Icma.az
close
up
RU
Müstəqilliyə və dövlət suverenliyinə konstitusiya təminatı mexanizmi

Müstəqilliyə və dövlət suverenliyinə konstitusiya təminatı mexanizmi

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın tarixi uğurları ilə bağlı dünyaya verilən mesajdır

Azərbaycan xalqı ərazilərinin 30 illik işğalına son qoyulması, tarixi ədalətin və beynəlxalq hüquq normalarının bərpası ilə nəticələnən, Cənubi Qafqazda yeni geosiyasi reallığın əsasını qoyan tarixi Zəfərinin beşinci ildönümünü qeyd etməyə hazırlaşır. Müzəffər Ordumuz 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsi zamanı qazandığı parlaq hərbi-siyasi qələbə ilə torpaqlarımızın otuz ildən çox davam edən işğalına son qoyaraq, üzləşdiyi ədalətsiz münaqişənin həllinə məhz döyüş meydanında nail olub.

Nüfuzlu italyan filosofu və yazıçısı Nikkolo Makivelli yazırdı ki, “Müharibədən qaçmaq mümkün deyil, onu yalnız düşməndən üstün olana qədər təxirə salmaq olar”. Uzun illər ərzində rəsmi Bakının danışıqlar prosesində iştirakını şərtləndirən mühüm amillərdən biri də respublikamızın haqlı mövqeyini beynəlxalq miqyasda, əsasən də mötəbər təşkilatlar çərçivəsində sübuta yetirmək üçün vaxt imkanı əldə etmək istəməsi olub. Tarixin arxivinə gömülmüş ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesi nəticəsiz olsa da, təcavüzkarı ifşa etmək, onun işğalçı siyasəti barədə beynəlxalq miqyasda düzgün rəy formalaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyıb. Rəsmi Bakının danışıqlar prosesində sonadək təmkinlə iştirakı ona həm də hərb yolunun seçilməsi üçün əsaslı arqumentlər verib. Yəni danışıqlar prosesinin nəticəsiz qalması rəsmi Bakıya hərb yolunun qaçılmazlığını zamanla beynəlxalq ictimaiyyətə əsaslandıraraq çatdırmaq, münaqişəsinin keyfiyyətcə yeni mərhələyə transformasiyasına və hərbi-siyasi yolla həllini gündəliyə gətirmək imkanı yaradıb.

Xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı mənəvi zəfərin ictimai təfəkkürə təsiri hərbi əməliyyatlar zamanı əldə edilmiş qələbələr qədər möhtəşəmdir. Ali Baş Komandanın prinsipiallığı və dəmir iradəsi, qəhrəman hərbçilərimizin canı-qanı bahasına qazanılmış bu şərəfli qələbə xalqın milli qürurunu, özünə güvənini, inamını qaytarıb.

Sonrakı mərhələdə 2023-cü il sentyabrın 19-20-si tarixində müzəffər Ordumuz həyata keçirdiyi cəmi 23 saatlıq lokal antiterror tədbirləri ilə təcavüzkar Ermənistanın ərazimizdə formalaşdırdığı qeyri-qanuni xunta rejiminin mövcudluğuna son qoyub, separatizmin kökünü kəsib. Xalqımız hələ ötən əsrin 90-cı illərində dövlətçiliyə qarşı yönəlmiş xəyanətkar qəsdlər, çevriliş cəhdləri zamanı, eləcə də Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbulu zamanı göstərdiyi birlik və həmrəyliyi ərazilərinin işğaldan azad edilməsi, suverenliyinin bərpası zamanı daha böyük mütəşəkkiliklə nümayiş etdirib. Bu şanlı zəfərlərin qayəsində yer alan həlledici amil xalqımızın vahid amal uğrunda dəmir yumruq kimi birləşməsi, öz liderinə sonsuz güvənməsi, onun qərarlarını tərəddüdsüz dəstəkləməsi olub.

Suverenliyimizin bərpasının nəticəsində “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlı qondarma problemin gələcək nəsillərə ötürülməsinin də qarşısını alınıb. Azərbaycanın bu zəfərlərə son dərəcə mürəkkəb geosiyasi vəziyyətdə - dünyada ikili standartların hökm sürdüyü, beynəlxalq hüququn işləmədiyi bir şəraitdə nail olması da xüsusi qeyd olunmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bununla bağlı bildirib: “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı. 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu isə öz missiyasını yerinə yetirə bilmədi. Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar.”

İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirlərinin digər mühüm nəticəsi ondan ibarətdir ki, Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatların yekunu olaraq, xalqımızın konstitusion hüquq və azadlıqları tam təmin olunub. Məlumdur ki, Ermənistanın xarici dəstək hesabına 30 ildən çox davam etmiş işğalçı siyasəti nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində Azərbaycan qanunlarının yurisdiksiyasının, habelə inzibati dövlət qurumlarının fəaliyyətinin təmini mümkün olmayıb. İşğalın davam etdiyi dövrdə ərazilərimizdə qeyri-qanuni separatçı rejimin formalaşdırılması, bələdiyyə və parlament seçkilərinin keçirilməməsi, dövlət orqanlarının fəaliyyət göstərməməsi xalqın suverenliyi prinsipi ilə ziddiyyət təşkil edib.

Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik ili” elan olunması, bu mənada, regiondakı yeni geosiyasi reallıqlarla şərtlənməklə, özündə tarixi zəfərlərimizi simvolizə edir. Bu il noyabr ayının 12-də ümumxalq referendumu yolu ilə qəbulunun 30-cu ildönümünü qeyd edəcəyimiz müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının suverenlik, ərazi bütövlüyü və digər vacib məsələlərlə bağlı müddəaları qazanılan tarixi zəfərlər nəticəsində tam hüquqi işləklik və təsir gücü əldə edib.

Böyük fransız mütəffəkiri Şarl Monteskyö “Qanunların ruhu haqqında” əsərində yazırdı ki, hər bir xalqın azadlığı onun Konstitusiyasının ədalətindən asılıdır. Xatırlatmaq yerinə düşər ki, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul olunmuş Konstitusiyamız müasir dünyanın sivil dəyərlərinə və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradıb. Ötən illərdə hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən, Avratlantik məkana inteqrasiya kursunu uğurla həyata keçirən Azərbaycanda Konstitusiya ən ali qüvvəyə malik olan, insan, dövlət və cəmiyyət münasibətlərinin əsaslarını nizamlayan hüquq normaları sistemidir.

Konstitusiyamız müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunmasını dövlətin ali vəzifələrindən biri kimi müəyyən edib. Suverenlik dövlətin öz ərazisində daxili və xarici siyasətini sərbəst müəyyənləşdirmək, dövlət qurumları vasitəsilə həyata keçirmək, müstəqil və azad qərarlar qəbul etmək gücünü özündə ehtiva edən anlayışdır. Xalqın suverenliyi prinsipi Azərbaycan Konstitusiyanın 2-ci maddəsində dolğun əksini tapıb. Həmin maddənin 1-ci hissəsində göstərilir ki, sərbəst və müstəqil şəkildə öz müqəddəratını həll etmək və idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Həmin maddənin 2-ci hissəsində isə qeyd olunur ki, Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.

Suverenlik anlayışı həm də dövlətimizin beynəlxalq münasibətlər sistemində yerini də müəyyən edir. Ölkə Konstitusiyasının 8-ci maddəsinin 3-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev Azərbaycanın təkcə hərbi deyil, siyasi-diplomatik zəfərlərimizin əsas müəllifi olaraq, bu vəzifələrin öhdəsindən inamla gəlir, müstəqilliyin və milli suverenliyin qarantı kimi çıxış edir.

Ərazi bütövlüyü anlayışı isə dövlət suverenliyinin ayrılmaz komponenti olmaqla, yalnız coğrafi deyil, hüquqi, iqtisadi və siyasi suverenliyin təməlində yer alır. Azərbaycan Konstitusiyasının 3-cü maddəsinin 2-ci hissəsində məhz bu prinsipə əsaslanaraq, dövlət sərhədlərinin dəyişdirilməsini yalnız ümumxalq səsverməsi – referendum yolu ilə həll edilə bilən məsələlər sırasına aid edir.

Konstitusiyanın 3-cü maddəsində milli suverenliyin bilavasitə ifadəsi olan referendum institutuna yer ayrılıb. Həmin maddənin 1-ci hissəsinə əsasən, Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər. Həmin maddənin 3-cü hissəsində qeyd olunur ki, aşağıdakı məsələlər üzrə referendum keçirilə bilməz: 1) vergilər və dövlət büdcəsi; 2) amnistiya və əfvetmə; 3) seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi. Bu dəqiqləşdirmə suverenlik anlayışının konstitusion-hüquqi çərçivəsinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Konstitusiyamızın 6-cı maddəsinin I hissəsinə əsasən, “Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz”. Bu müddəa mahiyyətcə ali hakimiyyətin konstitusion qərarlarının bütün ərazilər üzrə mütləq və qeyd-şərtsiz həyata keçirilməsini nəzərdə tutur.

Konstitusiyamızın 7-ci maddəsi xüsusi maraq doğurur. Bu maddə Azərbaycan dövlətinin əsaslarını müəyyən edir və qeyd olunur ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Bununla həm də dövlət idarəetmə modelinin mahiyyəti birmənalı şəkildə təsbit edilib. Konstitusiyada əksini tapmış unitar dövlət prinsipi son 30 ildə ölkəmizin inkişafının hüquqi çərçivəsini, ərazi bütövlüyü və dövlət suverenliyinin toxunulmazlığını təsbit edən əsas sütunlardan olub.

Unitar dövlət modeli – ölkənin vahid, mərkəzləşdirilmiş idarəetmə sisteminə malik olması Azərbaycan üçün yalnız idarəetmə forması deyil, həm də milli təhlükəsizliyin və sabitliyin təminatçısıdır. Bu model etnik və dini müxtəlifliyə baxmayaraq, dövlətin bütövlüyünü, suverenliyini qoruyur. Başqa sözlə, unitar dövlət anlayışının Konstitusiyamızda əksini tapması ərazi bütövlüyümüzə təminat baxımından prinsipial əhəmiyyət daşıyır.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada unitar dövlət anlayışına yer verilməsi Ermənistana və beynəlxalq ictimaiyyətə verilən mühüm mesaj olub: Azərbaycan heç zaman ərazi bütövlüyü məsələsində geri çəkilməyəcək, işğal və separatizmlə barışmayacaq. Unitar dövlət prinsipinin konstitusion səviyyədə təsbiti, eyni zamanda, ölkə daxilində milli həmrəyliyin və vətəndaş birliyinin qorunmasına xidmət edib.

Fizika elmi üzrə dahi alim və tanınmış mütəfəkkir Albert Eynşteyn deyirdi ki, “Sülh zorakılığın yoxluğu deyil, ədalətin mövcudluğudur”. Xüsusi vurğulamaq istərdik ki, ölkəmizdə “Konstitusiya və suverenlik ili” elan edilən 2025-ci il həm də Azərbaycanın Cənubi Qafqazda dayanıqlı, beynəlxalq hüquqa söykənən ədalətli sülh naminə apardığı danışıqlar prosesinin məntiqi sonluğa yekunlaşması ilə əlamətdardır. Belə ki, avqust ayının 8-də Vaşinqton şəhərində Azərbaycan, ABŞ və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamə beynəlxalq ictimaiyyət tərəfindən haqlı olaraq Cənubi Qafqazda münaqişə səhifəsinin qapadılması, dayanıqlı sülhün reallığa çevrilməsi istiqamətində atılmış qətiyyətli addım kimi qiymətləndirilir.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistan daxilində və diaspor çevrələrində səsləndirilən “gələcəkdə guya vəziyyətin dəyişəcəyi”, “revanş üçün hazırlıq” kimi sərsəm iddialar artıq erməni cəmiyyətinin həlledici qismi tərəfindən qeyri-ciddi, absurd qəbul edilir. Azərbaycanın dövlət suverenliyinin bərpası, sonrakı mərhələdə əldə olunmuş ikitərəfli razılaşmalar, nəhayət, avqustun 8-də Vaşinqtonda Yekun Sülh Sazişi layihəsinin paraflanması Ermənistanda radikal-revanşist qüvvələrin mövqeyinə öldürücü zərbə olub.

Birgə Bəyannamədə qisasçılığın və güc tətbiq etməyin yolverilməzliyi barədə konkret müddəanın yer alması da xüsusi vurğulanmalıdır. Sənəddə deyilir: “Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik.”

Bu müddəa hüquqi-siyasi baxımdan gələcəkdə hər hansı revanşist addımın qarşısına birmənalı sipər çəkir. Gələcəkdə Ermənistanda hakimiyyətə hansı siyasi qüvvənin gəlməsindən asılı olmayaraq, bu razılaşmalardan imtina hüquqi və diplomatik baxımdan mümkün görünmür.

Vaşinqton razılaşmaları sərhədlərin demarkasiya və delimitasiyası, kommunikasiya xətlərinin açılması, humanitar məsələlərin həlli kimi konkret istiqamətlərdə də əməkdaşlığa yol açır. Eyni zamanda, bu razılaşmalar yekun sülh sazişinə mane olan əsas məsələnin – Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialara imkan verən mürtəce müddəaların gələn il bu ölkədə keçiriləcək referendum nəticəsində dəyişdiriləcəyinə siyasi zəmin yaradır.

Birgə Bəyannamə perspektivdə yalnız yekun sülh sazişinin imzalanmasına təminat yaratmır, eyni zamanda, iki ölkə arasında siyasi, iqtisadi və diplomatik münasibətlərin bərpasına, regional inteqrasiyaya yol açır. Ermənistanla Azərbaycan arasında beynəlxalq hüquq prinsipləri əsasında yeni münasibətlər qurulur, ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivləri açılır, iqtisadi layihələr, infrastruktur təşəbbüsləri gündəmə gəlir. Prezident İlham Əliyevin Vaşinqtonda səsləndirdiyi birgə bəyanat zamanı dediyi: “Əminəm ki, Ermənistan ilə Azərbaycan sülhün əldə olunması üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlarımız da barışacaqlar. Biz qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik” fikri də bunun bariz ifadəsidir.

Vaşinqton razılaşmaları əsasında Ermənistan İkinci Qarabağ müharibəsindən sonra üzərinə götürdüyü daha bir mühüm öhdəliyi icra etməli olub və bu da Yekun Sülh Sazişinin imzalanmasına mühüm zəmin yaradan amillərdən biridir. Söhbət faktiki olaraq, Zəngəzur dəhlizinin reallaşmasından, ölkəmizin Ermənistan ərazisi ilə öz eksklavı – Naxçıvan Muxtar Respublikasına maneəsiz keçid imkanı qazanmasından gedir. Ermənistanda sülhə qarşı olan daxili qüvvələrin siyasi manipulyasiya alətinə çevrilmiş “Zəngəzur Dəhlizi” termininin bundan sonra “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlandırılması isə, sadəcə, texniki məsələdir.

Razılaşma əsasında tərəflərin bir-birinin nəqliyyat infrastrukturundan istifadə imkanı əldə etməsi ümumən regional əməkdaşlıq baxımından əhəmiyyətli sayılır. Bu kontekstdə xüsusilə avtomobil və dəmir yolu xətlərinin bərpası daha geniş coğrafiyada yeni geosiyasi, iqtisadi, ticari münasibətlərin formalaşmasına imkan yaradır. TRIPP mahiyyətcə kommersiya layihəsi kimi təqdim edilsə də, bu təşəbbüsün geosiyasi çəkisi və strateji hədəfləri danılmazdır. Naxçıvana maneəsiz nəqliyyat çıxışımızı təmin edəcək bu yolun 99 il müddətində ABŞ-a icarəyə verilməsi həm siyasi, həm də təhlükəsizlik baxımından Azərbaycanın da maraqlarına cavab verir. Ermənistanla ABŞ arasında bununla əlaqədar əldə edilmiş razılaşma Zəngəzur dəhlizinə qarşı çıxan bəzi ölkələrin tam neytrallaşdırılması deməkdir.

Yeni layihə təkcə Azərbaycan və Ermənistan üçün deyil, Türkiyə, Rusiya, Mərkəzi Asiya, Çin və digər ölkələr üçün strateji əhəmiyyət daşıyır. 42 kilometrlik bu yol təkcə avtomobil və qatarların maneəsiz hərəkətinə deyil, eyni zamanda, enerji və telekommunikasiya xətlərinin keçidinə imkan yaradacaq. Bu baxımdan, layihə Vaşinqtonun regionda ticarət yönümlü sülh konsepsiyasının tərkib hissəsi kimi də dəyərləndirilir. Çəkiləcək yeni yolun strateji əhəmiyyəti regionda dayanıqlı sülhə təminat yaratması, etimad mühitini dərinləşdirməsi ilə ölçülür. Rəsmi Vaşinqtonun bu təşəbbüsü tərəfləri bir masa arxasında gətirməklə yanaşı, sülh naminə iqtisadi əməkdaşlıq mexanizmlərini işə salıb.

