Moskva Tehrana yeni qapı açır İran MDB də ilk ölkə olacaq ŞƏRH
Icma.az, Sherg.az saytına istinadən bildirir.
MDB-nin Baş katibi Sergey Lebedev İranın təşkilat çərçivəsində xüsusi iştirakçı statusu əldə edən ilk dövlət ola biləcəyini açıqlayıb. Onun sözlərinə görə, məsələ hazırda müzakirə olunur və təşəbbüs MDB-yə üzv ölkələr tərəfindən əsasən müsbət qarşılanıb. Bu proses İranın postsovet məkanı ilə iqtisadi və siyasi əlaqələrini genişləndirmək strategiyası baxımından diqqət çəkir.
Sherg.az xəbər verir ki, politoloq Turan Rzayev İranın MDB çərçivəsində əməkdaşlıq təşəbbüsünün təsadüfi olmadığını bildirib.
Onun sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkian 2026-cı il oktyabrın 9-da Türkmənistanın Avaza şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının sammitində Birliyə üzv ölkələrlə İran arasında “MDB+1” adlı əməkdaşlıq mexanizminin yaradılmasını təklif edib. Bu formatın ticarət, investisiya, texnologiya, enerji və nəqliyyat sahələrində regional əməkdaşlığı genişləndirə biləcəyi vurğulanıb.
Politoloq qeyd edib ki, “MDB+” formatının yaradılması ilə bağlı qərar 2025-ci il oktyabrın 10-da Düşənbədə keçirilən sammitdə qəbul edilib. Bu mexanizm MDB-yə üzv olmayan dövlətlərin və beynəlxalq təşkilatların Birliklə əməkdaşlığa cəlb edilməsini nəzərdə tutur. Məsələn, Şanxay Əməkdaşlıq Təşkilatına MDB yanında müşahidəçi statusu verilib.
“İranın təşəbbüsü qəbul olunarsa, Tehran MDB-nin yeni əməkdaşlıq mexanizmində iştirak edən ilk dövlət olacaq. Son günlər bu hadisə İranın MDB-yə qoşulması kimi şərh edilir. Halbuki İranın MDB-yə üzvlüyü kimi təqdim olunan proses, əslində, daha fərqli siyasi və iqtisadi məzmun daşıyır.
MDB 1991-ci ildə SSRİ-nin dağılmasından sonra yaradılmış regional əməkdaşlıq təşkilatıdır. Azərbaycan, Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Moldova Birliyin tamhüquqlu üzvləridir. Türkmənistan isə assosiativ üzv statusunda iştirak edir. Moldovanın təşkilatın fəaliyyətində iştirakı son illərdə ciddi şəkildə məhdudlaşıb.
MDB-nin əsas məqsədi üzv dövlətlər arasında iqtisadi, siyasi, humanitar, nəqliyyat, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığı qorumaq və inkişaf etdirməkdir. MDB-yə tamhüquqlu üzv olmaqla “MDB+” formatında iştirak etmək eyni şey deyil.
Tam üzvlük dövlətin Birliyin nizamnaməsinə uyğun olaraq müəyyən öhdəliklər götürməsi, təşkilatın institusional mexanizmlərində iştirak etməsi və qərarların qəbulunda tamhüquqlu tərəf olması deməkdir. “MDB+” isə daha çevik əməkdaşlıq mexanizmidir. Bu format təşkilata üzv olmayan, lakin MDB ölkələri ilə iqtisadi və siyasi əlaqələrini genişləndirmək istəyən dövlətlərə Birliyin fəaliyyətində müəyyən istiqamətlər üzrə iştirak etmək imkanı yaradır.
Başqa sözlə, bir dövlət MDB-nin tamhüquqlu üzvü olmadan da onunla genişmiqyaslı əməkdaşlıq qura bilər. Bu, xüsusilə təşkilata üzv olmaq istəməyən, lakin postsovet ölkələri ilə iqtisadi və siyasi əlaqələrini inkişaf etdirmək istəyən dövlətlər üçün əlverişli modeldir.
