Müstəqil Azərbaycanın keşiyini çəkənlər
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sərhədlərimizin müdafiəçiləri müqəddəs missiya daşıyırlar
2020-cü ilin 44 günlük Vətən müharibəsində DSX Sərhəd Qoşunlarının 1843 hərbi qulluqçusu iştirak edib. 10 hərbi qulluqçu qəhrəmanlıq və şəxsi şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. Baş gizir Allahyarov Şahin Hüseynbala oğlu və kiçik gizir İbrahimli Nail Nəriman oğlu “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüblər. 1843 hərbi qulluqçu təltif olunub, onlardan 719 nəfəri ölkə başçısı tərəfindən müxtəlif orden və medallara layiq görülüb.
İkinci Qarabağ müharibəsində sərhədçilər “Harop”, “Quzğun” və “Hermes” PUA-ların peşəkar tətbiqi nəticəsində düşmənin 8 ədəd "S-300" raket kompleksi, ümumilikdə 291 hədəfi zərərsizləşdirilib. Bartaz yüksəkliyi uğrunda gedən döyüşlər zamanı sərhədçilərimizin mövqelərinə hücum edən düşmənin “Su-25” hərbi təyyarəsi çevikçilərin atəşi ilə məhv edilib.
107 il Vətənə sədaqətin, onun sərhədlərini göz bəbəyi kimi qorumağın, nəsildən- nəslə ötürülən sərhədçi ənənələrinin və dövlətçiliyə xidmət amalının tarixidir. Azərbaycan sərhədçisinin qəhrəmanlıq salnaməsinin ən şərəfli səhifələrindən biri 2020-ci ildə – 44 günlük Vətən müharibəsində yazıldı. Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümü və sərhədçilərin peşə bayramı ərəfəsində Dövlət Sərhəd Xidmətinin rəisinin müavini, general-leytenant Rəsul Tağıyevlə Xidmətın bugünkü fəaliyyəti, sərhədlərimizin mühafizəsində tətbiq olunan müasir üsullar, transsərhəd cinayətkarlığına qarşı mübarizə, eləcə də Vətən müharibəsində sərhədçilərin döyüş yolu və qarşıda duran vəzifələr barədə söhbət etdik.
– Cənab general, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin missiyası dövlət sərhədlərinin təhlükəsizliyini təmin etmək və ölkənin ərazi bütövlüyünü qorumaqdır. Bu, olduqca şərəfli və məsuliyyətli missiyadır. Hazırda DSX bu missiyanı necə yerinə yetirir?
– Bu gün Dövlət Sərhəd Xidməti dövlət sərhədinin quruda, dənizdə və havada etibarlı mühafizəsini və müdafiəsini, sərhəd rejiminə riayət olunmasını, transsərhəd cinayətkarlığına qarşı mübarizəni müasir tələblər səviyyəsində təşkil edir. Dövlət sərhədinin mühafizəsində peyk texnologiyaları, radiolokasiya sistemləri, səyyar və stasionar müşahidə vasitələri, elektron-optik avadanlıqlar və rəqəmsal informasiya sistemlərindən istifadə olunur. Vətən müharibəsində qazanılmış tarixi Qələbədən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra sərhəd mühafizəsinin qarşısında yeni vəzifələr dayanır. Artıq işğaldan azad edilmiş ərazilərdə sərhəd mühafizə infrastrukturu yaradılıb, yeni hərbi hissələr, sərhəd məntəqələri istifadəyə verilib, şəxsi heyətin xidmət şəraiti və maddi-texniki təminatı daha da yaxşılaşdırılıb. Bu gün sərhədlərimizin etibarlı mühafizəsi fasiləsiz həyata keçirilir və mövcud əməliyyat şəraitinə uyğun olaraq qüvvə və vasitələrin daim yüksək hazırlıq səviyyəsində saxlanılması təmin edilir.
