Icma.az
close
up
RU
“Molla Nəsrəddin” məktəbi irsinin çağdaş tədqiqatçısı

“Molla Nəsrəddin” məktəbi irsinin çağdaş tədqiqatçısı

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Allahverdi Məmmədli – 70

Jurnalist, ədəbiyyatşünas və pedaqoq kimi ömrünün yetkinlik çağını yaşayan media professoru Allahverdi Məmmədli müxtəlif vəzifələrdə çalışıb. Ötən illərdə onunla sıx əlaqələrimiz, müntəzəm ünsiyyətimiz olub. Yüksək kürsülər onu davranışca zərrə qədər dəyişdirə bilməyib, əksinə, nəcabətinin daha qabarıq üzə çıxmasına imkan yaradıb.

Allahverdi Məmmədli Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra Naxçıvan MR Televiziya və Radio Verilişləri Komitəsində redaktor , “Şərq qapısı” vilayət qəzetində baş redaktorun birinci müavini, “Xalq qəzeti”nin xüsusi müxbiri, “Azad Azərbaycan” qəzetinin baş redaktoru, “Azad Azərbaycan” radiosunun məsul redaktoru, AzTV-də baş redaktor, Ali Məhkəmədə mətbuat xidməti rəhbəri, məzunu olduğu ali məktəbdə kafedra müdiri vəzifələrində uğurla çalışıb. Məsul və gərgin jurnalist fəaliyyətinə baxmayaraq, milli mətbuat tariximizdən namizədlik və doktorluq disertasiyaları müdafiə edib, professor elmi adı alıb.

Çoxillik publisistik, elmi və pedaqoji fəaliyyətində Allahverdi Məmmədlinin bir insan kimi öz xarakterindən gələn cövhər Vətən və millət sevdasından ibarət olub. Təsadüfi deyil ki, o, publisistik yazılarının çoxunu millətin fədakar övladlarına, fəlsəfə doktorluğu, elmlər doktorluğu dissertasiyalarını isə azərbaycançılıq məfkurəsinə həsr edib.

Babək rayonunun Nehrəm kəndində doğulub boya-başa çatan Allahverdi Məmmədli azərbaycançılığın səciyyəvi nümunəsini Danabaş kəndinin tragikomik əhvalatlarını ürəkağrısı ilə qələmə alan Mirzə Cəlil yaradıcılığında, bu böyük sənətkarın adı ilə bağlı Molla Nəsrəddin məktəbində görüb.

Mirzə Cəlilin, Molla Nəsrəddin ədəbi məktəbinin adını çəkən kimi, istər-istəməz, Allahverdi Məmmədli ilə, onun qardaşı, rəhmətlik Kamillə səmimi görüşlərimiz, Nehrəm lətifələri üstündə qurulan şirin söhbətlərimiz yada düşür.

“Pis və çirkin adətləri insanın təbiətindən tənqid, istehza və məsxərədən başqa heç bir şey qoparıb çıxartmaz”. Mirzə Fətəlinin bu tövsiyəsinə özündən sonra əməl edənlərdən biri məhz Mirzə Cəlil olub, “Molla Nəsrəddin” ədəbi məktəbinin yaranmasında Mirzə Fətəlinin komediyaları əvəzsiz rol oynayıb.

Tənqid hədəflərinin düşmən kimi ittiham olunması “Molla Nəsrəddin”in sənət yoluna məhz ona görə uyğun gəlmir ki, bu ittiham tərəflər arasına çin səddi çəkir, tənqid edənlə tənqid olunanın hansısa bir nöqtədə ortaq məxrəcə gəlməsinin qarşısını alır, yaxşısı və pisi ilə birlikdə millətin vahid orqanizm şəklində qələmə alınmasına maneəçilik törədir.

“Molla Nəsrəddin” ədəbi-məfkurəvi məktəbinin çağdaş tədqiqatçısı, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin professoru Allahverdi Məmmədli azərbaycançılıq ideologiyasının tarixi qaynaqlarına məhz bu prizmadan yanaşır. Araşdırmaçı göstərir ki, ayrı-ayrı şəxslərin marağından çıxış edib millət mənafeyini yaddan çıxarmaq, Mirzə Cəlilinin nəzərində, yazı-pozu adamı üçün yolverilməz haldır: “O yerdə ki, lüğət kitablarında gərək yazılaydı “millət”, orada “millət” əvəzinə yazılıb “şəxs”, o yerdə ki, söz düşəndə gərək millət sözü danışıla, orada “əşxas” ləfzi istemal olunur... Firəngistan millətpərəstliyi sayəsində yer üzündə çox-çox millətlər tərbiyə olundu, millətçilik və azadxahlıq bayrağı cəmi məmləkətlərə sirayət elədi, onların sayəsində biz də bir yüngülvari hərəkətə gəldik”.

Mirzə Cəlilin bu sözlərini xatırladan Allahverdi Məmmədli böyük bir məktəb yaratmış sənətkarın “millət” deyərkən kimləri nəzərdə tutduğuna aydınlıq gətirmək üçün “Molla Nəsrəddin” jurnalının proqram səciyyəli “Sizi deyib gəlmişəm” məqaləsinə diqqət yönəldir.

Alim vurğulayır ki, Cəlil Məmmədquluzadə millət anlayışını beş-üç oxumuş adamla məhdudlaşdırmır və üzünü cəmiyyətdə əksəriyyət təşkil edən “qara”camaata tutur, öz sözünü hamıdan qabaq avam adamlara – it boğuşduranlara, dərviş nağılına qulaq asanlara, hamamda mürgü döyənlərə və başqa bu kimi “vacib” əməl sahiblərinə deyir. Milli varlığın mühüm göstəricilərindən biri olan ana dilinə münasibətdə də Mirzə Cəlil toplumda sayca çox olan sıravi adamların ədəbi dili nə dərəcədə başa düşüb-düşməməsini əsas meyar kimi götürür.