MDB bu mexanizm vasitəsilə öz coğrafi və siyasi təsir dairəsini genişləndirməyə çalışır. Yəni təşkilat yalnız keçmiş SSRİ respublikaları arasında əməkdaşlıq platforması olaraq qalmaq istəmir, ətraf regionlardakı dövlətləri də öz iqtisadi və siyasi gündəliyinə cəlb etməyə çalışır.
Tehran “MDB+” formatında iştirak etmək istəyir. Yəni İran MDB-nin üzvü olmayacaq, lakin Birliklə xüsusi tərəfdaşlıq mexanizmi çərçivəsində əməkdaşlıq edəcək. Bu fərq həm İran, həm də MDB ölkələri üçün əhəmiyyətlidir. Çünki İranın Birliyə tamhüquqlu üzvlüyü daha geniş siyasi və hüquqi məsələləri gündəmə gətirərdi.
Sergey Lebedevin açıqlamasına görə, İranın statusu ilə bağlı məsələ hələ nəzərdən keçirilir. Deməli, hazırda söhbət qəbul edilmiş yekun qərardan deyil, siyasi təşəbbüsün müzakirəsindən gedir”, – deyə politoloq bildirib.
İran MDB+ formatına qoşulmaqla nə qazanacaq?
Turan Rzayevin fikrincə, Tehranın bu təşəbbüsə maraq göstərməsi təsadüfi deyil. İran son illərdə xarici siyasətində regional əməkdaşlığa, Avrasiya məkanına inteqrasiyaya və Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaların iqtisadi təsirlərini azaltmağa xüsusi diqqət yetirir.
“İran üçün ‘MDB+’ formatının əsas üstünlüyü yeni iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi ola bilər. İlk növbədə, ticarət məsələsi ön plana çıxır. MDB ölkələri İran üçün geniş bazar deməkdir. Bu dövlətlərlə iqtisadi əlaqələrin dərinləşdirilməsi İranın ixrac imkanlarını artıra, kənd təsərrüfatı, sənaye, neft-kimya və digər sahələrdə yeni əməkdaşlıq layihələrinə yol aça bilər.
İkinci mühüm istiqamət nəqliyyat və logistika məsələsidir. İran coğrafi mövqeyinə görə Avropa, Qafqaz, Mərkəzi Asiya, Fars körfəzi və Hind okeanı arasında mühüm tranzit ölkədir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi də bu baxımdan Tehranın strateji maraqlarına xidmət edir.
MDB ölkələri ilə əməkdaşlığın genişlənməsi İranın tranzit potensialını artırmaq, yükdaşımaların həcmini genişləndirmək və regionun nəqliyyat şəbəkəsində mövqeyini gücləndirmək imkanı yarada bilər”, -deyə politoloq bildirib.
Enerji və maliyyə əməkdaşlığı Tehranın əsas hədəflərindəndir
Turan Rzayevin fikrincə, enerji əməkdaşlığı da İran üçün mühüm istiqamətlərdən biridir:
“İran böyük neft və qaz ehtiyatlarına malik dövlətdir. MDB məkanında da enerji resursları ilə zəngin ölkələr var. Burada rəqabətlə yanaşı, əməkdaşlıq üçün də ciddi imkanlar mövcuddur.
Onu da qeyd edim ki, Pezeşkian Avaza sammitində vahid enerji şəbəkəsinin yaradılması ilə bağlı fikir səsləndirmişdi. İran Prezidentinin yanaşmasına görə, ölkələr enerji bazarında bir-birini sıxışdırmaq əvəzinə, istehsal və təchizat məsələlərini əlaqələndirməlidir.
Bu, elektrik enerjisinin mübadiləsi, qaz və neft nəqli, enerji infrastrukturunun inkişafı və regional enerji bazarının formalaşdırılması baxımından yeni imkanlar yarada bilər.
Digər mühüm məsələ maliyyə hesablaşmalarıdır. İran uzun müddətdir beynəlxalq maliyyə məhdudiyyətləri ilə üzləşir. Bu səbəbdən Tehran milli valyutalarla hesablaşmaların genişləndirilməsində, alternativ ödəniş mexanizmlərinin yaradılmasında və barter ticarətində maraqlıdır.
MDB ölkələri ilə bu sahədə əməkdaşlıq İranın xarici ticarətdə manevr imkanlarını artıra bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 28 Noyabr 2026 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