– Dövlət Sərhəd Xidməti qaçaqmalçılıq, qeyri-leqal miqrasiya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini də həyata keçirir. DSX-nin bu istiqamətdəki fəaliyyəti barədə məlumat verərdiniz…
– Qaçaqmalçılıq, qanunsuz miqrasiya, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə Dövlət Sərhəd Xidmətinin fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Müasir dövrdə transsərhəd cinayətkarlığının forma və üsulları dəyişib, cinayətkar qruplar qanunsuz fəaliyyətlərini həyata keçirmək üçün yeni texnologiyalardan, müxtəlif vasitələrdən istifadə etməyə cəhd göstərirlər. Amma Dövlət Sərhəd Xidmətinin müşahidə, aşkarlama, nəzarət və əməliyyat imkanları da ardıcıl şəkildə təkmilləşdirilir, müasir yanaşmalar tətbiq edilir. Təkcə 2025-ci il ərzində dövlət sərhədini pozduqlarına görə 516, sərhəd rejimini pozduqlarına görə 1226 nəfər saxlanılıb, saxtalaşdırılmış sənədlərdən və özgəsinə məxsus sənədlərdən istifadə etməklə dövlət sərhədini keçməyə cəhd göstərən 108 şəxsin qanunsuz hərəkətlərinin qarşısı alınıb. Hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 3922 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən tədbirlər nəticəsində 4 ton 311 kiloqram 864 qram narkotik vasitə, 78.457 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb, habelə 24 ton 586 kiloqram narkotik xassəli bitki məhv edilib. Bir çox hallarda pilotsuz uçuş aparatı vasitəsilə narkotik və psixotrop maddələrin sərhəddən keçirilməsi cəhdlərinin qarşısı alınıb. Bu faktlar göstərir ki, sərhədin təhlükəsizliyinin təmin olunması yalnız fiziki sərhəd xəttinin qorunması deyil, eyni zamanda, təhlükəsizliyimizə yönələn transsərhəd təhdidlərin vaxtında aşkarlanması və qarşısının alınmasıdır. Bu istiqamətdə digər hüquq-mühafizə orqanları, eləcə də xarici dövlətlərin müvafiq sərhəd qurumları ilə qarşılıqlı fəaliyyət və məlumat mübadiləsinə də xüsusi önəm verilir.
– DSX-nin “yaşıl beretlilər” kimi tanınan Çevik Hərəkət Qüvvələri də var. Bu hərbi qüvvələrin vəzifəsi nədən ibarətdir?
– Çevik Hərəkət Qüvvələri Dövlət Sərhəd Xidmətinin yüksək döyüş hazırlığına malik silahlı birləşmələrindən biridir. Bu qüvvələrin əsas təyinatı sərhəd təhlükəsizliyinə yaranan və ya yarana biləcək təhdidlərə operativ reaksiya verilməsi, xüsusi hazırlıq tələb edən xidməti-döyüş tapşırıqlarının icrası və zəruri hallarda sərhəd bölmələrinin gücləndirilməsidir. Çevik bölmələrin şəxsi heyəti xüsusi seçim və hazırlıq mərhələlərindən keçir, yüksək fiziki, taktiki və mənəvi-psixoloji hazırlıq səviyyəsinə gətirilir. Onların hazırlığında müxtəlif şəraitlərdə döyüş tapşırıqlarının yerinə yetirilməsi, sərhəd təxribatlarının qarşısının alınması və digər xüsusi təyinatlı fəaliyyətlər mühüm yer tutur. 2026-cı ilin iyulunda növbəti “Çevikçi” kursunu bitirən hərbi qulluqçulara beretlərin təqdim olunması zamanı bu bölmələrin dövlət sərhədlərinin etibarlı mühafizəsində rolu xüsusi vurğulandı. Yeri gəlmişkən, 44 günlük Vətən müharibəsi Çevik Hərəkət Qüvvələrinin hazırlıq səviyyəsini real döyüş şəraitində nümayiş etdirdi. Döyüş əməliyyatlarında çevikçilərimiz digər bölmələrlə qarşılıqlı fəaliyyətdə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd, Şuşa və digər istiqamətlərdə qarşıya qoyulmuş döyüş tapşırıqlarını yüksək peşəkarlıq və qəhrəmanlıqla yerinə yetiriblər.
– Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi-texniki təminatı, zabit və sıravi heyətin peşəkarlıq səviyyəsi müasir standartlara, o cümlədən NATO ölkələrində tətbiq olunan meyarlara cavab verirmi?
– Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2005-ci il tarixli qərarı ilə sərhəd gözətçi gəmilər dəstəsinin bazasında yaradılıb. Sonrakı illərdə Sahil Mühafizəsinin müasir infrastrukturu formalaşdırılıb, maddi-texniki bazası əsaslı şəkildə yenilənib. Sahil Mühafizəsinin imkanlarını yalnız hər hansı hərbi təşkilatın standartları ilə ölçmək düzgün olmazdı. Bizim üçün əsas meyar Azərbaycanın milli maraqları, qarşıya qoyulmuş xidməti–döyüş tapşırıqlarının icrası və qabaqcıl beynəlxalq təcrübənin tətbiqidir. Bununla yanaşı, Dövlət Sərhəd Xidməti NATO, Türkiyə və digər tərəfdaş dövlətlərin müvafiq qurumları ilə uzun illərdir əməkdaşlıq edir, təcrübə mübadiləsi həyata keçirir. Xüsusilə NATO-da əsas hərbi güc hesab olunan qardaş Türkiyənin müvafiq qurumları ilə əməkdaşlıq dəniz sərhədlərinin mühafizəsi, transsərhəd cinayətkarlığa qarşı mübarizə, peşəkar hazırlığın təkmilləşdirilməsi və qabaqcıl təcrübənin qarşılıqlı öyrənilməsi kimi mühüm istiqamətləri əhatə edir.
DSX Akademiyasında dənizçi kadrların yetişdirilməsinə xüsusi önəm verilir və həmin kadrlar hərbi təhsillərini başa vurduqdan sonra aidiyyəti olaraq Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsində müvafiq sahədə hərbi xidmətə cəlb edilirlər. Bu gün Sahil Mühafizəsinin sərhəd gəmiləri müasir naviqasiya, rabitə-radiotexnika, müşahidə və aşkaretmə sistemləri ilə təchiz olunub. Azərbaycanda inşa edilən müasir “Tufan” və “Şahdağ” tipli sərhəd gəmiləri Xəzər dənizinin mürəkkəb üzmə şəraitində xidməti-döyüş tapşırıqlarını yerinə yetirmək imkanına malikdir. Şəxsi heyətin peşəkarlığının yüksəldilməsi üçün isə mütəmadi döyüş, taktiki və xüsusi hazırlıq tədbirləri həyata keçirilir.
– Hörmətli Rəsul müəllim, Dövlət Sərhəd Xidmətinin struktur qurumları arasında Xüsusi Hava Əməliyyatları Komandanlığı da var. Sərhəd təhlükəsizliyinin təmin edilməsində bu hərbi birləşmənin rolu nədən ibarətdir? Hava sərhədimizə nəzarət zamanı hansı müasir texnoloji imkanlardan istifadə olunur?
– Bəli, Azərbaycan Respublikasının hava məkanının müdafiəsi birbaşa Hərbi Hava Qüvvələrinin funksional vəzifəsinə daxildir. Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Komandanlığı sərhədlərimizin mühafizəsinin daha çevik, müasir və effektiv şəkildə təşkil olunmasına xidmət edir. Müasir dövrdə sərhəd təhlükəsizliyinə yönələn təhdidlərin xarakteri də dəyişir. Əvvəllər qanunsuz daşımalar əsasən quru yolları vasitəsilə həyata keçirilirdisə, bu gün cinayətkar qruplar pilotsuz uçuş aparatları və digər texnoloji vasitələrdən istifadə etməklə narkotik vasitələri, psixotrop maddələri və müxtəlif qanunsuz yükləri dövlət sərhədindən keçirməyə cəhd göstərirlər. Bu isə sərhəd mühafizəsində yalnız ənənəvi üsullarla kifayətlənməməyi, hava vasitəsilə yarana biləcək təhdidlərin vaxtında aşkarlanmasını və qarşısının alınmasını zəruri edir. Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd xətti və sərhədyanı ərazilərdə bu xarakterli qanunsuz fəaliyyətlərin aşkarlanması məqsədilə müşahidə və texniki nəzarət imkanları ardıcıl şəkildə təkmilləşdirilir. Müxtəlif müşahidə vasitələrindən, elektron-optik sistemlərdən, radiotexniki imkanlardan və pilotsuz sistemlərdən daxil olan məlumatların operativ təhlili sərhəddə vəziyyətin vaxtında qiymətləndirilməsinə və zəruri tədbirlərin görülməsinə imkan verir. Aşkarlanmış konkret təhdidin xarakterindən asılı olaraq DSX-nın aidiyyəti bölmələri öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər həyata keçirir, zərurət yarandıqda isə digər dövlət və hərbi qurumlarla qarşılıqlı fəaliyyət təmin olunur.
