Icma.az
close
up
RU
Musiqili teatrımızın yaradıcısı

Musiqili teatrımızın yaradıcısı

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Üzeyir Hacıbəyli – 140

Azərbaycan milli teatrı dedikdə müqtədir insanlar, əvəzolunmaz sənətkarlar, korifeylər ağlımıza gəlir, bu böyük şəxsiyyətlər bir daha yad olunurlar. Bu baxımdan Azərbaycan teatr tarixinin yaranmasında xüsusi yeri olan dünya şöhrətli dahi bəstəkarımız, XX əsrin böyük dühası Üzeyir bəy Hacıbəylinin adı ilk sıralarda yer alır.

Milli teatrımızın yaranmasının 125 illiyi münasibətilə ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “Azərbaycanda dünyəvi peşəkar teatrın yaradılmasının 125 illiyi haqqında” adlı xüsusi sərəncamda göstərilirdi: “Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun yaratdığı “Leyli və Məcnun” operasının 1908-ci ildə ilk tamaşası ilə Azərbaycanda və bütün müsəlman Şərqində opera sənətinin təməli qoyuldu”.

Xatırladaq ki, hələ 13 yaşında ikən Şuşada Əbdürrəhim bəy Haqverdiyevin hazırladığı “Məcnun Leylinin məzarı üstündə” adlı səhnəcikdə iştirak edən Üzeyir bəy sonralar opera və operetta janrının bünövrəsini atıb. Onun poeziya dahisi Füzulinin eyniadlı poeması əsasında bəstələdiyi “ Leyli və Məcnun” operası, “Ər və arvad” operettası beləcə tarixə düşüb.

Ötən əsrin əvvəllərində Bakıda “opera” sözü tez-tez eşidilirdi. Şəhərin sakinləri teatr, sirk tamaşaları görmüşdülər, opera isə onlar üçün yeni idi. Nəhayət, 1908-ci il yanvar ayının 12 (25)-də, şənbə günü, böyük səbirsizliklə gözlənilən gün gəlib çatdı. Bütün qəzetlər ilk opera haqqında elan dərc etdilər və operanın premyerası oldu. Bu, Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun”u idi. Onda Üzeyir bəyin 22 yaşı vardı. Böyük istedad sahibi olan gənc bəstəkar elə bir şedevr yaratdı ki, onun parlaq şöləsi bu gün də bərq vurmaqdadır. 117 ildir ki, “Leyli və Məcnun “ tamaşaçıların zövqünü oxşayır.

İlk operanın premyerası H.Z.Tağıyevin teatrında (indiki Musiqili Teatrda ) oldu. Salon ağzına kimi dolu idi. Azərbaycanın hər yerindən, hətta Qafqazın bir çox bölgələrindən də operaya baxmağa gəlmişdilər. Böyük aktyorumuz Mirzəağa Əliyev yazırdı ki, “Leyli və Məcnun”un ilk tamaşasına üç gün qalmış teatrın kassasına iki teleqram gəldi. Bunlardan biri Şamaxıdan şair Abbas Səhhətdən, digəri isə Batumdan jurnalist Heydər Abaşidzedən idi. Teatrda onlara yer saxlamağı xahiş edirdilər.

Məcnun rolunun bənzərsiz ifaçısı Hüseynqulu Sarabski isə özünün “ Bir aktyorun xatirələri” kitabında o günləri xatırlayaraq belə yazırdı: “Axşam teatra gələndə gördüm qapının qabağında o qədər adam var, içəri girmək mümkün deyil. Dal qapıya keçdim, gördüm ora bundan betərdir. O gecə binanın dörd tərəfi camaatla dolu idi. Teatrın qapılarında və foyedə səs-küydən qulaq tutulurdu. Biletlər saat 4-dən qurtardığına görə camaat biletsiz içəri doluşurdu”. Daha sonra H. Sarabski qeyd edirdi ki, ” min xahiş və rica ilə teatra cəlb edilən camaat indi axın-axın teatrlara dolurlar. Aktyorlarımızı sənətkar cərgəsində tutub, onlara hörmət bəsləyirlər. Camaatımız operanın köməyilə teatra alışıb, hətta dramlara da axın-axın gəlirlər. Opera camaatımızı teatra çəkib teatral etdi. Deməli, opera musiqini yüksəldib camaatımıza bu mənfəəti verdi”.

Beləliklə, görünməmiş bir müvəffəqiyyətlə Azərbaycanda opera teatrı fəaliyyətə başladı və onun şöhrəti uzaq-uzaq ellərə yayıldı. 1 mart 1926-cı ildə Bakıda keçirilən I Ümumittifaq Türkoloji qurultayın nümayəndələrindən biri, başqırd Şakirov “Leyli və Məcnun” operasına baxdıqdan sonra demişdir: “ Heyrət ediləcək bir şeydir. Mən indi bildim ki, milli musiqi nə deməkdir. Leninqradda, Moskvada mən çox gözəl Avropa operaları dinlədim, fəqət onları anlamırdım, onlar mənə zövq vermirdi. Bunu isə anladığıma görə böyük bir zövqlə dinlədiyimdən məmnun qaldım”.