“Türkün açıq ana dilində” yazan Mirzə Cəlil yazı dilinin bir qrup oxumuş adam üçün nəzərdə tutulmasını qətiyyən düzgün yol saymadığını yeni şəraitdə gündəmə gətirən tədqiqatçı və bu mövqeni, təbii ki, digər mollanəsrəddinçilər də müdafiə edirlər: “Aldığımız sözləri özümüzə mal edib onları öz türk sərfimizə tabe etməliyik... Yazıçılarımız bəziləri kimi “əvam” üçün ayrı, “xas” üçün ayrı dil yaratmaq fikrinə düşməməlidirlər... Bir millətə hakim “xas”ın fikri deyil, “ümum”in fikridir. Buna görə də hamıdan ziyada “ümum”in fikrinin açılmasına çalışmalıyıq. Bunun üçün də bir dərəcəyə qədər hamının, heç olmazsa çoxunun anlayacağı bir dil ilə yazmalıyıq... Açıq türkcə yazılmış yazılara “əvam” dili deyib gülməməli. Daha vaxtdır ki, “xas” dilini “əvam” dilinə yaxınlaşdıraq”.

Mollanəsrəddinçilərdən gətirdiyi belə misallarla Allahverdi Məmmədli azərbaycançılığın bir məfkurə məsələsi olaraq ziyalı və xalq həmrəyliyinə əsaslanması fikri üzərində dayanır. Bu fikri irəli sürərkən onun istinad etdiyi ədəbiyyatşünaslardan biri Yaşar Qarayev olur. Çünki Yaşar Qarayev hay-küyçü ədəbiyyatşünaslardan fərqli olaraq, azərbaycançılığı “Vətən!”, “Millət!” şüarlarında yox, zehniyyətə hopub gerçəyə çevrilmiş vətənsevərlik, millətsevərlik əməllərində axtarırdı.

Allahverdi Məmmədli də çox yaxşı bilir ki, Vətənin şanlı keçmişindən, zəfərlərlə dolu bu günündən və parlaq gələcəyindən söhbət açıb baş altına yastıq qoymaq mollanəsrəddinçilər üçün səciyyəvi üslub deyil. Bu sənət fədailərinin seçdiyi üslub oxucunu (daha çox isə sıravi oxucunu!) güldürüb, onun qırışığını açıb düşündürmək üslubudur.

Mollanəsrəddinçilər ən çox nəyə gülürdülər? Köləliyə! Köləliyin səbəbi və acınacaqlı nəticəsi kimi ortaya çıxan cəhalətə və nadanlığa! Allahverdi Məmmədli bu ideya istiqamətini “Molla Nəsrəddin” jurnalının həm Tiflis, həm Təbriz, həm də Bakı mərhələləri üzrə izləyir.

Bolşevik işğalından sonra Cəlil Məmmədquluzadənin köçüb Təbrizə getməsinə Allahverdi Məmmədli belə aydınlıq gətirir: “Mirzə Cəlil də inqilabı qəbul etmədiyindən, qisasçılar arasında olan bədxahları tərəfindən hər an... müxtəlif hücumlara tuş gələ bilərdi. Üstəlik, Həmidə xanımın Qarabağ xanları nəslinə mənsubluğu və mal-mülk sahibi olması onu “sinfi düşmən”ə çevirmişdi”.

Allahverdi Məmmədlinin “Azərbaycançılıq mollanəsrəddinçilərin milli ideya kontekstində” adlı monoqrafiyasının məziyyətlərindən biri “Molla Nəsrəddin” jurnalının Bakı mərhələsinə güzgü tutmasında, bu mərhələnin az öyrənilmiş bir çox məsələlərini diqqət mərkəzinə çəkməsindədir. Belə məsələlərdən biri milli varlığın müstəmləkə təsirinə məruz qalması məsələsidir.

Professor Allahverdi Məmmədli bu məsələnin “Molla Nəsrəddin” jurnalında necə təqdim olunmasının incəliklərinə və əsl mahiyyətinə vara bilir. Aydın olur ki, “Molla Nəsrəddin”dən ötrü əsarət əsarətdir, millət öz varlığını rus əsarətindən də, ingilis əsarətindən də qorumağı bacarmalıdır.

Allahverdi Məmmədlidən, onun “Molla Nəsrəddin” ədəbi məktəbi ilə bağlı monoqrafiyasından danışdıqca söhbət hərlənib-fırlanıb təzədən “Danabaş kəndinin əhvalatları” povestinə gəlib çıxır. Niyə? Görünür, ona görə ki, Allahverdi Məmmədlinin (eləcə də bizim çoxumuzun) Mirzə Cəlillə əsaslı tanışlığı məhz bu əsərdən başlayıb. Mirzə Cəlildəki və digər mollanəsrəddinçilərdəki doğruculluq bir insan və qələm sahibi kimi Allahverdi Məmmədlidən ötri mənəvi dəyərə çevrilib.

Bügünlərdə yaşı 70-i haqlayan həmkarımıza azərbaycançılıq irsinin, demokratik media tariximizin araşdırılmasında yeni uğurlar və möhkəm cansağlığı arzulayırıq.

Muxtar KAZIMOĞLU,
akademik

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyun 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri