Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Nar ağacından bəy havasına Yurd yerinin səsləri

Nar ağacından bəy havasına Yurd yerinin səsləri

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Onu çoxdan tanıyıram. Küçəmizdə yaşayır. Səriyyə xala Xocalı faciəsinin canlı şahidlərindəndir.

Faciə gecəsi o, üç azyaşlı balasını qucağına alıb, sanki hansısa fövqəltəbii gücün köməyi ilə Qarqar çayının buz kimi sularından keçirərək Ağdama gətirə bilib. Yolda doğmalarından ayrı düşüb. Ana-atası həmin gecə düşməndən qaçarkən meşədə donaraq həyatlarını itiriblər. Həmin günlərdə postlarda düşmənlə döyüşlərdə yaralanıb evdə xəstə yatan əri İdrisə isə kömək edə bilməyib. İdris: “Sən qaç, uşaqları qurtar, silahım var, özümü müdafiə edərəm”, – deyib. Desə də, yerindən qalxa bilməyib. Ermənilər onu döyüb, işgəncə verdikdən sonra həyətlərindəki böyük nar ağacına zəncirləyiblər.

Sonradan eşidib ki, İdris həmin ağacın dibində zülm içində həyatını itirib.

Səriyyə xalanın üzündə sanki o gecənin soyuğu donub qalıb. O, balalarını xilas edib, amma yaralı ərinə, qoca anasına, atasına sahib çıxa bilməməyin ağrısını illərlə içində daşıyıb. Bu, onun yaddaşında sağalmayan yaraya çevrilib. İllər boyu oğluna, qızına qucaq dolusu sarıla bilməyib bu acıyla. İtirdiyi əzizlərinin ruhlarından utanıb.

Yaşı çox olmasa da, üzü ağac qabığı kimi cadar-cadardır. Güləndə belə elə bil gözləri ağlayır. 58 yaşı var. Yaxşı qonşudur. Hərdən şəhər camaatının qonşuluğu bilmədiyindən gileylənir, “Heyif deyil bizim yerin adamları?!” – deyə keçmiş günləri xatırlayır.

Bu illər ərzində həyat hekayəsini bizə parça-parça danışıb. Torpaqlarımızın azad edilməsi xəbərini eşidəndə sevincdən hönkür-hönkür ağladığını da görmüşəm. “Ay camaat, gözünüz aydın!” – deyib küçədə haray çəkdiyinin də şahidi olmuşam.

Amma Xocalının azad edilməsi xəbərini eşidəndə reaksiyası tamam başqa olmuşdu. Xəbəri ona mən vermişdim.

– Səriyyə xala, gözün aydın. Xocalını antiterror əməliyyatı ilə azad ediblər...

Xəbəri eşidəndə üşüyürmüş kimi büzüşmüş, qolları ilə özünü qucaqlamışdı. Gözlərini mavi göylərin sonsuzluğuna zilləyib asta səslə pıçıldamışdı:

– Mən ora necə dönəcəyəm, İlahi?

O gündən sonra Səriyyə xalanın üzünə qəribə bir qayğı çökmüşdü. Yurduna dönəcəyi günü həm səbirsizliklə gözləyirdi, həm də bu günün gəlişindən qorxurdu. Xatirələrə qayıtmaq, illər sonra yurd yerini görmək, xəyallarında yaşatdığı evlə gerçəkliyin arasındakı fərqlə üzləşmək onu qorxudurdu. Çünki orada yarımçıq qalmış bir ömür vardı. Uşaqlığı, ilk sevgisi, itirdikləri, yaraları vardı. Xocalı onun üçün bir az da o məşum gecəydi – güllə səsləri, bağırtılar, qışqırıqlar, ağlamalar, xaos, qan rəngi almış qar, çaxnaşan insanlar, bütövlükdə o kabus...

Bakıdan Xocalıya gedən yol beş saatlıq məsafə deyildi. O yol otuz illik möhnətin, ağrının, susqunluğun yolu idi. Bir vaxtlar qucağında yarıçılpaq, qorxu içində qaçırdığı balaları indi böyüyüb ailə qurmuş, övlad sahibi olmuşdular. Birlikdə qayıdırdılar. Onlar üçün Xocalı qaranlıq bir gecənin yaddaşda qalan ağrısı, böyüklərdən eşitdikləri kədərli hekayələr, Səriyyə üçünsə Xocalı itirdiyi gəncliyi, evi, ailəsi idi.

Amma insan ömrünün ən böyük sınaqları bəzən ən çox qorxduğu yerə addım atmaqla başlayır.

Bəzən insanlar qaçqınları öz yurdlarına dönmək istəmədikləri üçün qınayırlar. Amma düşünmürlər ki, bu insanlar 30 il ərzində təkcə yurd həsrəti ilə yaşamayıb, həm də həyatlarını iki dəfə yenidən qurmaq məcburiyyətində qalıblar.

50 yaşlı bir insan üçün işğaldan azad olunan torpaqlar uşaqlıq və gənclik illərinin, acılı-şirinli xatirələrinin yaşadığı doğma yurddur. Amma yaşı 30-dan az olanlar üçün həmin torpaqlar tamam başqa məna daşıyır. Onlar üçün bu yerlər ata-baba yurdu olsa da, həyatlarının böyük hissəsi başqa bir məkanda keçib. Göz açıb gördükləri ev, böyüdükləri məhəllə, dostları, işləri, öyrəşdikləri həyat geridə qalacaq. İndi onlar da yeni bir başlanğıc qarşısındadırlar. İstər-istəməz öyrəşdikləri mühitdən ayrılmalı, həyatlarını yenidən qurmalıdırlar. Yurda dönüş yalnız evini avtomobilə yükləyib yola çıxmaq deyil. Ən ağır yük bəzən götürüb apara bilmədiklərindir.

Köç müjdəsi Səriyyə xalanın da qapısını döydü. Bir axşam nəvəsi Azadın əlindən tutub bizimlə halallaşmağa gəldi. “Vaxt çatdı, gedirik”, – deyəndə balaca Azad nənəsinin üzünə baxıb soruşdu:

– Hara gedirik, nənə?

– Yurd yerimizə, bala.

– Yurd yeri nədir, nənə?

– Gedəndə biləcəksən, balam. Torpağın yaddaşı çəkəcək səni.

Sübh tezdən Bakıdan çıxmış sərnişin avtobusları üzü yeni Qarabağa doğru şütüyür. Mən burada “işğaldan azad olunmuş” yox, “yeni” sözünü qəsdən işlədirəm. Çünki Qarabağ görülən abadlıq işlərindən sonra indi yeni ruh daşıyır.

Səhərin ilk işıqları ilə gözəl təbiət mənzərələri bir-birini əvəz edir. Yeni çəkilmiş ipək kimi yolların kənarlarında görünən yeni yaşayış məntəqələri, yeni salınmış kəndlər, şəhərlər... İnsan bu böyük işlərin bir neçə il ərzində viran edilmiş torpaqlar üzərində görülməsinə inanmaqda çətinlik çəkir. Görülən işlərin miqyası böyükdür. Qüdrətli bir əlin toxunuşları, Böyük Qayıdışın izləri hiss olunur hər daşda, hər divarda. Vətənin sahibləri qayıdırlar. Yaralı torpaqlara məlhəm olan əllər onu yenidən həyata qaytarır. Yurd yerləri yenidən nəfəs alır.

Sanki torpaq taxıl zəmilərinin dili ilə danışır, dalğalanıb pıçıldayır:

– Gəlin... darıxmışam.

Ocaqları tüstülənən, pəncərələrində işıq yanan kəndləri görmək Səriyyənin ürəyini isidirdi.

Qarabağda müasir, abad kəndlər salınıb. Amma kənd təkcə gözəl evlərdən, asfalt yollardan ibarət deyil. Kənd həm də isti qonşuluqdur, bir-birinin yasına, toyuna çiyin verməkdir. Dar gündə bir-birinə arxa olmaq, sevincini də, kədərini də bölüşməkdir. Səriyyəni düşündürən də elə bu idi. Görəsən, illər əvvəl qoyub getdikləri o doğmalıq bu yeni evlərdə də yaşayacaqdımı?