Bir əsrdən çox səhnədə oynanılan “Leyli və Məcnun” operasında nə qədər aktyor və müğənni nəsli yetişmişdir. Həyatını Azərbaycan mədəniyyətinin, teatrının çiçəklənməsinə həsr edən Üzeyir bəy yazılarında səhnə problemlərindən müntəzəm olaraq söz açırdı. Rejissor işi, aktyor oyunu və onun yozumu, geyim məsələləri və s, onun müraciət etdiyi mövzular idi. Azərbaycan səhnəsinə qadın gətirilməsi üçün Üzeyir bəy Hacıbəyli daim mübarizə aparırdı.

Üzeyir bəy böyük qardaşı Zülfüqar bəy Hacıbəyli ilə Bakıda “Hacıbəyov qardaşlarının teatrı”nı da yaratmışdı. Bu teatrda opera və operettalar tamaşaya qoyulurdu. İlk operasının uğurundan ruhlanan Üzeyir bəy Hacıbəyli bir-birinin ardınca 6 opera yazdı. “Şeyx Sənan ” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşudbanu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla ” (1915) və nəhayət, bütün operaların şahı sayılan “Koroğlu” böyük bəstəkar və dramaturqa şöhrət gətirdi, müxtəlif ölkələrdə və şəhərlərdə tamaşaya qoyuldu.

Onun əsərlərinə hər yerdə – Qafqaz, Türkistan eli, Rusiya, Amerika, Avropa, Afrikada da yüksək qiymət verdilər, tamaşaya qoydular.

Yazının əvvəlində qeyd etdiyimiz sərəncamda daha sonra belə yazılmışdır: “... Üzeyir Hacıbəyovun dramaturgiya sahəsindəki fəaliyyəti də milli mədəniyyət tariximizdə mühüm mərhələ olmuşdur. O, həm bəstəkar, həm də dramaturq kimi 1909–1913-cü illərdə yaratdığı əsərləri ilə Azərbaycan teatrına musiqili komediya janrını gətirdi”.

Dahi bəstəkar 1909-cu ildə “Ər və arvad ”, 1910-cu ildə “O olmasın, bu olsun”, 1913-cü ildə isə dünyaca məşhur “Arşın mal alan” operettalarını yazıb. Üzeyir bəy librettolarında sadə xalq həyatından götürülmüş hadisələri ustalıqla qələmə alıb. Mütəfəkkirin əsərlərində həqiqi eşq öz təmizliyi, ülviliyi ilə bütün maneələrə qalib gəlir. Sədaqət, vəfa, mətanət, nikbinlik, azadlığa və əməyə məhəbbət, xəyanətə və zülmə nifrət Üzeyir bəyin opera və operettalarında əsas aparıcı xətt olaraq, ön sıralarda gedir və öz aktuallığını saxlayır. Təkcə “Arşın mal alan ” operettası müxtəlif xalqların 67 dilinə tərcümə edilib, 120 teatrın səhnəsində oynanılıb, 4 dəfə (3-ü Bakıda, 1-i ABŞ-da) ekran həyatı yaşayıb.

Üzeyir bəy Hacıbəyli çətin şəraitə baxmayaraq, millətimizin inkişafı naminə çabalar göstərirdi. Yazırdı, yaradırdı. Azad fikirli sənətkarlar, millətini, xalqını sevən ziyalılar ona dayaq olur, maneçilik törədən qeyri-milli ruhlu şəxslərə qarşı çıxırdılar. Dahi sənətkar özü də hər zaman millətimizi geriliyə sürükləməyə çalışanlara qarşı barışmaz mövqedə durur, onlara tutarlı cavablar verirdi. Mədəniyyətimizin, incəsənətimizin, teatrımızın inkişafı naminə yorulmadan çalışmışdır. Bir-birindən gözəl əsərlər yaratmışdır ki, bu gün də o əsərlər yaşayır və nə qədər ki, həyat var bundan sonra da yaşayacaqdır.

Azərbaycan xalqının dahi oğlu Üzeyir bəy Hacıbəylinin yaratdığı əsərlər milli teatr tariximizin əsas sütunlarındandır. Bu sənət inciləri bu gün də dünya səhnələrində Azərbaycan teatr ənənələrini yaşadır, onu layiqincə təmsil edir.

Səadət QARABAĞLI,
Üzeyirbəyşünas

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Aprel 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see234

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see233

Kadir İnanır vəfat etdi

26 İyun 2026 19:30see222

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see218

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see205

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see199

Özbəkistanda keçirilən Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər

27 İyun 2026 00:20see198

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see197

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see195

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see193

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see190

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see188

Sosial mediada yayılan maqnezium spreyi trendi Ekspert xəbərdarlığı

26 İyun 2026 23:05see181

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see179

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see175

NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz

26 İyun 2026 22:43see172

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see169

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see161

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see153

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri