sualtı qayıqlar hərəkət edərkən yerini bildirməyən, uzun müddət suyun altında qalaraq düşmən qüvvələrini müəyyən edib məhv edən gizli silahlar sinfindəndir. Onların torpedo (suyun üstündən və ya altından suya atılan, sükanı və pəri ilə hədəfə doğru hərəkət edən partlayıcı sualtı silah - red.) və raketləri olur. Suyun altında həm torpedo ataraq gəmiləri batıra bilir, həm də 100 kilometr məsafəyə qədər raket atmaq qabiliyyəti var. Gizli olduğu üçün qarşı tərəf həmlələrini müəyyən edə bilmir. Bu baxımdan, öldürücü hücumlar, əsasən, sualtı qayıqlar tərəfindən həyata keçirilir.
Korvet isə əksinə olaraq, su üzərində fəaliyyət göstərən gəmilərdir. Uzunluğu 100 metr, ağırlığı 2 500 tondur. Onların da üzərində raketlər və toplar olur. Bu gəmilər Qara, Egey və Aralıq dənizləri kimi bölgələrdə patrul vəzifələrini yerinə yetirir. Bizə düşmən kimi yaxınlaşan dövlətlərin gəmilərini izləyir, lazım gələrsə, üzərindəki silahlardan və raketlərdən istifadə edərək onları vurur. Davamlı olaraq da qərargahlarımızla əlaqə saxlayır. Bu gəmilər radara düşmədiyi üçün yerləri müəyyən edilə bilmir.

- Bu gəmilərin ixracatını həyata keçirirsiniz?
- Bu gəmiləri Ukraynaya, Pakistana və Uzaq Şərq ölkələrinə ixrac etmişik. Türkiyə müdafiə sənayesi böyük ölçüdə inkişaf etdiyi üçün müttəfiq ölkələrə gəmilərin ixracı və layihələrdə dəstəyimizi əsirgəmirik. Məsələn, Türkmənistan Türkiyə tərsanələri (gəmilərin tikintisi və ya təmiri üçün müəssisə - red.) ilə patrul gəmiləri istehsal edib. Onlar, həmçinin korvetlər istehsal edir və ya onları silah sistemləri ilə təchiz edirlər. Hazırda Türkmənistan Xəzər dənizində özünün düzəltdiyi gəmilərdən istifadə edir.
Bir də desant gəmiləri var ki, dünyada bu gəmilərdən istifadə edən çox az ölkə var. Türkiyə buna sahib təxminən beş ölkədən biridir. Amerika Birləşmiş Ştatları, Rusiya, İngiltərə və Çin desant və ya amfibiya dəstək gəmilərinə sahibdirlər. Türkiyə isə bunların hər ikisinə sahibdir. Bu gəmilər bir briqada əsgəri hərbi ləvazimatları ilə başqa ölkəyə apararaq əməliyyatlar aparmaq qabiliyyətinə malikdir. Bunlar xüsusi desant gəmiləridir ki, onların yükgötürmə qabiliyyəti 420 tondur və çox sürətlidir. Dünyada buna bənzər desant gəmisi yoxdur.
- Bəs bu gəmilər təyinatına uyğun fəaliyyət göstərmək məcburiyyətində qalıb?
- Türkiyənin dənizdə də münaqişə içində olduğu ölkələr var. İnşa etdiyimiz gəmilər həm Egey, həm də Aralıq dənizində əməliyyatlarda iştirak edib. Məsələn, Liviyadakı böhran zamanı suüstü gəmilərimiz quru qoşunlarımıza dəstək verəndə pilotsuz uçuş aparatlarının hücumuna məruz qalmış, lakin onları məhv edə bilmişdi. Eyni zamanda, Egey dənizindəki adalarla bağlı böhranlarda da davamlı olaraq gəmilərimizdən istifadə edirik.
Burada ən önəmli məqam budur ki, biz əvvəllər başqa ölkələrdən köhnə gəmiləri alır, təmir edir və istifadə etməyə çalışırdıqsa, indi öz gəmilərimizi hazırlayıb, xaricə satırıq. Onların silah sistemlərini də özümüz istehsal edirik. Bu, çox mühüm məsələdir. Yəni gəmini inşa etmək kifayət deyil, önəmli olan onun silahlarını da istehsal etməkdir. Çünki bu gün ölkələr müəyyən böhrandan sonra silah satışını həyata keçirməyə tərəddüd edirlər. Silahı hazır olmayan gəmini isə istehsal etməyin mənası yoxdur. Ona görə silah sektoru da inkişaf etməlidir.
Bununla yanaşı, gəmilərimizdə helikopterləri də daşıya bilirik. Hətta onlar gəmilərdən qalxaraq həm suüstü gəmilərə, həm də qurudakı hədəflərə atəş aça bilir.