Müasir texnologiyaların, o cümlədən məlumatların avtomatlaşdırılmış emalı, müxtəlif müşahidə sistemlərinin inteqrasiyası və intellektual təhlil imkanlarının inkişafı sərhəd təhlükəsizliyinin təmin edilməsində getdikcə böyük əhəmiyyət kəsb edir. Dövlət Sərhəd Xidməti elmi-texniki tərəqqinin nailiyyətlərini və qabaqcıl texnoloji həlləri daim öyrənir, onların xidməti fəaliyyətdə tətbiqi imkanlarını təkmilləşdirir. Bununla belə, istifadə olunan konkret sistemlərin texniki göstəriciləri, aşkarlama imkanları və fəaliyyət prinsipləri təhlükəsizlik baxımından açıqlanması məqsədəuyğun olmayan məlumatlardır.
– Vətən müharibəsində AN-2 təyyarələrinin pilotsuz uçuş aparatları kimi tətbiqi diqqətçəkən yeniliklərindən biri oldu. Sərhədçilərin oxucularımızın bilmədikləri başqa əməliyyatları olubmu?
– 44 günlük Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Ali Baş Komandanın qarşıya qoyduğu döyüş tapşırıqlarını yüksək peşəkarlıq və qəhrəmanlıqla yerinə yetirdi. Dövlət Sərhəd Xidmətinin müharibədəki fəaliyyəti təkcə AN-2 təyyarələrinin yeni üsulla tətbiqi ilə məhdudlaşmır. İstismar müddətini başa vurmuş AN-2 təyyarələrinin modernləşdirilərək pilotsuz uçuş aparatı kimi tətbiqi düşmənin hava hücumundan müdafiə sistemlərinin və digər strateji hədəflərinin aşkarlanaraq zərərsizləşdirilməsində mühüm rol oynadı. Eyni zamanda, “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri və digər hərbi hədəfləri məhv edildi. Sonradan açıqlanan məlumatlarda düşmənin 8 ədəd “S-3002 raket kompleksi, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri, ümumilikdə 291 hədəfi böyük məharətlə zərərsizləşdirildiyi bildirilib. Sərhədçilərimizin Vətən müharibəsində ən böyük uğurlarından biri quru əməliyyatlarında göstərdikləri qəhrəmanlıqdır. Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək geniş ərazidə döyüşərək irəliləmiş, bir sutka ərzində 105 kilometrədək məsafədə sürətli hücum həyata keçirmiş, Xudafərin körpüsündə, Ağbənd qəsəbəsində və Zəngilan şəhərində üçrəngli Dövlət Bayrağımızı ucaltmış, Bartaz və Şükürataz da daxil olmaqla digər strateji, hakim yüksəkliklərin azad edilməsində mühüm rol oynamışlar. DSX-nin hərbi qulluqçuları Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunması uğrunda döyüşlərdə iştirak etmişlər. Bartaz yüksəkliyi uğrunda gedən döyüşlər zamanı sərhədçilərimizin mövqelərinə hücum edən düşmənin “Su-25” hərbi təyyarəsinin çevikçilərimizin atıcı silahlardan açdığı atəş nəticəsində məhv edilməsi də Vətən müharibəsinin döyüş epizodlarından biridir.
– Post-müharibə dövründə dövlət sərhədlərimizin əhəmiyyətli hissəsində, işğaldan azad edilmiş ərazilərdə infrastruktur yenidən qurulub. Bu ərazilərdə sərhəd mühafizəsinin təşkili, yeni zastavaların və hərbi infrastrukturun yaradılması hansı prinsiplər əsasında həyata keçirilir və hazırkı mərhələdə əsas prioritetlər nədən ibarətdir?
– Vətən müharibəsində əldə edilmiş tarixi Qələbədən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Dövlət Sərhəd Xidmətinin qarşısında yeni və son dərəcə məsuliyyətli vəzifələr durur. Əsas vəzifə azad edilmiş ərazilərdə dövlət sərhədinin etibarlı müdafiə və mühafizə sisteminin qısa müddətdə yaradılması, həmin ərazilərdə daimi və dayanıqlı sərhəd infrastrukturunun formalaşdırılmasdır. Bu istiqamətdə işlər sistemli şəkildə həyata keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin açılışında iştirak etdiyi hərbi hissələr başda olmaqla təkcə 2021-ci ildə işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin 19 yeni hərbi hissə kompleksi və Azərbaycan–Ermənistan dövlət sərhədinin Zəngilan, Qubadlı və Laçın rayonlarından keçən sahələrində 104 sərhəd-döyüş məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlayıb. Eyni zamanda, Azərbaycan–İran dövlət sərhədinin işğaldan azad edilmiş 132 kilometrlik hissəsində sərhəd mühafizə infrastrukturu bərpa olunub, yeni yollar çəkilib, mina və partlamamış hərbi sursatlardan təmizləmə tədbirləri həyata keçirilib. Bu prosesdə bizim üçün əsas prinsip yalnız yeni infrastrukturun inşa edilməsi deyil, müasir, çevik və çoxpilləli sərhəd təhlükəsizliyi sisteminin yaradılmasıdır. Buraya şəxsi heyətin yüksək döyüş hazırlığı, müasir müşahidə və texniki nəzarət vasitələrinin tətbiqi, etibarlı rabitə və logistika sistemi, bölmələrin operativ manevr imkanlarının artırılması və şəxsi heyət üçün yüksək xidmət-məişət şəraitinin yaradılması daxildir. Cari ilin iyulunda Dövlət Sərhəd Xidmətinin yeni Logistika Mərkəzinin istifadəyə verilməsi maddi-texniki təminatın daha operativ və səmərəli təşkili istiqamətində görülən işlərin davamlı xarakter daşıdığını göstərir.
– Cənab general, 2023-cü ildə “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın dövlət sərhədləri üzərində tam nəzarətinin təmin edilməsi baxımından mühüm tarixi hadisə oldu. Sizcə, o zaman həmin məntəqənin yaradılmasını zəruri edən əsas səbəblər hansılar idi?
– “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması ilk növbədə Azərbaycanın öz dövlət sərhədləri üzərində suveren nəzarətinin təmin edilməsi zərurətindən irəli gəlirdi. 44 günlük Vətən müharibəsindən sonra Laçın–Xankəndi yolu Ermənistan ərazisindən Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə nəzarətsiz hərəkətin davam etdiyi yeganə istiqamət olaraq qalırdı. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 23 aprel 2023-cü ildə sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə həmin istiqamətdə hərəkət tam nəzarətə götürüldü. Məntəqənin yaradılmasını şərtləndirən əsas amillərdən biri 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, Ermənistandan Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələr üçün canlı qüvvənin, silah-sursatın, minaların və digər hərbi təyinatlı vasitələrin daşınması hallarının qarşısının alınması idi. Bu səbəbdən 23 aprel 2023-cü il saat 12:00-da Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Laçın–Xankəndi yolunun başlanğıcında “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi yaradıldı və zəruri infrastrukturla təmin edilərək fəaliyyətə başladı.
“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyətinin nə qədər mühüm olduğu sonrakı hadisələr zamanı özünü əyani şəkildə göstərdi. Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən barələrində cinayət təqibi aparılan bir sıra şəxslər məhz bu məntəqədə müəyyən edilərək saxlanıldı və aidiyyəti orqanlara təhvil verildi. DSX-nın rəsmi məlumatında da məntəqənin fəaliyyəti nəticəsində Xocalıda və işğal altında olmuş digər ərazilərdə insanlıq əleyhinə cinayətlər törətmiş bəzi şəxslərin saxlanılaraq istintaqa təhvil verildiyi qeyd olunur. “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması Azərbaycan dövlətinin öz suveren ərazisində və dövlət sərhədləri üzərində tam nəzarəti təmin etmək iradəsinin ifadəsi oldu.
