“Müxalifətlə heç bir danışıqlar olmayacaq”
“Gürcüstan hakimiyyəti Tbilisi və ölkənin digər şəhərlərində etirazlar davam etdiyi müddətcə müxalifətlə danışıqları istisna edir”.
Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Danışıqlar yoxdur. 2021-ci ildəki danışıqları xatırlayırıq, sonra konstitusiya çərçivəsini tərk etməyə məcbur olduq. Təbii ki, bu gün müxalifətin belə resursları yoxdur”, - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, bu dəfə Gürcüstan hakimiyyəti yalnız opponentlərlə ictimai müzakirələrə getməyə razıdır.
“Gördüyümüz kimi, müəyyən insanlar tərəfindən maraq var. Və yaxın gələcəkdə, yaxın bir neçə gün ərzində biz onlarla ictimai müzakirə formatında görüşməyə hazırıq”, - deyə Kobaxidze bildirib.
O, qeyd edib ki, müzakirələrdən fərqli olaraq, bu gün danışıqlar üçün əsas yoxdur.
Eyni zamanda Kobaxidze aksiya iştirakçılarına qarşı ayrı-ayrı polis zorakılığı hallarından təəssüfləndiyini bəyan edib və onların hamısının araşdırılacağını qeyd edib.
Daşqın Həsənov
Missiya.Az
![see](https://icma.az/template/assets/see.png)