Ağdamı, Əsgəranı keçərkən pəncərədən görünən qaynayan həyat, tikinti meydançaları, işləyən texnikalar Səriyyənin ürəyinə təpər verir, onu qürurlandırırdı.

Yol boyu susmuşdu. İçində danışır, dua edir, hər kilometr yaxınlaşdıqca həyəcanı bir az da artırdı.

Yanında oturan yaşlı qadın onun nigaranlığını hiss edib soruşdu:

– Deyəsən, Xocalıya ilk gəlişindir?

– Hə.

– Bəs niyə bu vaxta qədər gəlmirdin? Mən neçə dəfə portalla Qarabağı gəzmişəm. Sən necə dözmüsən?

Səriyyə acı-acı gülümsədi.

– Ürəyim gəlmirdi.

Könlündən keçənləri dilinə gətirə bilmədi. “Sən mənim nələr yaşadığımı haradan biləcəksən?” – demək istədi. Sonra fikrindən daşındı. Xocalıdan olub bağrı yanmayan kim vardı ki? Sadəcə, hər kəs öz dərdini başqa cür yaşamışdı. Hərə yarasını bir ümidə, bir səbəbə sığınıb sağaltmağa çalışdı. Hamısı bir sabaha inandı. Düz otuz il o sabahın yolunu gözlədi.

Və nəhayət, o sabah gəldi.

Axır ki, doğma yurdu Xocalının qırmızı damlı, ağ evləri görünür. Səriyyə pəncərədən gözünü çəkmir. Hər yanda səliqə-sahman vardı. Geniş küçələr, abad həyətlər, təzə salınmış yaşıllıqlar... İnsanların rahat yaşaması üçün hər şey ən incə detalına qədər düşünülüb. Şəhərin girişində idman meydançasında futbol oynayan yeniyetmələr, küçələrdə ora-bura qaçışan uşaqların quş civiltisini xatırladan şən qəhqəhələri Səriyyənin gözünə bir ayrı cür görünürdü. İllərlə Bakının gurultusundan bezmiş qadını Xocalıda eşitdiyi bu səs-küy yormur, əksinə, şüurundakı qara ləkələri silir, “həyat qayıdıb” fikrinə əminliyini artırırdı.

Avtobuslar şəhər meydanında dayanır. Ayağını Xocalı torpağına basar-basmaz onu düşündürən suala cavab tapır. Yaxınlıqdakı həyətlərdən birində samovar tüstülənir. Ev sahibi uzaqdan əl edib hamını dəvət edir:

– Xoş gəlmisiniz! Gəlin bir çay için, yol yorğunusunuz.

Bu səmimi dəvət canına yağ kimi yayılır. “Elim, obam”, – deyib özlüyündə əzizləyir gələcək qonşusunu.

Bir azdan rəsmi tədbir başlayacaq. Açarlar təqdim olunacaq. Amma onun fikri başqa yerdədir. Ata evi də, gəlin köçdüyü ev də bu abad məhəllələrin arxa tərəfində olmalı idi. “Məhəmməd uşağı” məhləsində. Görmək istəyirdi. Ürəyi elə döyünürdü ki, ətrafdakılar nə danışır, heç nə eşitmirdi.

– Siz burada olun, mən gəlib çatacağam, – deyə oğluna səsləndi.

Ayaqları onu dədə məhləsinə tərəf dartdı. Azad da nənəsinin dalınca düşdü.

Hər yer dəyişmişdi. Tanıdığı yollar yox idi. Bura Mehdi dayıgilin eviydi, bura Məhyəddinin dükanı, burada da məktəb var idi. Təxminlə irəliləyirdi.

Nəhayət, ot-alaq basmış həyətlərinə çatdı. Kolları aralayıb bircə uçuq divarı qalmış köhnə evinə uca səslə səsləndi:

– Mən gəldim.

– Mən gəldim, ay ciji, mən gəldim, ay dədə, mən gəldim, ay İdris.

Yanıqlı səsini ağaclar titrəşən yarpaqları ilə salamladılar.