- Dənizdə hansı ölkələrlə qarşıdurma yaşamış və bu gəmilərdən istifadə etmisiniz?
- Bizim, əsasən, Egey dənizində Yunanıstanla adalarla bağlı problemimiz var. Eyni zamanda, Kiprin cənubunda neft və təbii qaz axtarılan ərazilərdə olmağımızı istəməyən ölkələr var. Həmin ərazilərə Cənubi Kipr savaş gəmilərini göndərir, NATO müttəfiqimiz olmasına rəğmən, Fransa müdaxilə edir. Bizim gəmilər Liviyada savaş dönəmində alman və ingilis gəmiləri ilə də qarşı-qarşıya gəlib. Lakin prosesdən uğurlu nəticə ilə ayrılmışıq.
- Fəaliyyətiniz savaş gəmilərinin istehsalı ilə məhdudlaşır, ya başqa silah-sursat da istehsal edirsiniz?
- Biz, həmçinin pilotsuz uçuş aparatları da istehsal edirik və onları gəmilərin göyərtəsindən işə sala bilirik.
Əsas istehsal sahələrimizdən biri də minaların təmizlənməsində müasir texnologiyalardan istifadədir. Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsindən sonra azad edilən ərazilərdə əsas problem minalardır. Bu minaların təmizlənməsi müharibədən sonra həmin ərazilərə daxil olan mülki əhalinin və hərbçilərin xəsarət almaması üçün çox vacibdir. Təbii ki, mexaniki qazma yolu ilə mina axtarmaq mümkündür, lakin indi dronlarla mina aşkarlamaq kimi texnologiya var. Pilotsuz təyyarələri minalanmış ərazilərdə uçurmaqla biz minanın yerini müəyyən edib, heç kimə zərər vermədən zərərsizləşdirə bilirik. Səmərəliliyinə görə də çox yaxşıdır, tapa bilməyəcəyi mina yoxdur. Ərazidə mina varsa, uyğun şəraitdə və lazımi məsafədə uçursa, onları mütləq aşkar edəcək. Bu, insan itkisinin qarşısını almaq üçün çox vacibdir. Lakin minalar müəyyən səbəblərdən, məsələn, uzun müddətdən sonra yerini dəyişdiyi, yağışdan sonra daha dərinə getdiyi üçün və s. səbəblərdən onları tapmaq yenə də çətinləşə bilər. Təbii ki, bu, yalnız müharibə olan bölgələrdə deyil, sərhəd qarşıdurması yaşayan ölkələr üçün də ciddi problemdir. Məsələn, Afrikada bir-biri ilə problem yaşayan ölkələr sərhədyanı ərazilərin hər yerinə mina basdırırlar. Həmin minaların təmizlənməsi üçün dron daha qənaətcil və sürətli bir həldir. Lakin bu o demək deyil ki, ənənəvi mina təmizləmək vasitələri artıq funksiyasını itirib. Çünki dərinə basdırılmış, tərkibində metal olmayan minalar da var. Tank əleyhinə minaların tərkibində metal hissələr çox olduğundan dron onu rahatlıqla tapa bilir, amma plastikdən olan minalar var ki, dron onu tapmaqda çətinlik çəkə bilər. Amma istənilən halda, ən çox bir dron qəzaya uğrayar və ehtiyat dronla əməliyyata davam etmək olar. Amma şəxsi heyətdən biri minaya düşsə, onun şəhid olması və ya yaralanması ehtimalı var. Hər halda, dronlar daha effektivdir. Biz bu dronlardan Türkiyədə də istifadə etmişik.

Bildiyiniz kimi, bizim əsl problemimiz terrordur. Terrorçular kustar üsulla hazırlanmış partlayıcı və minaları gəzdikləri yerlərdə, xüsusən də qaçdıqları ərazilərdə basdırırlar. İstənilən minalanmış əraziyə əvvəlcədən dron göndərib aşkar edir, daha sonra isə detektorla daha təhlükəsiz axtarış apara bilirik. Bu gün partlayıcı maddələr daşıyan, hücum edən, atəş açan və düşmən qüvvələrinin yerini aşkar edib zərərsizləşdirən dronlar özünün inkişaf dövrünü yaşayır.
- Qarabağ işğal altında olanda Ermənistan silahlı qüvvələri ərazilərimizi minalarla çirkləndirib və Azərbaycan bu gün minalardan ən çox əziyyət çəkən ölkələr arasında ön sıradadır. Bunun nəticəsidir ki, ərazilərimiz işğaldan azad ediləndən sonra istər mülki vətəndaşlarımız, istərsə də hərbçilərimiz arasında yüzlərlə ölən və yaralanan olub. Bu baxımdan, bu dronların Azərbaycana ixracı və istifadəsi nə qədər əhəmiyyətlidir?