Avropa Siyasi Birliyinin oktyabr ayının əvvəlində Kopenhagendə keçirilmiş 7-ci zirvə toplantısı da təsdiq edir ki, beynəlxalq ictimaiyyət iki ölkə arasında əldə olunan razılaşmaları alqışlayır, Azərbaycanın sülh gündəliyini dəstəkləyir. Hətta ermənipərəst mövqedə dayanan, son beş ildə ölkəmizə qarşı əsassız iftiralar yağdıran Fransa prezidenti E.Makronun belə 8 avqust razılaşmalarından sonra geri çəkilməsi, Kopenhagendə keçirilmiş ikitərəfli görüşdə Azərbaycan Prezidenti İlham Əliyevi sülh gündəliyinin uğurlu nəticələri münasibətilə təbrik etmək məcburiyyətində qalması Ermənistandakı radikal-revanşist qüvvələr üçün məğlubiyyət mesajıdır. Rəsmi Paris uzun illər ərzində yürütdüyü qərəzli siyasətin səmərəsiz olduğunu etiraf edir.

Qeyd edilən görüş göstərir ki, Fransa yeni geosiyasi reallıqları nəzərə almadan, sülh gündəliyini qəbul etmədən Cənubi Qafqazda hansısa mövqe, nüfuz qazana bilməz. Cənubi Qafqazın lokomotiv ölkəsi olan Azərbaycan Avropanın enerji təhlükəsizliyində və qlobal nəqliyyat dəhlizlərinin reallaşmasında açar rolunu oynayır. Bu reallığı nəzərə almayan Fransanın regionla bağlı siyasətinin hansısa uğur qazanması mümkün deyil.

Ermənistan parlamentinin 2025-ci il 2 oktyabr tarixli “Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması haqqında” bəyanatı Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq mərhələsinin başlanğıcını ifadə edir. Bu, İrəvanın əvvəlki illərdə nümayiş etdirdiyi destruktiv siyasətdən fərqli olaraq, praktiki və strateji düşüncəyə əsaslanan yeni siyasi davranış modelidir. Sənəddə münaqişəni alovlandıra biləcək ritorikadan uzaq durmaq çağırışı təkcə diplomatik jest deyil, həm də daxili siyasi qüvvələrə verilən mesajdır.

Sonda xüsusi qeyd etmək istərdik ki, “Konstitusiya və Suverenlik İli” xalqın milli kimliyinin, dövlətçilik məfkurəsinin təsdiqi, milli hüquq-mədəni identifikasiyanın möhkəmləndirilməsi, suverenliyin konseptual əsaslarına nəzər salınması istiqamətində strateji addımdır. Sərəncam həm də konstitusiya və suverenlik anlayışlarının ictimai şüura, siyasi davranış modellərinə və dövlətin idarəetməsinə nüfuz etməsinə xidmət edir.

İsaxan VƏLİYEV,
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri, professor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see156

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see154

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

09 Oktyabr 2025 16:33see151

Ofelyaya əri bahalı maşın ALDI

08 Oktyabr 2025 18:46see144

Keçmiş dünya çempionunun oğlu asılmış vəziyyətdə tapılıb

09 Oktyabr 2025 03:14see144

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see143

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

09 Oktyabr 2025 04:12see143

Koreya yeməkləri sağlamlıq üçün təhlükə yarada BİLƏR

08 Oktyabr 2025 19:47see138

Qəzzada Türkiyənin mövqeyi nəzərə alınmadan sülh mümkün deyil

08 Oktyabr 2025 18:55see138

Rusların Baxmutdakı qərargahını məhv edilib...

08 Oktyabr 2025 18:11see134

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see132

Hadrutun işğaldan azad olunmasından 5 il ötür

09 Oktyabr 2025 00:02see128

Hədəf “Qarabağ”dır: “Atletik” Ağdam klubu ilə oyunadək hücum xəttini bərpa etmək istəyir

09 Oktyabr 2025 01:19see128

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

09 Oktyabr 2025 04:06see128

Çeferin Ronaldonu futbol tarixinin üç ən böyük oyunçusundan biri sayır

09 Oktyabr 2025 00:28see127

Gömrük Komitəsindən daxilolmalar azalıb Ekspert səbəb AÇIQLADI

08 Oktyabr 2025 17:23see126

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see122

Fransız siyasətçi fon der Leyeni özbaşınalıqda ittiham edib

08 Oktyabr 2025 22:16see121

Nazir: Aktiv məşğulluq proqramlarının genişləndirilməsi prioritet fəaliyyət istiqamətlərindən biridir

09 Oktyabr 2025 18:37see118

İcazə verməyəcəm ki, Çexiya NATO nu tərk etsin Babiş

09 Oktyabr 2025 01:53see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri