Moskvanın yeni ÇEVRİLİŞ HAZIRLIĞI Bakıdan KRİTİK GÖZLƏNTİ
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanın baş naziri Nikol Paşinyanın baş ağrısına çevrilmiş rusiyalı milyarder, “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın istintaq təcridxanasından ikinci dəfə evə buraxılması müzakirələrə səbəb olub.
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəkləyən, kilsənin donoru funksiyasını icra edən iş adamı 2025-ci ilin iyun ayında saxlandıqdan sonra ona qarşı “vəzifə səlahiyyətlərindən və ya təsir gücündən istifadə etməklə külli miqdarda çirkli pulların yuyulması” ittihamı ilə cinayət işi açılıb.
Bir müddət əvvəl müdafiə tərəfi onun səhhətində problemlər yarandığını əsas gətirərək xəstəxanaya köçürülməsinə nail olmuşdular. Lakin daha sonra Karapetyan yenidən cəzaçəkmə müəssisəsinə qaytarıldı. Onun barəsində girov qarşılığında ev dustaqlığı qərarının verilməsi də çox keçmədi ki, ləğv edildi. Yenə nələrsə baş verdi ki, Paşinyanın rəqibi növbəti dəfə evə buraxıldı. Təbii ki, burada Rusiyanın təzyiqləri olmamış deyil.
Ruben Vardanyan layihəsi “batandan” sonra Kreml Paşinyanı əvəzləyəcək daha bir fiqur üzərində planlar qurub. İrəvana ünvanlanan ismarıc və xəbərdarlıqlarda da Karapetyan mövzusu xüsusi olaraq keçirdi. Bu mənada istisna deyil ki, Paşinyan komandası Kremlin təzyiqləri qarşısında müəyyən güzəştlərə gedilməsini məqsədəuyğun sayıb. Karapetyan həbsdə olduğu müddətdə hərəkat yaratmağa nail olmaqla, həm də reytinqinə əlavələr edirdi. Ola bilsin mövcud komanda bu amili də nəzərə alaraq iş adamının təcridxanada “şişməsinə” imkan verməməyi məqsədəuyğun sayıb.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov Musavat.com-a bildirib ki, Karapetyanın ev dustaqlığına buraxılması Ermənistan siyasətində sadə prosessual qərar deyil, Paşinyan hakimiyyətinin struktural zəifliyinin və geosiyasi asılılığının açıq elanıdır:
“Paşinyan 2018-ci ildə küçə etirazları ilə hakimiyyətə gəldikdən sonra özünü köhnə elitaya qarşı mübarizə aparan xalq lideri kimi təqdim etdi. Köçəryanın, Sərkisyanın və onların ətrafındakı oliqarxların məhkəməyə verilməsi baş nazirin legitimliyinin təməl daşlarından biri idi. Lakin Karapetyan hadisəsi göstərir ki, Paşinyan nə tam müstəqil qərar qəbul edə bilir, nə də öz yaratdığı “yeni Ermənistan” narrativini həyata keçirmək gücünə malikdir. “Bir addım irəli, iki addım geri” siyasəti hakimiyyətin qətiyyətsizliyindən deyil, obyektiv məcburiyyətdən qaynaqlanır. Karapetyan yalnız milyarder biznesmen deyil, eyni zamanda erməni kilsəsinin əsas donorlarından biri, Rusiya-Ermənistan əlaqələrində qeyri-rəsmi körpü rolunu oynayan fiqur və Qərb kapitalı ilə əlaqələri olan aktordur. Onun uzunmüddətli həbsdə saxlanılması üç cəbhədə Paşinyanın mövqeyini zəiflədir. Birincisi, kilsə faktoru. Erməni Apostol Kilsəsi Ermənistan siyasətində prezident administrasiyasından daha dərin köklərə malik institusiyasıdır. Sovet dönəmində belə sağ qalan, diasporanı bir yerdə saxlayan, milli kimliyin daşıyıcısı kimi qəbul edilən bu qurum Paşinyanı başdan etibarən özünə yad hesab edib. Karapetyanın kilsəyə milyonlarla dollar ianə verməsi onu toxunulmaz etməsə də, Paşinyan əleyhinə güclü lobbi mexanizmi yaradır. Katolikos II Qaregin açıq şəkildə Paşinyan tənqidçilərindən olub və 2020-ci il müharibəsindən sonra onun istefasını tələb edənlər arasında yer alıb. Ancaq kilsənin bu mövqeyi özü də problemlidir. Kilsənin Paşinyana alternativ kimi təklif etdiyi qüvvələr məhz 2020-ci il fəlakətinə gətirib çıxaran köhnə elitadır. Köçəryan, Sərkisyan və onların dövrü nə demokratiya gətirdi, nə iqtisadi inkişaf, nə də effektiv müdafiə strategiyası. Kilsənin Karapetyan kimi oliqarxları müdafiə etməsi onun siyasi müstəqilliyinə şübhə salır”.
T.İsmayılovun fikrincə, katolikosun Paşinyana alternativ kimi irəli sürdüyü qüvvələr Qarabağı itirənlər, orduya milyardlarla dollar xərcləyib, heç bir nəticə əldə edə bilməyənlərdir:
“Kilsənin bu mövqeyi onu siyasi alətə çevirir və uzunmüddətli perspektivdə öz nüfuzunu aşındırır. İkincisi, Rusiya amilinin rolunu qiymətləndirmək lazımdır. Moskva heç vaxt Paşinyanı öz adamı hesab etməyib. 2018-ci ildə onun hakimiyyətə gəlişi Kremldə narahatlıqla qarşılanıb, çünki Paşinyan Qərbə yaxınlaşma retorikası ilə çıxış edirdi. 2020-ci il məğlubiyyətindən sonra Moskva Paşinyanın zəiflədiyini görüb və Ermənistanda öz nüfuzunu artırmaq strategiyasına başlayıb”.
Siyasi ekspert qeyd edib ki, Karapetyan bu strategiyada mərkəzi fiqurdur:
“O, Rusiyadakı erməni biznes dairələri ilə sıx əlaqələrə malikdir, Moskvanın güvəndiyi şəxsdir və Kremlin Ermənistanda “ehtiyat variant” kimi saxladığı liderlərdən biridir. Onun həbsdən azad edilməsi Rusiyanın Paşinyana göndərdiyi mesajdır: sən bizim razılığımız olmadan heç nə edə bilməzsən!
Digər tərəfdən, daxili siyasi dinamika amilini unutmaq olmaz. Karapetyan yalnız biznesmen deyil, muxalif hərəkatın maliyyə dəstəkçisidir. Həbsdə olduğu vaxtda belə, onun ətrafında hərəkat formalaşıb, tərəfdarları küçələrdə toplaşıb, Paşinyana qarşı etiraz aksiyalarını dəstəkləyib. Ev dustağlığına buraxılması onun siyasi fəaliyyətini məhdudlaşdırmır, əksinə, qəhrəman obrazı yaradır. İndi o, “Paşinyan rejiminin qurbanı” kimi təqdim olunacaq və seçkilərə qədər olan dövrdə bu statusdan maksimum istifadə edəcək. Lakin Karapetyanın özü heç də ideal alternativ deyil. O, məhz Paşinyanın hakimiyyətə gəlməsinə səbəb olan sistemin məhsuludur. Karapetyan vaxtilə Sərkisyan rejiminə yaxın olub, onun sərvəti də məhz o dövrdə qazanılıb. İndi özünü xalq qəhrəmanı kimi təqdim edən bu biznesmen əslində köhnə oliqarxik strukturun nümayəndəsidir. Onun müxalifət liderliyi iddiası nə islahatçılığa, nə də yeni düşüncəyə əsaslanır, sadəcə şəxsi intiqamdır. Karapetyan Paşinyana alternativ deyil, ondan əvvəlki sistemə qayıdışdır. Ermənistan cəmiyyətinin isə nə Paşinyanın populist qeyri-peşəkarlığına, nə də Karapetyanın köhnə üslubuna ehtiyacı var”.
Maraqlıdır, Paşinyan bu qədər səlahiyyətlərə rəğmən, Karapetyanı niyə cəzalandıra bilmir?
Siyasi şərhçi: “Cavab sadədir: çünki o, bunu edəcək resurslardan məhrumdur. Məhkəmə sistemi formal olaraq onun nəzarətində olsa da, real siyasi-iqtisadi strukturlar deyil. Köhnə elita məhv olmayıb, sadəcə gözləyir. Rusiya öz adamlarını qoruyur. Kilsə də, diaspora da, beynəlxalq maliyyə strukturları da Paşinyanın tam sərbəstliklə hərəkət etməsinə imkan vermir. Ancaq Paşinyanın öz səriştəsizliyi də inkaredilməzdir. O, 2018-ci ildə böyük ictimai dəstəklə hakimiyyətə gəldi, lakin bu dəstəyi effektiv dövlət quruculuğuna çevirə bilmədi. Ordunu islahat etmək əvəzin, populist addımlarla məşğul oldu. Diplomatiyada peşəkarlıq əvəzinə, emosional çıxışlar etdi. 2020-ci il müharibəsi onun dövlət idarəçiliyi bacarığının olmadığını göstərdi. İndi isə nə köhnə elitanı tam məhv edə bilir, nə də yeni sistem qura bilir. Karapetyanı həbs etməklə, sonra buraxmaqla Paşinyan özünün zəifliyini nümayiş etdirir. Güclü lider ya Karapetyanı məhkəməyə verər və qanuni şəkildə cəzalandırardı, ya da ona toxunmazdı. Lakin Paşinyan hər iki yolu sınayır və hər ikisində də uğursuzluğa düçar olur”.
S.Karapetyanın azadlığa buraxılmasının nələrin müqabilində baş verdiyinə gəldikdə, T.İsmayılovun fikrincə, burada bir neçə ehtimal var:
“Birincisi, Rusiya amili açıqdır. Moskva Paşinyanın Qərbə yaxınlaşmasından narazıdır və ona öz “qırmızı xətlərini” xatırladır. Karapetyanın azadlığı bu xətlərdən biridir. İkincisi, Paşinyan seçkilər ərəfəsində böyük böhran istəmir. Karapetyanın həbsdə qalması küçə etirazlarını gücləndirə, hakimiyyətin nüfuzunu daha da aşındıra bilər. Üçüncüsü, beynəlxalq təzyiq. Karapetyan diasporada da, Avropa strukturlarında da əlaqələrə malikdir və onun işi insan haqları kontekstində qaldırılıb”. Amma bu qərarın kilsənin revanşına və Paşinyanın seçkilərdə məğlubiyyətinə gətirib çıxarmayacağına da təminat vermək çətindir. Ekspertimiz də hesab edir ki, bu mənada potensial böyükdür, ancaq bu Ermənistan üçün fəlakət ola bilər: “Çünki kilsənin dəstəklədiyi qüvvələr ölkəni artıq bir dəfə uçuruma aparıb. Karapetyan və onun arxasındakı köhnə elita Ermənistanı nə demokratikləşdirə, nə də qüdrətləndirə bilər. Onların gəlişi sadəcə 1990-cı illərin və 2000-ci illərin korrupsiya, avtokratiya və qeyri-səmərəli idarəetməsinə qayıdış deməkdir. Paşinyanın əsas problemi budur ki, o, nə köhnə elitanı tam məhv edə bilib, nə də yeni, sabit hakimiyyət strukturu yarada bilib. Nəticədə ortada qalıb: Qərb ona tam etibar etmir, Rusiya onu düşmən hesab edir, daxildə isə onu həm köhnə nomenklatura, həm kilsə, həm də məyus olmuş küçə qəti şəkildə rədd edir. Karapetyan kimi fiqurların güclənməsi Paşinyanın məğlubiyyəti demək ola bilər, amma Ermənistanın qələbəsi deyil. Real mənzərə bundan ibarətdir: Ermənistanda nə Paşinyan, nə Karapetyan, nə də kilsənin dəstəklədiyi köhnə elita ölkəni gələcəyə apara biləcək viziona malikdir. Onlar hamısı keçmişin qalıqlarıdır və öz şəxsi maraqlarını dövlət marağından üstün tuturlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 19 Yanvar 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