- Bu istiqamətdə dronlardan istifadə çox effektlidir. İnsanların yaralanmasının və ölməsinin qarşısını alacaq. Lakin bu silahların gizli olduğunu nəzərə alsaq, hər an insan həyatı üçün təhlükə yarada biləcəyini də unutmamaq və buna uyğun hərəkət etmək lazımdır. Biz minaların təmizlənməsi üçün dronların istifadəsi ilə bağlı təlimlər keçə bilər, birgə dron istehsal edə bilərik. Bu, tezliklə baş versə, minatəmizləmə sahəsində böyük üstünlük əldə etmək olar. Çünki Azərbaycanda böyük bir ərazi minalanıb və onu mexaniki üsullarla qazıb təmizləmək asan deyil. Ancaq dronlardan istifadə edilsə, qısa müddətdə böyük bir ərazi təmizlənə bilər. Ona görə də biz bu texnologiyanı müttəfiq ölkələrə çatdırmaqdan qətiyyən çəkinmir, dəstək göstərmək istəyirik.
- Müdafiə sənayesinin inkişafı həm Türkiyənin, həm də Türkiyə ilə müttəfiq ölkələrin təhlükəsizliyi baxımından nə qədər mühümdür və bu, praktiki olaraq özünü necə nümayiş etdirib?
- Bizim hərbi gəmilərimiz müttəfiq ölkələrimiz üçün də dəniz yurisdiksiyalarını qorumaq baxımından çox vacibdir. Hətta digər ölkələr kimi, nəinki yüksək qiymət tələb etmir, əksinə, müttəfiq olduğumuz ölkələrin tələblərindən asılı olaraq həll yolları təklif edirik. Azərbaycanın dənizə çıxışı Xəzər dənizi vasitəsilədir. Dənizdə neft və qaz axtarışında patrul kateri, sualtı qayıq və ya pilotsuz dəniz aparatından istifadə etmək məqsədəuyğundur. Bununla bağlı istənilən dəstəyi göstərməyə hazırıq. Çünki dənizdə belə silahların əldə edilməsi həmin ölkə üçün avantajdır. Bu, həmin ölkənin əlini daha da gücləndirir. Məsələn, Pakistan bizdən gəmilər alıb və hazırda dəniz hücumlarından qorunmaq üçün istifadə edir. Ukrayna üçün hazırladığımız gəmilər Ukrayna Hərbi Dəniz Qüvvələrinin nəzarətinə veriləcək və ola bilsin ki, həmin gəmilər müharibəyə də cəlb olunacaq.

- Bəs Türkiyədə daxili təhlükəsizlik necə qorunur? Bununla bağlı hansı fəaliyyətlər həyata keçirirsiniz?
- Biz həm də strateji obyektlərin təhlükəsizliyini təmin edirik. Buraya elektrik stansiyaları, məktəblər, xəstəxanalar, polis məntəqələri, hərbi hissələr və hava limanları aiddir. Məsələn, bizdə bir texnologiya var ki, o, insanı təkcə simasına gör deyil, həm də fiziki quruluşuna, gözlərinə, qulaqlarına - biometriyaya əsasən aşkar edə bilir. Hətta bu texnologiya həmin şəxsi çox sayda insanın içindən seçmək bacarığına malikdir. Məsələn, bir stadionda 30 min insan var, axtarışda olan həmin şəxs 30 min adam arasından saniyələr ərzində tapıla bilir. İctimai yerlərdə problem yaradan və ya dava salmaq istəyən varsa, süni intellekt öncədən onun davranışlarını təhlil edir və onun potensial hücuma hazırlaşdığını müəyyən edib siqnal ötürür. Təbii ki, biz bütün bunları qardaş ölkəmiz Azərbaycanla da bölüşə bilərik. Biz hər məsələdə dəstəyimizi əsirgəmək istəmirik. Çünki birimizin uğuru, qələbəsi hamımızındır. Təbii ki, qazanılan qələbələri qorumaq da eyni dərəcədə vacibdir. Həmin qələbəni qoruyub-saxlamaq üçün yeni nəsillərin, yeni texnologiyaların inkişafı lazımdır. Necə deyərlər, su yatar, düşmən yatmaz.
- Müsahibə üçün təşəkkür edirik!
- Mən təşəkkür edirəm!
Daha çox foto burada: PhotoStock.az
Mərahim Nəsib