– Güclü sərhəd mühafizəsinin əsas dayaqlarından biri peşəkar və yüksək mənəvi-psixoloji hazırlığa malik şəxsi heyətdir. Dövlət Sərhəd Xidmətində müasir sərhədçi modelinin formalaşdırılması, gənc zabitlərin hazırlanması, hərbi qulluqçuların döyüş və peşə hazırlığının yüksəldilməsi, eləcə də onların sosial təminatının gücləndirilməsi istiqamətində hansı işlər görülür?
– Ən müasir silah, texnika və texnologiya belə onu idarə edən peşəkar, vətənpərvər və mənəvi cəhətdən hazırlıqlı hərbi qulluqçu olmadan arzuedilən nəticəni verə bilməz. Buna görə də DSX-da insan amili, peşəkar kadr və yüksək döyüş hazırlığı, şəxsi heyətin mənəvi-psixoloji dayanıqlığı əsas prioritetlərdir. Müasir Azərbaycan sərhədçisi ilk növbədə Vətəninə və dövlətinə sadiq, yüksək peşə hazırlığına malik, fiziki və psixoloji cəhətdən möhkəm, müasir texnologiyalardan istifadə etməyi bacaran, mürəkkəb əməliyyat şəraitində düzgün və çevik qərar qəbul edən hərbi qulluqçu olmalıdır. Bu istiqamətdə DSX Akademiyası və Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi əhəmiyyətli rol oynayır. Akademiya sərhədçi zabitlərin hazırlanmasını müasir hərbi biliklərin, praktiki hazırlığın, dövlətçilik və vətənpərvərlik dəyərlərinin vəhdəti əsasında həyata keçirir. 2026-cı ilin mayında Akademiyanın 15-ci yubiley buraxılışı oldu. Peşəkar sərhədçi zabitlər xidmət müddətində bilik və bacarıqlarını davamlı təkmilləşdirirlər. DSX Akademiyasının magistratura pilləsində artıq beşinci buraxılışın keçirilməsi bunun göstəricisidir. Eyni zamanda sərhəd nəzarəti sahəsində ixtisaslaşmış kadrların hazırlığı da ayrıca diqqətdə saxlanılır. 2026-cı ilin iyulunda istifadəyə verilmiş Sərhəd Nəzarətinin Tədris Mərkəzində müasir tədris sinifləri və ixtisaslaşdırılmış auditoriyalar yaradılıb, sərhəd nəzarəti üzrə peşəkar kadrların hazırlanması üçün müasir baza formalaşdırılmışdır. Şəxsi heyətin sosial müdafiəsi və xidmət şəraitinin yaxşılaşdırılması da peşəkar ordunun ayrılmaz hissəsidir. Hərbi hissələrdə müasir yataqxanaların, yeməkxanaların, tibb məntəqələrinin, idman və təlim obyektlərinin yaradılması, maddi-texniki təminatın gücləndirilməsi və hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Məqsədimiz yüksək intellektə, möhkəm iradəyə, peşəkar hazırlığa, dövlətçilik düşüncəsinə və Vətən qarşısında məsuliyyət hissinə malik Azərbaycan sərhədçisi yetişdirməkdir.
Fürsətdən istifadə edib, Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümü və peşə bayramı münasibətilə Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyətini, veteran sərhədçilərimizi, eləcə də sərhədçi ailələrini səmimi-qəlbdən təbrik edirəm.
***
“Xalq qəzeti”nin kollektivi təbriklərə qoşulur və Dövlət Sərhəd Xidmətinin bundan sonra da Azərbaycanın dövlət sərhədlərinin toxunulmazlığının və etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri şərəflə yerinə yetirəcəyinə əminliyini bildirir. Peşə bayramınız mübarək, əziz sərhədçilər!
Müsahibəni hazırladı:
İmran BƏDİRXANLI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 18 Avqust 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