Uşaqlığı, gəncliyi, bütün ömrü bir göz qırpımında film lenti kimi gözlərinin önündən keçdi.

– Səriyyə, gəl gedək cincilim yığmağa. Cijim kətə bişirəcək...

– Xanım nənə, sənə isti dovğa gətirmişəm. Nənəm göndərib...

– Uşaqlar, hey, gəlin gizlənpaç oynayaq...

– Yenə Məhbubə mamamın isti təndir çörəyinin iyi bürüyüb kəndi. Gedək bir əppək alıb qarpızla yeyək çəmənlikdə...

– Mehdi dayının oğlu qız qaçırıb, ay qızlar. Axşam toy var. Hökümə xalaya əl tutmağa gedək...

– Ay qız, Səriyyə! Harada qalmısan? Bir səhəng suyu gətirib çıxara bilmədin bulaqdan. Yenə İdrisə qarışmışdı başın?

İdrisin adı onu diksindirdi, xəyallardan ayırdı.

Baxışları həyətin o biri başına ilişdi.

Nar ağacı...

Kol-kosun içində əvvəlkindən uca, şaxəli görünürdü. Amma o da qocalmışdı.

Sübh tezdən bəri içinə yığılıb qalan duyğular göz yaşına çevrildi. Hönkür-hönkür ağladı.

Bu ağacın altında bir vaxtlar onunla İdrisin nişan süfrəsi açılmışdı.

İllər sonra isə həmin ağac onun həyatının ən ağır xatirəsinin şahidinə çevrilmişdi.

Otuz il idi ki, ona uzaqlardan “nar ağacım, dar ağacım” deyə-deyə ağı deyirdi, qarğış tökürdü. “Ora çatan kimi o ağacı baltalayacağam!” – deyirdi.

İndi isə onunla barışmağa gəlmişdi.

Əlini titrəyə-titrəyə uzadıb nar ağacının yarpaqlarını sığalladı.

– Sən də mənim kimi qocalmısan...

Bir an susdu.

Sonra pıçıltı ilə əlavə etdi:

– Sənin nə günahın vardı ki...

Həyətdə bir zamankı evlərinin dağıntılarından qalmış daşın üstündə oturub xatirələr içində nə qədər zaman keçirdiyini özü də bilmirdi. Göz yaşları ixtiyarsız süzülürdü. Bu göz yaşlarında həm sevinc vardı, həm də illərin ağrısı.

Keçmiş o qədər canlı idi ki, sanki əl uzatsa, çatardı. Zaman əriyib qarışmış, 10 yaşlı, 25 yaşlı, 58 yaşlı Səriyyələr bir anlıq əl-ələ tutmuşdu.

Göz yaşlarını Azadın balaca barmaqları sildi. Onun ağlamağına dözməyib qucağına sığındı.

– Nənə, dediyin yurd yeri buradır?

Səriyyə bir nəvəsinə baxdı, bir də ətrafa – dağlara, damları görünən yeni şəhərə, ot basmış həyətə, küləyə, nar ağacına...

– Hə, bala. Yurd yeri buradır. Yurd yeri sahibini gözləyən yerdir, bala. Yurd elə bizik...

Bir ay sonra Səriyyə xalagilin küçəsinə hay düşdü:

– Mehdi kişinin nəvəsi qız qaçırıb.

Qız evi ilə barışıq edildi, elə şəhərin meydanında toy süfrələri quruldu. Eşidən, bilən köməyə gəldi: biri ocaq qurdu, biri stul daşıdı, biri samovarlara od saldı, biri süfrə açdı. Biri də “Mehdi dayının nəvəsi babasının yolunu gedir”, – deyib zarafatla, keçmiş zamanlarda olduğu kimi, xalçanın üzərinə pambıqla “Xoş gəlmisiniz” yazıb başdan asdı.

Xocalının orta yerində şənlik başladı. Qara zurnanın səsi ucaldı, bəy havası çalındı. Rəqs edənlərin ayaq səsləri musiqiyə qarışıb meşələrə, vadilərə, dağlara, daşlara yayıldı.

O səsi dost da eşitdi, düşmən də.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 Sentyabr 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri